Ataxan ƏBİLOV. Beynəlxalq hava limanlarında tranzit zonalar və onların hüquqi rejimi

Page 1

Beynəlxalq hava limanlarında Tranzit zonalar və onların hüquqi rejimi Giriş əvəzi Planetimizdə hər gün dərinləşən inteqrasiya prosesi adekvat olaraq bir sıra məsələlərə yeni yanaşma tələb edir. Dünyada müxtəlif istiqamətlərdə hərəkət edən insan kütləsinin rahatlığı üçün qaydalar sadələşdirilir, dövlətlərarası sərhədlər daha çox formal xarakter daşıyır, onların keçilməsi üçün ağır prosedurlar ləğv edilir, bəzən isə onları görmədən hər şeyin tənzimlənməsinə cəhdlər edilir. Belə vasitələrdən biri də beynəlxlaq hava limanlarında Tranzit zonalardan istifadədir. Bu mövzü bəzən insan haqları, xüsusən dini, irqi və siyasi baxışlara görə təqib üzündən mühacirətlə bağlı məsələlərdə də gündəmi zəbt edir. Digər bir məsələ isə Tranzit zonaların bəzən illərlə bir-sıra şəxslərin yaşam məkanına çevrilməsilə bağlıdır. İrandan olan qaçqın Mexrana Kərimi Naseri nə az, nə çox, düz 18 il Parisin Şarl De Qol hava limanının Tranzit zonasında yaşamağa məcbur olmuşdur. Tranzit zona nədir, orada mövcüd olan hüquq rejim necə müəyyən edilir, yolu belə zonalardan keçən şəxslər hansı hüquqi statusa malikdir, milli və beynəlxlaq hüquq normaları bu barədə nə deyir? Bütün bu məsələlərə bu yazıda cavab axtarmağa çalışacağıq. Tranzit zona nədir? Xarici ölkə ilə hava uçuşlarını həyata keçirən hava limanları bir qayda olaraq “Tranzit zona” adlandırılan xüsusi statuslu əraziyə malik olur. Tranzit zonaya adətən “pasport nəzarəti arxasında yerləşən beynəlxalq hava limanının bir hissəsi” kimi anlayış verilir. Yollarına davam etmək üçün təyyarələrini dəyişən sərnişinlər pasport nəzarətindən keçməmək üçün bu zonadan istifadə edir. Bu minvalla sərnişin tranzit kimi istifadə etdiyi ölkənin immiqrasiya nəzarətindən kənarda qalır. Tranzit zona ilə bağlı dünyada ümumqəbul edilmiş standart hələ ki, yoxdur. Okeanın o biri tayında, məsələn ABŞ kimi bir dövlətdə indiyə qədər belə bir təcrübədən istifadə edilmir. ABŞ-ı tranzit ölkə kimi istifadə etmək istəyənlər ABŞ-ın tranzit vizasını almağa borcludurlar. Amma Avropa məkanında tranzit zonalarla bağlı müəyyən hüquqi təcrübənin formalaşması isə faktdır və bu barədə aşağıda bəhs edəcəyik. Tranzit zonasının hüquqi statusu Maraq doğuran məsələlərdən biri də tranzit zonalarının kimin yurisdiksiyası altında olmasıdır. Bu zonalara hava limanının mənsub olduğu dövlətin yurisdiksiyası şamil edilirmi, yoxsa bu məkanda yalnız beynəlxalq hüquq normaları qüvvədədir? Qoyulan suala hələ ki, bü günə konkret və aydın cavab yoxdur. Tranzit zonanın mahiyyətində neytral ərazinin elementləri var, lakin oranı neytral ərazi saymaq olmaz. Ən azından neytral ərazi dövlətlərarası sazişlə müəyyən edilir, tranzit zonaların hüquqi statusu isə hələ ki, hətta hansısa beynəlxlaq


konvensiya ilə müəyyən edilməyib. Bu ərazinin hüquqi statusula bağlı normalara milli hüquqda da çox xəsisliklə yer ayrılır. Formalaşmış təcrübəyə əsasən demək olar ki, pasport nəzarətin arxasında dayanan tranzit zonalarda milli yurisdiksiyanın qüvvəsi məhduddur. Bura eyni zamanda beynəlxalq ərazi də deyildir. Hər bir halda belə zonalarda ümumqəbul edilmiş beynəlxlaq hüquq normaları, xüsusən insan haqlarıla bağlı normalar qüvvədədir. Tranzit zonasında fiziki şəxsin hüquqi vəziyyəti Hava limanın Tranzit zonasının statusu aydın və konkret müəyyən edilməməsi oraya daxil olan fiziki şəxslərin hüquqi vəziyyətilə bağlı qeyri-müəyyənlik yaradır. Bu qeyri-müəyyənlik nə qədər dərin olsa belə o, müasir beynəlxalq hüququn bir sıra normalarıla çərçivələnir və onun hüdudlarını kənara aşa bilməz. Söhbət ilk öncə “sürgün etməmə” (non-refoulement) prinsipindən gedir. Bu prinsip bir sıra beynəlxlaq hüquqi sənədlərdə, o cümlədən Müharibə zamanı mülki əhalinin müdafiəsi haqqında 1949-cu il Cenevrə Konvensiyasının 45-ci və Qaçqınların statusu haqqında 1951-ci il BMT Konvensiyasının 33-cü maddəsində qırmızı xətt kimi keçir. Həmin normalara özünün dini və siyasi inanclarına görə təqib olunduğunu bəyan edən şəxs təqib edildiyi ölkəyə sürgün edilə bilməz. Əlbəttə bu sırada ağır cinayət törədilməsilə bağlı məhkəmə hökmünün olması və ölkənin təhlükəsizliyinin təhdidi istisna hal hesab edilir. Avropa İnsan Haqları Məhkəməsi nə deyir? Məsələ ilə bağlı bu gün üçün əlimizdə olan ən mötəbər hüquq mənbəyi Avropa İnsan Haqları Məhkəməsinin (AİHM) bu barədə olan iş(lər)lə bağlı çıxardığı qərar(lar)ı ola bilər. Məlumdur ki, AİHM-nin qərarları presedent xarakter daşıyır və analoji işlərə üzv dövlətlərdə tətbiq edilir. Bu baxımdan AİHM-nin predmeti olan bir iş üzərində bir az geniş dayananmağı vacib hesab edirik. Söhbət AİHM-nin 25 iyin 1996-çı ildə Amuur Fransaya qarşı iş üzrə çıxartdığı Qərardan gedir. İş üzrə ərizəçilər Somalidən olan Amuurlar ailəsidir (4 bacı-qardaş). Onlar 9 mart 1992-ci ildə Suriyaya məxsus bir hava şirkətinin təyyarəsilə Parisin Orli hava limanına enirlər. Fransa hökümətinə onlar bildirirlər ki, Somalidə prezident Siyad Barrenin taxtdan salınmasıyla bağlı həyatlarına təhlükə yaranıb və ailələrinin bəzi üzvləri öldürülüb. Lakin Fransa sərhədçiləri onları Fransa ərazisinə buraxmaqdan imtina edir və onlar hava limanının Tranzit zonasında qalmağa məcbur olur. Ərizəçilər Fransa hökümətinə siyasi sığınacaq üçün müraciət edir. Müraciətləri təmin edilmədiyindən onlar 20 gündən sonra (29 mart) Suriyaya, axırıncının Xarici İşlər Nazirliyindən Fransanın səfiri müvafiq təminat aldıqdan sonra, deportasiya edilir. Ərizəçilər üzləşdikləri situasiyanı Fransa məhkəmələrində mübahisələndirdikdən sonra AİHM-nə Avropa İnsan Haqları Konvensiyasının 5.1 maddəsində nəzərdə tutulan hüququn (azadlıqdan məhrumetmə) pozulmasıyla bağlı müraciət edirlər. Onlar hava limanın Tranzit zonasında saxlandıqlarına görə şikayətçi idilər və bildirirdilər ki, Fransa höküməti onlarla qeyri-leqal miqrant kimi deyil, sığınacaq axtaran şəxslər kimi davranmalı idi. Hökümət isə öz növbəsində Tranzit zonasında saxlanmanın azadlıqdan məhrumetmə kimi qiymətləndirməsinə etirazını bildirir.


Vəziyyəti qiymətləndirən AİHM belə nəticəyə gəlmişdir ki, Konvensiyanın 5-ci maddəsində ifadə olunan azadlıqdan məhrumetmə vəziyyətinin qiymətləndirilməsi üçün çıxış nöqtəsi şəraitin özü olmalı və bu zaman görülən tədbirlərin tipi, müddəti, effekti və realizasiyası əsas götürülməlidir. Məhkəmə belə qənaətə gəlir ki, xaricilərin Tranzit zonasında saxlanılması azadlığın məhdudlaşdırılmasıdır. Belə məhdudlaşdırma yalnız qeyri-leqal immiqrasiyanın qabağını almaqdan ötrü məqbul hesab edilə bilər və bu zaman 1951-ci il Qaçqınların statusu haqqında BMT Konvensiyasının və 1950-ci il Avropa İnsan Haqları Konvensiyasının tələbləri pozulmamalıdır. Qeyri-qanuni immiqrasiya ilə mübarizə adı çəkilən Konvensiyaların müddəalarından irəli gələn sığınacaq axtarmanın müdafiəsinə mane olmamalıdır. Beləliklə Avropa Məhkəməsi Tranzit zonada ərizəçilərin saxlanmasını azadlıqdan məhrumetmə kimi qiymətləndirmişdir. AİHM eyni zamanda bildirmişdir ki, Tranzit zona adlanmasına baxmayaraq həmin ərazi eksterritorial statusa malik deyil və ərizəçilər Fransanın yurisdiksiyası altında olmuşlar. Ona görə Tranzit zonaya daxil olan şəxslərlə bağlı dövlətin məsuliyyəti istisna ola bilməz. Nəticə Yuxarıdakılara əsaslanaraq Tranzit zonalarla bağlı aşağıdakı rezumeni etmək olar. İstər milli hüquqlarda, istərsə də beynəlxlaq hüquqda Tranzit zonalarla bağlı bu günə aydın və konkret mövqe formalaşmayıb. Belə ərazilərdə beynəlxlaq hüququn ümumqəbul edilmiş normalarının qüvvədə olması şübhəsizdir. AİHM-nin təcrübəsinə əsasən isə Tranzit zonalarda dövlətin məsuliyyət məsələsi istisna oluna bilməz, dövlət belə zonalara daxil olan şəxslərin fundamental hüquqların qorunmasıyla bağlı məsuliyyətlidir. Qeyd edilənlər eyni zamanda “Tranzit zonalar” institutunun təkmilləşdirilməsinin zərurilinin göztəricisi kimi də qəbul edilməlidir. Ataxan ƏBİLOV Niderland, Haaqa 17 yanvar 2017 P.S. Bu yazının ərsəyə gəlməsində təşəbbüsçü olan Laçın bəy Məmişova təşəkkürümü bildirirəm.


Turn static files into dynamic content formats.

Create a flipbook
Issuu converts static files into: digital portfolios, online yearbooks, online catalogs, digital photo albums and more. Sign up and create your flipbook.