Sosialist Elm jurnalının 1-ci sayı

Page 1


!


MÜNDƏRİCAT Roza Lüksemburq - 1 Mayın mənşəyi nədir?........1 Karl Marks - Mərkəzi Komitənin Kommunistlər İttifaqına müraciəti, Mart 1850-ci il......................2 Lenin - Sosializm və din.........................................9 Lenin - Armanda məktublar.................................12 Troçki - Permanent inqilab nədir?.......................15 Feyerbax haqqında tezislər..................................18

İnqilabçı nəzəriyyə olmadan inqilabçı hərəkat olmaz! LENİN


“Sosialist Elm” olaraq bir müddətdir planladığımız jurnal məsələsini həyata keçirməyə axır ki, müvəffəq olduq. Bu bizim üçün sevindirici haldır və inanırıq ki, ümidsizliyin və fəaliyyətsizliyin hökm sürdüyü dövrümüzdə jurnalımız bir çoxları üçün, əsasən gənclik üçün qənaətbəxş olacaqdır. Texniki məsələlər baxımından imkanımız əl verdiyi dərəcədə və əlimizdən gəldiyi qədər ortaya müsbət bir şey qoymaq üçün çalışdıq. Məqalələr kitablardan hissələr şəklində götürülmüş yaxud tərcümə edilmişdir. Qalın şritlə verilən bütün yerlər bizə məxsusdur. Təklifləriniz və müşahidə etdiyiniz səhlər barədə bizimlə jurnalın son səhifəsindəki adreslər vasitəsilə əlaqə yarada bilərsiniz. Həmçinin, bütün işçiləri və əməkçiləri 1 May beynəlxalq işçi bayramı münasibəti ilə təbrik edirik! İnanırıq ki, işçi sinfinin sinfi şüurunun formalaşması baxımından gördüyümüz işlər nəticə verəcəkdir. Yaşasın işçilər! Yaşasın bütün dünyanın xalqları! Yaşasın dünya inqilabı!


Roza Lüksemburq 1 Mayın mənşəyi nədir? Bir proletar bayram gününün səkkiz saatlıq iş günü əldə etmək vasitəsi olması düşüncəsi ilk dəfə Avstraliyada meydana gəlmişdir. 1856 – cı ildə avstraliyalı işçilər səkkiz saatlıq iş günü tələbilə nümayişlər edərək, iclaslar və əyləncələr təşkil edərək, birlikdə bir günlük tətil etməyə qərar verdilər. Bu bayramın qeyd ediləcəyi gün olaraq 21 aprel tarixi seçildi. Avstraliyalı işçilər bu qərarı yalnız 1856 – cı il üçün nəzərdə tutmuşdular. Ancaq bu bayramın avstraliyalı proletar kütlələr üzərində çox böyük təsiri oldu, onları canlandırıb həyəcanlandırdı və beləliklə, bu bayramın hər il təkrar olunmasına qərar verildi. Həqiqətən də işçilərə cəsarət və öz gücünə inam hissini, özləri qərar verdiyi vaxtda kütlələr şəklində tətil etməkdən çox nə verə bilərdi? Fabriklərin və emalatxanaların qullarına öz birliklərini toplamaqdan çox nə cəsarət verə bilərdi? Beləliklə, proletar bayram günü fikri tez bir şəkildə mənimsəndi və bütün proletar dünyanı fəth edənə qədər Avstraliyadan digər ölkələrə yayılmağa başladı. Avstraliyalı işçilərin nümunəsini davam etdirən ilk olaraq amerikalılar oldu. 1886 – cı ildə 1 mayın ümumdünya tətil günü olmasına qərar verdilər. 1 Mayda 200 min amerikalı işçi tətil etdi və səkkiz saatlıq iş günü tələb etdi. Sonradan polis və qanuni təzyiq yolu ilə bu miqyasda bir nümayişin təkrar olunmasının bir neçə il qarşısı alındı. Yenə də 1888 – ci ildə bu yöndə yenidən qərar qəbul olundu və gələcək nümayişin 1890 – cı il 1 mayda olacağı qərara alındı. Bu ərəfədə Avropadakı fəhlə hərəkatı da gücləndi və canlandı. Bu hərəkatın ən güclü ifadəsi 1889 – cu ildə toplanan Beynəlxalq İşçi Konqresi oldu. 400 nümayəndənin iştirak etdiyi konqresdə ən ilkin tələbin səkkiz saatlıq iş günü tələbi olması qərara alındı. Bundan sonra fransız həmkarlar ittifaqlarının təmsilçisi Bordolu işçi Lavin bu tələbin bütün ölkələrdə ümumdünya tətili ilə dilə gətirilməsini təklif etdi. Amerikan işçilərinin təmsilçisi 1890 – cı il 1 mayda tətil edilməsi ilə bağlı yoldaşlarının aldığı qərarı bildirdi və konqres bu tarixdə ümumdünya proletar gününün qeyd olunmasına qərar verdi. Əslində, otuz il əvvəl avstraliyalı işçilər yalnız bir günlük bayram nəzərdə tutmuşdular. Konqres 1 may 1890 – cı ildə səkkiz saatlıq iş günü uğrunda bütün ölkələrin işçilərinin

1

birlikdə nümayişlər etməsi qərarını qəbul etdi. Heç kim bu nümayişlərin sonrakı illərdə də təkrarlanmasından bəhs etmədi. Təbii ki, heç kim bu düşüncənin bir şimşək kimi uğur qazanacağını və işçi sinfi tərəfindən tezliklə mənimsənəcəyini qabaqcadan görə bilməzdi. Bununla belə, 1 Mayın hər il qeyd ediləcək daimi bir fəaliyyətə çevrilməsinin zəruri olduğunu hər kəsin dərk etməsi və hiss etməsi üçün 1 Mayın yalnız bir dəfə qeyd olunması kifayət etdi. İlk 1 Mayda səkkiz saatlıq iş gününün tətbiqi tələb olundu. Ancaq bu hədəfə çatdıqdan sonra da 1 Mayın qeyd olunması başa çatmadı. İşçi sinfinin burjuaziya və hakim siniflərə qarşı mübarizəsi davam etdikcə və bütün tələbləri yerinə yetirilmədikcə, 1 May işçi sinfinin bu tələblərinin hər il dilə gətirildiyi gün olacaqdır. Daha yaxşı günlər gələndə, işçi sinfi xilas olanda, böyük ehtimalla, bəşəriyyət o zaman da 1 Mayı keçmişdə aparılan mübarizələrin və çəkilən əzabların xatirəsi olaraq yenə də qeyd edəcəkdir. Fevral 1894


K. Marks və F. Engels Mərkəzi Komitənin Kommunistlər İttifaqına Müraciəti1 Mart 1850 Mərkəzi Komitə - İttifaqa Qardaşlar! Hər iki inqilabi il, 1848-1849-cu illər ərzində Kommunistlər ittifaqı ikiqat sınaqdan çıxdı: əvvələn, bu sınaq ondan ibarət oldu ki, İttifaqın üzvləri hər yerdə hərəkatda qızğın iştirak edirdilər, mətbuatda da, barrikadalarda da, vuruşma meydanlarında da yeganə qəti inqilabçı sinfin, proletariatın ilk sıralarında dururdular. Sonra, İttifaq o mənada da sınaqdan çıxdı ki, hərəkat haqqında onun konqreslərinin, habelə Mərkəzi komitənin 1847-ci ildəki təmim məktublarında və “Kommunist manifestində” izah olunan baxışları yeganə düzgün baxış oldu, həmin sənədlərdə ifadə olunan ümidlər tamamilə doğru çıxdı və əvvəllər İttifaqın ancaq gizli təbliğ etdiyi müasir ictimai vəziyyət anlayışı isə, indi hamının dilində əzbərdir və meydanlarda camaat qarşısında təbliğ edilir. Eyni zamanda İttifaqın keçmişdəki möhkəm təşkilatı xeyli zəifləmişdir. İnqilab hərəkatında bilavasitə iştirak etmiş üzvlərin çox hissəsi bu fikirdə idi ki, gizli cəmiyyətlərin vaxtı keçmişdir və təkcə açıq fəaliyyət kifayətdir. Ayrı-ayrı mahal və icmalar Mərkəzi komitə ilə əlaqələrini zəiflətməyə başlayaraq, yavaş-yavaş büsbütün kəsdi. Beləliklə, Almaniyada demokratik partiya, xırda burjuaziya partiyası getdikcə daha mütəşəkkil olduğu halda, fəhlə partiyası öz yeganə möhkəm dayağını itirdi, olsa-olsa ayrı-ayrı yerlərdə yerli məqsədlər üçün mütəşəkkil halda qaldı və bu səbəbdən də ümumi hərəkat içərisində büsbütün xırda burjua demokratiyasının hökmranlığı və rəhbərliyi altına düşdü. Belə bir vəziyyətə son qoymaq lazımdır: fəhlələrin müstəqilliyi bərpa edilməlidir. Mərkəzi komitə bu zərurəti başa düşmüş və buna görə də hələ 1848-1849-cu illərin qışında emissar İosif Mollu Almaniyaya göndərmişdi ki, İttifaqı yenidən təşkil etsin. Lakin Mollun işi möhkəm təsir göstərmədi, qismən ona görə ki, alman fəhlələrinin o zaman hələ kifayət qədər təcrübəsi yox idi, qismən də ona görə ki, həmin iş keçən ilin mayındaki üsyan üzündən2 yarımçıq qaldı. Moll özü silah götürüb Baden-Pfals ordusuna daxil oldu və

iyunun 29-da Murq yaxınlığındaki vuruşmada həlak oldu. İttifaq onun şəxsində özünün ən köhnə, ən fəal və ən etibarlı üzvlərindən birini, bütün konqreslərdə və Mərkəzi komitədə iştirak edən və hələ əvvəllər müəyyən tapşırıqlarla bir sıra çox müvəffəqiyyətli səfərlər etmiş bir bir adamı itirdi. Almaniya və Fransanın inqilabi partiyaları 1849-cu ilin iyulunda məğlubiyyətə uğrayandan sonra Mərkəzi komitənin, demək olar, bütün üzvləri yenə Londonda toplandılar və öz sıralarına yeni inqilabçı qüvvələr cəlb edərək, yeni bir əzmlə İttifaqı yenidən təşkil etməyə girişdilər. İttifaq ancaq emissar vasitəsi ilə yenidən təşkil edilə bilər, buna görə də Mərkəzi komitə emissarın məhz indi yola düşməsini son dərəcə mühüm hesab edir, zira indi qarşıda yeni inqilab durur, deməli, əgər fəhlə partiyası 1848-ci ildəki kimi yenə də burjuaziya tərəfindən istismar edilmək və onun quyruğunda sürünmək istəmirsə, indi mümkün qədər daha mütəşəkkil, mümkün qədər daha yekdil və mümkün qədər daha müstəqil çıxış etməlidir. Qardaşlar, biz hələ 1848-ci ildə sizə demişdik ki, alman liberal burjuaları tezliklə hakimiyyət başına gələcək və təzəcə əldə etdikləri hakimiyyətdən dərhal fəhlələrə qarşı istifadə edəcəklər. Siz gördünüz ki, bu necə doğru çıxdı. Həqiqətən, 1848-ci il mart hərəkatından sonra məhz burjualar dövlət hakimiyyətini dərhal ələ aldılar və mübarizədə öz müttəfiqləri olan fəhlələri əvvəlki məzlum vəziyyətlərinə qayıtmağa məcbur etmək üçün bu hakimiyyətindən dərhal istifadə etdilər. Əgər burjuaziya, - mart ayında aradan qaldırılmış feodal partiyası ilə ittifaqa girmədən, hətta ən nəhayət, hakimiyyəti yenə də həmin mütləqiyyətçi feodal partiyasına güzəşt etmədən buna nail ola bilmədisə də, hər halda özü üçün elə şərait təmin etdi ki, həmin şərait hökümətin maliyyə çətinlikləri üzündən hökmranlığı bir müddət sonra ona verə bilərdi və əgər inqilabi hərəkatın elə indi, necə deyərlər, dinc inkişaf yoluna girməsi mümkün olsaydı, burjuaziyanın mənafeyini təmin etmiş olardı. Burjuaziya öz hökmranlığını təmin etmək üçün özünə qarşı xalqı qəzəbləndirə biləcək zorakılıq tədbirləri də görməli olmazdı, çünki bütün bu zorakılıq tədbirlərini feodal əksinqilabı artıq həyata keçirmişdi. Lakin inkişaf bu dinc yolla getməyəcəkdir. Əksinə, inqilab yaxındır və bu inkişafı sürətləndirəcəkdir; həm də fərqi yoxdur, bu inqilaba istər fransız proletariatının müstəqil üsyanı səbəb olsun, istərsə də Müqəddəs

2


ittifaqın3 inqilabçı Babilə4 soxulması. Alman liberal burjualarının 1848-ci ildə xalqa qarşı oynadığı rolu, qarşıdaki inqilabda bu çox xəyanətkar rolu, liberal burjuaların 1848-ci ilədək tutduğu mövqeyin eynini indi müxalifətdə tutan demokratik xırda burjualar öz üzərlərinə götürəcəklər. Bu partiya, fəhlələr üçün keçmişdəki liberallardan çox-çox təhlükəli olan bu demokratik partiya üç növ ünsürlərdən ibarətdir: I. İri burjuaziyanın, feodalizmi və mütləqiyyəti dərhal və tamamilə yıxmaq məqsədini qarşısına qoyan ən mütərəqqi hissələrindən. Bu fraksiya, vergi verməkdən imtina etməyi təklif edən keçmiş Berlin sazişçiləri tərəfindən təmsil edilmişdir. II. Konstitusiyaçı-demokratik xırda burjualardan; keçən hərəkatda bunların başlıca məqsədi öz nümayəndələrinin, Frankfurt məclisi sollarının, sonralar isə Ştutqart parlamentinin və imperiya konstitusiyası uğrundaki kampaniyada onların özlərinin əldə etməyə çalışdıqları şəklində azçox demokratik federativ dövlət yaratmaqdan ibarət idi.5 III. Respublikaçı xırda burjualardan, bunların idealı İsveçrə respublikasına bənzər alan federativ respublikasından ibarətdir; bunlar iri kapitalın xırda kapitala, iri burjuanın xırda burjuaya zülmünü məhv etmək kimi xoş bir niyyət bəslədiklərinə görə indi özlərini “qırmızı” və “ictimai-demokrat” adlandırırlar. Bu fraksiyanın nümayəndələri demokratik konqres və komitələrin üzvlərindən, demokratik ittifaqların rəhbərlərindən, demokratik qəzet redaktorlarından ibarət idi. Fransada respublikaçı xırda burjualar indi özlərini sosialist adlandırdıqları kimi, bütün bu fraksiyalar da indi, məğlub olandan sonra, özlərini “respublikaçı” və ya “qırmızı” adlandırırlar. Onlar, Vurtemberqdə, Bavariyada və i. a. olduğu kimi, öz məqsədlərini konstitusiya yolu ilə qorumağa hələ imkan tapdıqları yerdə fürsətdən istifadə edib öz köhnə ibarələrini mühafizə etməyə və əsla dəyişilmədiklərini işdə sübut etməyə çalışırdılar. Aydındır ki, bu partiyanın adının dəyişdirilməsi onun fəhlələrə münasibətini əsla dəyişdirmir; ancaq onu sübut edir ki, indi həmin partiya mütləqiyyətlə birləşmiş olan burjuaziyanın əleyhinə çıxmağa və proletariata istinad etməyə məcburdur. Almaniyada xırda burjua-demokratik partiyası

3

çox güclüdür. Bu partiya nəinki yalnız şəhərlərin bürger əhalisinin böyük çoxluğunu, xırda ticarətsənaye adamlarını və sənət ustalarını əhatə edir: kəndlilər də, şəhərlərin müstəqil proletariatı içərisində özünə hələ dayaq tapmamış kənd proletariatı da onun ardınca gedir. İnqilabçı fəhlə partiyasının xırda burjua demokratiyasına münasibəti belədir: fəhlə partiyası, yıxmağa çalışdığı fraksiyaya qarşı xırda burjua demokratiyası ilə birlikdə gedir; xırda burjua demorkatiyası öz mənafeyi xatirinə öz mövqeyini möhkəmləndirmək istədiyi bütün hallarda inqilabçı fəhlə partiyası onun əleyhinə çıxır. İnqilabçı proletarların mənafeyi xatirinə bütün cəmiyyətdə çevriliş əmələ gətirmək fikrindən uzaq olan demokratik burjualar ictimai qaydaları elə dəyişdirməyə çalışırlar ki, bu dəyişiklik mövcud cəmiyyəti onlar üçün mümkün qədər məqbul və münasib şəklə salsın. Buna görə də onlar hər şeydən əvvəl, bürokratiyanı məhdudlaşdırmaq və əsas vergiləri iri torpaq sahibləri və burjualar üzərinə qoymaq yolu ilə dövlət xərclərini azaltmağı tələb edirlər. Sonra, onlar iri kapitalın xırda kapitala təzyiqini aradan qaldırmağı tələb edərək, dövlət kredit idarələri yaradılmasına və sələmçiliyə qarşı qanunlar verilməsinə çalışırlar ki, beləliklə onlar və kəndlilər kapitalistlərdən deyil, dövlətdən, həm də əlverişli şərtlərlə borc ala bilsinlər; yenə onlar feodalizmi tamamilə aradan qalırmaq yolu ilə kənddə burjua mülkiyyət münasibətləri yaratmağa çalışırlar. Bütün bunları həyata keçirmək üçün onlara, istər konstitusiyaçı olsun, istərsə də respublikaçı olsun, elə demokratik dövlət quruluşu lazımdır ki, onlara və onların müttəfiqləri olan kəndlilərə əksəriyyət qazandırsın; həmçinin onlara demokratik yerli özünüidarə lazımdır ki, icma mülkiyyəti üzərində bilavasitə nəzarəti və hazırda bürokratların yerinə yetirdiyi bir sıra vəzifələri onlara versin. Sonra, onların fikrincə, qismən vərəsəlik hüququnu məhdudlaşdırmaqla, qismən də mümkün qədər daha çox işi dövlətin ixtiyarına verməklə kapitalın hökmranlığına və sürətlə artmasına müqavimət göstərmək lazımdır. Fəhlələrə gəlincə, hər şeydən əvvəl şüphəsizdir ki, onlar yenə əvvəlki kimi muzdlu fəhlə olaraq qalmalıdırlar, lakin bununla bərabər demokratik xırda burjualar istəyirlər ki, fəhlələr əvvəlkindən artıq təmin edilmiş olsun; onlar buna qismən dövlət tərəfindən iş vermək yolu ilə, qismən də xeyriyyəçilik tədbirləri vasitəsi


ilə nail olmaq ümidindədirlər, - bir sözlə, onlar az-çox üstüörtülü sədəqə verməklə fəhlələri aldadıb ələ almaq və onların vəziyyətini müvəqqəti yaxşılaşdırmaqla onların inqilabi qüvvəsini qırmaq ümidindədirlər. Xırda burjua demokratiyası fraksiyalarının heç də hamısı onun burada göstərilən bütün tələblərini müdafiə etmir, xırda burjua demokratlarından ancaq az bir hissəsi həmin tələblərin hamısının yerinə yetirilməsinə nail olmağı özünə vəzifə bilir. Xırda burjua demokratiyasından olan ayrı-ayrı şəxslər və ya fraksiyalar nə qədər irəli gedirlərsə, bu tələblərdən bir o qədər çoxunu özlərininki edirlər, yuxarıda göstərilənləri özləri üçün proqram hesab edən bəziləri isə ola bilər güman etsin ki, bu, inqilabdan ümumiyyətlə gözlənə biləcək maksimumdur. Lakin bu tələblər proletariat partiyasını heç bir halda qane edə bilməz. Demokratik xırda burjualar olsa-olsa yuxarıdakı tələblərin həyata keçirilməsinə nail olmaqla, inqilabı mümkün qədər tezliklə qurtarmaq istədikləri halda, bizim mənafe və vəzifələrimiz ondan ibarətdir ki, az-çox varlı siniflərin hamısı hökmranlıqdan kənar edilənədək, proletariat dövlət hakimiyyətini ələ alanadək, yalnız bir ölkədə deyil, dünyanın bütün hökmran ölkələrində də proletarların birliyi, həmin ölkələrin proletarları arasında rəqabətə son qoymaq dərəcədə və heç olmazsa həlledici məhsuldar qüvvələr proletarların əlində toplanacağı dərəcədə inkişaf edənədək inqilabı permanent inqilab edək. Bizim üçün mətləb xüsusi mülkiyyəti dəyişdirməkdə deyil, onu məhv etməkdədir, sinfi ziddiyyətləri pərdələməkdə deyil, sinifləri məhv etməkdədir, mövcud cəmiyyəti yaxşılaşdırmaqda deyil, yeni cəmiyyət təsis etməkdədir. İnqilabın daha da inkişafı ərzində Almaniyada xırda burjua demokratiyasının müəyyən müddət üstün təsirə malik olacağına heç bir şüphə yoxdur. Buna görə də sual olunur ki, proletariatın və xüsusən İttifaqın xırda burjua demokratiyasına qarşı mövqeyi necə olacaqdır: 1. xırda burjua demokratlarının da məhkum vəziyyətdə olduğu indiki münasibətlər davam etdikcə; 2. xırda burjua demokratlarına üstünlük verəcək ən yaxın inqilabi mübarizədə; 3. bu mübarizə qurtarandan sonra, xırda burjua demokratlarının devrilmiş siniflər və proletariat üzərində üstünlük əldə edəcəkləri müddətdə. 1. Demokratik xırda burjuaların hər yerdə

məhkum vəziyyətdə olduqları indiki zamanda onlar proletariata ümumiyyətlə birlik və barışıq təbliğ edirlər, proletariata əl uzadırlar və demokratik partiyada bütün çalarları əhatə edəcək bir böyük müxalifət partiyası yaratmağa çalışırlar, yəni fəhlələri elə bir partiya təşkilatına cəlb etməyə çalışırlar ki, orada ümumi ictimaidemokratik ibarələr hökm sürür və bu ibarələr arxasında onların öz xüsusi tələbləri çox arzu olunan sülh xatirinə irəli sürülməməlidir. Bu cür birləşmə proletariata şüphəsiz zərər vurardı və yalnız demokratik xırda burjualara faydalı olardı. Proletariat, bu qədər çətinliklə əldə edilmiş müstəqil mövqeyini tamamilə itirərdi və yenə rəsmi burjua demokratiyasının əlavəsi rolunu oynamaq dərəcəsinə enmiş olardı. Deməli, bu cür birləşmədən qəti surətdə imtina etmək lazımdır. Bir daha burjua demokratlarını alqışlayıb əl çalan bir xor rolu oynamaq dərəcəsinə enmək əvəzinə, fəhlələr və ən əvvəl İttifaq ona nail olmağa çalışmalıdırlar ki, rəsmi demokratlarla yanaşı olaraq fəhlə partiyasının müstəqil gizli və açıq təşkilatını yaratsınlar və özlərinin hər bir icmasını fəhlə ittifaqlarının elə mərkəzinə və özəyinə çevirsinlər ki, burada proletariatın mövqe və mənafeyi burjua təsirlərindən asılı olmadan müzakirə edilə bilsin. Proletarlarla belə bir ittifaqa, yəni proletarlarla burjua demorkatlarının bərabər qüvvədə və bərabər hüquqa malik olacaqları ittifaqa burjua demokratlarının nə qədər ciddi yanaşmadıqları Breslavl demokratlarının timsalından görünür: onlar öz orqanları olan “Neue Oder-Zeitung”da6 sosialist adlandırdıqları müstəqil təşkil olunmuş fəhlələri şiddətlə təqib edirlər. Ümumi düşmən əleyhinə mübarizə üçün heç bir xüsusi birləşmə lazım deyildir. Belə bir düşmən əleyhinə açıq mübarizə etmək lazım gəldikdə hər iki partiyanın mənafeyi bir müddət bir-birinə uyğun gəlir və indiyə qədər olduğu kimi, gələcəkdə də yalnız müəyyən bir zaman üçün nəzərdə tutulan belə bir ittifaq özlüyündə meydana gəlir. Aydındır ki, bütün keçmişdəkilər kimi, qarşıdaki qanlı toqquşmalarda da başlıca olaraq fəhlələr öz mərdlik və qətiyyətləri ilə, fədakarlığa hazır olmaları ilə qələbə qazanmalı olacaqlar. Keçmişdə olduğu kimi, bu mübarizədə də xırda burjua kütləsi mümkün qədər uzun zaman ləng hərəkət edəcək və qətiyyətsizlik, passivlik göstərəcəkdir ki, sonra, qələbə qazanılanda ondan özü üçün istifadə etsin, fəhlələri sakitləşməyə və öz iş-gücünə qayıtmağa çağırsın, münaqişə adlandırılan şeylərin qarşısını alsın və proletariatı

4


qələbənin bəhrələrindən məhrum etsin. Bu işdə xırda burjua demokratlarına mane olmağa fəhlələrin gücü çatmaz, lakin xırda burjua demokratlarının silahlı proletariatdan irəli keçmələrini çətinləşdirməyə və onlara elə şərtlər qəbul etdirməyə fəhlələrin gücü çatar ki, bunların sayəsində burjua demokratlarının hökmranlığını məhv edəcək toxum bu hökmranlığın içində ən əvvəldən mövcud olar və sonra proletariat hökmranlığının burjua demokratları hökmranlığını sıxışdırıb aradan qaldırması xeyli asanlaşar. Toqquşma zamanı və mübarizə qurtaran kimi fəhlələr hər şeydən əvvəl burjuaziyanın sakitləşdirmək cəhdlərinə mümkün qədər müqavimət göstərməli və demokratları özlərinin indiki terrorçu ibarələrini həyata keçirməyə məcbur etməlidirlər. Fəhlələr elə hərəkət etməlidirlər ki, bilavasitə inqilabi coşqunluq qələbədən sonra dərhal yenə yatırılmasın. Əksinə, fəhlələr bu coşqunluğu mümkün qədər davam etdirməlidirlər. Onlar münaqişə adlandırılan hadisələrin əleyhinə, mənfur şəxslərdən və ya ancaq mənfur xatirələrlə əlaqədar rəsmi binalardan xalqın intiqam alması halları əleyhinə nəinki çıxış etməməlidirlər, bu çıxışlara nəinki yol verib dözməlidirlər, hətta bunlara rəhbərliyi öz öhdələrinə götürməlidirlər. Mübarizə zamanı və mübarizədən sonra fəhlələr bütün hallarda burjua demokratlarının tələbləri ilə yanaşı öz xüsusi tələblərini də irəli sürməlidirlər. Demokratik burjualar hakimiyyəti əllərinə almağa hazırlaşan kimi fəhlələr özləri üçün təminat tələb etməlidirlər. Əgər lazım gələrsə, fəhlələr bu təminatı qüvvə ilə əldə etməli və ümumiyyətlə çalışmalıdırlar ki, yeni hakimlər hər cür güzəştlərə getməyi və vədlər verməyi öhdələrinə götürməyə məcbur olsunlar; bu – onları nüfuzdan salmaq üçün ən doğru vasitədir. Fəhlələr ümumiyyətlə hər vasitə ilə çalışıb qələbədən məst olmağın və hər bir qabiliyyətli küçə mübarizəsindən sonra əmələ gəlmiş vəziyyətin doğurduğu heyranlığın mümkün qədər qarşısını almalı, bunun əvəzində hadisələri sakit və soyuqqanlılıqla başa düşməli və yeni hökümətə açıq-aşkar etimadsızlıq göstərməlidirlər. Yeni rəsmi hökümətlərlə yanaşı olaraq, fəhlələr ya yerli özünüidarə orqanları, bələdiyyə şuraları şəklində, ya da fəhlə klubları, yaxud fəhlə komitələri vasitəsi ilə dərhal özlərinə məxsus inqilabi fəhlə hökümətlərini təsis etməlidirlər ki, burjua demokratik hökümətləri fəhlələr içərisində öz dayaqlarını nəinki dərhal itirmiş olsunlar, habelə lap əvvəldən görsünlər ki, bütün fəhlə

5

kütləsinə arxalanan hakimiyyət orqanlarının nəzarəti və təhlükəsi altındadırlar. Bir sözlə, qələbənin lap ilk çağından etimadsızlığı daha məğlub edilmiş irticaçı partiyaya qarşı deyil, öz əvvəlki müttəfiqlərinə, ümumi qələbədən yalnız özü üçün istifadə etmək istəyən partiyaya qarşı yönəltmək lazımdır. 2. Lakin fəhlələr, qələbənin lap ilk saatından etibarən onlara xəyanət etməyə başlayaraq bu partiya əleyhinə qəti və zəhmli hərəkət etmək üçün silahlanmalı və təşkil olunmalıdırlar. Bütün proletariat dərhal tüfəng, karabin, top və döyüş sursatı ilə silahlandırılmalıdırlar; fəhlələrə qarşı yönəldilən köhnə mülki qoşunun yenidən canlandırılmasına müqavimət göstərmək lazımdır. Bunu həyata keçirmək mümkün olmayan yerlərdə isə fəhlələr özlərinin seçdiyi komandirləri və öz baş ştabı olan müstəqil proletar qvardiyası halında təşkil olunmağa və dövlət hakimiyyətinin sərəncamına deyil, fəhlələrin yaratdığı inqilabi icma şüurlarının sərəncamına keçməyə çalışmalıdırlar. Fəhlələr dövlət müəssisələrində işlədikləri yerlərdə, özlərinin seçdiyi dəstə komandirləri olan yarıca dəstə halında, yaxud proletar qvardiyasının bir hissəsi halında hökmən təşkil olunmalı və silahlanmalıdırlar. Onlar silahı və döyüş sursatını heç bir halda təhvil verməməlidirlər; fəhlələri tərksilah etmək yolundaki hər cür cəhd, lazım gəldikdə, silahlı qüvvə ilə dəf edilməlidir. Burjua demokratlarının fəhlələrə təsirini yox etmək, dərhal fəhlələrin müstəqil və silahlı təşkilatını yaratmaq və burjua demokratiyasının labüd olan müvəqqəti hökmranlığı üçün mümkün qədər ağır və onu nüfuzdan salan şərait yaratmaq, - qarşıdakı üsyan zamanı və bu üsyandan sonra proletariat və onunla da birlikdə İttifaq başlıca olaraq məhz bunları etməyi nəzərdə tutmalıdırlar. 3. Yeni hökümətlər müəyyən dərəcə möhkəmlənən kimi onların fəhlələrə qarşı mübarizəsi dərhal başlanacaqdır. Demokratik xırda burjualara qarşı bir qüvvə kimi çıxış edə bilmək üçün, hər şeydən əvvəl gərək fəhlələr öz klubları vasitəsi ilə müstəqil təşkil olunub mərkəzləşdirilsinlər. Mövcud hökümətlər devriləndən sonra Mərkəzi komitə, imkan olan kimi, dərhal Almaniyaya gedəcək, təcili konqres çağıracaq və fəhlə klublarını hərəkatın əsas mərkəzində olan orqanın rəhbərliyi altında mərkəzləşdirməyə dair lazımı təklifləri konqresin müzakirəsinə verəcəkdir. Fəhlə klublarının heç olmazsa vilayət birləşmələrinin tezliklə təşkil olunması, fəhlə partiyasını qüvvətləndirmək və


inkişaf etdirmək üçün ən mühüm tədbirlərdən biridir. Mövcud hökümətləri devirməyin ən yaxın nəticəsi milli nümayəndəlik məclisi seçməkdən ibarət olacaqdır. Burada proletariat aşağıdakıların qayğısına qalmalı olacaqdır: I. Yerli hökümət orqanları və ya hökümət komissarlarının hər hansı bir öcəşməsi üzündən, nə qədər olursa-olsun, fəhlə seçkilərdən uzaqlaşdırılmasın. II. Burjua-demokratik namizədləri ilə yanaşı olaraq hər yerdə, mümkün qədər İttifaq üzvlərindən fəhlə namizədləri irəli sürülsün və onların seçilməsi üçün bütün mümkün vasitələrdən istifadə edilsin. Hətta onların seçiləcəyinə heç bir ümid olmayan yerlərdə də fəhlələr öz namizədlərini irəli sürməlidirlər ki, öz müstəqilliklərini mühafizə etsinlər, öz qüvvələrini hesablasınlar, öz inqilabi mövqelərini və öz partiya nöqteyi-nəzərlərini hamıya açıqca bildirsinlər. Eyni zamanda fəhlələr demokratların, məsələn, belə ibarələrinə aldanmamalıdırlar ki, guya bu hərəkət demokratik partiyanı parçalayır və irticaya qələbə imkanı veir. Bütün bu ibarələrdən son məqsəd proletariatı aldatmaqdır. Bu cür müstəqil hərəkət etməklə proletar partiyasının qazanmalı olduğu müvəffəqiyyətlər, bir neçə irticaçının nümayəndəli məclisdə iştirakından dəyə biləcək zərərdən ölçülməz dərəcədə mühümdür. Əgər demokratiya irtica əleyhinə lap əvvəldən qətiyyətlə və terror yolu ilə çıxış edərsə, seçkilərdə irticanın təsiri qabaqcadan puç edilmiş olar. Burjua demokratları ilə fəhlələr arasında münaqişə baş verməsinə səbəb olacaq birinci məsələ - feodalizmi məhv etmək məsələsi olacaqdır. Birinci Fransa inqilabında olduğu kimi, xırda burjualar feodal malikanələrini sərbəst mülkiyyət olaraq kəndlilərə verəcəklər, yəni kənd proletariatını saxlamaq və xırda burjua kəndli sinfi yaratmaq istəyəcəklər ki, bu sinif də indi fransız kəndlisinin düşdüyü yoxsulluq və getdikcə daha çox artan borc girdabına düşməli olacaqdır. Fəhlələr kənd proletariatının mənafeyi və özlərinin mənafeyi üçün bu plana qarşı maneəçilik göstərməlidirlər. Onlar tələb etməlidirlər ki, müsadirə edilən feodal mülkiyyəti dövlət malı olsun və iri əkinçiliyin bütün üstünlüklərindən istifadə edəcək birləşmiş kənd proletariatının becərdiyi fəhlə koloniyalarına çevrilsin. Bununla da, burjua mülkiyyət münasibətlərinin sarsımaqda olduğu

bir şəraitdə ümumi mülkiyyət prinsipi dərhal möhkəm zəmin üzərinə keçər. Demokratlar kəndlilərlə birləşdikləri kimi, fəhlələr də kənd proletariatı ilə birləşməlidirlər. Sonra, demokratlar ya bilavasitə federativ respublika yaratmağa çalışacaqlar, ya da əgər vahid və bölünməz respublika yaratmaqdan yaxa qurtarmağa müvəffəq ola bilməsələr, onda heç olmazsa, icmalara7 və vilayətlərə mümkün qədər daha artıq müstəqillik və sərbəstlik verməklə mərkəzi hökümətin əl-qolunu bağlamağa çalışacaqlar. Bu planın əksinə olaraq, fəhlələr Almaniya respublikasını müdafiə etməlidirlər, həmçinin çalışmalıdırlar ki, bu republikada bütün qüvvələr dövlət hakimiyyəti əlində ən qəti bir surətdə mərkəzləşdirilmiş olsun. Onlar icma azadlığı haqqında, özünüidarə və i. a. haqqında demokratların boşboğazlığına aldanmamalıdırlar. Almaniya kimi bir ölkədə hələ bu qədər orta əsr qalıqlarını aradan qaldırmaq, hələ bir çox yerli və vilayət özbaşınalığını yox etmək lazım gəldiyi halda, heç bir vəchlə dözmək olmaz ki, hər kənd, hər şəhər və hər vilayət, yalnız mərkəzləşmə şəraitində bütün gücünü göstərə biləcək inqilabi fəaliyyətə yeni bir maneə törətsin. – Yol vermək olmaz ki, indiki vəziyyət yenidən canlandırılsın, zira bu vəziyyət üzündən almanlar irəliyə eyni bir addımı atma uğrunda hər şəhərdə və hər vilayətdə ayrıca mübarizə etməli olurlar. Habelə heç yol vermək olmaz ki, azad yerli özünüidarə adlanan idarə vasitəsi ilə icma mülkiyyəti, yəni hələ müasir xüsusi mülkiyyətdən geridə duran və pozularaq hər yerdə labüd surətdə xüsusi mülkiyyətə çevrilən mülkiyyət forması əbədiləşdirilsin, bununla da birlikdə, yoxsul icmalarla varlı icmalar arasında həmin icma mülkiyyətindən doğan çəkişmələr, habelə ümumdövlət vətəndaşlıq hüququ ilə yanaşı mövcud olan icma vətəndaşlıq hüququ və onun fəhlələrə qarşı fitnələri əbədiləşdirilsin. 1793-cü ildə Fransada olduğu kimi, indi də Almaniyada ən ciddi mərkəzləşdirmə keçirmək həqiqi inqilabi partiyanın vəzifəsidir8. Biz gördük ki, demokratlar ən yaxın hərəkatda hakimiyyət başına necə gələcək və az-çox sosialist tədbirləri irəli sürməyə necə məcbur olacaqlar. Belə bir sual ortaya çıxır ki, bunun müqabilində fəhlələr nə kimi tədbirlər təklif etməli olacaqlar? Əlbəttə, fəhlələr hərəkatın lap əvvəlində xalis kommunist tədbirləri təklif edə bilməzlər. Lakin onlar: 1. Demokratları məcbur edə bilərlər ki, mövcud ictimai quruluşun mümkün qədər

6


daha çox sahələrinə müdaxilə etsinlər, onun normal gedişini pozsunlar, özlərini nüfuzdan salsınlar, habelə mümkün qədər çox məhsuldar qüvvələri, nəqliyyat vasitələrini, fabrikləri, dəmir yolları və sairəni dövlətin əlində toplasınlar. 2. Onlar, əlbəttə, inqilabi surətdə deyil, yalnız reformistcəsinə çıxış edəcək demokratların təkliflərini son həddə çatdırmalıdırlar; onlar həmin tələbləri xüsusi mülkiyyət üzərinə açıq hücuma çevirməlidirlər. Məsələn, əgər xırda burjualar dəmir yolları və fabrikləri pulla almağı təklif edərlərsə, fəhlələr tələb etməlidirlər ki, irticaçıların mülkiyyəti olan bu dəmir yollar və fabrikləri dövlət bunların əvəzində heç bir şey vermədən sadəcə müsadirə etsin. Əgər demokratlar mütənasib vergi tələb edirlərsə, fəhlələr mütərəqqi vergi tələb etməlidirlər; əgər demokratların özləri mötədil-mütərəqqi vergi təklif edirlərsə, fəhlələr iri kapitalı məhv edəcək sürətlə artan vergi qoyulması üzərində təkid etməlidirlər; əgər demokratlar dövlət borclarının qaydaya salınmasını tələb edirlərsə, fəhlələr tələb etməlidirlər ki, dövlət iflas etmiş elan olunsun. Deməli, fəhlələrin tələbləri hər yerdə demokratların güzəştləri və tədbirlərinə görə müəyyən edilməlidir. Əgər alman fəhlələri daha uzun inqilabi inkişaf yolunu tamamilə keçmədən hökmranlığa və öz sinfi mənafelərinin həyata keçirilməsinə nail ola bilməsələr də, bu dəfə onlar, heç olmazsa, əmindirlər ki, yaxınlaşan bu inqilabi dramın birinci pərdəsi onların öz sinfinin Fransada açıq qələbəsi ilə bir vaxta düşəcək və bununla da çox sürətlənmiş olacaqdır. Lakin onlar özlərinin son qələbələri üçün bununla daha çox iş görmüş olarlar ki, öz sinfi mənafelərini özləri üçün aydınlaşdırsınlar, özlərinin müstəqil partiya mövqeyini mümkün qədər tezliklə tutsunlar və bir anlığa da olsa, yol verməsinlər ki, demokratik xırda burjualar öz ikiüzlü ibarələri ilə onları aldadıb proletariat partiyasının müstəqil təşkilatı yolundan döndərə bilsinlər. Onların mübariz şüarı: “Permanent inqilab” olmalıdır. London, mart 1850-ci il.

7

1. Marks və Engels tərəfindən 1850-ci ilin mart ayının axırında, inqilabın yeni yüksəlişinə hələ ümid bəslədikləri zaman yazılmışdır. 2. 1849-cu ilin may-iyul aylarında Almaniyada xalq kütlələrinin imperiya konstitusiyasını (1849-cu il martın 28-də Frankfurt Milli məclisi tərəfindən qəbul olunub bir sıra alman dövlətlərinin rədd etdiyi konstitusiyanı) müdafiə edən üsyanlarından söhbət gedir. Dağınıq, kortəbii xarakter daşıyan bu üsyanlar 1849-cu il iyulun ortalarında yatırıldı. 3. Müqəddəs ittifaq – ayrı-ayrı ölkələrdə inqilabi hərəkatı boğmaq və feodal-monarxiya rejimlərini qoruyub saxlamaq üçün 1815-ci ildə çar Rusiyası, Avstriya və Prussiya tərəfindən təsis edilən Avropa monarxlarının mürtəce birliyi. 4. Fransanın paytaxtı-XVIII əsrin axırlarındaki fransız burjua inqilabi dövründən başlayaraq, inqilab ocağı sayılan Paris şəhəri nəzərdə tutulur. 5. Frankfurt məclisinin sol cinahı – Almaniyadaki mart inqilabından sonra çağırılıb 1848-ci il mayın 18-də Frankfurt-Maynda öz iclaslarına başlamış Milli məclisin xırda burjua sol cinahı. Məclisin başlıca vəzifəsi Almaniyanın siyasi cəhətdən parçalanmış olmasını ləğv etməkdən və Ümumalmaniya konstitusiyasını işləyib hazırlamaqdan ibarət idi. Lakin liberal əksəriyyətin qorxaqlığı və tərəddüdü, sol cinahın qətiyyətli və ardıcıl hərəkət etməməsi üzündən Məclis ölkədə ali hakimiyyəti öz əlinə almaqdan ehtiyat etdi və 1848-1849-cu illərdəki alman inqilabının əsas məsələlərində möhkəm mövqe tutmağı bacarmalı. 1849-cu il mayın 30-da Məclis Ştutqartda köməyə məcbur oldu. 1849-cu il iyunun 18-də qoşun məclisi dağıtdı. 6. “Neue Oder-Zeitung” (Yeni Oder qəzeti) – gündəlik alman burjua demokratik qəzeti. Bu ad altında 1849-1855-ci illərdə Breslavlda (Brotslav) çıxmışdır. 1855-ci ildə Marks həmin qəzetin London müxbiri idi. 7. İcma termini (Gemeinde) burada geniş mənada, həm şəhər bələdiyyələri, həm də kənd icmaları haqqında işlədilir. 8. İndi qeyd etmək lazımdır ki, bu parça anlaşılmazlıq nəticəsidir. Tarixi saxtalaşdıran bonapartist və liberal saxtakarlar üzündən o zaman müəyyən edilmiş hesab olunurdu ki, Fransanın mərkələşdirilmiş idarə maşınını böyük inqilab tətbiq etmişdi və Konvent bu


idarə maşınından royalist və federalist irtica üzərində, habelə xarici düşmən üzərində qələbə üçün zəruri və həlledici bir silah kimi istifadə edirdi. Lakin indi hamıya məlum bir faktdır ki, bütün departamentlər, dairələr və icmalar idarəsi, 18 brumerədək bütün inqilab ərzində, idarə olunanların özləri tərəfindən seçilən və ümumdövlət qanunları çərçivəsi daxilində tamamilə sərbəst olan orqanlardan ibarət idi; Amerikadakına bənzər bu vilayət və yerli özünüidarə, inqilab üçün o qədər güclü bir vasitə oldu ki, Napoleon bilavasitə 18 brumer dövlət çevrilişindən sonra bu özünüidarəni tezliklə prefektlərin ağalığı ilə əvəz etdi; beləliklə prefektlərin hələ indiyə qədər qalan bu ağalığı ən əvvəldən xalis irtica aləti olmuşdur. Lakin yerli və vilayət özünüidarəsi siyasi və milli mərkəzləşməyə zidd olmadığı kimi, onun İsveçrədə belə iyrənc bir şəkildə qarşımıza çıxan və cənubi alman federativ respublikaçılarının 1849-cu ildə Almaniyada tətbiq etmək istədikləri məhdud kanton və ya kommunal xudpəsəndliyi ilə əlaqədar olması da məcbur deyildir. (1885-ci il nəşrinə Engelsin qeydi)

8


Lenin Sosializm və din Bütün müasir cəmiyyət, fəhlə sinfinin böyük kütlələrinin, əhalinin torpaq sahibi və kapitalist siniflərinə mənsub olan bir ovuc azlığı tərəfindən istismarı əsasında qurulmuşdur. Bu cəmiyyət quldarlıq cəmiyyətidir, çünki bütün ömrünü kapital üçün işləyən “azad” fəhlələrin yaşamaqdan ötrü yalnız o vasitələrə malik olmağa “ixtiyarı vardır” ki, bunlar qazanc hasil edən kölələri saxlamaq üçün, kapitalist köləliyini təmin etmək və əbədiləşdirmək üçün lazım olsun. Fəhlələrə iqtisadi cəhətdən zülm edilməsi labüddən siyasi zülmün hər cür növlərinin meydana gəlməsinə, ictimai həqarətə, kütlələrin mənəvi və əxlaqi həyatının kobudlaşmasına və tutqunlaşmasına səbəb olur. Öz iqtisadi qurtuluşu uğrunda mübarizə aparmaqdan ötrü fəhlələr özləri üçün böyük və ya kiçik siyasi azadlıq əldə edə bilərlər, lakin kapital hakimiyyəti devrilmədikcə, heç bir azadlıq onları yoxsulluqdan, işsizlikdən və zülmdən qurtara bilməz. Din hər yerdə və hər tərəfdə daim başqaları üçün işləmək, ehtiyac və təklik nəticəsində boğulan xalq kütlələri üzərinə düşən mənəvi zülm növlərindən biridir. Təbiətlə mübarizədə vəhşinin acizliyi tanrılara, şeytanlara, möcüzələrə və sairəyə inam doğurduğu kimi, istismarçılarla mübarizədə istismar edilən siniflərin acizliyi də labüddən axirətdə daha yaxşı həyat olacağına inam oyadır. Bütün ömrü boyu işləyən və ehtiyac içində olana din bu dünyada müti və səbirli olmağı öyrədərək, bunun əvəzində tanrıdan mükafat alacağı ilə ona təsəlli verir. Başqasının zəhməti ilə yaşayanlara isə din bu dünyada xeyriyyəçi olmağı öyrədərək, onların bütün istismarçı varlığına bəraət qazandırmaq üçün onlara çox ucuz vasitələr təklif edir və behiştə getmək üçün onlara ucuz qiymətə bilet satır. Din xalq üçün tiryəkdir. Din – öz insanlıq sürətlərini, insana az-çox layiq olan həyat tələblərini kapital kölələrinə unutduran bir növ mənəvi araqdır. Lakin öz köləliyini başa düşmüş və öz azadlığı uğrunda mübarizəyə qalxışmış kölə artıq yarıbayarı köləlikdən xilas olur. İri fabrik sənayesindən tərbiyə almış, şəhər həyatının maarifləndirdiyi müasir şüurlu fəhlə dini mövhumatı nifrətlə üzərindən atır, axirəti keşişlərin və burjua riyakarlarının ixtiyarına

9

verərək, özü üçün bu dünyada yaxşı gün qazanmağa çalışır. Müasir proletariat sosializm tərəfinə keçir, çünki sosializm elmi dini mövhumata qarşı mübarizəyə cəlb edir və fəhləni bu dünyada daha yaxşı həyat uğrunda həqiqi mübarizə üçün birləşdirməklə onu axirətə inanmaqdan azad edir. Din şəxsi iş elan edilməlidir, - sosialistlərin dinə münasibəti adətən bu sözlərlə ifadə olunur. Lakin bu sözlərin heç bir anlaşılmazlığa səbəb ola bilməməsi üçün onların mənasını dürüst müəyyən etmək lazımdır. Biz dinin dövlət üçün şəxsi iş olmasını tələb edirik, lakin bizim öz partiyamız üçün dini heç bir vəchlə şəxsi iş hesab edə bilmərik. Dövlətin din ilə heç bir işi olmamalı, dini cəmiyyətlər dövlət hakimiyyəti ilə əlaqədar olmamalıdır. Hər kəs istədiyi dinə etiqad etməkdə, yaxud heç bir dini qəbul etməməkdə, yəni, adətən hər bir sosialistin olduğu kimi, ateist olmaqda tamamilə sərbəst olmalıdır. Dini etiqadlarından asılı olaraq hüquq cəhətdən vətəndaşlar arasında heç bir fərqə qətiyyən yol verilə bilməz. Vətəndaşların mənsub olduqları bu və ya digər dinin hətta adı rəsmi sənədlərdən mütləq silinməlidir. Dövlət kilsəsinə heç bir pul verilməməli, kilsə və din cəmiyyətlərinə heç bir dövlət vəsaiti verilməməlidir, bunlar hökümətdən asılı olmayan, tamamilə azad həmfikir vətəndaşların ittifaqları olmalıdır. Yalnız bu tələblərin axıra qədər yerinə yetirilməsi kilsənin dövlətdən təhkimçilik qaydası ilə asılı olduğu, rus vətəndaşlarının isə dövlət kilsəsindən təhkimçilik qaydası ilə asılı olduğu, etiqad və ya etiqadsızlıq üstündə adamları təqib edən, insan vicdanını zorlayan, dövlət vəzifələrini və dövlət gəlirlərini bu və ya digər dövlət-kilsə arağını paylamaqla bağlayan orta əsr, inkvizitor qanunlarının (indiyə qədər bizim cinayət məcəllələri və nizamnamələrində qalmaqda olan qanunların) həyata keçirildiyi rəzil və mənfur keçmişə nəhayət verə bilər. Din dövlətdən tamamilə ayrılmalıdır – sosialist proletariatın indiki dövlətə və indiki kilsəyə verdiyi tələb bundan ibarətdir. Rus inqilabı siyasi azadlığın zəruri tərkib hissəsi olan bu tələbi həyata keçirməlidir. Bu cəhətdən rus inqilabı çox əlverişli vəziyyətdədir, çünki polis-təhkimçi mütləqiyyətinin mənfur bürokratizmi hətta ruhanilər arasında da narazılığa, həyəcana və hiddətə səbəb olmuşdur. Rus pravoslav ruhaniləri hər nə qədər avam və cahil olsalar da, Rusiyada köhnə, orta əsr üsulunun yıxılması gurultusu indi hətta onları da ayıltmışdır. Hətta onlar da azadlıq


tələbinə qoşulurlar, bürokratizmə və məmur özbaşınalığına, “tanrı xadimləri” üzərinə zorla qoyulmuş polis xəfiyyəçiliyi vəzifəsinə protest edirlər. Biz sosialistlər bu hərəkata kömək edərək, ruhanilər arasından namuslu və səmimi adamların tələblərini axıra çatdırmalı, onları azadlıq haqqındaki sözlərində tutmalı və onlardan tələb etməliyik ki, din ilə polis arasında hər cür əlaqəni mütləq qırsınlar. Ya siz səmimisiniz, deməli, onda siz dinin dövlətdən və məktəbin dindən tamamilə ayrılmasını, dinin tamamilə və qeyd-şərtsiz olaraq şəxsi iş elan edilməsini müdafiə etməlisiniz. Ya da siz bu ardıcıl azadlıq tələblərini qəbul etmirsiniz, - o zaman bu o deməkdir ki, siz hələ də inkvizisiya ənənələrinin əsirisiniz, demək, siz dövlət vəzifələrinə və dövlət gəlirlərinə göz dikməkdə davam edirsiniz, demək, siz öz silahınızın mənəvi qüvvəsinə inanmırsınız, siz dövlət hakimiyyətindən rüşvət almaqda davam edirsiniz – onda bütün Rusiyanın şüurlu fəhlələri sizə amansız müharibə elan edirlər. Sosialist proletariatın partiyası üçün din şəxsi iş deyildir. Bizim partiyamız fəhlə sinfinin azadlığı uğrunda şüurlu, qabaqcıl mübarizələrin ittifaqıdır. Belə bir ittifaq şüursuzluğa, avamlığa, yaxud dini etiqadlar şəklindəki cəhalətpərəstliyə laqeyd baxa bilməz və baxmamalıdır. Dini mövhumata qarşı xalis ideya və ancaq ideya silahı ilə, mətbuatımızla, sözümüzlə mübarizə etmək üçün biz dinin dövlətdən tamamilə ayrılmasını tələb edirik. Lakin yeri gəlmişkən söyləməliyik ki, biz öz ittifaqımızı, RSDFP-ni fəhlələrin hər cür dini mövhumatla aldadılmasına qarşı məhz belə bir mübarizə aparmaq üçün yaratmışıq. Bizim üçün ideya mübarizəsi şəxsi iş deyil, ümumpartiya, ümumproletar işidir. Madam ki, belədir, onda nə üçün biz ateist olduğumuzu öz proqramımızda söyləmirik? Nə üçün biz xristianların və tanrıya inananların partiyamıza daxil olmasını qadağan etmirik? Bu sualın cavabı din məsələsinin burjuademokratik nöqteyi-nəzərindən qoyuluşu ilə sosial-demokratik nöqteyi-nəzərindən qoyuluşu arasında çox mühüm fərqi izah etməlidir. Bizim proqramımız başdan-başa elmi, həm də məhz materialist dünyagörüşü əsasında qurulmuşdur. Buna görə də proqramımızın izahına dini mövhumatın həqiqi tarixi və iqtisadi köklərinin izahı mütləq daxildir. Bizim

təbliğatımıza ateizmin təbliği də mütləq daxildir; mütləqiyyətçi-təhkimçi dövlət hakimiyyətinin bu vaxta qədər şiddətlə qadağan və təqib etdiyi müvafiq elmi ədəbiyyatın nəşri indi partiya işimizin sahələrindən birini təşkil etməlidir. İndi biz, yəqin, Engelsin bir dəfə alman sosialistlərinə verdiyi bu məsləhətinə əməl etməli olacağıq; XVIII əsr fransız maarifçi və ateist ədəbiyyatını tərcümə edib kütləvi surətdə yaymalı. Lakin burada dini məsələnin “ağıldan”, sinfi mübarizə xaricində, abstrakt, idealistcəsinə - çox vaxt burjuaziyadan olan radikal demokratların qoyduğu kimi, - qoyulmasına əsla yol verməməliyik. Fəhlə kütlələrinə daim zülm edilməsi, onların kobudlaşması əsasında qurulmuş bir cəmiyyətdə dini mövhumatı xalis təbliğatçılıq yolu ilə puç etmək mümkün olduğunu düşünmək gülünc olardı. İnsanlar üzərində din zülmünün cəmiyyət daxilindəki iqtisadi zülmün məhsulu və inikasından başqa bir şey olmadığını unutmaq burjua məhdudluğu olardı. Proletariatı, kapitalizmin qara qüvvələrinə qarşı apardığı öz mübarizəsi maarifləndirməzsə, onu heç bir kitabça və heç bir təbliğatla maarifləndirmək olmaz. Məzlum sinfin bu dünyada behişt yaratmaq uğrunda apardığı bu həqiqi inqilabi mübarizənin birliyi, bizim üçün proletarların göydəki behişt haqqındaki fikirlərinin birliyindən daha mühümdür. Məhz buna görə də biz öz ateizmimizi proqramımızda göstərmirik və göstərməməliyik; buna görə də biz köhnə mövhumatın bu və ya başqa qalıqlarını mühafizə etmiş proletarların partiyamıza yaxınlaşmasını qadağan etmirik və etməməliyik. Elmi dünyagörüşünü biz həmişə təbliğ edəcəyik, hər hansı “xristianların” səbatsızlığı ilə mübarizə etməyimiz lazımdır, lakin bu əsla o demək deyil ki, dini məsələni, heç də aid olmadığı birinci yerə keçirmək lazımdır, o demək deyil ki, üçüncü dərəcəli fikirlər və ya hər cür siyasi əhəmiyyətini çox tez itirən, iqtisadi inkişafın gedişi ilə tezliklə zibil yeşiyinə atılan hədyanlar xatirinə həqiqətən inqilabi, iqtisadi və siyasi mübarizə qüvvələrinin parçalanmasına yol vermək lazımdır. Mürtəce burjaziya hər yerdə çalışmış və indi bizdə də çalışmağa başlayır ki, dini ədavəti qızışdırsın, kütlələrin fikrini, indi öz inqilabi mübarizəsində əməli sürətdə birləşən Ümumrusiya proletariatının həll etməkdə olduğu həqiqətən mühüm və əsas iqtisadi və siyasi məsələlərdən həmin ədavətə tərəf

10


yayındırsın. Bu gün başlıca olaraq qaragüruhçu talanları şəklində özünü göstərən və proletar qüvvələrini parçalamaq məqsədi güdən bu mürtəce siyasət sabah, ola bilsin ki, hər hansı bir daha incə formalar fikirləşib tapsın. Hər halda biz, proletar həmrəyliyinin və elmi dünyagörüşünün sakit, təmkinlə və səbirlə təbliğ edilməsini, ikinci dərəcəli ixtilafları hər cür qızışdırmağa yol verməyən şəkildə təbliğ edilməsini ona qarşı qoyacağıq. İnqilabçı proletariat dinin dövlət üçün həqiqətən şəxsi iş olmasına nail olacaqdır. Orta əsr kifindən təmizlənmiş bu siyasi quruluşda proletariat, insanların beynini dini mövhumatla doldurmaqda həqiqi mənbə olan iqtisadi köləliyi aradan qaldırmaq üçün geniş, açıq mübarizə aparacaqdır. “Novaya Jizn” № 28, 3 dekabr 1905-ci il.

11


Lenin İ. F. Armanda məktub Dear friend! Kitabçanın planını daha müfəssəl yazmağı çox məsləhət görürəm.1 Yoxsa xeyli çox şey aydın deyildir. Bir fikri elə indi bildirməliyəm: S 3 – “Sevgi azadlığı (qadın) tələbini” tamamilə atmağı məsləhət görürəm. Bu həqiqətən proletar tələbi deyil, burjua tələbi olur. Doğrudan da, burada siz nəyi nəzərdə tutursunuz? Bunu deyərkən nəyi nəzərdə tutmaq olar? 1. Sevgi məsələsində maddi mülahizələrə (maliyyə mülahizələrinə) qarşı azadlığımı? 2. Habelə maddi qayğıya qarşı? 3. Dini mövhümata qarşı? 4. Papaşanın qadağan etməsinə etc. qarşı? 5. “Cəmiyyətin” mövhümatına qarşı? 6. Mühitin (kəndli və ya meşşan, yaxud ziyalıburjua mühitinin) məhdud şəraitinə qarşı? 7. Qanun, məhkəmə və polis buxovlarına qarşı? 8. Sevgidə ciddi cəhətlərə qarşı? 9. Uşaq doğmağa qarşı? 10. Ailə səadətini pozmaq azadlığınımı? və i. a. Mən bir çox çalar saydım (bunlar, əlbəttə, hamısı deyildir). Əlbəttə, siz başa düşürsünüz, 8-10-cu nömrələr deyildir, ya 1-7-ci nömrələrdir, ya da 1-7-ci nömrələrə bənzəyənlərdir. Lakin 1-7-ci nömrələr üçün başqa ad seçmək lazımdır, çünki sevgi azadlığı bu fikri dürüst ifadə etmir. Camaat, kitabçanı oxuyanlar isə, “sevgi azadlığını”, hətta sizin iradənizə rəğmən labüd olaraq ümumiyyətlə 8-10-ci nömrələr qəbilindən bir şey kimi başa düşərlər. Məhz ona görə ki, hazırki cəmiyyətdə ən çox danışan, gurultu qoparan və “yuxarıda görünən” siniflər “sevgi azadlığını” 8-10-cu nömrələr mənasında başa düşürlər, - məhz buna görə həmin tələb proletar tələbi deyil,

burjua tələbidir. Proletariat üçün 1-2-ci nömrələr, sonra da 1-7-ci nömrələr hər şeydən mühümdür, bu isə əslində “sevgi azadlığı” deyildir. İş onda deyil ki, siz subyektiv olaraq bunu nə mənada “başa düşmək istəyirsiniz”. İş, sevgi məsələlərində sinfi münasibətlərin obyektiv məntiqindədir. Friednly shake hands! W. I. 1915-ci il, 17 yanvar.

İ. F. Armanda növbəti məktub Əziz dost! Cavabı gecikdirdiyimə görə üzr istəyirəm: dünən yazmaq istədim, amma məni ləngitdilər və oturub məktub yazmağa vaxt olmadı. Sizin kitabça planınız barədə mən bu fikrə gəlmişəm ki, “sevgi azadlığı tələbi” aydın deyildir və - sizin iradə və arzunuzdan asılı olmayaraq (mən bunu xüsusi olaraq qeyd edib demişdim: iş sizin subyektiv arzularızda deyil, obyektiv, sinfi münasibətlərdədir) – müasir ictimai şəraitdə proletar tələbi deyil, burjua tələbi olar. Siz razı deyilsiniz. Yaxşı. Məsələni bir daha araşdıraq. Aydın olmayanı aydınlaşdırmaq üçün mən mümkün (və sinfi ədavət şəraitində labüd) olan təxminən on müxtəlif məna sayıb göstərmişdim, həm də qeyd etmişdim ki, 1-7-ci mənalar, mənim fikrimcə, proletar qadınlar üçün 8-10cu mənalar isə burjua qadınlar üçün tipik və ya səciyyəvi olar. Əgər bu təkzib edilsə, göstərmək lazımdır ki, bu mənalar yanlışdır (onda bunları başqaları ilə əvəz etməli və ya yanlış olanları qeyd etməli), yaxud natamamdır (onda çatışmayanı əlavə etməli), ya da proletar və burjua qisimlərinə belə bölünmür. Siz nə birincisini, nə ikincisini, nə də üçüncüsünü etmirsiniz. Siz 1-7-ci bəndlərə heç toxunmursunuz. Deməli, onları (ümumiyyətlə) doğru hesab edirsiniz? (Proletar qadınlarının fahişəliyi və onların asılılığı haqqında sizin yazdığınız: “yox deməyin mümkün olmaması” bütünlüklə 1-7ci bəndlərə uyğun gəlir. Burada bizim aramızda

12


heç bir fikir ayrılığı görmək olmaz). Siz ona da etiraz etmirsiniz ki, bu – proletarcasına verilən mənadır. Qalır 8-10-cu bəndlər. Bu bəndləri siz “bir qədər başa düşmürsünüz” və “etiraz edib” deyirsiniz: “başa düşmürəm ki, necə ola bilər (beləcə də yazılmışdır!) sevgi azadlığı” 10-cu bənd “ilə eyniləşdirilsin (!!??)” ... Belə çıxır ki, mən “eyniləşdirirəm”, siz isə məni danlayıb əzmək istəyirsiniz? Bu necə olur? Bu nədir? Burjua qadınlar sevgi azadlığını 8-10-cu bəndlər mənasında başa düşürlər – mənim tezisim budur. Siz bunu rədd edirsiniz? Deyin görək, burjua qadınlar sevgi azadlığı dedikdə nə başa düşürlər? Siz bunu demirsiniz. Doğrudan da ədəbiyyat və həyat sübut etmirmi ki, burjua qadınlar məhz bunu başa düşürlər? Tamamilə sübut edir! Siz bunu dinməzcə qəbul edirsiniz. Bir halda ki, belədir, burada iş onların sinfi vəziyyətindədir, - və onları “rədd etmək” çətin ki, mümkün olar və çətin ki, sadədillik olmaz. Proletar nöqteyi-nəzərini onlardan aydın surətdə ayırmaq, onlara qarşı qoymaq lazımdır. Belə obyektiv bir faktı nəzərə almaq lazımdır ki, əks təqdirdə onlar sizin kitabçanın müvafiq yerlərindən yapışar, bunlara öz bildikləri kimi məna verər, sizin kitabçanı özləri üçün bir alət edərlər, sizin fikirlərinizi fəhlələr qarşısında təhrif edərlər, fəhlələri “həyəcana salarlar” (onlarla belə bir şüphə oyadarlar ki, bəlkə siz onların içərisinə özgə ideyaları yayırsınız). Onların əlində isə bir yığın qəzet və i. a. vardır. Siz isə obyektiv və sinfi nöqteyi-nəzəri tamamilə unudaraq mənim üzərimə “hücuma” keçirsiniz ki, güya mən sevgi azadlığını 8-10-cu bəndlərlə “eyniləşdirirəm”...Qəribədir, həqiqətən qəribədir... “Hətta ötəri ehtiras və əlaqə” (bayağı və ən bayağı) ər-arvadın “sevgisiz öpüşlərindən” daha “şairanə və safdır”. Siz belə yazırsınız. Kitabçada da belə yazmaq istəyirsiniz. Çox gözəl. Bu qarşıqoyma məntiqlidirmi? Bayağı ərarvadın sevgisiz öpüşləri çirkindir. Şərikəm. Onlara qarşı qoymaq lazımdır...nəyi?.. Gərək ki: sevgi ilə olan öpüşləri? Siz isə “ötəri” (nə

13

səbəbə ötəri?) “ehtirası” (nə səbəb sevgini yox?) qarşı qoyursunuz – məntiqə görə belə çıxır ki, güya sevgisiz (ötəri) öpüşlər ər ilə arvadın sevgisiz öpüşlərinə qarşı qoyulur... Qəribədir. Populyar kitabça üçün daha yaxşı olmazmı ki, sevgisiz, bayağı və çirkin meşşan-ziyalı-kəndli kəbini (gərək ki, məndə 6-cı və ya 5-ci bənddir) və sevgi ilə olan mülki proletar kəbini bir-birinə qarşı qoyulsun (əgər hökmən istəyirsinizsə, bu da əlavə edilsin ki, ötəri əlaqə-ehtiras da həm çirkin ola bilər, həm saf). Sizdə sinfi tiplərin birbirinə qarşı qoyulması deyil, “qəribə hal” kimi bir şey çıxmışdır ki, bu da, əlbəttə, mümkündür. Lakin məgər iş qəribə hallarladır? Əgər belə bir mövzu: kəbinlilər arasındaki öpüşlərin çirkinliyinə və ötəri əlaqədəki öpüşlərin saflığına dair xüsusi, fərdi bir hal götürülsə, bu mövzunu romanda təhlil etmək lazımdır (çünki burada bütün mətləb fərdi şəraitdədir, müəyyən tiplərin xarakterinin və psixikasının təhlilindədir). Bəs kitabçada? Göydən götürülən sitatın münasibsizliyi barəsində mənim fikrimi çox yaxşı başa düşüb demisiniz ki, “sevgi es professorlar” rolunda çıxış etmək “mənasızdır”. Məhz belədir. Onda bəs ötəri es professorlar və i. a. rolunda necə? Doğrusu, mən heç də polemika açmaq istəmirəm. Mən bu məktubumu məmnuniyyətlə kənara atardım və məsələni görüşüb söhbət edənədək təxirə salardım. Lakin mən istəyirəm kitabça yaxşı olsun, oradan heç kəs sizin üçün xoşagəlməz ifadələr tapa bilməsin (bəzən bircə ifadə kifayətdir ki, bir qaşıq qatran...), sizin yazdığınızı yanlış yoza bilməsin. Mən əminəm ki, siz burada da “iradəniz ziddinə” yazmısınız və mən bu məktubu yalnız ona görə göndərirəm ki, bəlkə siz söhbətlər münasibətilə olduğundan çox, məktublarla əlaqədar olaraq planı daha ətraflı araşdırarsınız, plan isə, axı çox mühüm şeydir. Fransız sosialist qadınlardan tanışınız vardırmı? Mənim 1-10-cu bəndlərimi, habelə sizin “ötəri” və i. a. haqqındaki qeydlərinizi ona (güya ingiliscədən) tərcümə edin və onun üzünə baxın, onu çox diqqətlə dinləyin: kiçik bir təcrübə olsun, görün kənar adamlar nə deyəcəklər, kitabça onlara necə təsir bağışlayır, bu kitabçadan onlar nə gözləyirlər? Əlinizi sıxır və arzu edirəm başınızın ağrısı az tutsun, tezliklə sağalasınız. V.U.


P. S. Boji2 barəsində bilmirəm...Ola bilər my friend çox şey vəd etmişdir...Lakin nə? Bilmirəm. İş təxirə salınmışdır, yəni münaqişə təxirə salınmışdır, aradan qaldırılmamışdır. Mübarizə və yenə mübarizə aparmaq lazım gələcəkdir!! Onları çəkindirmək müəssər olacaqmı? Sizin fikriniz necədir? 1915-ci il, 24 yanvar.

1. O zaman İ. F. Armandın fəhlə qadınlar üçün yazmaq niyyətində olduğu kitabçanın planından söhbət gedir. Kitabça çapdan çıxmamışdır. 2. “Boji” qrupunu MO-dan ayrıca qəzet nəşr etmək cəhdindən söhbət gedir.

14


Troçki Permanent inqilab nədir? Bu anda kitabı tamamlamaq üçün, təkrarlardan qorxmadan, çıxardığım əsas nəticələri qısa və konkret şəkildə ifadə etməyə çalışacağam; oxucuların buna etiraz etməyəcəklərinə ümid edirəm. 1. Bugün permanent inqilab nəzəriyyəsi bütün marksistlərin diqqətlə yanaşmalı olduğu bir mövzudur, çünki sinfi və ideoloji mübarizənin inkişafı, bu problemi rus marksistləri arasındaki köhnə fikir ayrılıqları ilə əlaqədar xatirələr aləmindən qəti şəkildə çıxarmış və ümumiyyətlə beynəlxalq inqilabın xarakteri, daxili əlaqələri və metodlarına dair problemə çevirmişdir. 2. Gecikmiş burjua inkişaf dövrü yaşıyan ölkələr, xüsusilə də müstəmləkə və yarımüstəmləkə ölkələrinə görə, permanent inqilab nəzəriyyəsinin mahiyyəti budur: Bu ölkələrdə milli qurtuluşun və demokratik vəzifələrin tam və həqiqi həlli, ancaq boyunduruğ altındaki xalqın və ən vacibi də kəndli kütlələrinin öndəri olaraq proletariatın diktatorluğu ilə mümkündür. 3. Təkcə kənd təsərrüfatı deyil, həmçinin milli problem də inkişafdan qalmış ölkələrdə əhalinin əksəriyyətini təşkil edən kəndlilərə demokratik inqilabda fövqəladə bir yer ayırır. Proletariatın kəndlilərlə ittifaqı olmadan, demokratik inqilabın vəzifələrinin həll edilməsi, hətta ciddi formada nəzərdən keçirilməsi belə mümkün deyil. Fəqət bu iki sinfin ittifaqı da yalnız milliliberal burjuaziyanın təsirinə qarşı barışmaz mübarizə yolu ilə həyata keçə bilər. 4. Müxtəlif ölkələrdə inqilabın ilk mərhələləri nə olursa-olsun, proletariat və kəndlilər arasındaki inqilabi ittifaqın həyata keçməsi, yalnız Kommunist Partiyası içində təşkilatlanmış işçi sinfi avanqardının siyasi öndərliyi ilə mümkündür. Bu o mənaya gəlir ki, demokratik inqilabın qələbəsi yalnız kəndlilərlə ittifaqa əsaslanan və ilk olaraq demokratik inqilabın vəzifələrini yerinə yetirən proletariat diktaturası ilə mümkündür. 5. Tarixi olaraq yanaşdıqda, Bolşevizmin köhnə şüarı olan “proletariat və kəndlilərin demokratik diktatorluğu” da, tamamilə proletariat, kəndlilər və liberal burjuaziyanın arasındaki bu əlaqəni ifadə edirdi. Bunu Oktyabr təcrübəsi də sübut etdi. Ancaq Leninin köhnə formulu, inqilabçı blok daxilində proletariatla kəndlilər arasındaki

15

qarşılıqlı münasibətlərin necəliyi problemini bir dəfəlik həll etmirdi. Digər bir sözlə, bu formul müəyyən bir cəbri keyfiyyəti bilərək daşıyırdı; bu keyfiyyət, tarixi praktikanın gedişatında yerini daha dəqiq riyazi kəmiyyətlərə verməli idi. Lakin tarixi praktika göstərdi ki, kəndlilərin inqilabi rolu nə qədər böyük olursa-olsun, yenə də müstəqil bir rol ola bilməz, öndər rolu isə əsla ola bilməz. Kəndli ya işçini dəstəkliyir, ya da burjuanı. Bu o deməkdir ki, “proletariat və kəndlilərin demokratik diktatorluğu” yalnız kəndli kütlələrini ardınca aparan proletariat diktaturası olaraq mümkündür. 6. Proletariat diktaturasından sinfi tərkibi ilə fərqlənən bir rejim olaraq proletariat və kəndlilərin demokratik diktatorluğu, yalnız kəndlilərin və ümumi olaraq kiçik burjua demokratiyasının mənafeyini təmsil edən müstəqil bir inqilabçı partiyanın, proletariatın müəyyən qədər yardımı ilə iqtidarı ələ keçirə biləcək partiyanın meydana çıxmasının mümkün olduğu vaxt reallaşa bilər. Bütün müasir tarixin(xüsusilə də Rusiyada son 25 ilin təcrübəsinin) göstərdiyi kimi bir kəndli partiyasının təşkilinin qarşısına çıxan aşılmaz maneə, kiçik burjuaziyanın iqtisadi və siyasi müstəqillikdən məhrum olması və dərin daxili müxtəlifliyidir. Buna görə kiçik burjuaziyanın (kəndlilərin) yuxarı təbəqələri, bütün kritik vəziyyətlərdə, xüsusilə də müharibə və inqilab vəziyyətlərində böyük burjua ilə birgə hərəkət edirlər; bunun əksinə aşağı təbəqələr də proletariatın yanında olurlar; beləcə arada qalanlar da bu ikisi arasında seçim etmək məcburiyyətində qalırlar. Kerenskizmlə Bolşevik iqtidarı arasında, Kuomintangla proletariat diktatorluğu arasında bir keçid dövrü, yəni bir işçi və kəndli diktatorluğu yoxdur və ola bilməz. 7. Kominternin, tarixin çoxdandır məhv etdiyi “proletariat və kəndlilərin demokratik diktatorluğu” şüarını Şərq ölkələrinə qəbul etdirmək cəhdi yalnız mürtəce bir nəticəyə yol açacaq. Bu şüar proletariat diktaturası şüarının qarşısına qoyulduğu müddətdə siyasi cəhətdən proletariatın kiçik burjua kütlələri içində əriməsinə yol açır və bunun nəticəsi olaraq demokratik inqilabın çökməsi üçün ən əlverişli şərtləri yaradır. Bu şüarın Kominternin proqramına daxil edilməsi bilavasitə marksizmə və bolşevik oktyabr ənənəsinə xəyanətdir. 8. Demokratik inqilabın öndəri kimi iqtidara yüksələn proletariatın diktatorluğu, sürətlə və qaçılmaz olaraq elə vəzifələrlə üzləşir ki, bunların


yerinə yetirilməsi yalnız burjua mülkiyyəti haqlarında dərin sarsıntılar yaratmaqla əlaqədardır. Demokratik inqilab inkişaf edərək birbaşa sosialist inqilaba çevrilir və dolayı yolla permanent inqilab baş verir. 9. Proletariatın iqtidarı ələ alması inqilabın tamamlanması deyil, sadəcə başlanğıcı deməkdir. Sosialist yenidənqurma, yalnız milli və beynəlxalq səviyyədə sinfi mübarizə əsasında mümkündür. Bu mübarizənin kapitalist münasibətlərinin dünyada hökmranlığı şəraitində partlayışlara, yəni içəridə daxili müharibələrə, xaricdə də inqilabi müharibələrə yol açması qaçılmazdır. İstər demokratik inqilabını yeni həyata keçirmiş inkişafdan qalmış bir ölkə olsun, istər ardında uzun demokratiya və parlamentarizm dövrü olan köhnə bir kapitalist ölkə olsun, ümumiyyətlə sosialist inqilabının fasiləsizlik xüsusiyyəti də bununla əlaqəlidir. 10. Sosialist inqilabının milli sərhədlər daxilində tamamlanması mümkün deyildir. Burjua cəmiyyətindəki böhranın əsas səbəblərindən biri, bu cəmiyyətdə yaradılan məhsuldar qüvvələrin artıq milli dövlətin çərçivəsinə uyğun gəlməməsidir. Bu bir tərəfdən imperialist müharibələrə, digər tərəfdən də bir burjua Avropa Birləşmiş Dövlətləri utopiyasının yaranmasına yol açır. Sosialist inqilab milli arenada başlayır, beynəlxalq olaraq inkişaf edir və dünyada tamamlanır. Beləliklə, sosialist inqilab sözün daha yeni və daha geniş mənasında da, permanent inqilab halına gəlir: Sosialist inqilab yalnız yeni cəmiyyətin bütün dünyada qələbə qazanması ilə tamamlanacaqdır. 11. Dünya inqilabının yuxarıda sxem formasında verilən bu inkişaf xətti, Kominternin bugünkü proqramındaki cansız sinifləndirmələrə uyğun olan, sosializm üçün “yetkin” ya da “yetkin olmayan” ölkələr fərqi problemini ortadan qaldırır. Kapitalizm dünya bazarı, dünya əmək bölgüsü və dünya məhsuldar qüvvələrini yaratdığı dərəcədə, bütünlüklə dünya iqtisadiyyatını da sosializmə hazırlamış olur. Müxtəlif ölkələr müxtəlif templərdə bu prosesdən keçəcəklər. İnkişafdan qalmış ölkələr, müəyyən şərtlərə görə proletariat diktatorluğunu inkişaf etmiş ölkələrdən daha tez yarada bilərlər; amma sosializmə inkişaf etmiş ölkələrdən daha gec çatacaqlar. Kəndlilərlə birləşmək və iqtidara gəlmək üçün kifayət qədər hazırlıqlı proletariatı olmayan

inkişafdan qalmış müstəmləkə ya da yarımüstəmləkə ölkənin demokratik inqilabı tamamlaması mümkün deyildir. Bunun əksinə, demokratik inqilabın nəticəsi olaraq proletariatın iqtidara keçmiş olduğu bir ölkədə, diktaturanın və sosializmin gələcəyi, son təhlildə, milli məhsuldar qüvvələrdən çox beynəlxalq sosialist inqilabın inkişafına bağlıdır. 12. Oktyabr inqilabına qarşı reaksiyanın üzərində yüksələn tək ölkədə sosializm nəzəriyyəsi, permanent inqilab nəzəriyyəsinə qəti şəkildə və sona qədər qarşı çıxan yeganə nəzəriyyədir. Sərt tənqidlərimizə məruz qalan epiqonların, tək ölkədə sosializm nəzəriyyəsini, Rusiyanın spesifik xüsusiyyətlərinə görə (geniş ərazi, zəngin təbii mənbələr) sadəcə bir ölkə ilə məhdudlaşdırmaq cəhdləri problemləri həll etmir, tərsinə daha da pisləşdirir. İnternasionalist şüurdan uzaqlaşmaq, hər zaman və dəyişməz olaraq milli mesiyanizmə, yəni öz ölkəmizə, onun digər ölkələrin üçün əlçatmaz rolunu oynamasına imkan verən bir sıra üstünlük və xüsusiyyətlər yaraşdırmağımıza yol açır. Dünya əmək bölgüsü, Sovet sənayesinin xarici texnologiyadan asılılığı, inkişaf etmiş Avropa ölkələrinin məhsuldar qüvvələrinin Asiyanın xammalından asılılığı və başqa səbəblər, bir ölkədə müstəqil bir sosialist cəmiyyətin qurulmasını mümkünsüz edir. 13. Stalin və Buxarinin bütün rus inqilab təcrübəsinə əks olan nəzəriyyələri, demokratik inqilabla sosialist inqilab arasında mexaniki olaraq əkslik yaratmaqla qalmır, eyni zamanda milli inqilabı da beynəlxalq inqilabdan qoparır. Bu nəzəriyyə, inkişafdan qalmış ölkələrdəki inqilablara, reallaşması mümkün olmayan demokratik bir diktatorluq qurmaq vəzifəsi verir və bunu da proletariat diktatorluğuna qarşı qoyur. Buna görə bu nəzəriyyə siyasətə bir sıra yalanlar və xəyallar daxil edir, Şərq proletariatının mübarizəsini məhv edir və müstəmləkə inqilabına əngəl törədir. İqtidarın proletariat tərəfindən ələ keçirilməsi, epiqonların nəzəriyyəsinə görə, inqilabın tamamlanması (Stalinin formuluna görə, “işin onda doqquzu”) və milli reformlar dövrünün başlaması mənasına gəlir. Bundan sonra, qulaqın sosializmə doğru inkişafı və dünya burjuaziyasının “bitərəfləşdirilməsi” nəzəriyyələri də, tək ölkədə sosializm nəzəriyyəsinə ayrılmaz olaraq

16


bağlıdırlar. Ya birlikdə yaşayacaqlar ya da birlikdə məhv olacaqlar. Komintern, tək ölkədə sosializm nəzəriyyəsi sayəsində yalnız hərbi müdaxiləyə qarşı istifadə edilən köməkçi silah halına salınıb. Kominternin bugünkü siyasəti, daxili rejimi və idarəetmə heyətinin seçimi, Kominternin müstəqil vəzifələri olmayan köməkçi orqan halına salınmasına tamamilə uyğundur. 14. Kominternin Buxarin tərəfindən hazırlanan proqramı tamamilə eklektikdir. Bu proqram, tək ölkədə sosializm nəzəriyyəsini Marksist İnternasionalizmlə uyğunlaşdırmaq kimi ümidsiz bir cəhd edir; ümidsiz bir cəhddir bu çünki İnternasionalizmin, dünya inqilabının fasiləsizlik xüsusiyyətindən ayrı düşünülməsi mümkün deyildir. Kommunist Sol Müxalifətin Kominterndə düzgün siyasət və sağlam bir daxili rejim naminə mübarizəsi, marksist bir proqram üçün mübarizə ilə ayrılmaz formada əlaqəlidir. Proqram problemi iki barışmaz nəzəriyyənin yaratdığı problemdən ayrıla bilməz: Permanent inqilab problemi, Lenin və Troçki arasındaki, sadəcə hadisələrlə əlaqəli və tarix tərəfindən bütünlüklə məhv edilmiş olan bir sıra fikir ayrılıqlarını çoxdan aşmışdır. Mübarizə, Marks və Leninin təməl düşüncələri ilə mərkəzçilərin eklektizmi arasındadır. 1929, 30 niyabr, İstanbul- “Permanent inqilab” əsərinin son fəsli(10 fəsil).

17


Feyerbax haqqında tezislər Yeni fəlsəfi əsər yazmaq üçün Marksın qənaəti öz əksini “Feyerbax haqqında tezislər”də tapdı. Marks bu on bir tezisi 1945-ci ilin yazında, yəqin ki, aprel ayında, 1844-cü ildən 1847-ci ilə qədər Parisdə və Brüsseldə istifadə etdiyi cib dəftərçəsində yazmışdı. Sonralar daha da işlənib hazırlanmalı olan və tələsik yazılan bu qeydlər əlyazması şəklində olan cəmi beş səhifəcik təşkil edir, lakin bunlar fikir yığcamlığına və dərinliyinə görə, ifadələrin aydınlığına və dəqiqliyinə görə yəqin ki, misilsizdir. Engelsin verdiyi tərifə görə, bu qeydlər “yeni dünyagörüşünün dahiyanə rüşeymi verilən ilk sənəddir”1. Tezislərin mərkəzində duran ideya cəmiyyətin həyatında maddi inqilabi praktikanın həlledici roludur. Marks göstərir ki, praktika hər cür idrakın, o cümlədən, deməli, fəlsəfi idrakın da2 başlanğıc nöqtəsi, əsası, meyarı və məqsədidir. Marksa qədər ayrı-ayrı filosoflar sezir və hətta elan edirdilər ki, praktika idrakın meyarı və məqsədidir. Lakin cəmiyyətin həyatında və idrak prosesində praktikanın rolunu, fəlsəfə üçün bu kateqoriyanın əhəmiyyətini yalnız ardıcıl inqilabçı sinif olan proletariatın mövqelərindən həqiqətən başa düşmək mümkün idi. Praktika kateqoriyasının idrak nəzəriyyəsinə daxil edilməsi qneseologiyada əsl inqilab demək idi və bütün fəlsəfədə inqilabi çevrilişin başlıca ünsürlərindən biri oldu. Yeni dünyagörüşü mövqelərindən Marks istər əvvəlki materializmi onun seyirçiliyinə görə, istərsə idealizmi praktikanı sırf nəzəri fəaliyyətə müncər etdiyinə görə tənqid edir. Lakin bu o demək deyildir ki, Marks materializmdən və idealizmdən yüksəkdə durmağa çalışır. Öz dünyagörüşünü o, tam qətiyyətlə yeni materializm kimi müəyyən edir. İdealizmin əksinə olaraq Marks qeyd edir: gerçəkliyi dəyişdirmək üçün sırf nəzəri tənqid kifayət deyildir, əməli-tənqidi, inqilabi fəaliyyət zəruridir, yalnız şüuru deyil, varlığı da dəyişdirmək zəruridir. Yalnız inqilabi praktika prosesində insan istər onu əhatə edən gerçəkliyi, istərsə də özünü dəyişdirir. İnsana təcrid edilmiş abstrakt fərd kimi baxan Feyerbaxın metafizik və tarixə zidd təsəvvürlərinin əksinə olaraq Marks tarixi materializmin ən mühüm müddəalarından birini ifadə edir: insanın mahiyyəti bütün ictimai münasibətlərin məcmusudur. İnsan

cəmiyyətdə mövcuddur, o, cəmiyyətin məhsuludur, həm də ümumiyyətlə cəmiyyətin deyil, hər dəfə cəmiyyətin müəyyən formasının məhsuludur. Marks dinin aradan qaldırılması şərtləri məsələsini ardıcıl ateizm, proletar ateizmi nöqteyi-nəzərindən həll edir. Marksdan əvvəlki materialistlər, xüsusilə Feyerbax dini onun yer üzərindəki əsasına müncər etmişdilər və onun dərin tənqidini vermişdilər. Onların tarixi xidməti bunda idi. Lakin yalnız Marks göstərdi ki, din yer üzərindəki bu əsasın ziddiyyətlərindən, sosial antaqonizmlərdən irəli gəlir və dini aradan qaldırmaq üçün mövcud cəmiyyəti inqilabiləşdirmək zəruridir. Sonralar bu fikir “Kapital”ın birinci cildində daha da inkişaf etdirildi və öz klassik ifadəsini aldı. Əvvəlki materializmin mühüm əlamətləri onun seyirçiliyi və metafizikliyi idi. Marks seyirçiliyə inqilabi praktikanı, köhnə materializmə kommunizmin fəlsəfi əsası olan yeni, dialektik materializmi qarşı qoyur. Yeni dünyagörüşünün prinsipini o, axırıncı tezisdə klassik şəkildə ifadə edir: “Filosoflar dünyanı ancaq müxtəlif şəkildə izah etmişlər, lakin məsələ onu dəyişdirməkdən ibarətdir”. Başlanğıc müddəaları Marks tərəfindən “Feyerbax haqqında tezislər” kimi dahiyanə qeydlərlə bu qədər yığcam və parlaq şəkildə ifadə edilən yeni dünyagörüşü Marks və Engels onların birgə əsəri olan “Alman ideologiyası”3nda işləyib hazırladılar. «Karl Marks» bioqrafik kitabından, P. N. Fedoseyev(heyət rəhbəri), 1984-cü il. 1. K. Marks və F. Engels. Əsərləri, 21-ci cild, səh. 371. (Lüdviq Feyerbax əsərinə müqəddimə) 2. “Buna görə də şüur üçün, - fəlsəfi şüur isə bununla fərqlənir ki, ondan ötrü məntiqi təfəkkür həqiqi insandır və məntiqi surətdə fərq edilən aləm özlüyündə həqiqi aləmdir, - şüur üçün kateqoriyaların hərəkəti həqiqi istehsal əməliyyatı kimi meydana çıxır...” Karl Marks – Siyasi iqtisadın tənqidinə dair, 1955, Bakı, səh. 213. 3. Yenicə çapdan çıxmış kitabımıza baxın: «Seçilmiş əsərlər: Kommunizmin prinsipləri, Alman ideologiyası»

18


Tövsiyə olunan kitablar Seçilmiş əsərlər: Karl Marks - Muzdlu əmək və kapital; Lenin - Dövlət haqqında; Klara Setkin - Qeyd dəftərçəsindən. Karl Marks - Fransada sinfi mübarizə. Fridrix Engels - Ailənin, xüsusi mülkiyyətin və dövlətin mənşəyi. Seçilmiş əsərlər: Fridrix Engels - Kommunizmin prinsipləri; Karl Marks, Fridrix Engels - Alman ideologiyası.

sosialistelm.com Sosialistelm.com contact.sosialistelm@gmail.com


Turn static files into dynamic content formats.

Create a flipbook
Issuu converts static files into: digital portfolios, online yearbooks, online catalogs, digital photo albums and more. Sign up and create your flipbook.