“YOLDAŞ” dərgisi heç bir maddi maraq güdməyən insanlar tərəfindən, aylıq olaraq həvəskar üsulla çap edilir və pulsuz şəkildə paylanılır. Dərgidəki yazılar geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur. Əziz yoldaş, imkanlarımızın yalnız məhdud tirajda çapa kifayət etdiyini nəzərə alaraq, dərgini oxuduqdan sonra ətrafınızdakı digər yoldaşlara da verməyinizi tövsiyyə edirik. Unutmayaq ki, ideyalar yalnız kütlələrlə qovuşduqda gücə çevrilir. Təşəkkürlər!
Dərginin üz qabığındakı şəkil Antonio Berninin 1934-cü ildə çəkdiyi “Manifestación” (Kütləvi nümayiş, Public demonstration) əsəridir
Xoş gəldin! Kəsilmiş bir qol kimi çiynimizdə idi boşluğun... Xoş gəldin! Ayrılıq uzun sürdü. Arzuladıq, gözlədik... Xoş gəldin! Biz qoyub getdiyin kimiyik. Yalnız ustalaşdıq bir az daha daş qırmaqda, dostu düşməndən ayırmaqda. Xoş gəldin! Yerin hazırdır. Xoş gəldin! Deməli söz çoxdur. Ancaq uzun söhbətə vaxtımız yoxdur. Gedək...
1932
Mündəricat
03 ... Fridrix Engels. Avtoritet haqqında 09 ... İncəsənətdə sinfi mübarizə:Meksika muralizmi 17 ... Karl Marks. Burjuaziya və əksinqilab 24 ... Cek London. Mən necə sosialist oldum 30 ... Mirzə Ələkbər Sabir. Bakı fəhlələrinə
Yanvar 2017
Fridrix Engels AVTORİTET HAQQINDA 1 Bəzi sosialistlər avtoritet prinsipi adlandırdıqları şeyə qarşı son zamanlar xalis səlib yürüşünə başlamışlar. Bu və ya başqa hərəkətin pislənməsi üçün onun avtoritar hərəkət olduğunu onlara söyləmək kifayətdir. Bu bəsitləşdirilmiş üsuldan o dərəcə sui-istifadə etməyə başlamışlar ki, məsələni daha müfəssəl aydınlaşdırmaq lazım gəlir. Burada bəhs olunduğu mənada avtoritet özgəsinin iradəsinin bizə qəbul etdirilməsi deməkdir; digər tərəfdən, avtoritet tabeliyi nəzərdə tutur. Lakin bu ifadələrin hər ikisi qulağa xoş gəlmədiyindən və onların ifadə etdiyi münasibət tabe olan 1
Engelsin “Avtoritet Haqqında” əsərində hər cür avtoritetləri inkar edən bakunistlərin baxışlarının dərin tənqidi verilmiş və proletar inqilabının dövlətə münasibəti məsələsi barəsində marksistlərin baxışları əsaslandırılmışdır. Engels dövləti doğurmuş olan ictimai münasibətlər ləğv edilməmişdən əvvəl “dövlətin ləğv olunması” haqqında anarxist ideyasının elmə zidd və inqilaba zidd mahiyyətini həmin əsərdə ifşa etmişdir. O, anarxistlərin ehkamçılığını və təriqətçiliyini amansız tənqid etmişdir.
3
tərəf üçün ağır olduğundan sual olunur ki, bu münasibət olmadan keçinmək olmazmı,—müasir cəmiyyətdəki mövcud şəraitdə—biz başqa bir ictimai quruluş yarada bilmərikmi ki, orada bu avtoritet gərəksiz olsun və, deməli, aradan qalxmalı olsun. Müasir burjua cəmiyyətinin əsasını təşkil edən iqtisadi münasibətləri, sənaye və əkinçilik münasibətlərini gözdən keçirdikdə görürük ki, onlarda, dağınıq hərəkətləri insanların birgə fəaliyyəti ilə getdikcə daha artıq əvəz etmək meyli vardır. Dağınıq istehsalçıların xırda emalatxanaları əvəzinə, içərisində yüzlərlə fəhlənin buxarla hərəkətə gətirilən mürəkkəb maşınları idarə etdiyi çox böyük fabrikləri və zavodları olan müasir sənaye meydana gəlmişdir; böyük yollarda dilican və arabaları dəmir yol qatarları, xırda yelkənli qayıqları və gəmiləri isə paroxodlar sıxışdırıb aradan çıxartmışdır. Hətta əkinçilikdə də maşın və buxar getdikcə daha artıq hökmran olmağa başlayır; bunlar xırda mülkiyyətçiləri iri kapitalistlərlə, böyük torpaq sahələrini muzdlu fəhlələrə becərtdirən iri kapitalistlərlə yavaş-yavaş, lakin dönmədən əvəz edir. Beləliklə, birgə fəaliyyət, birbirindən asılı olan proseslərin mürəkkəbləşməsi ayrı-ayrı şəxslərin müstəqil fəaliyyətinin yerini tutur. Lakin birgə fəaliyyət təşkilat deməkdir, təşkilat isə avtoritetsiz mümküidürmü? Fərz edək ki, ictimai inqilab kapitalistləri,—avtoritetinə hazırda sərvətlər istehsalının və tədavülünün tabe olduğu kapitalistləri—yıxdı. Tamamilə antiavtoritaristlərin nöqteyinəzərində duraraq fərz edək ki, torpaq və əmək alətləri, onlardan istifadə edən fəhlələrin kollektiv mülkiyyəti oldu. Onda avtoritet yox olarmı, yoxsa ancaq öz formasını dəyişər? Nəzərdən keçirək. Misal olaraq iplik fabrikini götürək. Pambıq dönüb sap olana qədər dalbadal azı altı əməliyyatdan keçməlidir, həm də bu əməliyyatların çoxu müxtəlif binalarda keçirilir. Sonra, maşınların müntəzəm işləyə bilməsi üçün buxar maşınına
4
nəzarət edən mühəndis lazımdır, gündəlik təmir üçün mexaniklər və məhsulları bir binadan başqasına daşımaq üçün çoxlu başqa fəhlələr lazımdır və ilaxir. Bütün bu fəhlələr—kişilər, qadınlar və uşaqlar— şəxsi muxtariyyətlə işi olmayan buxarın avtoriteti ilə müəyyən edilən saatlarda işə başlamağa və onu qurtarmağa məcburdurlar. Deməli, fəhlələr hər şeydən əvvəl iş saatları haqqında danışıb razılaşmalıdırlar; həmin saatlar müəyyən edildimi, istisnasız olaraq hamı üçün məcburi olacaqdır. Sonra, istehsal üsulu, materialların bölgüsü və s. haqqında hər binada hər dəqiqə xüsusi məsələlər ortaya çıxır ki, bütün istehsalın dərhal dayanmasına yol verməmək üçün bu məsələləri haman saat həll etmək lazım gəlir. Bu məsələlər hər bir əmək sahəsinə başçılıq edən nümayəndənin qərarı iləmi, yoxsa əgər mümkündürsə, səs çoxluğu ilə, hər necə həll edilirsə edilsin,—ayrı-ayrı şəxslərin iradəsi həmişə tabe olmalıdır, bu isə məsələnin avtoritar şəkildə həll edilməsi deməkdir. Böyük bir fabrikin avtomat mexanizmi, fəhlələri işlədən xırda kapitalistlərdən xeyli çox müstəbid olur. Hər halda iş saatlarına gəldikdə, bu fabriklərin darvazasına aşağıdakı sözləri yazmaq olar: Siz, ey buraya girənlər, hər çür muxtariyyətdən əl çəkin! * Əgər insan elm və yaradıcılıq dühası ilə təbiət qüvvələrini özünə tabe etmişsə, həmin qüvvələr ondan intiqam alaraq onun özünü, onlardan istifadə etdiyi üçün, hər hansı ictimai təşkilatdan asılı olmayaraq, əsl istibdada tabe edir. İri sənayedə avtoritetin məhv edilməsini arzu etmək, sənayenin özünün məhv edilməsini arzu etmək deməkdir—cəhrəyə qayıtmaq üçün buxarla işləyən əyirici maşının məhv edilməsini arzu etmək deməkdir. Başqa bir misal — dəmir yolunu götürək. Burada da saysız-hesabsız çoxlu adamın əməkdaşlığı şəksiz zəruridir; bədbəxt *
Dante “İlahi komediya”, Cəhənnəm, III fəsil, 3-cü bənd, (bir qədər başqa şəkildə ifadə edilir). Red.
5
hadisələrə yol verməmək üçün bu əməkdaşlıq dürüst müəyyən edilmiş saatlarda həyata keçirilməlidir. Burada da işin birinci şərti hər bir tabe məsələni həll edən hakim iradədir,—bu iradə bir nümayəndə tərəfindənmi, yoxsa əlaqədar şəxslərin çoxluğunun qərarını yerinə yetirmək tapşırığını alan bütöv bir komitə tərəfindən təmsil edilir—hər iki halda kəskin ifadə olunmuş avtoritet mövcuddur. Bundan əlavə: əgər cənab sərnişinlərin nəzərində dəmir yol qulluqçularının avtoriteti məhv edilmiş olsaydı, yola salınan lap ilk qatar nə hala düşmüş olardı? Lakin açıq dənizdə olan gəmidə avtoritetin—həm də ən hökmran bir avtoritetin—zəruri olması ən çox aydındır. Orada təhlükə zamanı hamının həyatı bir nəfərin iradəsinə hamının dərhal və danışıqsız tabe olmasından asılıdır. Əgər mən ən ötkəm antiavtoritaristlərə qarşı bu dəlilləri irəli sürürəmsə, onlar mənə yalnız bu cavabı verə bilərlər: “Bəli! bu doğrudur, lakin burada iş bizim nümayəndələrə qazandırdığımız avtoritet üzərində deyil, müəyyən tapşırıq üzərindədir”. Bu adamlar belə düşünürlər ki, biz müəyyən bir şeyin adını dəyişdirsək, onun özünü dəyişdirmiş olarıq. Bu dərin mütəfəkkirlər bizi ancaq ələ salırlar. Beləliklə, biz gördük ki, bir tərəfdən, hər necə yaradılmış olursa olsun, müəyyən bir avtoritet, o biri tərəfdən isə müəyyən tabelik—hər hansı ictimai təşkilatdan asılı olmayaraq—içərisində məhsullar istehsalının və tədavülünün baş verdiyi maddi şərait üzündən bizim üçün məcburidir. Digər tərəfdən, biz gördük ki, iri sənaye və iri əkinçilik inkişaf etdikcə istehsal və tədavülün maddi şəraiti labüd olaraq mürəkkəbləşir və bu avtoritetin sahəsini getdikcə daha artıq genişləndirməyə çalışır. Buna görə də avtoritet prinsipini mütləq pis, muxtariyyət prinsipini isə mütləq yaxşı prinsip kimi təsvir etmək mənasızdır. Avtoritet və muxtariyyət nisbi şeylərdir və ictimai inkişafın müxtəlif fazaları dəyişməklə onların tətbiqi sahəsi də dəyişilir. Əgər muxtariyyətçilər
6
ancaq bunu demək istəsəydilər ki, gələcəyin ictimai təşkilatı yalnız istehsal şəraitindən labüd olaraq irəli gələn hədlər daxilində avtoritetə yol verəcəkdir, onda onlarla danışıb razılığa gəlmək olardı. Lakin onlar avtoriteti zəruri edən bütün faktları görmək istəmirlər və sözə qarşı qızğın mübarizə aparırlar. Nə səbəbə antiavtoritaristlər siyasi avtoritetə qarşı, dövlətə qarşı çığırıb-bağırmaqla kifayətlənmirlər? Bütün sosialistlər bu fikrə şərikdirlər ki, gələcək ictimai inqilab nəticəsində dövlət və onunla da birlikdə siyasi avtoritet aradan qalxacaqdır, yəni ictimai funksiyalar öz siyasi xarakterini itirəcək və ictimai mənafeyə nəzər yetirən sadə inzibati funksiyalara çevriləcəkdir. Lakin antiavtoritaristlər tələb edirlər ki, siyasi dövlət, onu doğurmuş olan ictimai münasibətlər hələ ləğv edilməzdən əvvəl bir zərbə ilə ləğv edilsin. Onlar tələb edirlər ki, ictimai inqilabın birinci tədbiri avtoritetin ləğv edilməsindən ibarət olsun. Bu cənablar heç inqilab görmüşlərmi? İnqilab, şübhəsiz ki, mümkün olan ən avtoritar bir şeydir. İnqilab elə bir tədbirdir ki, orada əhalinin bir hissəsi tüfənglər, süngülər, toplar vasitəsilə, yəni çox avtoritarlı vasitələrin köməyi ilə öz iradəsini əhalinin digər hissəsinə qəbul etdirir. Qalib gəlmiş partiya zərurət üzündən öz hökmranlığını öz silahının irticaçılarda doğurduğu qorxu vasitəsilə əlində saxlamağa məcbur olur. Əgər Paris Kommunası burjuaziyaya qarşı silahlı xalqın avtoritetinə arxalanmasaydı, məgər bir gündən artıq davam gətirə bilərdi. Biz Kommunanı, əksinə, bunun üstündə qınamağa haqlı deyilikmi ki, o həmin avtoritetdən çox az istifadə etmişdi? Deməli: ya elə, ya belə. Ya budur ki, antiavtoritaristlər nə dediklərini heç özləri də bilmirlər və bu halda ancaq dolaşıqlıq törədirlər. Ya da budur ki, onlar bunu bilirlər və bu halda onlar proletariatın Hərəkatına, işinə xəyanət edirlər. Hər iki halda onlar ancaq irticaya xidmət edirlər.
7
F. Engels tərəfindən 1872-ci ilin oktyabrında— 1873-cü ilin martında yazılmışdır. Karl Marks və Fridrix Engelsin əsərləri mətnindən çap olunur, 2-ci nəşri, 18ci cild, səh. 302-305.
8
İncəsənətdə sinfi mübarizə. Meksika muralizmi. Meksika muralizmi — 1920-60-cı illərdə Meksika monumental rəssamlığında yaranmış cərəyandır. Meksika muralizminin yaradıcıları əsasən Dieqo Rivera, Xose Klemente Orosko, David Alfaro Sikeyros hesab olunur. 1920-21-ci illərdə Meksika inqilabından təsirlənən gənc rəssamlar yeni cərəyan elan etdilər. Bu cərəyana görə incəsənət xalqa ünvanlanmalı, onu inqilabi mübarizəyə səsləməli, hindi mədəniyyətini dirçəltməli, milli və kütləvi xarakter daşımalı idi. 1920-ci ildən təxminən 70-ci illərə qədər, muralist sənətçilər bir sıra ictimai tikililərdə özündə milli, sosial və siyasi mesajlar əks etdirən əsərlər çəkməklə digər Latın Amerikası ölkələri və ABŞ sənətçilərinə də təsir göstərmişlər. Əsas ilham mənbəyi Meksika inqilabı olan bu cərəyanda marksizm nümunələri, xüsusilə də özündə “sinfi mübarizəyə” aid rəsmləri əks etdirən mural nümunələri kifayət qədər olmuşdur. Kommunist olduqlarını açıq bildirən və “dahi üçlük” adlandırılan Dieqo Rivera, Xose Klemente Orosko və David Alfaro Sikeyrosun işlərində marksist mövzular üstünlük təşkil etmişdir. Hər üç rəssam incəsənətin insan hisslərinin ən yüksək forması olduğuna inanırdılar və əsərlərində marksist idealların təbliğatına böyük yer verirdilər. Ancaq bədii ifadə tərzlərinə görə bir-birilərindən fərqlənirdilər: Riveranın rəsmləri utopik və idealist idi, Orosko əsasən tənqidi və pessimist, Sikeyros isə daha çox radikal idi və elmi gələcəyi təsvir edirdi. ***
Dieqo Rivera Rivera 1886-cı il 8 dekabr tarixində Meksikanın şimalqərbində yerləşən Quanaxuato şəhərində varlı ailədə
9
doğulmuşdur. 1896-1902-ci illər ərzində Mexikoda San-Karlos Rəsm Akademiyasında rəssamlıq dərslərinə qatılmış, daha sonra təqaüdə layiq görülərək İspaniyaya yola düşmüşdür. Madriddə Rəssamlıq Akademiyasında oxumaqla yanaşı, sonralar Fransada, İtaliyada, Böyük Britaniyada da yaşamış və işləmişdir. Pablo Pikasso və Alfonso Reyes kimi məşhur rəssamlarla yaxın tanışlıq münasibətləri olmuşdur. Rivera 1922-ci ildə Meksika Kommunist Partiyasına qatılmışdır. 1927-cil ildə SSRİ-yə gəlmiş və “Oktyabr” ittifaqının təsisçi-üzvü olmuşdur. Həmçinin, Böyük Oktyabr Sosialist İnqilabının onuncu ildönümü münasibətilə Moskvada baş tutan paradda da iştirak edən rəssam, sonralar trotskist düşüncəyə yaxınlıq göstərmiş və 1929-cu ildə Meksika Kommunist Partiyasını tərk etmişdir.
Dieqo Rivera. "Sinfi Mübarizə" muralından bir hissə.
Lev Trotski Meksikada olarkən ona öz evində sığınacaq vermişdir. Trotski ilə münasibətləri korlanan rəssam, trotskist 4-cü İnternasyonalın Meksika bölməsindən kənarlaşdırılmışdır. Zaman keçdikcə Rivera Stalinin
10
mövqeyinə keçmiş və 1954-cü ildə yenidən Meksika Kommunist Partiyasına üzv olmuşdur. 1932-33-cü illərdə Rokfeller Mərkəzinin sifarişi ilə rəssam “Yolayrıcında qalan insan” (El hombre controlador del universo) adlı məşhur freskanı çəkmişdir. Əsərdə insanın insan tərəfindən istismarının hökm sürdüyü kapitalizm cəmiyyəti və zəhmətkeşlərin qələbəsinin rəmzi olan sosialist dünyası əks olunmuşdur. Freskanın sol tərəfində burjua cəmiyyətində varlı qadınların kart oynayıb, siqaret çəkmələri, bunun üzərində isə Amerika polisi, əsgərlər və müharibə “aparatı”, sağ tərəfdə isə müxtəlif irqlərdən olan işçiləri əli ilə
Dieqo Rivera. "Yolayrıcında qalan insan". birləşdirən naməlum şəxs kimi Vladimir Lenin, onun üzərində isə Moskvada Qızıl Meydandakı 1 May nümayişləri əks edilmişdir. Bundan başqa sol tərəfdə əlləri ilə ildırımı tutan “acıqlı” Yupiter, sağ tərəfdə isə başı qopmuş Sezar heykəli təsvir olunmuşdur ki, bu da rəssama görə zəncirlərindən xilas olmuş azad işçilərin avtoritar idarəetməni yıxması mənasına gəlir. 99 kvadrat metr ərazini əhatə edən freska sifarişçinin qəti etirazına səbəb olmuşdur. Nelson və Con Rokfellerlər rəssama təcili olaraq Leninin şəklinin silinməsi göstərişi versə də, Rivera bundan imtina etmişdir. Nəticədə sifarişçi rəssamın
11
qonorarını verməmişdir. Freska hazır olduqdan sonra isə dərhal üzəri pərdəylə örtülmüşdür. Buna etiraz edərək əsərin nümayiş olunmasını tələb edən işçilər isə qovulmuş və 1934cü ildə mərkəzin əmri ilə freska məhv edilmişdir. Buna baxmayaraq, Rivera freskanı Meksikada yenidən işləyərək bərpa etmişdir. Bərpa edilmiş təsvirə Lev Trotski, Karl Marks və Fridrix Engels də əlavə olunmuş və əsərin adı “Kainatı idarə edən adam” olaraq dəyişdirilmişdir. Bundan başqa, yeni olaraq Nelson Rokfellerin atası Con Rokfeller gecə klubunda bir qadınla içki içən formada yer almış, onların başının üzərində isə sifilis bakteriyaları təsvir edilmişdir. Rəssamın digər məşhur mural əsərlərinə misal olaraq “Detroyt sənayesi”, “İspan konkvistadorları tərəfindən Mexikonun istismarı” və.s göstərmək olar. ***
Xose Klemente Orosko. Orosko 1883-cü il, 23 noyabr tarixində Meksikanın Sapotlane şəhərində anadan olmuşdur.San-Karlos Rəssamlıq Akademiyasında axşam dərslərinə qatılmışdır. Məktəbi bitirdikdən sonra San-Xasintoda kənd təsərrüfatı məktəbinə, daha sonra isə Mexikoda Milli Hazırlıq Məktəbində riyaziyyat və memarlıq bölməsində oxumuşdur. 17 yaşı olarkən, barıtla apardığı təcrübə zamanı özünü şikəst edərək, sol əlinin fırça tutmaq qabiliyyətini itirmiş və gözlərini ciddi şəkildə zədələmişdir. Vaxtikən çəkdiyi bir sıra əsərlərini özü məhv etmiş, bəziləri isə mühafizəkar vandal tələbələr tərəfindən məhv edilmişdir. 1910-17-ci illərdə, rəssam Meksika inqilabının iştirakçısı olmuş, daha sonra isə “İnqilabçı rəssam, heykəltəraş və oymaçılar sindikatı”nın yaradıcılarından olmuşdur. Rəssam
12
ABŞ-da yaşayarkən ali məktəblərdə bir sıra əsərlər yaratmışdır. Bunlara misal olaraq, “Prometey” (1930), “Şərqdə mübarizə” (1930-31), “Amerikan sivilizasiyası” (1932-34) əsərlərini göstərmək olar.
Xose Klemente Orosko. "Varlıların ziyafəti".
Rəssam məşhur Amerika yazıçısı Con Steynbekin 1947-ci ildə nəşr olunmuş “Mirvari” kitabı üçün üz qabığı illüstrasiyası çəkmişdir. Riveradan fərqli olaraq Oroskonun təsvir vasitəsi bir qədər mürəkkəb və daha az realist olmuşdur. Müəllifin sosial realizm üslubunda olan ən məşhur əsərlərindən biri “Varlıların ziyafəti” (El banquete de los ricos, 1923-24) əsəridir. Rəsmdə satira yolu ilə sosial tənqid təsvir edilmişdir: yöndəmsizləşmiş sifət və bədənləri tənəzzüllərindən və hakimiyyətlərinin sui-istifadə edilməsindən xəbər verən varlılar və onlardan aşağıda təsvir olunmuş işçi sinfi. Bununla da, rəssam işçi sinfinin burjualar tərəfindən əzildiyini və işçilərin öz vəziyyətlərindən xəbərdar olmadan varlıları əyləndirmək məqsədilə “qladiator” qismində çıxış etmələrini göstərməyə çalışmışdır. ***
13
David Alfaro Sikeyros Sikeyros 1896-cı il 28 dekabrda Meksikanın Kamarqo şəhərində doğulmuşdur. 1911-ci ildə Mexikoda San-Karlos Rəssamlıq Akademiyasına qəbul olmuş, burada oxuyarkən təhsil ocağının idarə olunma rejiminə etiraz məqsədilə tələbə tətillərində iştirak etmişdir. Daha sonra Santa-Anita Rəssamlıq Məktəbində təhsilini davam etdirən rəssam, hələ gənc yaşlarından özünü inqilabçı kimi hiss etmiş və 1911-ci ildə Meksikda baş vermiş vətəndaş müharibəsində konstitusionalistlərin tərəfində çıxış etmişdir. Rəssam 1919-22-ci illər aralığında Fransa və İspaniyada yaşamışdır. 1921-ci ildə Barselonada “İnqilabi incəsənətin manifesti”ni dərc etdirmiş, 1922-ci ildə isə “Texnika və incəsənət işçilərinin inqilabi sindikatı”nı yaratmışdır. 1922-ci ildən Meksika Kommunist Partiyasının (MKP), 1924-cü ildən isə MKP Mərkəzi Komitəsinin üzvü olmuş, həmkarlar ittifaqı hərəkatının və beynəlxalq kommunist konqresinin aktiv iştirakçılarından birinə çevrilmişdir. Həmçinin, El Mundo qəzetinin baş redaktoru vəzifəsində çalışmışdır.
Sikeyros, Orosko və Rivera
1937-39-cu illərdə Sikeyros İspaniya vətəndaş müharibəsində respublikaçıların ordusunda zabit kimi iştirak
14
etmiş və polkovnik rütbəsinə qədər yüksəlmişdir. Bundan əlavə, stalinist-kommunist kimi tanınan Sikeyros, kod adı “At” olan qruplaşmanın Trotskinin qətlə yetirilməsini planlaşdıran uğursuz sui-qəsdlərində iştirakçı da olmuşdur. 1940-cı ilin sonlarında isə Trotskinin qətli ilə əlaqədar olaraq dəstənin digər üzvləri ilə birgə həbs edilmişdir. Dəfələrlə Moskvada olmuş, SSRİ Rəssamlıq Akademiyasının fəxri üzvü seçilmiş, “Xalqlar arasında sülhün möhkəmləndirilməsinə” görə Beynəlxalq Lenin mükafatına layiq görülmüşdür. Sikeyrosun müəllifi olduğu ən böyük mural Porfirio Dias diktatorluğuna qarşı çəkdiyi “Porfirio diktaturasına qarşı inqilab” adlı rəsmdir.
David Alfaro Sikeyros. "Porfirio diktaturasına qarşı inqilab".
Açıq şəkildə bəyan etdiyi kommunist görüşlərinə görə dövlətlə münasibətləri korlanan rəssam, dövlətin Milli Sənətçilər Assosiasiyasına etdiyi təzyiq nəticəsində, Assosiasiya Mexikoda Jorje Neqrete teatrında çəkilməsini ona həvalə etdiyi freskanı (“Meksikada teatrın tarixi”) yarımçıq saxlamış və məhkəmə ilə müqavilə pozulmuşdur. Rəssam son dəfə 1960-cı ildə Meksika prezidenti Adolfo Lopes Mateosu açıqcasına tənqid etdiyi və tətil keçirən işçilərin və müəllimlərin həbs olunmasına etiraz olaraq aksiyalar təşkil
15
etdiyi üçün həbs olunmuşdur. Məşhur rəssam və yazıçıların etirazları, eləcə də Meksika hökumətinə edilən beynəlxalq təzyiqlər nəticəsində, nəhayət 1964-cü ildə rəssam əfv edilərək azadlığa buraxılmışdır. Sikeyrosun əsərlərində toxunduğu əsas mövzular sosial, təhsil və ideoloji əsaslı olmuşdur. O, daha çox inqilab, onun məqsədləri, keçmişi və işçi sinfinə hazırkı vəziyyətdə edilən təzyiqlərlə bağlı əsərlər yaratmışdır. Rəssamın ən məşhur rəsmlərindən biri Mexiko şəhərində yerləşən Meksika Milli Avtonom Universitetinin binasına çəkilmiş “İnsanlar universitetə, universitet insanlar üçün” (El pueblo a la universidad, la universidad al pueblo) muralıdır. Bu əsər 1952-ci ildə çəkilmişdir.
16
K. M A R K S BURJUAZİYA VƏ ƏKSİNQİLAB İKİNCİ MƏQALƏ1
Köln, 11 dekabr. Mart tufanı — en miniature 2 tufan, — qopub sovuşduqdan sonra, Berlin torpağı üzərində hər hansı divlər deyil, inqilab nəhəngləri deyil, köhnə tipli vücudlar, pota burjua fiqurları — “Birləşmiş landtaq”2 liberalları, Prussiyanın şüurlu burjuaziyasının nümayəndələri qaldılar. Burjuaziyası ən çox inkişaf etmiş vilayətlər, Reyn vilayəti və Sileziya yeni nazirliklərə alam verən başlıca mənbə oldu. Onların ardınca Reyn hüquqşünaslarının bütöv bir silsiləsi gəlir. Feodallar burjuaziyanı arxa sıraya sıxışdırdıqca Reyn vilayəti və Sileziya nazirliklərdə yerləri köhnə Prussiya vilayətlərinə verirdilər. Brandenburq nazirliyi hələ Reyn vilayəti ilə bircə Elberfeld torisi vasitəsi ilə əlaqədardır. Hanzeman və fon der Heydt! Bu iki ad Prussiya burjuaziyası üçün 1848-ci ilin martı və dekabrı arasındakı bütün fərqi təcəssüm etdirir! Prussiya burjuaziyası dövlət hakimiyyəti zirvəsinə qaldırılmışdı, lakin özünün istədiyi kimi, taxt-tacla dinc saziş yolu ilə deyil, inqilab sayəsində qaldırılmışdı. Prussiya burjuaziyasına xalq hərəkatı yol açmış olduğuna görə bu burjuaziya öz mənafeyini deyil, xalqın mənafeyini taxt-taca qarşı, yəni özü-özünə qarşı müdafiə etməli idi. Lakin taxt-tac onun nəzərində yalnız ilahi bir pərdə olub 2
—balaca, kiçik. Red.
17
burjuaziyanın öz dünyəvi mənafeyi bu pərdənin arxasında gizlənməli idi. Həmin burjuaziyanın öz mənafeyinin və bu mənafeyə uyğun olan siyasi formaların toxunulmazlığı, konstitusiya dili ilə dedikdə, taxt-tacın toxunulmazlığını bildirməli idi. Buradan da alman və xüsusən Prussiya burjuaziyasının konstitusiyalı monarxiya xəyalları meydana gəlir. Buna görə də fevral inqilabı, dövlət gəmisi sükanını Prussiya burjuaziyasına verdiyi üçün Almaniyadakı əkssədaları ilə birlikdə həmin burjuaziyaya faydalı olsa da, eyni zamanda onun ümidlərini dolaşdırdı, çünki indi onun hökmranlığı özünün istəmədiyi və yerinə yetirə bilməyəcəyi şərtlərlə bağlı idi. Burjuaziya əlini ağdan qaraya vurmadı və xalqa imkan verdi ki, onun üçün çarpışsın. Buna görə də burjuaziyaya verilən hakimiyyət, öz düşməninə qalib gəlmiş bir sərkərdənin hakimiyyəti deyil, qalib gəlmiş xalqın öz mənafeyini qorumağı etibar edib tapşırdığı təhlükəsizlik komitəsinin hakimiyyəti idi. Kamphauzen belə bir vəziyyətin bütün uyğunsuzluğunu hələ hiss edirdi; odur ki, onun hökumətinin bütün zəifliyi bu hissdən və bu hissi doğuran şəraitdən irəli gəlir. Buna görə də onun hökumətinin ən həyasız tədbirləri həya rənginə bənzər bir şeyə boyanmış olur. Açıq həyasızlıq və utanmazlıq Hanzemanın üstünlüyünü təşkil edirdi. Bu iki rəssam arasındakı yeganə fərq qırmızılıq çalarından ibarətdir. Prussiyadakı mart inqilabını nə 1648-ci ildəki İngiltərə inqilabı ilə, nə də 1789-cu ildəki Fransa inqilabı ilə qarışdırmaq lazım deyildir. 1648-ci ildə burjuaziya yeni zadəganlarla ittifaq bağlayıb monarxiya əleyhinə, feodal zadəganlar əleyhinə və hakim kilsə əleyhinə mübarizə edirdi. 1789-cu ildə burjuaziya xalqla ittifaq bağlayıb monarxiya əleyhinə, zadəganlar və hakim kilsə əleyhinə mübarizə edirdi. 1789-cu il inqilabı üçün ancaq 1648-ci il inqilabı (heç olmazsa Avropada) nümunə idi, 1648-ci il inqilabı üçün isə ancaq
18
niderlandlıların İspaniya əleyhinə üsyanı3 nümunə idi. Bu inqilablardan hər biri öz qarşısındakı nümunəyə nisbətən yalnız zaman etibarı ilə deyil, məzmun etibarı ilə də yüz il irəli getmişdi. Hər iki inqilabda burjuaziya doğrudan da hərəkata başçılıq edən sinif idi. Proletariatın və şəhər əhalisinin burjuaziyaya mənsub olmayan təbəqələrinin ya hələ burjuaziyanın mənafeyindən ayrı heç bir mənafeyi yox idi, ya da bunlar hələ müstəqil inkişaf etmiş siniflər və ya sinfin hissələri deyildilər. Buna görə də, onlar, məsələn, 1793 və 1794-cü illərdə Fransada olduğu kimi, burjuaziyanın əleyhinə çıxdıqları yerdə, burjua üsulu ilə olmasa da, ancaq burjuaziyanın mənafeyini həyata keçirmək uğrunda mübarizə edirdilər. Fransadakı bütün terrorçuluq burjuaziyanın düşmənlərinə, mütləqiyyətə, feodalizmə və meşşanlığa plebey üsulu ilə divan tutmaqdan başqa bir şey deyildi. 1648 və 1789-cu illərdəki inqilablar İngiltərə və Fransa inqilabları deyildi; bunlar Avropa miqyasında inqilablar idi. Bunlar cəmiyyətin müəyyən sinfinin köhnə siyasi quruluş üzərində qələbəsi deyildi; bunlar yeni Avropa cəmiyyətinin siyasi quruluşunu elan edirdi. Həmin inqilablarda burjuaziya qalib gəldi; lakin o zaman burjuaziyanın qələbəsi yeni ictimai quruluşun qələbəsi demək idi, burjua mülkiyyətinin feodal mülkiyyəti üzərində, millətin vilayətçilik üzərində, rəqabətin sex quruluşu üzərində, mülkiyyəti bölüb xırdalamağın mayorat üzərində, torpaq mülkiyyətçisi hökmranlığının mülkiyyətçini torpağa tabe etmək üzərində, maarifin mövhumat üzərində, ailənin nəsil adı üzərində, təşəbbüskarlığın qəhrəmanlıq tənbəlliyi üzərində, burjua hüququnun orta əsrlərə məxsus imtiyazlar üzərində qələbəsi demək idi. 1648-ci il inqilabı on yeddinci əsrin on altıncı əsrə qarşı inqilabı, 1789-cu il inqilabı isə — on səkkizinci əsrin on yeddinci əsr üzərində qələbəsi idi. Həmin inqilablar dünyada baş verdikləri yerlərin, yəni İngiltərə və Fransanın
19
tələbatından daha çox bütün o zamankı dünyanın tələbatını ifadə edirdi. Prussiyadakı mart inqilabında belə bir şey əsla yox idi. Fevral inqilabı işdə konstitusiyalı monarxiyanı və ideya cəhətincə burjuaziyanın hakimiyyətini məhv etdi. Prussiyadakı mart inqilabı ideya cəhətincə konstitusiyalı monarxiya və işdə burjuaziyanın hakimiyyətini yaratmalı idi. Avropa inqilabına çevrilməkdən uzaq olan həmin inqilab Avropa inqilabının geri qalmış bir ölkədə zəif əks-sədasından başqa bir şey deyildi. Prussiyadakı mart inqilabı öz əsrini ötüb keçmək əvəzinə, ondan yarım əsrdən də çox geri qalırdı. Həmin inqilab lap əvvəldən təkrar baş verən bir hadisə idi, təkrar baş verən xəstəliklər isə, məlum olduğu kimi, daha çətin müalicə olunur və eyni zamanda orqanizmi ilk dəfə baş verən xəstəlikdən daha çox dağıdır. Məsələ yeni cəmiyyət yaratmaq üzərində deyil, Parisdə ölüb getmiş cəmiyyəti Berlində yenidən dirçəltmək üzərində idi. Prussiyadakı mart inqilabı hətta milli bir inqilab, alman inqilabı deyil, lap əvvəldən vilayət-Prussiya inqilabı idi. Vyana, Kassel, Münxen üsyanları və hər cür vilayət üsyanları Prussiyadakı mart inqilabı ilə yanaşı olaraq davam edir və ona nisbətən birinci yeri tutmağa çalışırdı. 1648 və 1789-cu illərdəki inqilablar yaradıcılıq zirvəsi olduğu ilə hədsiz dərəcədə fəxr etdiyi halda, 1848-ci il Berlin inqilabı anaxronizm olması ilə lovğalanırdı. Onun işığı elə uzaq ulduzların işığına bənzəyirdi ki, bunların işığı bizə, Yer üzündə yaşayanlara, ulduzun özü sönəndən 100 000 il sonra gəlib çatır. Prussiyadakı mart inqilabı ümumiyyətlə hər şeyi kiçik ölçüdə təmsil etdiyi kimi Avropa üçün belə bir ulduzu da kiçik ölçüdə təmsil edirdi. Onun işığı, çoxdan sönüb getmiş cəmiyyətin verdiyi işıq idi. Alman burjuaziyası elə süst, qorxaq və ləng inkişaf edirdi ki, feodalizm və mütləqiyyətə qarşı düşmən mövqeyində durduğu zaman, o özü proletariata qarşı və şəhər əhalisi
20
içərisində mənafeyi və ideyaları proletariata yaxın olan bütün təbəqələrə qarşı düşmən mövqeyində durmuş oldu. Alman burjuaziyası yalnız öz arxasındakı sinfi deyil, qabağındakı bütün Avropanı da özünə qarşı düşmən mövqeyində gördü. 1789-cu il Fransa burjuaziyasından fərqli olaraq Prussiya burjuaziyası köhnə cəmiyyətin nümayəndələrinə, monarxiyaya və zadəganlara qarşı bütün müasir cəmiyyət adından çıxış edən bir sinif deyildi. Prussiya burjuaziyası həm taxt-tacdan, həm də xalqdan ayrıca duran, onların hər ikisinə qarşı müxalifət əhvali-ruhiyyəsində olan, düşmənlərinin hər ikisini həmişə ya özündən irəlidə, ya da geridə gördüyü üçün, təklikdə onların hər birinə qarşı qətiyyətsiz olan bir silk dərəcəsinə enmişdi; həmin burjuaziya ən əvvəldən xalqa xəyanət etməyə və köhnə cəmiyyətin tacdar nümayəndəsi ilə sazişə gəlməyə mail idi, çünki artıq onun özü köhnə cəmiyyətə mənsub idi; o, köhnə cəmiyyətə qarşı yeni cəmiyyətin mənafeyini təmsil etmək deyil, köhnəlmiş cəmiyyət daxilində təzələnmiş mənafeyi təmsil edirdi; onun inqilab sükanı başında durmasına səbəb o deyildi ki, xalq onun arxasında durmuşdu, səbəb o idi ki, xalq onu öz qabağında itələyib aparırdı; o, yeni ictimai dövrün təşəbbüsünü təmsil etdiyinə görə deyil, yalnız köhnə ictimai dövrün narazılığını ifadə etdiyinə görə başda durmuşdu; bu elə bir köhnə dövlət təbəqəsi idi ki, özü-özünə yol açmamışdı, ancaq zəlzələ gücünə yeni dövlət səthinə atılmışdı; özünə inanmayan, xalqa inanmayan, yuxarı təbəqələrə qarşı donquldanan, aşağı təbəqələrdən qorxan, bunların hər ikisinə qarşı xudbin olub öz xudbinliyini başa düşən, mühafizəkarlara qarşı inqilabçı və inqilabçılara qarşı mühafizəkar olan Prussiya burjuaziyası öz şüarlarına inanmır, ideyalar əvəzinə ibarələr irəli sürür, dünya fırtınasından qorxub ondan öz xeyrinə istifadə edir; hər cür əzmkarlıqdan məhrumdur və orijinal heç bir şey olmadığına görə başdan-başa plagiatdır, bayağılıqdır; öz bayağılığında orijinal olub özü özü ilə alverə girir, təşəbbüs
21
göstərmir, özünə inanmır, xalqa inamı yoxdur, bütün dünya miqyasında tarixi vəzifəsi olmayan və sanki lənətə gəlmiş elə bir kaftardır ki, həyata can atan xalqın ilk gənclik coşqunluğunu korlayıb onu öz qocalıq mənafeyinə tabe etməyə məhkumdur — gözləri görməyən, qulaqları eşitməyən, ağzında dişi olmayan, tamamilə əldən düşmüş bir kaftardır, — mart inqilabından sonra Prussiya dövlətinin sükanı başına keçmiş Prussiya burjuaziyası belə idi. 1848-ci il dekabrın 11-də K. Marks tərəfindən yazılmışdır. 1848-ci il dekabrın 15-də “Neue Rheinische Zeitung”-un 169-cu nömrəsində çap edilmişdir. K. Marks və F. Engelsin Əsərlərinin 2-ci nəşrində, 6-cı cildin mətnindən çap olunur, səh. 113—117.
Qeydlər Bu məqalə K. Marksın 1848-ci ilin dekabrında yazdığı “Burjuaziya və əksinqilab” əsərinin bir hissəsidir. Həmin əsərində Marks Prussiyada əksinqilabın qələbə çalmasının səbəblərini tarixi materializm nöqteyi-nəzərindən araşdırır, Almaniyada mart inqilabının xarakterini və xüsusiyyətlərini açıb göstərir. — 1. Prussiyanın bütün əyalət landtaqlarının nümayəndələrindən ibarət silki orqandan söhbət gedir. Bu halda Marks 1848-ci il aprelin 2-də Kamphauzen hökuməti dövründə çağırılan İkinci Birləşmiş landtaqı nəzərdə tutur. Bu landtaq Prussiya Milli məclisinə seçki qanununu qəbul etdi və borc almağa razılıq verdi, halbuki 1847-ci il Birləşmiş landtaqı hökumətin
22
borc almasına razılıq verməmişdi. Bundan sonra landtaq 1848-ci il aprelin 10-da buraxıldı. — 1. İspaniya dövlətinin tərkibinə daxil olan Niderlandda (indiki Belçika və Hollandiya) 1566— 1609-cu illərdəki burjua inqilabı nəzərdə tutulur; bu inqilab burjuaziyanın və xalq kütlələrinin feodalizmə qarşı mübarizəsini İspaniyanın ağalığı əleyhinə milli azadlıq müharibəsi ilə birləşdirirdi. Bir sıra məğlubiyyətlərdən sonra İspaniya 1609-cu ildə Hollandiya burjua respublikasının istiqlaliyyətini təsdiq etməyə vadar oldu. XVI əsrin Niderland burjua inqilabı Avropada qalibiyyətli burjua inqilabları dövrünü açdı. İndiki Belçikanın ərazisi 1714-cü ilədək ispanların əlində qalmışdı. — 2.
23
Cek London Mən necə sosialist oldum? Sosialist olmağımın tevton bütpərəstlərinin xristianlığı qəbul etməsi sayağı baş verdiyini desəm həqiqətdən uzaq qaçmaram. Fikrimi daha dəqiq ifadə edim – sosializmi mənə yeridiblər. Həmin vaxtlar sosializm ifadəsi mənə olduqca yad idi. Cavan, sadəlövh və nadan mən ömrümdə “fərdiyyətçilik” haqda bir şey eşitməsəm də, güclü şəxsiyyətə pərəstiş edirdim. Çünki özüm də güclü idim. Sağlamlığım və möhkəm, əzələlərim də öz yerində. Belə olmağımda təəccüblü heç nə yox idi – uşaqlığım Kaliforniyada rançoda keçmişdi. Artıq kiçik yaşlarımdan əla iqlimi olan qərb şəhərində qəzet satmağa başlamışdım, cavanlıqda isə San-Fransisko körfəzi və Sakit okeanın ozonu ilə yetərincə nəfəs almışdım. Açıq havada həyat tərzini xoşlayırdım, aydın səma altında ən ağır işin belə öhdəsindən gələ bilirdim. Heç bir sənətin yiyəsi olmadığımdan təsadüfən tapdığım işləri vaxtaşırı dəyişir və ətrafda baş verənləri yaxşı möcüzə sayırdım. Təkrar edirəm, təpədən dırnağadək nikbin ruhlu birisiydim, çünki sağlam idim, istənilən xəstəlik məndən yan ötürdü, sahibkar həmişə məndən razı qalırdı, ürəyim istədiyi vaxt özümə iş tapa bilirdim: kömür kürəyirdim, gəmidə matrosluq edirdim, bir sözlə, hər cür ağır işin öhdəsindən gəlirdim. Bax elə bu səbəbdən də qatı fərdiyyətçi idim. Bu təbii idi: axı mən qalibdim. Həyatı kişiyə layiq oyun adlandırırdım. Mənim üçün insanlıq böyük hərfli kişi olmaqdı. Kişi olmaqsa macəraların ağuşuna atılmaq, vuruşmaq, hətta yeniyetməyə verilə biləcək muzdun müqabilində işləməyi bacarmaq idi.
25
Məni cəzb edən, ürəyimə sahib olan məhz bu idi. Sonsuz gələcəyin dumanlı ənginliyinə baxan mən az öncə adlandırdığım kişi oyununa dava eləməkdəydim. Hər cür bəladan qoruya biləcək dəmir sağlamlığım və əzələlərim sanki məni heç vaxt tərk etməyəcəkdi. Sanki Nitşenin “sarışın şeytanı” sayağı öz gücümə söykənərək hər şeyə qalib gələ biləcəkdim. O ki qaldı bəxti gətirməyənlərə, zəiflərə, qocalara, əlillərə, onlar haqda heç düşünmədiyimi boynuma alıram. Yalnız onu deyə bilərdim: əgər başlarına bədbəxt hadisə gəlməsəydi, onlar da eyni uğurla hər işi aşıra bilərdilər. Bədbəxt hadisə? Neyləmək olar ki, taleyin işidir. Tale sözünə olduqca böyük önəm verirdim – ondan qaçmaq olmazdı. Gör tale nəhəng Napoleonu hara aparıb çıxarmışdı. Halbuki özüm yeni Napolen olmaq arzusundaydım. Nə vaxtsa özümün bədbəxt hadisə ilə üz-üzə qalacağımı ağlımın ucundan belə keçirmirdim. Seçilmişlər sırasında olduğumdan qürur duyduğumu anladığınıza ümid edirəm. Əməyin fədakarlığı məni hər şeydən çox cəlb edirdi. Hələ Karleyli, Kiplinqi oxumadığımdan öz əmək incilimi yaratmışdım. Əmək hər şeydir. Əmək bəraət və xilas yoludur. Ağır iş günündən sonra keçirdiyim qürur hissini anlaya bilməzsiniz. İndi keçmişimə nəzər salanda özüm bu hissi başa düşmürəm. Mən kapitalistlərin istismar edə biləcəkləri ən sədaqətli muzdlu qul idim. Pul verən sahibkarın işini yarı-yarımçıq görmək mənim üçün ən böyük günah idi. Və bu günahı xəyanət qədər biabırçı sayırdım. Qısası, nikbin fərdçiliyim ortodoksal burjua əxlaqının əsarəti altında idi. Mən burjua qəzetləri oxuyur, burjua moizələrinə qulaq asır və burjua siyasətçilərinin gurultulu çıxışlarına eyni gurultu ilə əl çalırdım. Əgər şərait məni həyatın başqa axarına salmasaydı, çox yəqin ki, peşəkar
26
ştreykbrexerlərin 3 sırasına düşəcək və həmkarlar ittifaqının hansısa fəal üzvü başımı əzərək məni həmişəlik əlil edəcəkdi. Günlərin bir günü yeddi aylıq dəniz səfərindən qayıdıb (on səkkiz yaşı təzəcə haqlamışdım) səyahətə çıxmağı qərarlaşdırdım. İnsanların qiymətləndərildiyi və işin bol olduğu Qərbdən başlayıb gah vaqonun damında, gah da piyada Şərqin işçi çoxluğundan əziyyət çəkən mərkəzinə gəlib çıxdım. Burada təkərin altında qalan toz dənəciklərinə bənzəyən insanlar iş axtarmaqdan təngə gəlmişdilər. Yeni sərgərdan tərzim məni həyata tamam başqa bucaq altından baxmağa məcbur elədi. Mən artıq sosioloqların sevimli ifadəsi olan proletar deyildim. Həyatın dibinə yuvarlanmışdım və bura düşməyin yolları məni dəhşətə gətirmişdi. Burada müxtəlif taleli insanlarla rastlaşdım, onlardan çoxunun keçmişi mənimkindən fərqlənmirdi. Vaxtilə sağlam və cavan olan bu matroslar, əsgərlər və fəhlələr ağır fiziki iş nəticəsində şikəst olmuş, sahiblərisə onları lazımsız əşya kimi həyatın burulğanına tullamışdılar. Mən onlarla birgə özgə kandarlarında daldalanır, yük vaqonlarında, şəhər parklarında soyuqdan əsir və tale yoldaşlarımın hekayələrini dinləyirdim: onlar öz həyatlarına mənimkindən pis başlamamışdılar, mədə və əzələləri nə vaxtsa olduqca möhkəm idi, amma indi burda, insan zibilliyində, sosial uçurumun dibində idilər. Onların hekayələri gözlərimi tamamilə açdı. Küçə qadınlarının və evsiz kişilərin taleləri artıq mənə yad deyildi. Sosial uçurumu sanki bir əşyanı əlləyirmişəm kimi hiss etdim; adamların hamısını lap dibdə gördüm, özümsə sanki onlardan bir azca hündürdəydim və var-gücümlə sürüşkən divarla yuxarı çıxmağa çalışırdım. Etiraf edirəm, qorxuya düşdüm. Gücsüzləşəndə nə edəcəm? Hələ indi doğulmağa hazırlaşan güclü insanlarla çiyin-çiyinə işləmək iqtidarında olmayanda 3
Ştreykbrexer – xain, satqın (tətil edən fəhlələrin yerinə işləyərək tətili pozan adam, fəhlə sinfinin mənafeyinə xain çıxan adam.
27
məni nə gözləyəcək? Bax onda dahiyanə bir and içdim. Məzmunu təqribən belə idi: “ömrüm boyu ağır fiziki iş görmüşəm və həyat tərzimin hər günü məni addımbaaddım sosial uçuruma yaxınlaşdırıb. Mən bu uçurumdan çıxacam, amma əzələlərim hesabına yox. Artıq fiziki iş görməyəcəm: əgər bundan sonra qollarımı lazım olduğundan artıq işə salsam, qoy məni ildırım vursun”. Elə həmin gündən ağır fiziki işdən qaçmağa başladım. Birləşmiş Ştatlar və Kanada boyu on min milə yaxın ərazini dəf edərək Niaqara şəlaləsinə gəlib çıxdım və gördüyü işin müqabilində pul qazanmaq həvəsində olan konstebl 4 tərəfindən yaxalandım. özümü təmizə çıxarmaq üçün kəlmə kəsməyə belə qoymadılar və daimi yaşayış yerim və qədərincə maddi vəsaitim olmadığı üçün mənə otuz günlük həbs cəzası kəsdilər. Qollarımı qandallayıb, özüm kimi uğursuzlar dəstəsinə qoşub Buffaloya gətirdilər və Eri dairəsinin qazamatına saldılar. Başımı və yenicə tər yeri qoymuş bığlarımı qırxıb, əynimə zolaqlı paltar geydirdilər. Mənim kimiləri üzərində çiçək peyvəndini öyrənən tələbə həkimin süzgəcindən keçirib sıraya düzdülər və vinçesterlə silahlanmış qarovolçuların nəzarəti altında işləməyə məcbur etdilər. Mənimsə yeganə günahım “sarışın şeytan” ruhunda macəra axtarışına çıxmağımdı. Təfərrüata dalmadan bircə şeyi bəyan edə bilərəm: elə həmin vaxtdan Amerika vətənpərvərliyimdən əsər-əlamət qalmadı və bundan sonra vaxtilə yuxarıdan aşağı baxdığım kişilər, qadınlar və uşaqlar haqda daha çox fikirləşməyə başladım. Gəlin çevrilməyə qayıdaq. Fərdiyyətçiliyimin uğurlu şəkildə tamam əks bir şeylə əvəzlənməsi indi hamınıza gün kimi aydındır. Beləcə, mən elmi sosializmdən uzaq da olsa sosialistə çevrildim. Yenidən doğuldum, amma yenidən xaç suyuna çəkilmədən, nəhayət, özümün kim olduğunu başa 4
Konstebl – İngiltərədə və ABŞ-da aşağı polis rütbəsi.
28
düşmək üçün yola çıxdım. Kaliforniyaya qayıdıb kitab oxumağa başladım. Hansından başladığım yadımda deyil, artıq bunun elə bir önəmi də yoxdur. Əslində sosialist kimi artıq formalaşmışdım, kitablar sadəcə mənə bunun nə olduğunu başa saldı. O gündən çox kitab oxudum, amma sosializmin labüdlüyünü sübut edən heç bir iqtisadi və ya məntiqi dəlil mənə sosial uçurumun sürüşkən divarında yaşadığım anlar qədər təsir etmədi… mübarizə” (Nyu-York, 1905-ci il) (“Sinfi külliyyatından; ilk dəfə 1903-cü ildə “Kormid” dövri mətbuatında nəşr olunub).
29
Mirzə Ələkbər Sabir Bakı fəhlələrinə
Bu çərxi-fələk tərsinə dövran edir imdi, Fəhlə de özün daxili-insan edir imdi, Olmaz bu ki, hər əmrə dəxalət edə fəhlə, Dövlətli olan yerdə cəsarət edə fəhlə, Asudə nəfəs çəkməyə halət edə fəhlə, Yainki hüquq üstə ədavət edə fəhlə, Bu çərxi-fələk tərsinə dövran edir imdi, Fəhlə de özün daxili-insan edir imdi, Fəhlə, mənə bir söylə, nədən hörmətin olsun? Axır nə səbəb söz deməyə qüdrətin olsun? Əl çək, bala, dövlətlilərə xidmətin olsun, Az-çox sənə verdiklərinə minnətin olsun!... Bu çərxi-fələk tərsinə dövran edir imdi, Fəhlə de özün daxili-insan edir imdi,
Dövlətli, amandır, özünü salma bəlayə, Fəhlə sözü həqq olsa da, baxma o sədayə, Yol vermə nəfəs çəkməyə hərgiz füqərayə, Öz şənini puç eyləmə hər bisəru payə!..
30
Bu çərxi-fələk tərsinə dövran edir imdi, Fəhlə de özün daxili-insan edir imdi, Aldanma, fəqirin olamaz əqli, zəkası, Çün yoxdur onun sən kimi pakizə libası, Yox sərvəti, yox dövləti, yox şalı, əbası, Var köhnə çuxası, dəxi bir təkcə qəbası… Bu çərxi-fələk tərsinə dövran edir imdi, Fəhlə de özün daxili-insan edir imdi, Istərsən əgər olmağa asudə cəhanda, Ta olmayasan qəmlərə aludə cəhanda Fəhlə üzüne baxma bu bihudə cəhanda, Öz fikrini çək, ol dəxi fərsudə cəhanda, Bu çərxi-fələk tərsinə dövran edir imdi, Fəhlə de özün daxili-insan edir imdi, Gör millətinin dərdini, axtarma dəvasın, Əl çəkmə yetimin başına, kəsmə sədasın, Zinhar qoyub dəhrdə bir xeyr füqərasın… Yad eyləmə, şad eyləmə millət füqərasın… Bu çərxi-fələk tərsinə dövran edir imdi, Fəhlə de özün daxili-insan edir imdi.
31
facebook.com/Yoldashfanzin/ facebook.com/Sosialistelm/ facebook.com/marksist.philosophy/