Mətn-2 Biz həyatımızı ünsiyyətsiz təsəvvür edə bilmirik. Məşhur alim, telefon adlanan möcüzəli kəşfin müəllifi Aleksandr Qrehem Bell çıxılmaz vəziyyətlərin olmadığını və hətta yüz kilometrlərlə uzaqda yaşayan həmsöhbətlə ünsiyyət qurmağın mümkünlüyünü sübut edir. 1876-cı ildə şotland alimi Qrehem Bell aləmə öz kəşfini – dünyada ilk telefonu nümayiş etdirmişdi. Lakin qeyd etmək lazımdır ki, belə aparat üzərində tədqiqatlar Bellin kəşfindən çox-çox əvvəldən bəri aparılırdı. Deyilənə görə, Aleksandr Qrehem Bell ilk telefon xəttini sevgilisinin evinə çəkib. Telefonda hər gün neçə dəfə istifadə etdiyimiz “Alo” sözü isə, əslində, onun sevgilisinin qısaldılmış adıdır. Sevgilisinin tam adı Allessandra Lolita Osvaldodur. Bellə zəng gələrkən telefonla zəng edənin Allessandra Lolita Osvaldodan başqası ola bilməyəcəyini düşündüyündən dəstəyi qaldıranda Allessandra Lolita Osvaldo deyirdi. Lakin o, zamanla sevgilisinin adını qısaltmağa başladı və sonda ona “Alo” deməyə başladı. Bu sahədə uğur qazanan növbəti ixtiraçı alimlərə məsafədən səs ötürmənin mümkünlüyünü sübut edən Filipp Reys oldu. “Telefon” termininin əsasını da məhz Filipp Reys qoydu. Telefon yunan dilindən tərcümədə “uzaq” mənasını verən “tele” və səs mənasını verən “phone” sözlərinin birləşməsindən yaranıb. Lakin Filipp Reysin yaratdığı bu aparat müəyyən səsləri və musiqini uzaq məsafəyə ötürə bilsə də, insan səsi qarşısında aciz idi. Maraqlı faktlardan biri də odur ki, ilk telefonun ixtiraçısı Bell ilə eyni vaxtda oxşar aparat üzərində digər tanınmış ixtiraçı Qrey də işləyirdi. Xoş təsadüf nəticəsində Bell öz kəşfini ictimaiyyətə bir neçə saat öncə təqdim edə bildi və telefon əlaqəsi yaradan ilk insan kimi tarixə düşdü. Telefon ilk baxışdan çox sadə görünür. Amma faktlardan göründüyü kimi bu kəşf bir neçə alimin uzun illər ərzində apardığı axtarışların, gərgin əməyin bəhrəsidir.
213