3 minute read

Qədim yunan-Roma incəsənətinin Avropa mədəniyyətinə təsiri

GİRİŞ

Qədim yunan-Roma incəsənəti maddi və mənəvi fəaliyyətin demək olar ki, bütün sahələrində ümummədəni dəyərlər vermiş unikal bir hadisədir. Qədim Yunan tarixinin klassik dövründə formalaşan mədəniyyət xadimlərinin cəmi üç nəsli Avropa sivilizasiyasının əsasını qoymuş və minilliklər üçün təqlid ediləcək surətləri yarada bilmişlər. Qədim Yunan mədəniyyətinin səciyyəvi xüsusiyyətlərini təşkil edən mənəvi müxtəliflik, çeviklik və azadlıq yunanlılara yüksək nailiyyətlər əldə etməyə köməklik göstərdi və digər xalqları da yunanlılara oxşamaq, onların nümunələri əsasında mədəniyyət yaratmağa vadar etdilər.

Advertisement

Qədim yunan-Roma sivilizasiyasının fenomeni nədən ibarətdir? Bertran Rasselin fikrincə “bütün tarixdə Yunan sivilizasiyasının birdən-birə yaranması kimi bu qədər təəccüblü və izah üçün bu qədər mürəkkəb bir şey yoxdur” (46, 67). İş təkcə sivilizasiyanın özü-özlüyündə meydana gəlməsində deyil, onun məhz Yunanıstanda peyda olunmasındadır. Məlumdur ki, sivilizasiyanın rüşeymləri qabaq da Şərqdə mövcud idi – minilliklər ərzində Misirdə və Mesopotamiyada. Lakin məhz yunanlar sivilizasiya fenomeni adlanan məfhumun çatışmayan elementlərini aça bilmişlər. Yunanların intellektual icadları çox da populyar olmasalar da, incəsənət sahəsində məlum olan nailiyyətlərə nisbətən, demək olar ki, bənzərsiz idilər. Məhz yunanlar riyaziyyatı, elmi və fəlsəfəni icad etmişlər.

Minilliklərin yadırğamasından sonra antik incəsənətin ən görkəmli nailiyyətləri XIV əsrdən başlamış İtaliya İntibahının mədəniyyətində və incəsənətində yenidən dirçəlmişdir. Qədim yunan-Roma mədəniyyətinə maraq, qədim tarixə, ədəbiyyata, latın dilinə və buna müvafiq olaraq İtaliya ərazisində qorunub saxlanılmış memarlıq və heykəltəraşlıq abidələrə diqqət göstərən humanistlər qaytardılar.

XVII əsrdə qədim Roma incəsənəti ilə digər Avropa ölkələrinin alimləri maraqlanmağa başladılar. Bu dövr bədii materialın intensiv toplanması, humanitar və intibah dövrünü əvəz etmiş “əntiq” dövr idi. Fransadakı XVII əsr inqilabı Fransa alimlərini və rəssamlarını Roma incəsənətinə olan diqqəti artırdı. Həmin o dövrdə qədim irsə elmi-estetik yanaşma əmələ gəldi. “Əntiq” dövr xadimlərindən fərqli olaraq İ.Vinkelman öz dövrünün maarifçi fəlsəfəsinin nümayəndəsi və qədim dövr incəsənətinin yaradıcısı kimi çıxış etdi. Düzdür, o hələ də Roma incəsənətinə Yunan incəsənətinin davamçısı kimi yanaşırdı. XVIII əsrin sonu – XIX əsrlərin əvvəllərində qədim Roma incəsənəti ilə artıq fərdi şəxslər deyil, Avropanın hökumət idarələri məşğul olmağa başladılar. Arxeoloji qazıntılar maliyyələşir, iri muzey və elmi cəmiyyətlərin əsası qoyulur, qədim Roma incəsənətinə həsr olunmuş ilk elmi əsərlər yaradılmağa başlayır.

XIX əsrin axırlarında F.Vikqof və A.Riql tərəfindən qədim Roma incəsənətinin fəlsəfi mahiyyətinin və səviyyəsinin anlamı cəhdləri aparılırdı.

Dəyərli nəzəri tədqiqat qismində O.Brendelin “Qədim Roma incəsənətinin öyrənilməsinə giriş” kitabı çıxış edir ki, burada İntibah dövründən bu günə kimi qədim Roma incəsənətinə müxtəlif baxışlar nəzərdən keçirilir. Eyni zamanda M.V.Alpatovun, S.Reynakın, M.Q.Neklyudovanın, antik incəsənətin estetikasını araşdıran H.F.Hehelin, A.Losevin və b. elmi əsərləri də mühüm əhəmiyyət kəsb edirlər.

Qədim yunan-Roma incəsənətinin və onun ümumi incəsənət tarixinin sonrakı inkişafına olan təsirinin dərindən öyrənilməsi sənətşünaslığın ən vacib sahələrindən biridir. Çünki məhz burada bədii təfəkkürün təkamülünü, nəsillərin əlaqəsini, ənənələrinin varisliyi və insani dəyərlərin mürəkkəb dünyəvi doktrinalarını və gözəlliyi, harmoniyanı və kamilliyini daha dəqiq və aydın izləmək olar.

Dərs vəsaitinin məqsədi qədim yunan-Roma incəsənətinin və onun İntibah, fransız klassisizmi və akademizm dövründə varisliyini ardıcıl olaraq araşdırılması təşkil edir. Tədqiqatın məqsədini eyni zamanda yunan-Roma incəsənətinin müxtəlif yollarla əldə olunmasının əsas prinsiplərinin öyrənilməsi təşkil edir. Bu məqsədə həm İntibah dövründə insanın mənəvi və fiziki gözəlliyinin vəsfindən daha çox dahi rəssamlar tərəfindən fərdi surətdə aparılan həyat həqiqətinin, öz ideallarının axtarışlarının tədqiqi, həm də fransız klassisizmi dövründə antik mədəniyyətin harmoniya və hissiyyatla dolu akademik ənənələrinin prinsiplərinin formalaşması ilə əlaqədar fərdi klassik incəsənət idealının meydana gəlməsi məsələlərinin araşdırılması gərəkdir.

Dərs vəsaitinin əsas vəzifələrinə yuxarıda adı çəkilən dövrlərinin incəsənətin kompleks şəklində öyrənilməsi, müqayisəli təhlilin keçirilməsi, antik dövrdən götürülmüş bədii formaların müəyyən

edilməsi, formaların, simmetriyanın və ritmin təqdimatında harmoniyanın təcəssümü daxildir. Eyni zamanda inkişafın müasir təmayüllərinin üzə çıxarılması, yeni formaların, kompozisiyaların, rəng tərtibatının araşdırılması da vacibdir ki, bu da antik incəsənətin özünəməxsus istiqamət dəyişdirilməsidir, eləcə də bu dövrlərin müasir tələbatlarına və estetik zövqlərinə uyğun gəlir.

Dərs vəsaitinin elmi yeniliyi Avropa incəsənətinin inkişafının fəlsəfi, estetik və ilkin tarixi şərtlərinə toxunaraq, məsələnin alternativ işıqlandırılması cəhdindən ibarətdir. Onun meydana gəlməsində əsas faktor olan, müasir incəsənətin prinsiplərini formalaşdıran və bu günə kimi antik mədəniyyətinin əsrarəngiz abidələri hesab olunan yunan-roma incəsənətinin idealları böyük rol oynamışlar. Seçilən mövzunun təfsilatlı öyrənilməsi bir çox incəsənət növlərinin, o cümlədən memarlığın stilistik istiqamətlərini izləməyə imkan yaradır. Həmin sənət növləri, əsrlər boyu Avropa ölkələrinin incəsənətinin stilistik xüsusiyyətlərinin meydana gəlməsində geniş istifadə olunan kompozisiyanın klassik quruluşunu, deməli simmetriyanı və ritmi, binaların aparıcı və köməkçi hissələrini, xarici tərtibatını qəbul etmişlər.

This article is from: