![](https://static.isu.pub/fe/default-story-images/news.jpg?width=720&quality=85%2C50)
2 minute read
Çətinliklər
Yevlax KOB İnkişaf Mərkəzinin ötən dövr ərzində aktiv fəaliyyət göstərməsinə manə olan çətinliklər:
Advertisement
KOBİA ilə müqavilə imzaladıqdan sonra üzərimizə götürdüyümüz öhdəliklərin icrası ilə bağlı regional səviyyədə aidiyyatı orqan və nümayəndələrlə görüşmək, varlığımız haqqında geniş ictimaiyyəti məlumatlandırmaq lazım idi. Bununla bağlı KOBİA tərəfindən bildirilmişdir ki, “...yaxında Yevlax KOB Evinin açılması gözlənilir. Yevlax KOB Evinin rəsmi açılışı olduqdan sonra Yevlax KOB İnkişaf Mərkəzinin geniş ictimaiyyətə təqdim edilməsi planlaşdırılmışdır...” Bunu nəzərə alaraq bizdən asılı olmayan səbəbdən heyət olaraq 3 ay müddətində varlığımız barədə ictimaiyyətə heç bir məlumat ötürə bilməmişdik. Şəxsi münasibətlərdən istifadə etməklə fərdi görüşlərin keçirilməsi istiqamətində səylərimiz olmuşdur. İctimaiyyələşmə olmadan da fəaliyyətlərin icrası demək olar ki, mümkünsüz olmuşdur. Yalnız 14.09.2020-ci il tarixində KOBİA-nin sədrinin birinci müavini cənab Natiq müəllimin iştirakı ilə keçirilmiş görüşdə Yevlax KOB İnkişaf Mərkəzinin rəsmi açılış olmadan daxili sosial səhifələri vasitəsi ilə ictimaiyyələşə biləcəyi bildirilmişdir. Ondan sonrakı dövr ərzidə Yevlax KOB İnkişaf Mərkəzinin sosial media səhifələrində Mərkəzin fəaliyyət istiqaməti haqqında məlumatlar yerləşdirilmişdir. Lakin, 27 sentyabr 2020-ci il tarixində Vətən müharibəsinin başlaması ilə əlaqədar olaraq internetdən istifadənin məhdudlaşdırılması nəticəsində sosial media səhifələrindən istifadə etmək mümkün olmamışdır.
Koronavirus (COVİD-19) infeksiyasının yayılması və bununla əlaqədar regionda yaradılmış məhdudiyyətlər:
Nazirlər Kabinetinin yanında Operativ Qərargahın verdiyi qərara uyğun olaraq Koronavirus (COVİD-19) infeksiyasının yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədi ilə 05.07.2020-31.08.2020-ci il tarixlərində Yevlax, Bərdə və ətraf rayon və şəhərlərdə sərtləşdirilmiş xüsusi karantin rejimi tətbiq edilmiş, Yevlax şəhəri və digər bir neçə rayon narıncı zona elan edilmiş, rayonlarda şəxslərin yaşayış və qeydiyyatda olduğu ərazinin tərk edilməsi məhdudlaşdırılmışdır. Bu isə istər Yevlax KOB İnkişaf Mərkəzində, istərsə də KOB-larla əlaqələrin qurulmasında işləri xeyli dərəcədə çətinləşdirmişdir. Bundan başqa infeksiyanın hədəf regionlarda artan dinamıka ilə inkişaf etməsi Mərkəzin işinin təşkilində xeyli çətinliklər yaratmaqdadır.
Azərbaycan Respublikası ərazisində hərbi vəziyyətin elan edilməsi:
Azərbaycan Respublikasına qarşı 27.09.2020-ci il tarixində Erməni silahlı qüvvələri tərəfindən hücum və mütəmadi hərbi təxribatlar törədilməsi ilə əlaqədar ölkədə müharibə vəziyyətinin olması Yevlax və ətraf rayonlara giriş-çıxışlarda məhdudiyyətlər yaratmışdır. Yevlax rayonunun aktiv cəhbə bölgəsi ilə həmsərhəd olması insanlarda narahatçılıq yaratmaqda idi. Bütün bunlar insanlarda həm psixoloji, həm də mənəvi cəhətdən cəbhədə baş verən proseslərə bağlılıq yaratmışdır. Bu cür vəziyyətdə KOBlarla əlaqələrin yaradılması, təlim və digər xidmətlərdən faydalanması üçün etdiyimiz cəhdlər heç də həmişə uğurlu olmamışdır.
İnternetə çıxışda məhdudiyyətin olması:
İnternetdən istifadə sahəsində ölkə səviyyəsində gətirilmiş məhdudiyyətlər özünü xüsusilə bu regionda daha da qabarıq şəkildə göstərirdi. Yevlax rayonun cəbhə bölgəsinə yaxın olması ilə əlaqədar olaraq mobil operatorların danışıq və internet paketlərindən də istifadə edilməsində çətinliklər yaşanmışdır.
Aran Regional İnkişaf Mərkəzinin binasında əsaslı təmir işlərinin görülməsi:
Binada sentyabr ayının sonlarından əsaslı təmir işlərinə başlanılması ilə əlaqədar olaraq Mərkəzin heyəti başqa 1 otaqlı yerə köçmək məcburiyyətində qalmışdır. Bu yerləşmə müvəqqəti olduğundan Mərkəz üçün ayrıca internet xətti çəkilməmişdir. Çətinliyi həll etmək üçün yaxınlıqda olan idarələrin internet xəttlərinə wifi vasitəsilə qoşulmağa cəhdlər edilmişdir. Lakin, ara məsafənin uzaq olması səbəbindən internet bağlantısında kəsintilər olmaqdadır. O cümlədən təmir gedə-gedə Mərkəzin binasında canlı təlimlərin (offline) təşkilində çətinliklər yaşanmışdır.
Bizdən asılı olmayaraq yaranmış çətinliklər Yevlax KOB İnkişaf Mərkəzi tərəfindən KPİ-ların icrasında ləngimələrə gətirib çıxarmışdır. Yuxarıdakı çətinlikləri nəzərə alaraq hesab edirik ki, KOBİA ilə müzakirə etməklə Yevlax KOB İnkişaf Mərkəzinin fəaliyyətinin uzadılması və/ və ya başqa çıxış yollarını aydınlaşdırmaq mümkün olacaqdır. Bütün bunların olmasına baxmayaraq Yevlax KOB İnkişaf Mərkəzi əməkdaşları işlərin təşkili istiqamətində səylərini azaltmamışdılar.
Yevlax ş. Bakı pr., 5. Aran Regional İnkişaf Mərkəzi
yevlax@kobim.az
+994 (77)223 30 35 / 36 Yevlax KOBİM