Fors Magazine N3

Page 1


səh.

8

ŞƏFİQƏ BAĞIROVA İLƏ MÜSAHİBƏ

İRADƏ QƏDİROVA İLƏ MÜSAHİBƏ

56

səh.

TURAN MUSTAFAZADƏ İLƏ MÜSAHİBƏ

VƏFA KAHRAMAN İLƏ MÜSAHİBƏ

MAYAKA DOĞRU

səh.

24 26

səh.

içindəkilər

səh.

səh.

20 62

EVİMİN SƏDALARI


KÜTLƏVİ REQRESSİYA

səh.

32

KLARA DEBELJAK İLƏ MÜSAHİBƏ

səh.

28

MİSİR ƏRƏB BAHARINDA QRAFFİTİ VƏ RƏSSAM QADINLARIN ROLU

22

səh.

səh.

16

QIZÇİÇƏYİ

FƏRİDƏ CƏBRAYILIN GÜNDƏLİYİNDƏN QEYDLƏR

səh.

səh.

46 38 ƏMRULLA İSRAFİLOV İLƏ MÜSAHİBƏ


Editor-in-chief HUSNIYYA NEMET HASHIMOVA Project Manager ILKIN YUSIF Art Director TURAL ALISOY

 info@fors.media  forsmediabaku  forsmedia  forsmagazine  fors.media


REDAKTORDAN O, təbiəti sevirdi. Dağları sevirdi. Alpinist yoldaşları ilə əbədi olaraq təbiətə qovuşmasından bir il ötür. Forsun dekabr sayını Fəridə və onun timsalında bütün cəsur, azad insanlara həsr edirik.


Biz şüuraltına işləyirik

w w w . b u m e r a n q . a z



8

FORS MAGAZINE | fashion


9

Şəfiqə Bağırova ilə müsahibə “Baghiri” brendinin yaranmasına necə təşəbbüs etdiniz? Ümumi fəaliyyətimizin noyabrda 4 ili tamam oldu. Lakin 1 ildən az bir müddətdir ki, rebrendinq etmişəm və “Baghiri” ərsəyə gəlib. Rebrendinq etməyə məni daha çox rəfiqəm və fotoqrafım Fatimə təşviq etdi. Yenidən formalaşdırıb “Baghiri”ni təqdim edən zaman anamın da fikirləri çox vacib idi mənim üçün.

Azərbaycanda əl işlərinə maraq necədir? Alıcılıq qabiliyyəti sizi qane edirmi? Sevindirici haldır ki, son illər əl işlərinə maraq kifayət qədər artıb. Ancaq təəssüf ki, insanların bir çoxuna görə məhsulun yerli istehsal və əl işi olması onun dəyəri ilə yalnış əlaqələndirilir. Belə ki, onlar kütləvi mağazalarda satılan fabrik məhsulları ilə qiymət müqayisəsi apararaq, “bahadır” qənaətinə

gəlirlər. Ancaq hamıya məlumdur ki, həmin mağazalarda üzərinə “handmade” etiketi vurulmuş məhsulların qiyməti digərlərindən bir neçə dəfə yüksək qiymətdə satışa çıxarılır. Nəzərə alsaq ki, əl işlərinin əksəriyyətinin satışı online olaraq həyata keçirilir, alıcılıq qabiliyyəti bu səbəbdən dolayı aşağı düşür.

Sosial şəbəkələrin mövcudluğu kiçik sahibkarlıqla məşğul olan şəxslərin üzünə, belə demək olarsa, “cənnətin qapıları”nı açdı. Son illər, əl işlərinin satışı ilə məşğul olan şəxslərin sayı kifayət qədər artıb. “Baghiri”ni digər əl işlərindən fərqləndirən nədir? Daha öncə qeyd etdiyim kimi marağın artması təkcə alıcılarla deyil, həmçinin istehsalçıların artması ilə

əlaqəlidir. Düşünürəm ki, hər kəs öz dəsti-xətti ilə gedərsə, bu istiqamətdə şaxələnmə nə qədər çox olsa da nəticədə bu proses inkişafa zəmin yaradar. “Baghiri”nin unikallığı özünü rəng uyğunluğunda, geniş seçim imkanlarında, səliqəsində, bir məhsulun əmələ gəlməsi üçün sərf olunan vaxt və əməyin dolğunluğunda, müştərilərə xüsusi seçim imkanları yaratmaqda (mövcud modellərin istənilən rəng və formada sifarişi) göstərir.

“Surət orijinaldan daha gözəldir” deyirlər. Razısınızmı? İşlərinizin bənzərini görəndə nə düşünürsünüz? C. Chanelin söylədiyi, tez-tez xatırladığım bir cümlə var: “Orijinal olmaq istəyirsənsə, təkrarlanmağa hazır ol”. Təkrarlanmaq sevindirici və qürurvericidir, bu baxımdan, qeyd etdiyiniz gözəlliyi duya bilərik. Lakin təkrar olunmuş məhsul hər zaman ən az bir pillə daha aşağıda dayanacaq, istər keyfiyyət, istərsə də ‘kopya’ damğasına görə.


10

Zövq aldığınız və bunu işlərinizdə yansıtdığınız nələr var? Rəng uyğunluğuna çox önəm verdiyim üçün təbiətlə harmoniya deyə bilərəm. İşlərimdə kiçik də olsa təbiətdən yansımalar görməyi çox sevirəm.

Hər güclü qadının arxasında bir güclü qadın var. Bizə bir az ananız haqqında danışın. Sizə necə dəstək olur? Çox xoşbəxtəm ki, qurduğum işdə anam hər zaman yanımda olub. Biz təkcə ana-qız deyil, həm də iş yoldaşıyıq. Onun rəsm və tikiş qabiliyyətinin olması mənə həm tikişlərdə, həm də rəng seçimlərində çox kömək edir.

Birlikdə işləyərkən son qərarı kim verir? Hər hansı bir yeni dizayn düşünürəmsə, bunu hər zaman anamla məsləhətləşirəm. Texniki cəhətdən, rəng və forma baxımından ən yaxşısına birlikdə qərar veririk.

Kiçik sahibkarlıqla məşğul olmaq istəyən şəxslərə nə tövsiyə edərdiniz? Daha əvvəl vurğuladığım kimi, əgər öz dəsti-xətlərini yaradacaqlarsa, öyrənməyə, araşdırmağa maraqlıdırlarsa, mütləq cəhd etsinlər. Yaradıcılıqda böhran vəziyyətlər olduğu kimi, sahibkarlıq məsələsində də tez-tez demotivasiya edici hallarla rastlaşırıq. Hər iki istiqamətdə tarazlığı qorumaq üçün bol enerji, istək və maraq varsa, mütləq sınamaq lazımdır.

FORS MAGAZINE | fashion



Foto: Məmməd Əliyev

12

FORS MAGAZINE | health


A

bort qədim dövrlərdən mövcuddur. Əvvəllər bu məqsəd üçün “abort bitkiləri” istifadə olunurdu. Amma hamiləliyi sonlandırmaq üçün edilən bütün əməllər cinayət hesab olunurdu, çünki insan şüuru yetkin insanla embrion arasında fərq qoymurdu. Ona görə də Hippokrat andında “Mən heç vaxt bir qadına abort üçün vasitələr verməyəcəyəm” deyilirdi. Zaman keçdikcə aborta etik cəhətdən daha neytral yanaşılmağa başlandı. Artıq əxlaqa olan baxışın dəyişdiyini deyən və aborta cinayət deməyin anaxronizm sayıldığını hesab edən abort tərəfdarı olan cərəyanlar yaranmağa başlayırdı. Onların əsas arqumenti o idi ki, hər bir qadın öz bədəni haqqında qərarları özü verməlidir və heç kimin belə bir şəxsi məsələnin həllinə qarışmağa ixtiyarı yoxdur. Bəs məsələ bu qədər sadədirmi? Elm bu suallara necə cavab verir? Amerikalı həkimginekoloq Bernad Natanson işlədiyi illər ərzində 60 minə yaxın abort edib və bunun nə dərəcə zərərsiz olduğu barədə çox düşünüb. O, ultrasəs, embrionun ürəyinin elektron araşdırılması, embrioskopiya, radiobiologiya kimi müasir texniki üsullardan istifadə edərək elmi araşdırmalar aparıb. Detallı araşdırmalarının nəticəsində bildirib: “Embrionun özünün xüsusi və şəxsi xüsusiyyətləri olan insani bir varlıq olması faktından bu gün artıq şübhə duymuruq”. Öz nəticələrini sübut etmək üçün Natanson 3 aylıq embrionun abortunun ultrasəs vasitəsilə çəkilişini həyata keçirib. “Səssiz qışqırıq” adlı bu lent yazısı sübut edir ki, döl əməliyyat zamanı istifadə olunan alət tərəfindən özünə qarşı təhlükəni hiss edir. O, daha sürətlə və təlaşla hərəkət etməyə başlayır, ürək döyüntüləri dəqiqədə 140-dan 200-ə qədər artır, ağzını geniş açır, sanki lal qışqırıq ilə qışqırırmış kimi. Bu kadrlar çoxlarını sarsıdır, hətta abort tərəfdarı olan bəzi həkimlər onun əleyhinə olmağa başlayırlar. Cəmiyyətin aborta yanaşması müxtəlif dövrlərdə müxtəlif formalarda olub, cəmiyyətin və dövlətin strukturundan, maddi və sosial şəraitdən, demoqrafik vəziyyətdən, dini inancların inkişafından və s. asılı olub.

Mama-ginekoloq

Sumayə Əzizova

ABORT QADININ HÜQUQUDURMU?

MÜƏLLİF:

13


14

XVII əsrin ikinci yarısında çar Aleksey Mixayloviç Romanov tərəfindən qəbul olunmuş xüsusi qanuna uyğun olaraq hamiləliyin süni dayandırılmasına görə ölüm cəzası verilirdi. Cəzalar haqqında müddəaya görə, 1845-ci ildə abort qəsdən uşaq öldürülməsinə bərabər hesab olunurdu. Bu cinayətə görə cəzalar həm dölü kənarlaşdıranlara, həm də qadınların özlərinə tətbiq edilirdi. Həkimlərə 4 ildən 10 ilə qədər ağır iş və Sibirə sürgün cəzası verilirdi, qadınlar isə 4 ildən 6 ilə qədər islah müəssisələrində saxlanılırdılar. 1917-ci il inqilabından sonra isə vəziyyət dəyişdi. Azad sevgi artıq qadının azadlığı kimi qəbul olunurdu. Kontraseptivlərin olmaması isə nikahdankənar uşaqların doğulmasının sürətlə artmasına səbəb oldu. Milli Səhiyyə Komissarlığı və Milli Ədliyyə Komissarlığının fərmanı ilə abort Sovet Rusiyasında leqallaşdı. Sovet İttifaqı abortun qadının istəyinə görə edilməsini qanuniləşdirən ilk dövlət idi. 1936-cı ildə çətin demoqrafik vəziyyətlə bağlı olaraq, hamiləliyin süni pozulması ilə bağlı əməliyyatlar qadağan olundu. Bu qadağanın təşəbbüskarları inanırdılar ki, bu üsulla əhali artımına nail ola biləcəklər. Kontraseptivlərin olmaması, həqiqətən də, ilk zamanlarda doğuşların sayının artmasına gətirib çıxardı. Amma qısa bir zaman sonra gizli abort qeyri-qanuni iqtisadiyyatın vacib sahələrindən birinə çevrilməyə başladı. Kriminal abort adi hal almağa başlayırdı. Abortun bir çox hallarda tibbi təhsili olmayan insanlar tərəfindən həyata keçirilməsi qadınların əksəriyyətində sonsuzluğa səbəb olurdu. Digər tərəfdən isə əlçatan məişət vasitələrilə hamiləliyin sonlandırılması qadınların sağlamlığına ciddi ziyan vurmağa başladı. Məsələn, qaynar duş və vanna qəbul edilməsi, xardal yaxması ilə bədəni sarımaq, uşaqlıq boşluğuna qələm, mil kimi sərt vasitələr, bəzi kimyəvi maddələr daxil etmək bu üsullardan bəziləri idi. Bunlar da çox zaman uşaqlıqda qanaxma, iltihab, kimyəvi yanıqlar kimi təhlükəli fəsadlarla nəticələnə bilirdi. Abort latın dilindən tərcümədə “uşaqsalma” deməkdir. O, özbaşına və süni baş verə bilər. Süni abort medikamentoz (dərmanlarla) və ya cərrahi müdaxilə ilə (vakuum aspirasiya, küretaj) həyata keçirilir. Hal-hazırda Azərbaycanda Ümumdünya Səhiyyə Təşkilatının normalarına uyğun olaraq, hamiləliyin süni pozulması 22-ci həftəyə qədər qəbul olunub, sosial səbəblər siyahısı isə artıb. Yaşayış yerinin olmaması, qaçqın və məcburi köçkün statusu, işsizlik, yaşayış minimumundan daha az gəlir, nikahdankənar hamiləlik aborta göstəriş hesab olunur. Aparılan tədqiqatlar göstərir ki, əksər ölkələrdə abortun həyata keçirilməsinə 6 əsas səbəblə icazə verilir: həyati risklər, təcavüz və ya insest əlaqə, dölün inkişaf qüsurları, fiziki və bəzən psixi sağlamlıq üçün risklər, sosial və maddi səbəblər, istəyə görə. Müasir dünyada təhlükəsiz abort anlayışı var. Bu, ixtisaslı tibb işçisi tərəfindən adekvat avadanlıqlarla düzgün metodikadan istifadə etməklə sanitar-gigiyenik standartlara riayət edərək reallaşdırılan abortdur.

FORS MAGAZINE | health


15

Abortla bağlı miflər Abort olunan qadın ağır psixoloji travma alır. Abort olunan qadınlar arasında aparılan araşdırmalardan məlum olub ki, əksər qadınlar abortu emosional və psixoloji olaraq zərərli hesab etmirlər. Bəzi insanlar abortun qısa müddətdə stresli və ağır olduğunu düşünür, əksəriyyət isə uzun müddət davam edən problemlərlə üzləşmir.

Abort sağlamlığa ziyandır.

Bu, doğru deyil. Araşdırmalara görə, hamiləliyin erkən dövründə icra olunan abort doğuşdan 10 dəfə daha təhlükəsizdir. Statistikaya əsasən abortun yalnız 0.5%-də fəsadlar olur. Abortun süd vəzi xərçəngi riskini yüksəltməsi ilə bağlı mif də tədqiqatlarla inkar edilmişdir.

Abortdan sonra hamilə qalmaq olmur.

Hamiləliyin erkən dövründə icra olunan abort təhlükəsiz və sadə tibbi prosedurdur. Abortun düşük və sonsuzluğa səbəb olması haqqında fikirlər mövcud olsa da, bu, elmi olaraq sübut olunmayıb. Keçmiş dövrdə abort zamanı qadınlar reproduktiv sağlamlıqları üçün potensial risklə qarşılaşırdılar, bunun səbəbi isə ixtisaslı olmayan həkimlər tərəfindən həyata keçirilən təhlükəli abortlar idi.

Qadının özü üçün nəyin daha yaxşı olması qərarını verməyə haqqı yoxdur. Qadınlar planlaşdırılmamış hamiləlikləri ilə necə davranacaqlarını daha yaxşı bilirlər. Siz öz həyat şəraitinizi, güclü tərəflərinizi və imkanlarınızı, resurslarınızı daha yaxşı bilirsiniz. Həmçinin, siz davam edən hamiləliyin və ya abortun birbaşa təsir etdiyi əsas insansınız.

Əgər qadın qoruyucudan istifadə etsəydi, aborta ehtiyac qalmazdı. Hesablamalara görə, ildə 33 milyon qadın qorunmaqlarına baxmayaraq, planlaşdırılmamış hamiləlik yaşayır. Fakt budur ki, heç bir kontraseptiv 100% effektli deyil. Ölkəmizdə 2014-cü ildə təhlükəsiz abortla bağlı kliniki protokol qəbul olunmuşdur. Prokola uyğun olaraq, hamiləliyin sonlandırılması 12-ci həftəyə qədər qadının istəyinə, həmçinin tibbi və sosial səbəblərə görə həyata keçirilə bilər. Hamiləliyin 12-ci həftəsindən sonra isə abortun icra edilməsi haqqında qərarı konsilium verir.


16

KÜTLƏVI reqressiya MÜƏLLİF: Vüsalə Yusif

C

əmiyyətimizin qanayan yarasından danışırıq – kütləvi reqressiyadan. Mənəvi tənəzzüldən. Bəsitləşmədən. İnternetin, sosial media forumlarının həyatımıza daxil olması ilə başlamış və artıq meyvələrini verməkdə olan bəladan. Axına qapılıb gedirik toplu şəkildə. Cahil də, düşüncə sahibi də, gənc də, yaşlı da bu çaxnaşmada yox olmağa niyyətlidir. Artıq nə düşündüyünü, nəyi müdafiə etdiyini, nəyin arxasınca getdiyini bilməyən, eyni tip düşüncəni mühakiməsiz mənimsəmiş, özündən uzaqlaşmış bir kütlə forlamaşıb. Əvvəllər, güclünün yanında olma, onun düşüncəsini mənimsəmə prinsipi, azlıqda yer almaq qorxusu var idisə, bu gün insanlar düşüncəsini,

FORS MAGAZINE | health

həyat tərzini mənimsəmək üçün güclünü belə axtarmır. Hər kəs bəsit olanı təqlid edir, örnək alır, təkrarlayır. Sevdiyi, bəyəndiyi və rəğbət bəslədiyi üçün deyil, sadəcə asan olduğu, yormadığı və buna rəğmən şöhrət (güc) gətirdiyi üçün. Hər kəsdə bir populyarlıq eşqi baş qaldırıb. Daxili yoxsulluğu, əziklik kompleksini ört-basdır etmək çabası süzülür bu canfəşanlıqdan. İstənilən insan mənası, məqsədi bəlli olmayan 10 saniyəlik video ilə ortalığı ayağa qaldıra bilir. Asanlıqla özünə “heyran” kütlə toplayıb reklam ulduzuna çevrilir. Pul çesməsi açılır, bacadan düşmüş zənginlik və şöhrət baş döndürür. Mədəniyyətinə, dünyagörüşünə hörmət etdiyin insan belə axına cavab verir, hərkəsləşir.


17

Artıq nə filmlər, nə kitablar, nə televiziya, nə göz önündə olan hörmət bəslənən örnək insanlar, nə mədəniyyətimizi təmsil edən adət-ənənələr, nə danışıq dilimiz, nə gündəlik həyat tərzimiz, nə uşaq tərbiyə şəklimiz gələcək vəd etmir. Sürətlə tənəzzülə uğradırıq mədəniyyətimizi. Danışıq dilimiz, leksikonumuz vulqar, bayağı sözlərlə dolub. Küçə lüğəti günlük leksikonumuza yapışıb. Ədəbiyyatdan xəbərsiz uydurma yazarların, göydəndüşmə yaşam rəhbərlərinin (istər yerli, istərsə də xarici) kitabları bestseller rəflərində boy göstərir. Bəli, bizlərin sayəsində. Adını bəyənmişik deyə, üzlüyü kitablığımızın dekorasiyasına yaraşır deyə, əlimizdə gəzdirib intellektual imic yaradaq deyə aldığımız söz doğramacından ibarət kitabları ilklərə daşıdıq. Nə ana fikri, nə süjeti beynimizdə özünə yer tapan, zaman itkisi filmləri kinoteatrların qazanc mənbəyinə çevirdik. Televiziya öz tarixinin ən utancverici dövrünü yaşayır. Mədəni maariflənməyə bu qədər ehtiyac duyulduğu zamanda şəxsi ailə məsələləri və “çalıb-oynamaq” yönümlü verilişlərlə televiziya kütləsi hipnoz edilir. Bədxassəli törəməyə dönüb, günbəgün böyüyür bayağılıq. Artıq uşaqlarımızın fotoşəkillərini oynayıb əyləndikləri zaman, bayramlarda, özəl anlarda deyil, sıravi bir gündə 2 kvadrat metrlik bahalı dekor səhnələrində çəkdiririk. Bir saatda 4-5 geyim dəyişdirib, minlərlə uşağın “uşaqlığının keçdiyi” dekorlarda tələsik uşaqlıq illəri yaradırıq. Gələcəkdə o şəkillərlə zaman yolculuğuna deyil, məkan yolculuğuna çıxacaqlar sayəmizdə. Uşaqlıq fotolarımıza baxarkən keçirdiyimiz xoş hisslər, ani gülümsəmələr, ani hüzünlər onlar üçün “bu şəkillər üçün atam filan qədər pul ödəmişdi”dən daha emosional olmayacaq. Eyni sevgi hekayələri (love story) kimi. Görüş günlərinin, gəzintilərin, özəl günlərin əbədiləşdirdiyi şəkillər deyil, bir gündə, bir neçə geyimdə şəhərin bir neçə yerində çəkilmiş xatirəsiz, hekayəsiz, donuq, lal şəkillər kimi. Sevgi hekayəsimi, yoxsa hekayə uydurmaq sevgisimi görəsən?


18

Bayramlar, toylar, adət-ənənələr kommersiya qurbanı olub. Haqq verən də, verməyən də ayaq uydurma təlaşındadır. Axı ayıbdır, camaat nə deyər? İki könül bir olunca samanlığın seyran olduğu zamanə deyil ki indi. İndi nişan evinə paltar muzey eksponatı kimi şüşə qutuda gəlməlidir. Üzərinə zövqsüz mirvarilər, daş-qaşlar suvanmış, gözlərə işgəncə üçün dizayn edilmiş səbətlər yarışdırılmalıdır. Kreditlər götürülməli, efirlərdə meydan sulayan səhnəkarlar toyda tozu dumana qatmalıdır. Qazanan banklar, səhnə adamları (sənət demirəm, deyə bilmirəm), itirən sən, mən, cəmiyyət, mədəniyyət. Artıq hər birimiz ulduz olmuşuq, hər an üzərimizdə “fləşlər” partlayır, ayaqlarımızın altına xəyali qırmızı xalılar sərilir. Süfrəmizdə yediyimizdən tutmuş, ən yaxınlarımıza verdiyimiz özəl hədiyyələrə qədər hər halımız dünyanın gözü önündə sərgilənir. Səhər-axşam, həftə içi, həftəsonu fərq etmədən kafelər dolub daşır. Hər yanından keçdiyin kafenin şüşəsində eyni ssenari kino lenti kimi təkrar-təkrar oynayır: qarşısındakını unudub boşqabını ölümsüzləşdirməyə çalışan cütlüklər, free kartof yedirdikləri körpələrinə fotosessiya edən valideynlər, kağız torbalarda yemək yediyi üçün özünü ultra-müasir və şanslı sayan yeniyetmələr, telefonlarını yeməyə çıxarmış dost qrupu. Bir neçə saniyə sonra filtrələnib paylaşılacaq o şəkillər və hamı əmin olacaq ki, bu gün də kefimizin ağasıyıq, bu gün də özümüz “cool”, münasibətlərimiz isti, geyimlərimiz markadır, bu gün də portmanatımızda pul, üzümüzdə “smile” həyatın dadını çıxarırıq. Yaxşı ki, muzdlu fəhlə kimi çalışdırıldığımız, robotlaşıb, özümüzü dəyərsiz hiss etdiyimiz iş yerlərimiz var. Aylıq maaşımızı şəkil çəkdirmək, yerimizi elan etmək üçün girdiyimiz kafelərin kassalarında qoyub, heç kimdən geri qalmadığımızı isbatlaya bilirik. Yaxşı ki, ildə bir dəfə rəhbərlikdən 3-5 günlük qopardığımız tətildə hansısa rayonun nəmli, küf qoxuyan kiralıq evlərində 300-500 manat qarşılığında “dincələ” bilirik. Komfort təmənnalı evliliklər, şöhrət və marka sevgisi, mənfəət üzərinə qurulmuş münasibətlər, qısa yoldan zənginlik planları arasında itib batır gənclik. Yetişmədən, bişmədən övlad dünyaya gətirib, öz bataqlığında əridir gənclik. Heç nədən zövq almayan nəsil formalaşır. Kitabları qəhvə kompozisiyalı şəklini paylaşana qədər, yeməyi kafesini “təqləyənə” qədər, səyahəti şəhəri etiketləyənə qədər sevə bilir gənclik. Nə gözləyir gələcəyimizi? İntiharmı, depressiyamı, psixoloji pozuntularmı, şəxsiyyət deqredasiyasımı? Maariflənməyimiz lazımdır. Kitablar, kino, teatr, incəsənət, elm vasitəsilə, ruhunu xərcləməmiş, “öz”ünü qorumağı bacarmış insanların köməyi ilə. Azad olmaq lazımdır öz istəyimizlə dolaşdığımız cəhalət kəndirlərindən, çıxmaq lazımdır arxasında gizləndiyimiz maskalardan, qurtulmaq lazımdır alçaldılmışlıq, təhqir olunmuşluq, əziklik duyğularından. Ancaq o zaman işıq yandırmış olacağıq özümüz üçün, övladlarımız üçün, gələcəyimiz üçün.

FORS MAGAZINE | health



20

TURAN MANAFZADƏ

ilə müsahibə

Azərbaycan Respublikasının Əməkdar Artisti

FORS MAGAZINE | culture


21

Özünüzü daha çox dirijor, bəstəkar, yoxsa pianoçu hesab edirsiniz? Özümü tam olaraq musiqiçi hesab edirəm, buna hamısı daxildir. Amma dünyada qadın dirijorların sayı az olduğu üçün dirijorluğum digər musiqi bacarıqlarımdan bir az fərqlənir.

Musiqidə əldə etdiyiniz uğurun arxasında nə dayanır: istedad, yoxsa zəhmət?

edərdim” dediyiniz müğənni və ya “kaş ki filan orkestrda dirijorluq edərdim” dediyiniz orkestr varmı? İnsan məqsədi uğrunda səylə çalışanda pillə-pillə yüksəlir. Gün gələr, əlçatmaz görünən sənətçi və orkestrla eyni səhnəni də paylaşarsan.

Musiqi və şəxsi həyatınız arasındakı balansı necə qoruyursunuz?

Birinci, istedadlı olmalısınız ki, zəhmətlə onun üstünə nəsə inşa edə biləsiniz. Əlbəttə ki, istedadlı və praktik olmaq qısa zamanda böyük işlər görmək üçün köməklik edir.

Musiqiçi olmaqla yanaşı şəxsi həyatı idarə etmək asan deyil. İş tempinə görə şəxsi həyatınıza vaxt ayırmaya bilərsiniz. Buna baxmayaraq, mən olduqca sosial və insansevər biriyəm. Ailəm və dostlarımla birgə vaxt keçirməyi çox sevirəm.

Orkestr rəhbəri olmaq necə bir duyğudur? Xarakterinizə və şəxsi həyatınıza necə təsir göstərir?

Klassik musiqidən başqa daha çox dinlədiyiniz janr hansıdır?

Bu elə bir peşədir ki, gərək özünüzü bir çox sahədə inkişaf etdirəsiniz. Ümumiyyətlə, dirijor olmaq bir az psixoloq, diplomat, müəllim, dost və natiq olmaq deməkdir. Bunlar əvvəlcə insanın öz xarakterində olmalı və zamanla daha da irəliləməlidir.

Cazı sevirəm, öz bəstələrimdə də bu janrın hissini verməyə çalışıram.

Dirijor çubuğu ilə öz həyatınızı idarə edə bilsəydiniz, nəyi dəyişərdiniz? İnsanlar həmişə dirijor çubuqlarımdan istəyirlər. Yəqin düşünürlər ki, bu çubuqlar sehrli və uğurludur. Ancaq mən heç nəyi dəyişmək istəməzdim.

Əməkdaşlıq etmək istədiyiniz musiqiçilər varmı? “Kaş ki filankəs sağ olardı, onu pianinoda müşayiət

Dirijor olmağı xəyal edən qızlara nə tövsiyə edərdiniz? Dirijorluğu xəyal edən qızların olduğuna əminəm. Ancaq bunun üçün çox cəsur olmaq və çalışmaq lazımdır. Təhsil olduqca zəruridir. Bu və bir çox sahəyə xanımların marağının daha da artmasını arzu edərdim.


22

Müəllif:

Husniyya Nemet Hashimova

QIZÇIÇƏYI Bu film sadəcə xörəyi boyat olduğu üçün qəzəblənən insanlara həsr edilir. Věra Chytilovánın müəllifi olduğu “Qızçiçəyi” (çex. Sedmikrásky) adlı bədii ekran əsəri Çex Yeni Dalğasının (çex. Nová Vlna) əsas filmlərindən biridir. Praqa Baharından iki il öncə – 1966-cı ildə ekranlaşdırılan film hakimiyyət orqanları tərəfindən “əxlaqsızlığı təsvir etdiyi üçün” qadağan olunur. Rejissor isə 1975-ci ilə qədər ölkədə işləmək hüququndan məhrum edilir.

DÜNYA KORLANIB, BIZ DƏ KORLANAQ! 60-cı illərdə Çexoslovakiyada baş verən kütləvi siyasi liberallaşma prosesi, SSRİ-nin tərkibindən azad olma cəhdləri filmdə Mariya adlı iki gənc qızın timsalında öz əksini tapıb. Filmin ilk səhnələrindən birində alma ağacının ətrafında rəqs edən qızlar almanı dişlədikdən sonra “cənnətdən qovulurlar”. Getdikcə “korlanan” qızlar acgözlük, yalan, oğurluq, ədəbsizlik, əyləncəylə cəmiyyətin yaratdığı sosial boyunduruqdan xilas olur, etiket və əxlaq anlayışlarını darmadağın edirlər. “Nəisə xoşunuza gəlmirsə, qaydalarına əməl etməyin, onları pozun. Qadın və kişilərdə axmaqlıq və sadəlövhlüyün düşməniyəm. Həyatımı bu xüsusiyyətlərdən xilas etmişəm” – müsahibələrinin birində Věra belə deyir. Xaotik, sürreal hadisələr fonunda qızlar izləyicini özləri ilə birlikdə psixodelik səyahətə aparırlar. Qızçiçəyi ilə bəzədilmiş saç çələngi çayda üzür. Şikar (yaşlı zəngin kişi) tilova düşür. Qızlar onları yeməyə çıxarmış

FORS MAGAZINE | culture


23 cenltmenin yanında bütün etiket qaydalarını pozaraq, “qadına yaraşmayan” hərəkətlər edirlər. Yeməkdən sonra artıq əllinci qurbanlarını vağzalda yola salaraq arxasıyca isterik gülüşə çevrilən göz yaşı axıdırlar. Film boyu qızlar gənclik, xoşbəxtlik, varlıq (mövcudluq) və korlanmaq haqqında cavabsız suallar verirlər.

NIYƏ “SƏNI SEVIRƏM” DEYIRIK? “YUMURTA” DA DEYƏ BILƏRDIK. Etdikləri ədəbsizliklərdən sıxılan qızlar indi fərqli ədəbsizlik axtarışındadırlar. Gizlincə yemək dolu otağa daxil olan qızların daha acgöz, daha dağıdıcı hərəkətlərinin şahidi oluruq. Səhnə narahatedici dərəcədə gözəldir. Əməllərinə görə cəzalandırılaraq çayda boğulan qızlar ikinci şans üçün yalvarırlar. “Dua”ları qəbul olur. Yenidən həmin ziyafət otağına qayıdan qızlar dağıtdıqlarını bərpa etməyə, bununla da yenidən xoşbəxt olmağa çalışırlar. Kommunist rejiminə işarə edən bu səhnə “bir dəfə qırılanı (boşluğu siz doldurun: inam, sülh, sevgi) düzəltmək mümkün deyil” mesajı ilə filmin epiloqudur.

KAŞ KI, INSANLAR SƏHƏRLƏRIN NƏ QƏDƏR SOYUQ OLDUĞUNU BILƏYDILƏR.


24

FORS MAGAZINE | culture

İllüstrasiya: Azər Məmmədli (Azy)


MAYAKA DOĞRU

25

“Balıqçı kədərləndi, – ucadan oxudu – getmək istəmirdi. Bu, düzgün deyildi. Amma başqa çıxış yolu yox idi, dənizə yollandı. Gördü ki, dənizin suyu artıq əvvəlki kimi yaşıl, şəffaf deyil, mavi, boz, tutqun rəngdədir, amma daha sakitdir. Balıqçı dedi…” Xanım Remzi bu məqamda ərinin ayaq saxlamamasına üstünlük verərdi. Axı demişdi, uşaqların kriket oynamalarına baxmağa gedəcək, gedəydi də. Amma cənab Remzi heç nə demədi, bir anlıq baxdı, başını razılıqla yellədi, gəzinməyə davam etdi. Qarşısında uzanan hasara – o hasar ki, neçə dəfə düşüncələrindəki tərəddüdlərə son qoymuş, bir nəticəyə gəlməyinə səbəb olmuşdu, arvadıyla oğluna, daş dibçəyin içindən aşıb-daşan qırmızı ətirşahlara, onların nəsə oxuyarkən tələsik qeydlər etdiyi kağız vərəqlərinə oxşayan yaşıl yarpaqlarına baxa-baxa fikrində hər il Şekspirin evinə baş çəkən amerikalı turistlərin sayı ilə bağlı “Times” jurnalında dərc olunmuş yazını çəkçevir eləyirdi. Şekspir heç doğulmamış olsaydı, dünya bugünkündən fərqlimi olardı, – öz-özünə sual verirdi. Sivilizasiyanın tərəqqisi böyük şəxsiyyətlərdən asılıdırmı? Fironlar dövründən bəri orta təbəqəyə məxsus olan adamın taleyi dəyişibmi? Orta təbəqəyə məxsus adamın taleyi sivilizasiyanın səviyyəsini müəyyənləşdirirmi? Yəqin ki, yox. Güman ki, cəmiyyətin ali rifahı üçün qulların olması zəruridir. Liftlərdə xidmətçi olmadan keçinmək mümkün deyil. Fikirləri özünə xoşagəlməz göründü. O, başını silkələdi. Lazım deyil, lazım deyil, yolunu tapıb incəsənətin rolunu bir qədər azaltmaq daha yaxşı olar. O, dünyanın orta təbəqəyə mənsub adamlar üçün mövcud olduğunu sübut eləməyə hazırdır, incəsənətin yalnız insan həyatının bəzəyi olduğunu da sübuta yetirə bilər. İncəsənət həyatı ifadə eləmir. Dünyaya Şekspir-filan da lazım deyil. Niyə Şekspiri bu qədər alçaldır, işi-gücü liftin yanında qulluq göstərəcəyi adamları gözləməkdən ibarət olan xidmətçinin tərəfini tuturdu, özünə də bəlli deyildi… İstəsə də, istəməsə də, taleyi belədir, qəribədir, qaçıb dənizin tədricən yuyub aparmaqda olduğu torpaq parçasını tapır, tənha, kədərli, quş sayaq burda dayanır. Bu, məhz bu; bütün artıq şeyləri üstündən atmaq, özünə qayıtmaq, kiçilmək, daha yalın qalmaq, cismən də yüngülləşmək, lakin zəkasını qoruyub saxlamaq, öz kiçik torpaq parçası üzərində dayanıb insanların içində olan bilgisizliyin, anlamazlığın zülmətinə meydan oxumaq, bizim heç nədən xəbərimiz yoxdur, amma dəniz üstündə dayandığımız torpaq parçasını altdan-altdan gəmirməməkdir – deyə düşünmək onun üstünlüyü, onun taleyidir. Amma atından yerə endiyi anda, bütün sünilikləri, bəzəkdüzəyi, fındıq yükünü və çiçək çələnglərini, hər şeyi elə yığışdırıb atmış, elə xəfifləmişdi ki, şan-şöhrətin, hətta öz adının nə olduğunu xatırlamırdı, amma o tənhalığın içində belə gərginliyini, qarabasmalardan uzaq sayıqlığını qoruyub saxlayır, özünü itirmirdi.

Virciniya Vulfun əsərindən bir hissə


26

Evimin sədaları MÜƏLLİF:

Foto: İlkin Yusif

Aynur Zərrintac

Rüqəyya Kəbirinin “Evim” kitabı haqqında təəssüratlarından

FORS MAGAZINE | culture


27

E

vim! Kürəyini divarlarına söykədikcə səni qızdıran, küləkdən, yağışdan, günəşdən sığındığın, sevdiklərinin şəkillərini düzdüyün, günəşin hər səhər pəncərədən şüaları ilə səninlə oynaşıb oyandırdığı məhrəm yer. Evim! Kürəklərini soyuq divarlarına dayadıqca ciyərlərini yandıran, nəfəsini içinə çəkdikcə tənhalığını dərindən andıran, gözlərini dəmir barmaqlıqlarından həsrətlə mavi səmaya zilləyib günəşdə doğmalarının simasını axtardığın yad məkan. Rüqəyya Kəbirinin İranın ən böyük həbsxanası olan “Evin”də həbs olunmuş gənc qadının həyatından bəhs edən “Evim” kitabını oxuduqca, evimin içində məni tənhalıq pərdəsi bürüyürdü. Səhifələrdən qadının iniltiləri, həsrəti, çəkdiyi zülm bütün bədənimə hopurdu. Bəzən də özümü onun yerində, zindanın tən ortasında, soyuq döşəmə üzərində çılpaq təsəvvür edirdim. Zindan! Torpaq üzərində mətin addımlarla ayaqlara vurulan qandalların məskəni! Zindan! Sərhədsiz ideyalarla yaradıcılığın tam ali zirvəsində susdurulan insan səsləri! Zindan! Köləliyə alışmamış azad ruhların boyunduruq altına salındığı qara zirzəmi! Və bu zirzəminin tam ortasında hələ ömrünün bahar çağlarında, yaşıl çəmənliklərdə sevgi çərpələnglərini uçurdacaq gənc bir qadın diz üstə çöküb. Müəllif əsərin qəhrəmanının bütün xatirələrini bir zindan otağının hücrəsinə toplayıb. İnsan tənhalıqda daha çox keçmişini anır. Rüqəyyanın qəhrəmanı öz seçiminə, siyasi ideologiyasına görə həbs olunan gənc qadındır. Ancaq kitabda onun siyasi fəaliyyətindən daha çox, qaranlıq və soyuq zindanda keçirdiyi hissləri əks olunub. Əsərdə təsirli məqamlardan biri çıraq, çörək və güzgünün qarşılaşdırıldığı yerdir. “Güzgüsüz günlərinin xatirinə, ölənə qədər güzgüyə and içəcək. Güzgü çıraq kimi yanmasa da, çörək kimi doyurmasa da, güzgüdür. Açıqaydın yalançı dünyanın düşmənidir. İçində nə baş verirsə, üzünə yansıdacaq. Güzgü çatlayıb sınırsa, onu da özündə sındıracaq. Qaranlıqda qaranlıq kimi parlayacaq, işıqda işıq kimi. Su kimi safdır, aydındır güzgü...”

Əqidəsi uğrunda mübarizə aparan şəxslər həmişə güzgüdəki əkslərini xatırladırlar. Onlar necədirlərsə, əksləri də o cürdür. Güzgü bir simanı göstərir. Həqiqəti! Məhbus qadın ac və qaranlıqda qaldığı halda bir güzgüyə ehtiyac duyur. Bəlkə özünün saflığını, bəkarətini, ləyaqətini göz-gözə görüb toxtasın deyə. Ancaq qaranlıq zindan hücrəsində ona özünü göstərəcək heç bir şey yoxdur. Bu zaman o, suyu xatırlayır. Küncdəki unitazda olan suyu. Axı su da şəffafdır. Hər nə qədər bulansa da, o da göstərilən hər bir şeyi əks etdirir. Ancaq qadın yanılır. Bu su sistemin özü kimi çirkablığı əks etdirir. Mədə bulantısında diksinib kənara çəkilir. Bəs qaşıq?! Məgər o, yemək yediyi qaşıqdakı əksinə baxa bilməzmi? Yox, unudub. O artıq qabını qaşıq qarışıq nəzarətçiyə təhvil verib... “Evim”in müsbət tərəfi bir də ondadır ki, qəhrəmanımız tez-tez mütaliə etdiyi kitabları xatırlayır. Viktor Hüqodan, Səməd Behrəngidən, Maksim Qorkidən bənzətmələr verir. Bu bənzətmələrlə sanki içindəki özüylə danışır. Onlar ikisi də eyni anda soyuqdan titrəyirlər. Müəllif bu sətirləri gözəl izah edir: “Özlüyü də özü kimi üşüyür. Özüylə iç-içə yumaq kimi torpaq iyi verən adyalı kürəklərindən başına çəkir. Soyuq özüylə özlüyünü birləşdirib. İkisi də şaxtadan donub susublar”. Knut Hamsunun “Aclıq”ını oxuyanda da eyni hissləri keçirmişdim. Sanki qəhrəman mən özüm idim. Deyirlər, yaxşı əsərlər o əsərlərdir ki, səni qəhrəmanının həyatına hopdurur, oxuduqca ətrafındakı zaman dayanır və sənin zamanın kitabdakı hadisələrin cərəyan etdiyi an olur. Bir də son səhifədə sanki reallığa qayıdırsan. Amma böyük təəssüratla, kimliyin dəyişmiş, böyümüş halda... Rüqəyya Kəbiriyə “Evim”də yaşatdırdığı günlər üçün təşəkkürlər. Hərgah ki, realda “Evin”in sakini olmağı arzulamazdım...


Ərəbşünas mütəxəssis, “Radio Sharg” onlayn radio platformasının layihə meneceri

Gülarə Əliyeva

Müəllif:

28

Misir Ərəb Baharında qraffiti və rəssam qadınların rolu

2010-cu ilin dekabr ayından etibarən bir çox Ərəb ölkələrində yoxsulluq, korrupsiya və siyasi təzyiqlərə görə kütləvi nümayişlər başladı. Getdikcə Ərəb ölkələrində yayılan bu inqilab dalğası Misirə də gəlib çatdı. 2011-ci ildə xalq etirazları Misirdə uzun müddət xidmət edən və nüfuzlu lider sayılan Hüsnü Mübarəkin iqtidardan getməsi ilə nəticələndi. Nümayişlərin əsas səbəbləri polis şiddəti, fövqəladə vəziyyət, işsizlik, minimum əmək haqqının azaldılması, qida çatışmazlığı, ifadə azadlığının olmaması, korrupsiya halları, həyat səviyyəsinin aşağı olması idi. Bütün bu proseslər etirazlar zamanı incəsənətin özünü dirçəltməsinə və yeni fona girməsinə səbəb oldu. Sənət insanları da artıq susmur, etirazlara qoşulurdular. Onların arasında küçə teatr qrupları, yazıçı, reper, müğənni, aktyor və kinoşünaslardan başqa mövzumuzun əsas qəhrəmanları – küçə və qraffiti sənətçiləri də var idi. Onlar Misir cəmiyyətinin gələcəyə olan baxışını dəyişmək, fərqli düşüncələr və fikirlərə açıq olmasına öz sənətləri ilə təsir göstərəcəkdilər. Mübarək rejiminə qarşı başlayan etirazlarda qadınlar da kişilər kimi nümayişə çıxırdılar. Xüsusilə də 2011-ci il 25 yanvar etirazlarında kişilər qədər qadınlar

da iştirak edirdilər. Əsma Məhfuz və İsra Abdel Fəttah kimi gənc bloqqerlər bütün misirliləri əl elanları, YouTube videoları və bloqlarında paylaşdıqları xəbərlərlə etirazlara səsləyirdilər. Mübarəkin istefa verdiyi günlərdə Təhrir meydanında əvvəllər etirazçıların 10 faizini qadınlar təşkil edirdisə, artıq bu iştirakçıların 40-50 faizi qadınlardan ibarət idi. İnqilab zamanı divar rəsmlərində Misir tarixinin güclü qadınlarından ibarət qraffiti nümunələrini görmək olurdu. Ərəb dünyasının ulduzu, misirli müğənni Ümm Gülsümün oxuduğu mahnının sözləri “Səbrin də öz hüdudu var” divar yazısı olaraq Misir küçələrində görünməyə başladı. Başqa bir divar rəsmində “İncəsənət tabu deyildir” təsvirini görmək olardı. Əl-Ziftin əleyhqaz taxmış Nefertiti rəsmi də olduqca geniş yayılanlar

arasında idi. O, Misir tarixinin güclü qadınlarından biri olan Nefertitinin rəsmindən istifadə edərək, qadınların inqilabda iştirakına diqqət çəkmək istəmişdi. Bu qraffiti ilə o, bu gün dünyada qaz bombaları ilə qovulan etirazçıları simvollaşdırmışdı. Bundan başqa, küçə sənətçisi Alaa Avad 2012-ci ildə güclü qadınla-

FORS MAGAZINE | culture


29

obrazı və onu əhatələmiş Misir tarixinin güclü qadınlarını – Ümm Gülsüm, Nefertiti, Düriyə Şəfiq, Lətifə əl-Zayet və başqalarını görürük. Mübarək rejimi devrildikdən sonra cins, din və təbəqələr arasında yaranmış həmrəyliyin artıq

rın neo-faronik səhnələrini çəkdi. “Yürüş edən qadınlar. Nərdivana çıxan qadınlar” adlanan bu rəsm II Ramzesin qəbrinin olduğu məbəd divarlarında oyulmuş səhnədəndir. Bu təsvir II Ramzesin məbədində pilləkən vasitəsilə çıxan üç qadını təsvir edir. Həmin səhnəyə görə mərhum firon o biri dünyada onları gözləyir. Avad pilləkəni inkişafa aparan yol kimi təsvir edir və ancaq qadınların zirvəyə çatmağının vacibliyini vurğulayır. Digər rəsmdə isə Nəcib Məhfuzun “Saray gəzintisi” romanının Əminə adlı patriarxal cəmiyyətə boyun əymiş qadın

aradan qaldırıldığı müşahidə olunurdu. 2011-ci ildə Beynəlxalq Qadınlar gününə həsr olunmuş nümayiş bir fəlakətlə sonlandı. Həftələrlə yüzminlərlə etiraz edən insanlardan, qruplardan sonra yeni bir Misirin yaradılmasında qadınların səsinə səs verən bir qrup insan toplandı. Tezliklə etirazçılar təhqirlərə, hətta cinsi zorakılığa məruz qaldılar. Roza əl-Yusif adlı jurnalist bildirir ki, kişilər onlara “get, mətbəxə qayıt” deyib qışqırırdılar. Etirazçılar meydandan qovuldu. Səhəri gün geri qayıtdıqda onlara qarşı böyük insan qrupu ilə qarşılaşdılar. Amnesty International-ın verdiyi məlumatda 9 mart 2011-ci ildə 18 qadının təhlükəsizlik qoşunları tərəfindən həbs edilib, işgəncəyə məruz qaldıqları bildirilir. Bəzilərinə qarşı əmlaka zərər vermə, nəqliyyatda məhdudiyyət yaratmaq, silah daşıma kimi səbəblər göstərilərək, 1 illik həbs qətimkan tədbirləri görüldü.

İnsanlara şüuraltı mesajlar veririk. Çünki bir rəsmlə uzun müddət – aylarla, illərlə vaxt keçirirsinizsə, onunla danışmağa başlayırsınız


30

Qadınlara qarşı zorakılıqlar etirazlardan sonra da davam etdi. İnqilabın ikinci ildönümündə meydana gedən 43 yaşlı jurnalist Haniya Muhib burada başqa bir atmosferin şahidi olur. O, BBC-yə verdiyi müsahibədə deyir: “Burada artıq aura başqa cür idi və neqativlik hökm sürürdü. Sonra böyük bir kütlə ətrafımı əhatələməyə başladı”. Həmin vaxt kişilər onu dövrəyə alıb, hücuma keçməyə hazırlaşdılar. Cinsi zorakılıq etdikdən sonra onu boynundakı şarfla boğmağa başladılar. Xəstəxanaya aparılarkən belə onu təqib edirdilər. Misirli sənətçi Mira Şiradeh Muhibin yaşadığı travmanı divarlarda “Cəhənnəm halqası” adı ilə təsvir edir. Üç dairədə duran kişilər qadını həm arxa, həm də ön tərəfdən əhatələyib. Ağızlarından qan axır. Qadına daha yaxın olan tutduğu bıçaqla onun boynuna tərəf işarə edir. Qadının üzündəki ifadə onun yaşadıqlarını göstərir. Bu qorxunc hadisəni xatırladan divar rəsmi misirli qadınlara xəbərdarlıqdır. Misirli kişilər üçün xəbərdaredici hekayəni özündə ehtiva edir və bəzən güzgü rolunu da oynayır. Bu sadə rəsm karikatura kimi görünsə də, real həyatdakı hadisələrin təməlini, arxa planda uçan Misir bayrağı isə Misir inqilabında dəyişiklik üçün mübarizə aparan insanların necə müvəffəqiyyətsiz olduğunu göstərirdi. Şiradehin başqa rəsmləri də var. O, kişilər tərəfindən törədilən zorakılıq hallarına qarşı mübarizə aparır, qadınları ya saçı açıq, ya qırmızı geyinmiş, ya da sadəcə siluet kimi təsvir edirdi. Bu rəsmdə isə təsvir etdiyi qadın əli belində, qırmızı rəngdə geyinib. Digərləri isə spreylə kişiləri geriyə dəf edir. Ərəbcə “cinsi zorakılığa yox” yazısını görürük. Sənətşünas, tarixçi, dizayner Bəhiyə Şihab da inqilaba öz rəsmləri ilə dəstək verənlərdəndir. O hazırladığı qraffitidə “Xalqı soyundurmağa yox” yazaraq, mavi altgeyimi təsvirini çəkmişdi. Altda isə ayaq izi təsvir olunmuşdu. Bəhiyə Şihab 2012-ci ildə TEDx çıxışında bu haqda belə deyir: “Bu qraffiti hicablı qadının küçədə soyundurulub döyülməsinə icazə verməyimizi, bir millət olaraq bizə ayıbımızı xatırlatmaq üçündür. Ayaq izinin içində isə “Yaşasın sülh inqilabı” yazılıb. Çünki bunu əsla şiddətlə cavablandırmayacağıq!” Sadə boya ilə sosial dəyişikliyi təşviq etmək üçün yaradılan divar rəsmləri və küçə sənət əsərlərinin bir çoxu qraffiti və küçə sənəti təşkilatları tərəfindən dəstəklənirdi. Sənətçi və aktivist Merna Tomas Yanvar İnqilabı zamanı və sonra kişilərin hazırladığı qadınları təhqir edən qraffitilərlə mübarizə aparmaq üçün 2012ci ildə “Nun ən-Nisva” adlı cəmiyyət yaradır. Uğursuz Beynəlxalq Qadınlar günü yürüşü zamanı və daha sonra baş verən qadın zorakılıqlarına qarşı cavab və etiraz olaraq, qadınların hüquq bərabərliyini müdafiə edən mətnləri, bir sıra güclü misirli qadınlara aid sözləri ehtiva edən “Graffiti Harimi” adlı layihə başladılır. Tomas “Shout Art Loud” sənədli filmində qraffitlərdən bəzi rəsmləri də nümayiş etdirir. O deyir: “İnsanlara şüuraltı mesajlar veririk. Çünki bir rəsmlə uzun müddət – aylarla, illərlə vaxt keçirirsinizsə, onunla danışmağa başlayırsınız”. “Nun ən-Nisva”dan olan digər rəsmdə

FORS MAGAZINE | culture


31

isə üç qadın təsvir olunub. Onlardan birincisi niqablı, ikincisi yalnız başını örtüb, üçüncüsünün isə başörtüyü yoxdur. Burada mesaj “Məni təsnif etməyin” deyə divarlarda həkk olunaraq təsvir edilir. Bu, qadının öz şəxsi qərarı əsasında örtünmə seçimini göstərən güclü mesajdır. 2013-cü ildə qadınları qraffiti sənətinə təşviq etmək üçün “Women On Walls” (WOW) təşkilatı yaradılır. Divarlar ortaq məqsədə, hədəfə çatmaq üçün bir yol ola bilərdi. WOW təşkilatı əvvəlcə qadınlarla görüşlər təşkil edib onları narahat edən məsələləri daha çox gündəmə gətirmək üçün müzakirələr aparır. Qahirə və digər yerlərdə əsasən cinsi istismar, təcavüz, zorakılıq hallarını dilə gətirsələr də, əl-Mansurdakı qadınlar maddi təhlükəsizlikdən narahat olduqlarını bildirirdilər. 2015-ci ildə Mark Nikolas “Nefertitinin qızları” adlı sənədli filmi lentə alır. Film qadınların, sənətin və inqilabın hekayəsi idi. Məşhur Misir rəssamlarının danışdıqları bu sənədli filmdə Misir etirazları zamanı küçə sənətinin inqilabda oynadığı kritik rolun şahidi oluruq. Qadın sənətçilərin sosial və siyasi dəyişiklik mübarizəsinə diqqət çəkən “Nefertitinin qızları” Kraliça Nefertiti rəmzi qraffitisinin Misirdə davam edən qadın hüquqları və azadlıqları mübarizəsində ön planda necə yerləşdirildiyini vurğulayır. Bu hərəkatın kiçik zəfəri 2014-cü ildə cinsi zorakılıq hallarının kriminallaşdırılması oldu və buna görə 5 illik həbs cəzası təyin edildi. Ancaq bu yalnız “bakirəlik testi” vasitəsi ilə sübut oluna bilərdisə, o zaman keçərli idi. Hələ də digər yollarla zorakılığa məruz qalan qadınları qoruyacaq heç bir qanun yoxdur. Divar rəsmlərinin hər biri müxtəlif mənalarla, sənətçilər isə öz işləri ilə onlara dəstək olurlar. Bəzilərini anlamaq çətin olsa da, digərləri estetikadan istifadə edərək vizual mesajlar verir. Ancaq hər iki halda hər biri qadının evdən başqa cəmiyyətdə də öz rolu olduğunu və dəyər verilməsini aşılayır. Bəhiyə Şihab isə belə deyir: “Biz bugünkü vəziyyətimizdə gözəllik qurmağa çalışmırıq. Bu səviyyəyə hələ çatmamışıq. Biz dəyişiklik ideyalarını cəmiyyətə çatdırırıq. Dəyişikliyə və incəsənətin dəyişiklik üçün bir vasitə olduğuna inanırıq”.

Biz bugünkü vəziyyətimizdə gözəllik qurmağa çalışmırıq. Bu səviyyəyə hələ çatmamışıq. Biz dəyişiklik ideyalarını cəmiyyətə çatdırırıq. Dəyişikliyə və incəsənətin dəyişiklik üçün bir vasitə olduğuna inanırıq.


KLARA DEBELJAK

Foto: Danilo Milovanovic, Klez Zelk, Daniel Flusser

32

ilə müsahibə Bizə bir az özünüz haqqında danışın. Adım Klara Debeljakdır. 4 ildir ki, Praqada yaşayıram. Burada Liberal İncəsənət və Humanitar Elmlər fakültəsində təhsil alıram. Vizual incəsənətin vurğunuyam. Son 5 ildir, qraffiti və küçə sənəti ilə məşğulam. Gələcəkdə, animasiya və divar rəssamlığı sahələrində çalışmaq istəyirəm. Buna görə də hazırda portfoliomun üzərində işləyir, animasiya məktəblərinə müraciət edirəm. İri miqyasda divar rəsmləri hazırlamaqda maraqlıyam. Ümid edirəm ki, gələcək mənə bunları vəd edir. Bundan başqa, alternativ idarəetmə sistemləri ilə də maraqlanıram. Xaotik, distopik bir dünyada yaşadığımız üçün bacardığım qədər çalışıram ki, özümü bu istiqamətdə maarifləndirəm, bəşəriyyət və yer kürəsinin ehtiyaclarının qarşılanması üçün hansı alternativ imkanlar olduğunu araşdıram. Çox vaxt bu mövzular yaradıcılığımda da öz əksini tapır.

İncəsənətlə nə vaxtdan məşğulsunuz? Vizual incəsənətlə həmişə maraqlanmışam. Sloveniyada incəsənət məktəbinə gedirdim. Orta ümumtəhsil məktəbi idi, ancaq rəsm, qravüra (red. çap qrafikası), incəsənət nəzəriyyəsi kimi əlavə fənlər də keçirdik. Daha sonra Charles Universitetində Liberal İncəsənət və Humanitar Elmlər fakültəsində psixologiya ixtisası üzrə təhsil almağa başladım. Bəzən bu-

FORS MAGAZINE | culture


33 nun səhv seçim olduğunu düşünürdüm. Səbəbi isə bir çox sahə ilə eyni anda dərindən maraqlanmağım və bu maraqlarımın məni müəyyən incəsənət müəssisələrindən uzaqlaşdırması idi. İncəsənət həmişə həyatımın bir parçası olub, həmişə də belə olacağını düşünmüşəm. Artıq intellektual olaraq maraqlandığım mövzuların əksəriyyətini yaradıcılığımda əks etdirməyi bacarıram. Odur ki, incəsənət üzrə təhsil almamaq qərarımdan indi məmnunam. Həyatımın sadaladığım bütün bu elementləri bir-birilə sıx bağlıdır.

laşmasında mənə çox kömək olub. Küçə sənəti ilə bağlı jurnalların birində qısa müddət işləmişəm. Bu, ümumdünya küçə sənəti sferasının daxili mexanizmini öyrənməyimdə olduqca maarifləndirici təcrübə idi.

Bəs qraffiti ilə necə oldu ki, məşğul olmağa başladınız?

Deməli, Praqaya gələndə yaşım az idi. Yeni hobbim və şəhər məni yaman həyəcanlandırmışdı. Bir gün içkili vəziyyətdə, aerozol rənglə dolu çanta kürəyimdə dostumla şəhərdə gəzirdim. Şəhərin mərkəzindəki divarlardan birinə içkili halda “ağzımıza nə gəldi” çəkdik. Düşdüyüm ən axmaq vəziyyət idi. İşimizi bitirdikdən sonra dostumla yolumuza davam edirdik ki, birdən fərqli istiqamətlərdən iki polis maşını qarşımızı kəsdi. Çox həyəcanverici idi! Çantamı boşaltmağımı əmr etdilər. Həmin vaxt çex dilində qəti danışa bilmirdim, ona görə də çox gərgin idim. Əllərimizi qandallayıb, bizi maşına əyləşdirdilər. Polis bölməsinə getdik. Şəhərin müxtəlif polis bölmələrində təxminən 14 saat vaxt keçirdik. Dili bilməmək, parlaq işıq altında keçən sorğu-sualların yaratdığı stress. Bizi ora-bura apardıqlarına görə əlimizi gah oturacaqlara, gah da radiatorlara (red. isidici cihaz) qandallayırdılar. Ayaqqabımın iplərini əlimdən aldılar. Səbəbini soruşanda polislərdən biri əlini yuxarı qaldırıb sanki özünü tavandan asırmış kimi “xxx…” deyə səs çıxardı… Sonra barmaq izlərimi götürdülər. 14 saat sonra məni sərbəst buraxdılar. Bərk qorxmuşdum. Bütün bunlar Praqada yaşadığım üçüncü ayda baş verirdi. Daha sonra 1000 avro məbləğində cərimə ödəməli oldum.

Sloveniyada tanıdığım insanların əksəriyyəti bu və ya digər formada incəsənətlə məşğul idi. Rəfiqələrimdən birinin sevgilisi Sloveniyada “1107” adlı qraffiti qrupunun üzvü idi. O, hip-hop üzrə düşərgədə mentorluq edirdi və bizi də oraya dəvət etdi. İtaliya, Bolqarıstan, Fransa və digər ölkələrdən onlarla gənc bu düşərgədə iştirak etmək üçün gəlmişdilər. Qraffiti ilə ilk dəfə orada tanış oldum. Daha sonra bu, xobbiyə çevrildi. Bundan başqa, yaxın dostlarımdan biri şəxsi inkişafımda, həmçinin küçə sənəti üzrə yeni ideyalarımın forma-

Bir dəfə polislə problem yaşamısınız. Həmin hekayəni danışa bilərsinizmi?

Vandalizm və qraffiti arasındakı cizgi harda başlayır? İncəsənət, qraffiti, küçə sənəti və vandalizm arasındakı xəttin harada başlamasına cavab vermək çətindir. Həqiqi qraffiti ustaları bu xətti müxtəlif nöqtələrdə görürlər. Bəzilərinin özünü ifadə formaları qalereya və sifarişlə çəkilmiş divar rəsmlərində yer tapır. Bu, subyektiv yanaşmadan asılıdır. Dəfələrlə “qraffiti ilə məşğulam, ancaq küçə sənətini xoşlamıram” kimi ifadələr də eşitmişəm. Zaman keçdikcə fərqli məna daşıdıqları üçün bu anlayışların mənasını izah etmək doğrudan da çətindir. Son zamanlar, küçə sənəti və ya qraffiti getdikcə daha da məşhurlaşaraq konseptual sənətin müəyyən aspektləri ilə paralel şəkildə inkişaf edir. Mühafizəkar qraffiti ustalarının əksəriyyəti sifarişlə çəkilmiş divar rəssamlığını qraffiti deyil, küçə sənəti hesab edir. Qraffiti incəsənət növü kimi qəbul edildikcə və məşhurlaşdıqca daşıdığı məna da dəyişir. Rəssam və muralistlərin (red. divar rəssamlığı ilə məşğul olan usta) bu dəyişikliklərə yanaşması onların subyektiv fikirlərindən və bunu etməkdə motivasiyalarının olub-olmamasından asılıdır. Ona görə də çox çətin


34 sualdır. Divar rəsmləri qalereyada olmalıdırmı? Küçə sənətçiləri qalereyada olmalıdırlarmı? Qraffiti ustası qalereyada olmalıdırmı? Bir şey dəqiqdir ki, qraffiti inkişaf edərək artıq böyük kütlə tərəfindən vandalizm kimi qəbul olunmur.

Qalereyalardan söz düşmüşkən, yaradıcılığınızı maddi mənfəətə çevirirsinizmi? Əvvəllər, işlərimi sataraq pul qazanmışam. Sifarişlə albom üçün üz qabığı hazırlamışam. Rəssamlıq və kollaj hazırlamaq bəzən qazanc gətirirdi. Ancaq indi işlərimdən pul qazanmıram. Sərgim olanda yalnız materiallar üçün ödəniş alıram. Peşəkar səviyyədə bu, belə olmamalıdır. Normalda, xüsusi qalereyalarda işləri sərgilənən rəssamlara bunun qarşılığında müəyyən miqdarda pul ödənilir. Özümü karyeramın başlanğıcında hiss edirəm. Ona görə də sadəcə fürsətlərdən yararlanmaqla kifayətlənirəm. Yaradıcılığımı indi qazanc mənbəyi kimi görmürəm. Ancaq gələcəkdə bunun əksini etməyi düşünürəm. Hər şey özünü təqdimatdan, bacarıqlarından və olduğun vəziyyətdən asılıdır. Çox güman ki, hələ bir neçə il bu işlərdən pul qazana bilməyəcəm. Düzü, o qədər də vecimə deyil, bunu gələcəyə investisiya kimi qəbul edirəm.

Yaradıcılığınızın üslubi xüsusiyyətləri hansılardır? Xüsusi rəng palitrasından – torpaq rəngləri, mavi, yaşıl və qəhvəyi – istifadə edirəm. Son günlər, daha çox qırmızı və bənövşəyiyə meyilliyəm. Qırmızı, solğun rəng palitrama “tortun üstündəki krem” kimi əlavə dad qatır. Mövzuya gəldikdə isə gözlə görülə bilən fiqur və predmetlər çəkməklə yanaşı istiqamətimi abstraksiyaya doğru dəyişməkdəyəm. İnsanlığa olan sevgim və maraqlandığım mövzularla əlaqədar hər zaman adamları çəkmişəm. İndi isə daha çox konseptual temalar üzərində işləyirəm.

Nə sizə stimul verir? Mütaliə edərkən tez-tez qarşıma müəyyən maraqlı cümlə və ya səhnələr çıxır. Bunları bir yerə qeyd edib, daha sonra işlərimdə əks etdirirəm. Həmçinin, bəzi şəxslərin fiziki əlamətlərindən ilhamlanıram. Duruşu, danışığı, əlləri, barmaqlarının, burnunun quruluşu və ya üst dodağının alt dodağa kölgə salması… Qraffiti və qravüraya çevirdiyim eskizlərimin çoxu ətrafımda olan insanların təsviridir. Dostlarımın bəziləri, hamısı deyil, fiziki olaraq mənə ilham verir. Ona görə yox ki, gözəldirlər. Gözəlliklə heç bir əlaqəsi yoxdur. Hündürboy, arıq, uzun barmaqları və qeyri-bərabər üz cizgiləri olan insanları xoşlayıram.

Qraffitidə gender sərhədləri varmı? Ümumi götürsək, bəli, var. Ancaq bu boşluq get-gedə FORS MAGAZINE | culture

aradan qalxır. Tanıdığım çoxlu qadın qraffiti ustaları var. Özüm feministəm. İnanıram ki, birinci dünya ölkələrinə mənsub qadınlar istədiklərini etmək səlahiyyətindədirlər. Bu, özünüzü necə təqdim etməyinizdən və özünüzü necə dərk etməyinizdən asılıdır. Məvaciblə bağlı boşluq hələ də var. Tarixi və müasir cəmiyyətlərdə patriarxiya olduğunu bilirəm, ancaq vəziyyət dəyişməkdədir. Azərbaycanda bilmirəm necədir, amma Sloveniya və Avropada qadınlar kişilərlə bərabər imkanlara sahibdirlər. Fikrimcə, əsl feminist iğtişaşlı görüşlərdə iştirak edən və ya divarlara aerozolla uşaqlıq (red. uterus) çəkən yox, çalışqanlıq və özünü təmsil etməklə istədiyini əldə edərək güclü, müstəqil qadın olduğunu göstərəndir. Kişi və qadın arasındakı fərqləri vurğulamadan, özünüzü zəif və ya qurban kimi göstərmədən və qadın olmağın gizli enerjisini əldən vermədən bərabər hüquqlara sahib müstəqil qadın kimi yaşaya bilərsiniz. Qadın olmağın qəribə, mühüm enerjisi var. Bu gücü anlasanız və ondan istifadə etsəniz, hər şeyi bacararsınız. Özümə nəzarət öz əllərimdədir. Kimsə mənimlə xoşuma gəlmədiyim tərzdə davransa, bunu sevmədiyimi demək gücüm var. Bədənim döyüş meydanı deyil. Buna icazə vermirəm. Bu, fərdi və ictimai gücdən, əhalinin, tarixin, təbiətin böyük və güclü hissəsinin bir parçası olmaq düşüncəsindən qaynaqlanır. Birinci dünya ölkəsindən olan bir qadının özünü qurban kimi göstərməsini irəli atılmış addım hesab etmirəm. Genderlər arasındakı fərqlilikləri qabartmamaq atmalı olduğumuz addımdır.


35

İqtisadi cəhətdən zəif olan ölkələrdə vəziyyət təbii ki, fərqlidir. Bu ölkələrdə patriarxal qaydaların hökm sürdüyü şübhəsizdir. Ancaq dediyim kimi, inkişaf etmiş ölkələrdə gender bərabərsizliyi ilə mübarizə aparmağın yolu genderlər arasındakı fərqliliyi daha az vurğulamaqdır. Qadınlar güclü olmalı, necə davranılmalı olduqları ilə bağlı standartları özləri müəyyənləşdirməlidirlər. Və bu standartlar haqqında mütəmadi olaraq danışmaq yerinə onlarla yaşamalıdırlar.

Sloveniya və Çexiya ilə yanaşı başqa harada qraffiti çəkmisiniz? San-Fransisko, Los-Anceles, Berlin, Danimarka, Xorvatiya və Mərakeşdə qraffitilərim var. Ancaq kiçik ölçüdədirlər. Gələcəkdə, Mərakeşdə daha çox işləmək istərdim, çünki ora səfərim zamanı ölkəni və insanlar arasında olan bağlılığı çox sevmişdim. Müxtəlif festivallarda iştirak etmək üçün müraciət edirəm. Bacardığım qədər daha çox səyahət etmək və qraffiti çəkmək istəyirəm. Təkcə fərdi deyil, həmçinin hər hansısa təşkilati səviyyədə. Özüm, əlbəttə, küncdə-bucaqda gizlincə qraffiti çəkə bilərəm. Ancaq istəyirəm ki, gələcəkdə daha böyük müstəvidə işləyim. Bu da yalnız festival və layihələr vasitəsilə mümkündür. Növbəti səfərim mütləq Mərakeşə olacaq. Barselonada da işləməyi çox istərdim.

Forsun oxucularına nə söyləmək istərdiniz? Ümidlərinizdən əl çəkməyin. Optimist olun. Səy göstərməyə davam etsəniz, istədiyiniz hər şeyi əldə edəcəksiniz. İnsanlar səmimidirlər, istədiyiniz hər kəslə əlaqə saxlaya bilərsiniz. Maraqlandığınız insanların özlərinə siz də maraqlı ola bilərsiniz. Xəyalınıza belə gətirmədiyiniz çox şey əlinizin altındadır. Yaxın gələcəkdə, dünya bir sıra dəyişikliklərə uğrayacaq. Həyatınıza sahib çıxmağın, xəyal və ideyalarınızı gerçəkləşdirməyin vaxtıdır. Məhz elə Fors Magazine-nin yaradıcıları kimi…


36

FORS MAGAZINE | culture


37


Əmrulla İsrafilov ilə müsahibə

Foto: Məmməd Əliyev

38

FORS MAGAZINE | culture


39

Təsvir önəmlidir, yoxsa mesaj? Kitab bəzək üçün deyil, oxumaq üçündür. Tablo bəzən bəzək üçün olur. Amma ciddi rəsm əsəri informasiya ötürür. Belə rəsm əsərləri çox vaxt muzeylərdə, kolleksiyalarda saxlanılır. Əslində, rəssam öz cəmiyyətində, yaxud dünyada olan bir problemi həll edir.

Yaradıcı insan daxili azadlığı necə əldə edə bilir?

Rəssam öz dünyasından baxır deyə azaddır. Kütlənin dünyasından baxmır. O sərbəstdir. Amma özünə də bir sərhəd, bir çərçivə qoyur. Nəyə görə? Çünki, hər şeyin bir sərhədi var. İfrat yaratmasın deyə. Hər bir şeydə bir estetika olduğu kimi əxlaq da var.


40

Belə bir fikir var ki, yaradıcılıqda sərhəd yoxdur. İnsan azadlığa doğru irəlilədikcə ola bilsin ki, o sərhədi keçir, o sərhəddi hiss etmir və ya onun üçün sərhəd yoxdur. Mən bir rəssamı deyəcəm – Pikasso. Dediyiniz sərhədi keçəndən sonra, tükənəndən sonra onun yaradıcılığı cığırından çıxdı. Başqa bir formaya düşdü.

İşləyərkən yanınızda daha çox ağıl olur, yoxsa şüur? Ağıl ilkin versiyada istifadə olunur. Sahənin tapılmasında, ölçünün tapılmasında, kompozisiyanın düzgün yerinə oturdulmasında istifadə olunur. Amma iş prosesində ağıl mane olur. Onda şüuraltı hissiyat işə düşür. Necə ki, deyirlər, “yaşantı var orda, yanğı var”. O, ağıldan gələ bilməz. Həmin anda ağıl insana mane olur.

Rəssamın öz mənfi emosiyalarını rəsm əsərinin üzərinə töküb, onu satmaq və ya sərgiləmək ixtiyarı varmı? Hər hansısa bir tablo rəssamın öz əksidir, öz portretidir. Mənim üçün ciddi rəssamlıq dəqiq elmlərin təsviridir. Orda mənfi də, ola bilər müsbət də. Əslində, onun qarşısını almaq düzgün deyil. Bu bir güzgüdür, onu insanlar görməlidir. Mənim parametrlərimə düzgün gəlməyəndə sadəcə dönüb gedərəm, amma o rəssamı günahlandırmaram. O da özünü ifadə edir. Biri var şüuraltı edir, biri də var ağılla edir. Eləsi var ağılla edir, qəsdən edir. Elə bil kimdənsə acıq çıxır. Bəzən şou xətrinə edir. Onu qınıyıram.

Siz “əxlaqsız” deyəndə şou göstərən rəssamları nəzərdə tuturdunuz? Bəli. Ümumiyyətlə, ciddi bir işdə şou yoxdur. Rəssamlıqdan nə şou edə bilərik?

Onda yəqin müasir incəsənəti də qəbul etmirsiniz. Orda da bir zövq var. İnsana informasiya verən bir rəng var. O da çalışıb, qınamıram. Amma boşuna çalışıb. Onun vaxtına heyfim gəlir. Çünki o işlər dayanıqlı deyil. Düşündülər ki, biz Fransanı köçürtsək, onlara bənzətsək, bu qloballaşmadır. Elə deyil. Nitsşe deyir, öz kökündən yapış. Yapışmasanız, öz kökünüzü dərk etməsəniz, texnika sizi sıradan çıxardacaq, hamınız eyniləşəcəksiniz. Onda bəşəriyyət məhv olar, insanlıq məhv olar. Mən özümə sual edirəm ki, məndən fransız çıxar? Mən fransız ola bilərəm? Yox. Mən nəyə görə Pikassonu təqlid etməliyəm, köçürməliyəm? Yaxud Tamayonu? Bəlkə öz kökümdən yapışım? Mənim də miniatürüm var, daş-qaya rəsmlərim var, xalçalarım var. FORS MAGAZINE | culture


41

Tərziniz minimalist və bir az da miniatürə yaxındır. Bu üslubu tapana qədər hansı üslublarda çalışmısız? Üslubunuzu tapmaqda sizə nə kömək edib? Mən heç vaxt üslub axtarmamışam. O, hər bir insanın içində var. Onu axtarmaq lazım deyil. Mənə kömək edib, anladan insan atam olub. Rəssamlıqda yox, ədəbiyyatla başa salıb. Onlar sufi olub. Babalarım da, atam da. Onlar öyrədib.


42

Özünüdərki nəzərdə tutursunuz? Özünü tapmaq deməzdim. Sadəcə anladıb. Dünya nədir? Biz nə üçün gəlmişik bu dünyaya? O dövrdə oxuyanda həm Qərb məktəbinə baxırdım, həm Şərq. Bunları öyrənmək lazımdır. Biri var vizual baxasan, biri də var elmi əsaslarını öyrənəsən. Şərqlə Qərbi birləşdirəndə Şərqin düşüncə tərzini, Qərbin isə texnikasını götürmək lazımdır. Şərq düşüncəsində perspektiv yoxdur. Fikir verin, miniatürlərdə dağın arxasında olan adamla önündə olan adam eyni ölçüdədir. Nədir bu? Biz bir-birimizdən 1-2 km uzaqlaşsaq, bir-birimizi balaca görəcəyik, düzdür? Bəs orada boyunuz balacalaşır? Balacalaşmır ki? Deməli bunu gözümüz o cür görür. Ağılla düşünsək, sahə itmir. Sahə dəyişilir. İnsanın sahəsi nə vaxt dəyişir? İnsan dünyasını dəyişəndə.

Əgər insan ağacın yanında dayanıb tərpənmirsə, biz sadəcə bilirik ki, bu ağacın plastikasıdır, bu da insanın. Onlar tərpənəndə artıq psixoloji plastika yaranır. Külək əsəndə ağac başqa bir forma alır, insan da gəzəndə başqa formaya düşür. Hər hansısa bir insanın portretini işləmək lazımdırsa, Qərb onu otuzduracaq, natura quracaq, onu olduğu kimi kətana köçürəcək. Şərq isə deyir, yox, mən o insanı tanımıram. Yəni, xarakterini bilmirəm. Ruhani plastika ordan gəlir. O insanı tanıyandan sonra, əməllərini biləndən sonra, tapır ki, bu insanın mahiyyəti nədir. Mənim simam mənim mahiyyətim deyil. Bu, kitabın üzüdür. Hər insan bir kitabdır. O kitabın içində nə var? Şərq bunu soruşur. Ona görə Bellini gəldi Şah İsmayılın portretini bir cür işlədi, amma Sultan Məhəmməd, yaxud Behzad başqa cür işlədi. Sultan Məhəmmədlə Behzadın işi daha çox Şah İsmayılın mahiyyətidir. Amma Bellininin işlədiyi üz qabığıdır. Ona görə də Şərqdə ruhani plastika deyilən bir şey var. Qərb bunu intiutiv istifadə edir. Məsələn, Pikasso “Gernika”nı hissiyatla işləyib. Orada da ruhani plastika var. Yaxud Repinin “İvan Qroznı öz oğlunu öldürür” əsəri. Hər ora gedib baxanda öz-özümə deyirəm ki, rəssam bu gözlərin qarşısında necə tab gətirib? Mən baxa bilmirəm. Bayaq dediyim o mənfi enerji var hansını ki, göstərmək lazımdır.

FORS MAGAZINE | culture


43

Rəssam Sufi olanda necə olur? Sufi sadəcə dərk etmək istəyəndir. Müsbət tərəfə getmək istəyəndir. Sufilik qəddarlıq vermir. Bəzən deyirlər, Nəimi inqilab edirdi. Orada simvolik bir qılınc var. O, insanı kəsmirdi. Sufi heç vaxt qan tökməz. Sufi müti də deyil. O, dərk edir ki, insana xələl gətirmək, ziyan vermək onun ixtiyarında deyil, çünki insanı o yaratmayıb. Mən kətanımı istənilən vaxt kəsib doğraya bilərəm. Amma insana ziyan vermək ixtiyarım yoxdur. Onu mən yaratmamışam. Sufi özünü düşünmür, ətrafı düşünür. Ətrafın gözəl olmasını istəyir. İnsan ətrafı üçün çalışmalıdır, özü üçün yox. Madam ki, insan bilir ki, dünyasını dəyişəcək, ölüm yoxdur, yalnız bədən dəyişilir. Ona görə də ölüm məfhumunu xoş qarşılayır.

Həyat fəlsəfəniz minimalizmdir, yoxsa sufizm? Biz Azərbaycanlılar çayxana və ya başqa yerlərə yığışanda uzun-uzadı danışmağı xoşlayırıq. Mən uzunuzadı danışanda yoruluram. Çox vaxt susaram. Məndən soruşanda bir kəlmə cavab verərəm. Qarşı tərəf o bir kəlməni anlamayanda qıcıqlanır. Amma elə adamlar var ki, biz bir kəlmə ilə anlaşırıq. Bu, daha çox özümə lazımdır, özümə rahatlıq verir. Minimalist insan həyatda az şeylə qane olur. İnsana həqiqətən yaşamaq üçün çox şey lazım deyil. Mənə maşın lazım deyil, təyyarə lazım deyil, saraylar lazım deyil, milyonlar lazım deyil. Sadəcə, sadə bir yaşayış tərzi. Paltar insana nə üçün lazımdır? Təbii ki, zövqlə geyinmək lazımdır, amma paltar insanın eybini örtmək, onu istidən və soyuqdan qorumaq üçündür. Mənə dəbdəbəli geyim lazım deyil. Məclisləri, görüşləri xoşlamıram. Restoranda heç vaxt istirahət edə bilmərəm. Kiminsə emalatxanasında oturub çay içmək daha gözəldir. Çoxuna xoş gəlməyən bir həyat tərzidir. Dəbdəbəli həyat mənlik deyil.


44

İşin bitdiyini necə hiss edirsiniz? İşi istənilən versiyada saxlamaq olar. İş heç vaxt bitmir. Rembrandtdan, Behzaddan, Sultan Məhəmməddən də soruşsaydılar, deyəcəkdi ki, bilmir. Hansı anda ki, rəssam içində bir rahatlıq, istilik hiss edir, o anda saxlasa yaxşıdır.

Rəssamlığa naşı olan kimsə işlərinizi uşaq işlərinə bənzədibmi? Nə zaman ki, Avropada fotoaparat çıxdı, onda rəssamlar Şərqə – miniatürlərə baxdılar ki, onlar fotogenik deyil. Dərk etdilər ki, insanı köçürtmək lazım deyil. Nə vaxt ki, başladıq insanı köçürtməməyə, onda o tendensiya yarandı ki, “bunu uşaq da eləyər”. Əslində, uşaq intuitiv olaraq düz edir. Onlardan çox şey öyrənirik. Mənim üçün də bunu deyiblər. Eşitmişəm, amma normal qəbul edirəm. Elə şeylərə ciddi reaksiya vermərəm. İnsan başa düşmürsə, onu günahlandırmaq olmaz.

Rəssamlığı seçən, ancaq maddiyyatla mənəviyyat arasında qalan şəxslərə nə tövsiyə edərdiniz? Ancaq bilmək, çalışmaq. Başqa nə məsləhət görsəm, deyəcəklər ki, çətindir. Çox bahalı sahədir. Bahalı olmağına baxmayaraq, pul qazanmaq da onlar üçün çətindir. O səviyyəyə gəlib çatana kimi onları müdafiə edən lazımdır, investisiya qoyan lazımdır. Valideyn bacarmır, sistem də artıq o sistem deyil – kapitalizmdir. Nə deyim? Heç nə deyə bilmirəm, qalıram dilemma qarşısında. Neynəmək olar? Necə etmək olar?

FORS MAGAZINE | culture


İllüstrasiya: Nihad J.


46

FORS MAGAZINE | stories


F Ə R I D Ə C Ə B R AY I L I N GÜNDƏLIYINDƏN QEYDLƏR

47


48

… ali savadlı, kasıb insanların haqlarını müdafiə edən, ölkənin inkişafı üçün çalışan, yenilikçi biriymiş (red. çox güman ki, John Garangı nəzərdə tutur). Elə bu yolda, sui-qəsd nəticəsində təyyarəsi yerə çırpılaraq öldürülübmüş, amma insanlar onu sevir, dəyər verir və hələ də idealogiyasını davam etdirməyə çalışırlarmış. Bu adam haqqında oxumalıyam mütləq. Sonra ordan çıxıb, yarı misirli Münzir ilə görüşüb, Sobadakı fabriklərinə getdik. Belə ki, bu fabrik UNICEF ilə müqavilə bağlayıb layihə həyata keçirirmiş. Layihənin məqsədi 150 qutunu ağzınadək məktəb ləvazimatları ilə doldurub, kasıb, imkansız məktəblilərə paylamaqdır. Sobaya çatanda 150 qutu hazır dayanıb bizi gözləyirdi.

FORS MAGAZINE | stories


49

Bilmirəm, içimdə böyük və dərin şükran hissi vardı, ta ki, Darfurdan – Qərbi Sudandan gələn o üç gənci tanıyana qədər. Darfurdan qaçaraq işləmək ümidilə Sudanın paytaxtı Xartuma üz tutan üç gəncin hekayəsi eyni idi. Onlar bu fabrikdə yaşayır, işləyir, həyatlarını çətin şəraitdə keçirirdilər. Evləri ilə tanış oldum. Eləcə dörd divar, iki-üç çarpayı, namaz qılmaq üçün ayrıca otaq, gözümə sataşan “Məsih Darfur” kitabı, diş pastası və bir-iki qab-qacaq. Həyatları bundan ibarət idi, bir də uzaqda qazılmış çuxur və dörd tərəfi kisəylə tutulmuş tualet.

Burdakı bu haqsız yaşam. Çox varlı və çox kasıb təbəqə arasında fikir aləminə dalmışdım ki, özümü UNICEF-də tapdım. Qutuların bəzilərini təhvil verib qayıtdıq. Daha sonra isə yemək yeməyə o əvəzsiz restorana qayıtdıq. Yalançı dolma tapıb, Azərbaycanda yeyə bilmədiyim dolmanı burda yedim. Xoşbəxt idim. Düzü, bu yerin, atmosferin əhatəsində xoşbəxt olmamaq mümkün deyildi. Yeməkdə bizə Ayman və qardaşı da qoşulmuşdu. Qardaşı da Ayman kimi ağdərili idi.

Yeməkdən sonra məni evə gətirdilər. Evdə heç kəs olmadığından qalxıb Seragilə, Haboba və uşaqlarla bir az vaxt keçirdim. Sera mənə hibiskus verdi. Çox qayğıkeş və əziz olan bu qadın üzümdə gülüşə səbəb olur. Evə qayıdanda isə Habobanın dediyi sözlər ruhumu oxşadı: “Sağol ki, evimizə sevinc, gülüş gətirirsən, bizi birləşdirirsən”. Sevirəm o buruşuq üzlü, böyük qəlbli qadını…


50

NIYƏ SUSURUQ VƏ DAHA NƏ QƏDƏR SUSACAĞIQ?

Səudiyyə Ərəbistanında qadınların çoxu təhsilli, universitet məzunudurlar. Amma qadın və kişilərin birlikdə təhsil alması qadağandır. Qadınların sosial, iqtisadi azadlığı yoxdur. Burada bir qadın ərinin rəsmi icazəsi olmadan işləyə, səyahətə çıxa, bəzi tibbi müayinələrindən keçə, maşın sürə bilməz. Hətta yanında bir kişi olmadan taksiyə belə minə bilməz. Səudiyyə Ərəbistanında qadının ailədən olmayan yad bir insanla münasibət qurmasına, görüşməsinə icazə verilmir. Əks halda, bu, onun zina və ya əxlaqsızlıqla ittiham olunmasına səbəb ola bilər. Burada qadınlar sadəcə qara libas geyinmək məcburiyyətindədirlər, rəngli niqab geyinən qadınlar kişiləri özlərinə cəlb etmək səbəbilə cəzalandırılırlar. Ölkədə işçi qüvvəsinin sadəcə 5%-i qadınlardır və adətən bu qadınlar kişilər olmayan sahələrdə çalışırlar. Oxuma-yazma bilməyən, iqtisadi azadlığı olmayan qadınların hüquqi haqlarını tələb edə bilməmək, etsə belə, dövlət qurumların qadın hüquqlarını müdafiə etmək kimi bir mexanizmi yoxdur. Əfqan qadını orta hesabla 45 yaşına qədər ömür sürə bilir. Əfqanıstanda 30 il davam edən savaş və dini zorakılıq səbəbindən qadınların 88%-i təhsilsizdir. Oxumaq və yazmaq bilmirlər. Qızların yarıdan çoxu 16 yaşına çatmamış nikaha girməyə məcbur edilirlər. Hər dul qadının ən az 3 uşağı var və bu qadınların çoxu özlərinə və uşaqlarına baxmaq üçün əxlaqsız həyat tərzi yaşamaq məcburiyyətindədir. Əfqanıstanda hər saat bir qadın doğuş əsnasında ölür. Qadınların seçkilərdə iştirak etmək, seçmək və seçilmək haqları yoxdur. Qadınlar dövlət işində işləyə bilməzlər.

FORS MAGAZINE | stories


51


52

Qadın gülərsə, şu issız mühitimiz güləcək, Sürüklənən bəşəriyyət qadınla yüksələcək. Rəcm Yaxın Şərq və Səudiyyə Ərəbistanında uzun illər istifadə edilmiş və hələ də İranda hüquqi bir cəza növü olaraq qalmaqdadır. Rəcm – zina etməkdə təqsirli bilinən evli kişi və qadının məhkəməyə çıxarılıb, zinanın şahidi olmuş 4 nəfərin (adətən kişi) təsdiqindən sonra daşlanaraq öldürülməsi prosesinə verilən addır. Zinakar qadın boynuna qədər, kişi isə belinə qədər torpağa basdırılır. Əgər kişi qaça bilərsə, azad buraxılır. Lakin boynuna qədər torpağa basdırılmış qadın möcüzəvi halda sağ qalarsa, zindana salınır. Bəzi ölkələr var ki, burada qadın olmaq çox çətindir və hətta bu ölkələrdə heç kim qadın olaraq doğulmaq istəmir. Şərqdə qadın doğulmaq həyata məğlub başlamaq deməkdir. Çünki heç bir şeyə sahib ola bilmirsən, özünə belə. Burada qərarları sənin adına ailən verir. Sən isə sadəcə razılaşmaq məcburiyyətindəsən. Şərqdə qadın hissinin, qadın istəklərinin, düşüncələrinin əhəmiyyəti yoxdur, sevmək, sevilmək, seçim etmək sənə yad hisslərdir. Burada qadınlar sadəcə susa və gizlədə bilirlər: hisslərini, istəklərini, seçimlərini…

*** Bir qızım olsun Sahib ola bilmədiklərimi ona verə bilim, Ola bilmədiklərimi deyim. Bir qızım olsun Necə möhkəm ayaq üstdə dayanmağı öyrədim, Əclafların qarşısında üzülməməyi öyrədim, Qadın kömək istəyənin dadına çatmaq üçün yumruğunun qaldırar. Bir qızım olsun, Söz versin, insanlara tez inanmasın, Tez ürəkdən bağlanıb, qucağını açmasın, Alət kimi bir gecəlik olmasın, Eşq təcrübəsi olsun, bədəninə görə arzulanmasın Aciz olmasın, sükut etməsin Yüksəklərdə qanad çırparkən süqut etməsin. Bir qızım olsun Dul qalsa əgər, Təhqir olunmağına izn verməsin. Başqalarının əmlakı olmadığını bilsin, Möminlərin bir saatlıq siğəsi olmadığını bilsin. Bir qızım olsun, Ona deyim ki, səsinə cəsarət qatsın Bilsin ki, onun saçlarından kimsəyə zərər olmaz, Əgər ana ola bilməsə kişilər ölməz! Bir qızım olsun Evli qadına rəhm edə bilsin, Kişi icazəsi olmadan nəfəs ala bilsin, İstəyirəm quşları qəfəssiz çəkə bilsin. Mələk olsun istəmirəm… səhvləri olsun, İstəyirəm qadın olsun… qadın ölsün. Budur qadınlıq! Bir qızım olsun Bilsin ki, dünya onun üçün yaxşı yer olacaq, Kimsə qadına şiddətə cəhd etməyəcək, Kimsə onu incitməyəcək.

***

FORS MAGAZINE | stories


53

Mən Cəbrayılzadə Fəridə 1991-ci il martın 15-də Masallı şəhərində anadan olmuşam. İxtisasım Beynəlxalq Münasibətlərdir. Amma uşaqlarla işləməkdən daha çox zövq alıram. Ona görə fikirləşirəm ki, mən ixtisasımı səhv seçənlərdənəm. Uşaqlarla vaxt keçirməyi, onlarla oynamağı, birlikdə rəngli əl işləri düzəltməyi, qayğılarına qalmağı xoşlayıram. Mən onları sevirəm. Bir çox səbəb deyə bilərəm, amma ən əsaslarını sayacam: onlarla işləmək, vaxt keçirmək çox əyləncəlidir. Uşaqlar mənə çox şey öyrədirlər. Dürüst, vicdanlı və təmənnasız olurlar. Onlarla işləyərkən daha faydalı, yaxşı insan olmağa çalışıram. Həmişə kreativlik axtarışındayam. Öz xəyal dünyalarını mənə danışmaqları xoşuma gəlir. Valideynlərimə və kainata minnətdarlıq hiss edirəm. Kiçik vaxtlarımı yadıma salaraq. Ən əsası, uşaqların üzündə gülüş yaratmağı sevirəm. Fiziki məhdudiyyətli, daun və autist uşaqlarla sosial işçi olaraq işləmişəm. 2 ildir autist uşaqlar üçün “Autizm üçün pedalla!” adlı velotur layihəsi həyata keçirirəm. Sosial sahə, xüsusən azyaşlı uşaqlarla bağlı olan layihələrdə iştirak etməkdən zövq alıram. Gələcək həyatımı sosial işçi kimi keçirmək, bu sahədə daha çox maariflənmək, bunları öz ölkəmdə tətbiq etmək istəyirəm…


54

Artıq 3 ildir ki, boş vaxtlarımı səmərəli keçirmək və sağlam həyat yaşamaq məqsədi ilə “Dağçılıq Federasiyası”nda peşəkar müəllimlərdən dərs alıram. Bu müddət ərzində ölkənin bir çox yüksək zirvələrində olmuşam. Tez-tez camplar, hikinglər edirəm. Səfər etdiyim rayonların yerli camaatının dini adət-ənənəsi, yaşayışı, tarixi abidələri məni çox maraqlandırır. Dağçılıq sağlam həyatla yanaşı, insana səbirli, iradəli, dözümlü, məqsədyönlü və yardımsevər olmağı öyrədir…

FORS MAGAZINE | stories


55

*** “Axtardığın hər nə varsa, səndən kənarda deyil, sənin öz içindədir” – deyir Mövlana. Onu ancaq öz ruhunun dərinliklərində tapa bilərsən. Çünki həyat – biz onu gördüyümüz yerdədir. Uşaq vaxtı rus yazıçısı Viktor Draqunskinin məşhur əsərini – “Deniskanın sərgüzəştləri”ni oxumuşdum. Kitabda heç unuda bilmədiyim bir məqam var: müəllim uşaqlara belə bir sual verir: “Həyatda nələri sevirsiniz? Nələr sizi xoşbəxt edir?” Deniskanın dostu uzun bir siyahıda sevdiklərini yazır: “Mən cemli bulkanı, kişmişli şəkərçörəyini, kolbasanı, yağlı donuz budunu, dondurmanın bütün növlərini, şirin nabatları, şokoladı, limonadı, alma, armud, gilənarı.... sevirəm”. Deniska da bir neçə səhifəlik vərəqdə sevdiklərini yazır. Amma onun yazdıqları tamamilə fərqlidir. Təxmini belədir ki, mən anamı, atamı, dostlarımı, ağacları, çiçəkləri, pişik balalarını, atları, itləri, dovşanları, maralları, ilbizləri, balıqqulağını, dənizi, yosunları, balıqları, kiçik böcəkləri, kəpənəkləri, cücüləri... sevirəm. Bu, həmin 8 yaşlı qəhrəman idi ki, bahalı oyuncaq maşınını kiçik bir atəşböcəyinə dəyişmişdi və səbəbini soruşan anasına belə demişdi: “Axı atəşböcəyi canlıdır! Həm də işıq saçır!” 8 yaşlı oğlan özü də fərqində olmadan həyatın ən böyük tərifini vermişdi. Yəqin ki, o böyüdükdən sonra adi insani sevincləri heç bir bahalı avtomobilə, dəbdəbəli mənzilə dəyişməzdi. Canlı olanı cansız əşyalara dəyişməzdi yəqin ki. Müəllif bizə həyat sevinclərini əslində harda axtarmalı olduğumuzu deyirdi. Bu, həmin o həqiqət idi ki, Mövlana və başqa filosoflar yüzillərdən üzü bəri onu deyə-deyə gəlirdi: “Onu ancaq öz ruhunun dərinliklərində tapa bilərsən”. Həyat gözəldir, çünki bu həyatda hətta adi gözlə görülə bilməyən böcəklər də yaşamağa can atır. Fərqinə varmadan üstündən keçdiyimiz, heçə saydığımız qarışqa da özündən 20 qat ağırlıqda azuqəni qış ehtiyatı üçün yuvasına daşıyır, yoldaşları üçün, ailə üçün fədakarlıq edir. Hətta canavarlar da onu gözləyən balalarını “düşünüb” evə yem daşıyır. Çünki təbiət belə qurulub. Çünki yaşamaq ciddi işdir. Və sən 80 yaşında belə ağac əkəcəksən. Ona görə yox ki, gələcək nəsillər onun bəhrəsini yeyəcəklər. Ona görə ki, yaşamaq bu qədər ciddi bir işdir. Həyatı bir böcək qədər ciddiyə alacaqsan. O böcək ki, insan ayaqları altında hər an əzilə, ya da qurd-quşa yem ola bilər, amma yenə də həyata təslim olmur. Həyat gözəldir, çünki bu həyatda yaşıl-yaşıl otlar, dəniz, günəş, insan var. Yazda ağacların qəribə bir sehrlə puçurlaması və dünyamıza bahar gətirməsi var. Qışda qarın, payızda yağışın yağmasını seyr etmək kimi kiçik və böyük sevinclər var. Həyat gözəldir, çünki hər gün getdiyimiz yolların geri dönüşü və doğmalarımıza qovuşmaq var. Bunun sevincini yaşamaq var. Bəzən yoruluruq, hər şeydən usanırıq. Dərk etmək ağır və ağrılı olur. Hər birimizin həyatında elə bir an olur. O anda həmin kiçik, amma üzümüzə sehrli təbəssüm qonduran o sevincləri düşünün. O sevinclər ki, bəlkə də hissiyyatsız adamlara əhəmiyyətsiz görünə bilərdi, amma sənə necə böyük xoşbəxtlik və həyəcan gətirmişdi. O sevinclər səni tərk etməyib, onlar yenə sənin içindədir və sənin kiçik kəşfini gözləyir. Sadəcə onları görə bilmək üçün daha bir cəhd et. Daha bir cəhd. Bəlkə də görəcəksən ki, əslində yaşamaq gözəldir. Və hətta Kainat da yalnız sənə gülümsəyir...


56

VƏFA KAHRAMAN il ə m üsa hi b ə

FORS MAGAZINE | stories


57


58

Dağçılıqla nə vaxtdan məşğul olursunuz? Üç il öncə iş yoldaşlarım Heydər zirvəsinə getmişdilər. Onların səfər təəssüratlarını eşidəndə çox həvəsləndim. İş yoldaşlarımdan biri mənə söz verdi ki, növbəti dəfə məni də özü ilə aparacaq. İş elə gətirdi ki, həmin dostum yol qəzasında dünyasını dəyişdi. Zaman keçdi, növbəti səfər vaxtı gəlib çatdı. Sözün açığı, əvvəl getmək istəmədim. Həmin dostum yadıma düşdü, özümü yaxşı hiss etmədim. Daha sonra fikrimi dəyişdim. Çünki biz vəd etmişdik. Digər dostlarıma qoşulub, Qızılqaya massivində yerləşən Heydər zirvəsinə yollandım. Fəridəylə də həmin səfər zamanı tanış oldum. Hələ də yaxşı xatırlayıram. Möhkəm qar yağırdı. Çadırımız peşəkar dağ çadırı olmadığı üçün içərisi çox soyuq idi. Fəridə məni yeməyə dəvət etdi. Daha sonra zirvəyə doğru dırmandıq. Zirvəyə çıxmaq mənim üçün asan idi. Fəridə məndən qabaqda gedirdi. İstirahət vaxtı məndən soruşdu: - Sən heç dağa dırmanmısan? - Yox. - Bəs hansısa klubun üzvüsən? - Yox. - Ümumiyyətlə, təcrübən var? - Yox. - Əla! Səndən çox gözəl dağçı olar. Fəridəylə və dağlarla ilk tanışlığım belə oldu.

Dağçılıqda ən vacib təhlükəsizlik tədbiri hansıdır? Bu, dağın növündən asılıdır. Elə dağlar var ki, marşurutu təhlükəsiz və asandır. Ancaq elələri də var ki, buz baltası olmadan çıxmaq mümkün deyil. Çünki orada səni hər an sürüşmə gözləyir. Qollarım elə də qüvvətli deyil. Ona görə də buz baltası olmadan heç bir dağa getmirəm. Bundan başqa kəndirdən istifadə edirik. Dağçılıqda bu, sığorta adlanır. Bəzi dağlar da var ki, kaska mütləqdir. Savalan dağının xarakterini bilmədiyim üçün ora kaskasız getmişdim. Dırmanarkən bir neçə dəfə başımı zədələdim. Elbrus dağına dırmanarkən isə krampondan (red. ayaqqabıya taxılan dəmir altlıq) istifadə etmişdim. Krampon buz və qar üzərində sürüşmənin qarşısını alır.

Fiziki hazırlığınız üçün nə edirsiniz? Gündəlik idmanla məşğul olarkən özünüzü nəinki dağa dırmanarkən, ümumiyyətlə hər gün gümrah hiss edirsiniz. Halhazırda cədvəlim sıx olduğu üçün həftədə yalnız üç dəfə qaçıram. Ancaq keçən il bir gün fitneslə, digər gün isə üzgüçülüklə məşğul olurdum. Bu, həm ağciyərləriniz, həm də möhkəm əzələyə sahib olmağınız üçün faydalıdır.

FORS MAGAZINE | stories


59

Dırmandığınız ən yüksək zirvə hansıdır? Elbrus, 5642 metr. Dağ kənardan çox rahat görünürdü. Ancaq səfərdən öncə Elbrusda dəfələrlə olan dağçı yoldaşlarımdan fiziki və psixoloji hazırlıq baxımından məsləhətlər almışdım. Onların tövsiyəsi məni bir az qorxutmuşdu. Mənə demişdilər ki, Elbrusda ölənlərin sayı Everestdə ölənlərin sayından çoxdur. Ancaq hava yaxşıdırsa, bələdçiniz təcrübəlidirsə və fiziki hazırlığınız qaydasındadırsa, rahat enib-düşəcəksiniz. Əks halda, yolu azıb, hansısa buz çatına düşə bilərsiniz. Elbrusda bir yer var, birnəfərlik yoldur. Ölüm halları ən çox burada müşahidə olunur. Necə bir təhlükəli yerə getdiyimi anlayırdım.

Zirvəyə çatdıqda özünüzü necə hiss edirdiniz? Sonuncu saldığımız düşərgə 4800 metr yüksəkliyində yerləşirdi. Elbrus kimi hündür dağlara bir günə qalxıb enmək olmur. Bu, həm vaxt, həm də fiziki baxımdan mümkün deyil. Belə dağlar tələb edir ki, hava şəraitinə, təzyiqə uyğunlaşmaq üçün bir neçə gün dağda qalasan. Bizim isə vaxtımız çox az idi. Səfərimizin üçüncü günü dağa dırmandıq. Fikirləşirdim ki, üç günlə on gün arasında elə də böyük fərq olmaz. Ancaq dağa dırmandıqca qət edilən hər metrdə bədən oksigensiz şəraitə dözə bilmir, üsyan edirdi. O zaman başa düşdüm ki, bu, həm bədən, həm də beyin üçün ciddi zərbədir. Klimatizasiya dövrü çox vacibdir. Əvvəl dağçı yoldaşlarım məndən irəlidə gedirdilər. Mən asta, ancaq çox yol qət edən biriyəm. Dağın bir nöqtəsinə çatanda gördüm ki, yoldaşlarımın vəziyyəti elə də yaxşı deyil. Dağa çıxmaq təkcə fiziki hazırlıq tələb etmir. Bədən təzyiqə öyrəşməyəndə qusma və şiddətli baş ağrısı başlayır. Hətta bu zaman hallüsinasiya (red. qarabasma) görənlər də olur. Məndə vəziyyət qəribə idi: hündürlüyə alışdıqca özümü yaxşı hiss edirdim. Zirvədə isə daha yaxşı idim.

Hədəflədiyiniz zirvə hansıdır? Everest. Olduğum planetin ən hündür

zirvəsinə çıxıb, o hissi yaşamaq istəyirəm. Həm də arzulayıram ki, Azərbaycan qadını o zirvəni fəth etsin.

Qadınlardan söz düşmüşkən, dağçılıqda gender balansı necə olmalıdır? Mənə dağa kişilərlə getmək daha asandır. Təcrübəmdə qadınların olduğu qruplarla istər dağa, istərsə də yürüşə getdiyim olub. Qadınlar çox kaprizli olurlar. Dağ elə bir yoldur ki, danışmağa vaxt olmur. Dağa dırmanarkən söhbətə vaxt və enerji sərf etmək istəmirəm. Qadınlarsa, adətən bunu sevirlər. Elə yerlərə kişiylə getmək daha asandır. Səhər “dur” deyirsən, hamı durur. “Ye” deyirsən, hamı yeyir. “Get” deyirsən, hamı gedir. Qadınlarla vaxt itkisi olur. Biri saçını darıyır, biri üzünə nəsə vurur. Dağda hətta bəzənən qızlar da görmüşəm. Qadınlarla getmək mənə həddindən artıq çətindir, ona görə də bundan sonra da seçimimi kişilərlə etməyi düşünürəm.


60

Ancaq bunu da qeyd edim ki, qadınlar dağda çox dözümlüdürlər. Çevikdirlər, tez çıxış yolları axtarıb tapa bilirlər və bədənləri dağa daha yaxşı adaptasiya olur. Kişilər isə adətən baş ağrısında belə dayanırlar, tez vaz keçirlər.

Dağa yola düşmədən öncə qızınız Sara ilə söhbət edirsinizmi? Təhlükənin mümkünlüyünü ona necə izah edirsiniz? Həmişə çalışıram ki, Saraya reallığı anlayacağı dildə izah edim. Hər bir anımız təhlükədən ibarətdir. Adi bir yol keçməyimiz belə böyük bir təhlükədir. Bunu ona izah etmişəm. Səfərimi kimdən gizli saxlasam da, Sarayla həmişə bölüşürəm. Ona fiziki cəhətdən hazır olduğumu, sağ-salamat geri qayıtmağa çalışacağımı və kainatın mənə kömək olacağını söyləyirəm.

Yeni başlayanlar üçün dağçılıqla bağlı üç qızıl qaydanız hansıdır? İlk öncə, peşəkar bələdçi olmadan heç bir yerə getməyin. İkinci məsələ, təchizatlı olmaqdır. Şəhərə geyindiyin ayaqqabı ilə dağa getməməlisən. Qətiyyən! Dağ ayaqqabılarının xüsusi funksiyaları var: sürüşməyə, barmaqları donmağa qoymur. Ayaq rahat hərəkət edə bilir. Zədələnmənin qarşısını alır. Xüsusi geyimlər isə su keçirmir, sizi donmağa qoymur. Yaxşı təchizatınız yoxdursa, heç təpəyə də dırmanmayın. Son olaraq, psixoloji hazırlıq. Təcrübəmdə fiziki cəhətdən güclü insanlarla dağa dırmandığım olub. Ancaq dağın müəyyən hissəsinə çatdıqda fiziki güc sizə o qədər də lazım deyil. Dağın elə bir nöqtəsi var ki, oradan zirvəyə səni beynin, ruhun və inamın aparır.

FORS MAGAZINE | stories


61


62

İradə Qədirova ilə müsahibə Səyahət bloggeri, fotoqraf

FORS MAGAZINE | stories


63

Sizi dağlara səsləyən nədir? Oradan ətrafa açılan və aşağıdan görə bilmədiyimiz mənzərələr. Ən gözəli gün doğuşu və qürub çağıdır. Hər dəfə yenilənəcək olan daxili dünyam və dağın özü. Hər yeni dağ özü bir dünyadır.

Özünüzü daha çox kim hesab edirsiniz: idmançı, alpinist, yoxsa səyyah? Alpinist deməkdən çəkinirəm. Səyyah da olmuram orada. Macəraçıyam.

İlk fəth etdiyiniz dağ hansıdır? “Fəth etmək” sözünün əleyhinəyəm. Dağları necə fəth etmək olar? Onlar əbədi və möhtəşəmdir. Biz sadəcə onlardan bizi zirvələrinə buraxmaları üçün dua edə bilərik. Bu baxımdan, Babadağ ilk dağım olub.

Ən yaddaqalan səfəriniz hansıdır? Şahdağ. Bir il idi ki, xəyalımdı. O zaman dağlar bir çox səbəbdən ictimaiyyətə bağlı idi. Yüksək zirvələrə dırmanmaq üçün xüsusi qurumlardan icazə almaq çox çətin idi. Odur ki, Şahdağa mümkünsüz bir şey kimi baxırdım. Ancaq bir gün gözlənilmədən Şahdağ həyatımın bir parçasına çevrildi.

Bu qorxunu necə dəf edirsiniz? Özümü pozitiv dalğaya kökləyirəm. Dostlarım adımı hətta “şaman” qoyublar.

Dağa dırmanarkən ən vacib təhlükəsizlik tədbiri hansıdır? Bu zaman hər amil çox vacibdir. Ayağın qoyuluşu, nəfəsin düzgün idarə olunması, hətta geyimin belə doğru seçilməsi. Əsas məsələ isə təbiətdir. Nə qədər təhlükəsizlik tədbirlərinə riayət etsən də təbiətin öz qanunları var.

Əlbəttə ki, Everest və Annapurna zirvələri.

Gümrah və güclü olmaq üçün hansı idman növü ilə məşğul olursunuz?

Ailənizin bu xobbinizə münasibəti necədir?

Gündəlik yürüşlərim var. Evdə isə fitneslə məşğul oluram. Hər həftəsonu təbiətdə uzun yürüşlər edirəm.

Qəbul etmirlər. Narahatlıqla qarşılayırlar.

Dağçılıq ləvazimatları, qida kimi zəruri əşyalarla yanaşı özünüzlə daha nələr götürürsünüz?

Qalxmaq istədiyiniz zirvə hansıdır?

Dağçılıqda ən çox üzləşdiyiniz problem nədir? Texniki dağ dırmanışlarım olmayıb deyə hələ ki, əsas problemim yoxuşlar zamanı nəfəsimdir.

Bəs ən çox qorxduğunuz nədir? Təbiətin şıltaqlığı nəticəsində zirvəyə çata bilməməyimiz.

Fotokamera. Səfərlərim uzunmüddətli olmur deyə kitabları evdə qoyuram. Amma dağdan yeni bir “kitab”la qayıdıram.

Bəlkə elə xatirələrinizi kitab halında bir yerə toplayasınız? Bu haqda düşünmüsünüzmü? Dostlarım da tez-tez söyləyir. Düzü, vaxt məhdudiyyətim var. Onu çap etmək məsələsi də var. Kitab yazsam, ancaq çap edə bilməsəm, çox məyus olaram. Ona görə də hələ ki, təşəbbüs etmirəm, ancaq gələcəkdə bunu reallaşdırmaq istəyərəm.


64

Birlikdə dağa dırmandığınız komanda daha çox kişilərdən ibarət olur, yoxsa qadınlardan? Təəssüf ki, bəzən dağçılıqda belə mental dəyərlər məsələsi qabardılır. “Qızın dağda oğlanlarla nə işi var?” kimi xoşagəlməz suallar eşidirik. Bizim cəmiyyət başa düşmür ki, dağ kültürü tamamilə başqadır. Dağçılıqla məşğul olan qızların ünvanlarına belə rəylər bildirmək ədəbsizlikdən başqa bir şey deyil. Dağçılıq komandalarında qadınlar da olur. Ancaq kişilər daha çox üstünlük təşkil edir. Bunun bir neçə səbəbi var. Qızlar adətən evdən çətinliklə icazə alırlar və ya ala bilmirlər. Mən özüm də bu sınaqdan keçmişəm. Digər səbəb qorxu və cəsarətsizlik də ola bilər. Həmçinin, iki günlük yürüşlər zamanı gecəni çadırda qalmalı oluruq. Çox adam qeyri-komfortu gözə ala bilmir.

Dağçılıq komandalarında gender balansı necə olmalıdır? Yalnız qadınlardan ibarət komandayla dağa dırmanmaq nə dərəcədə təhlükəlidir? Komandada kişilərin sayının qadınlardan 1-2 nəfər çox olması zəruridir. Təcrübələrimə əsaslanaraq deyə bilərəm ki, ekstrim vəziyyətlərdə qadınlar adətən emosional, kişilər isə rasional qərar verirlər. Digər tərəfdən kömək məsələsi də var. Dağa dırmanarkən yükümüz çox ağır olur və ya birimiz zədə ala və yürüşü davam etmək üçün fiziki yardıma ehtiyac duya bilərik. Demək istədiyim o deyil ki, dağçılıqda qadınlar kişilərə yük olur. Əsla! Ancaq bəzən elə anlar olur ki, kişilərin fiziki dayaq və rasional qərarlarına ehtiyac yaranır. Özümüzə güvənmədiyimiz anlarda onlar bizi motivasiya edir, bizi dəstəkləyirlər. Dağların öz qanunları var. Orda feminizm keçmir. Hətta yalnız qadınlardan ibarət komandayla dağa getməyi planlaşdırırsınızsa, kişi bələdçinin olması sizin xeyrinizə olar.

Dağçılıqla məğul olmaq istəyənlər üçün 3 qızıl qaydanız? Dağlara sevgi, əzm və özünəinam.

FORS MAGAZINE | stories



FORS MAGAZINE BAKI 2018


Turn static files into dynamic content formats.

Create a flipbook
Issuu converts static files into: digital portfolios, online yearbooks, online catalogs, digital photo albums and more. Sign up and create your flipbook.