behruzmelikov.com
Azərbaycan Respublikasının coğrafi mövqeyi, ərazisi və sərhədləri Azərbaycan Respublikası sahəsinin böyüklüyünə və əhalisinin sayına görə Cənubi-Qafqazın ən böyük ölkəsidir. O, Qafqaz dağlarının cənub-şərqinin Xəzər dənizinə geniş məsafədə açılan hissəsində, Avropa ilə Asiyanın qovşağında, beynəlxalq əhəmiyyətli nəqliyyat yollarının keçdiyi olduqca əlverişli iqtisadicoğrafi mövqedə (İCM) yerləşir. Qərbdən Şərqə və Şimaldan Cənuba gedən qlobal nəqliyyat dəhlizlərinin Azərbaycandan keçməsi onun tranzit və geosiyasi potensiyalını artırır. Ərazinin böyüklüyü, coğrafi mövqeyi, subtropik enlikdə yerləşməsi, təbiətinin zənginliyi və rəngarəngliyi Azərbaycanın inkişafına daimi təsir göstərən mühüm amillərdəndir. Ölkəmizin ərazisi başlıca olaraq 3-cü saat qurşağında yerləşir. Azərbaycanın ərazisini qərbdən şərqə kəsib keçən tranzit İpək yolu (TRASEKA) və ixracat kəmərləri Xəzərin neft-qaz ehtiyatlarının və Mərkəzi Asiya ölkələrinin Qərbə çıxışını təmin edir ki? bu da onun regionda fəal rol oynamasına imkan verir. Gələcəkdə Rusiya və Baltikyanı ölkələri İran və digər cənub dövlətləri ilə birləşdirəcək şaxəli şimal-cənub nəqliyyat dəhlizinin, həmçinin Axalkalaki-Qars dəmir yolu xəttinin çəkilməsi, eləcədə digər layihələrin reallaşdırılması ölkəmizin tranzit mövqeyinin coğrafi əhəmiyyətini daha da genişləndirəcəkdir. Azərbaycan dünyanın ən qədim ərazilərindən olub, xalqının məskunlaşaraq formalaşdığı və əkib-becərərək müasir mədəni hala gətirdiyi bir yurda çevrilib. Ayrı-ayrı tarixi mərhələlərdə, yadelli qəsbkarların təcavüzü nəticəsində ölkəmiz geniş ərazilərini itirmiş və xalqı dünyada ilk dəfə bölünmüş vəziyyətdə yaşamağa məcbur edilmişdir. Gülüstan (1813-cü il) və Türkmənçay ( 1828-ci il) müqavilələri Azərbaycanı iki hissəyə – Rusiyanın tərkibinə qatılan Şimali Azərbaycana və İranda qalan CənubiAzərbaycana bölmüşdür. 1918-ci il 28 mayda Şimali Azərbaycanda yaradılmış Demokratik Xalq Cümhuriyyətinin ərazisi 144 min km2, yəni indikindən 1,3 dəfə çox olmuşdur. Lakin sonralar tarixi torpaqlarımızın İrəvanın, Zəngəzurun, Borçalının, Dərbəndin qonşu ölkələrə verilməsi ərazinin xeyli kiçilməsinə və Naxçıvanın anklava çevrilməsinə gətirib çıxarmışdır (anklav – fransız sözü olub, bir dövlətin ərazisinin bir hissəsinin hər tərəfdən digər ölkəninki ilə əhatələnən və dənizə çıxışı olmayan ərazidir). SSRİ dağıldıqdan sonra 1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikası müstəqilliyini bərpa etmiş, Birləşmiş Millətlər Təşkilatı (2 mart 1992-ci il) tərəfindən mövcud sərhədləri ilə tanınmış və dünyanın siyasi xəritəsində öz yerini tutmuşdur Lakin XX əsrin 90-cı illərində Dağlıq Qarabağa iddia edən erməni seperatçılarının təcavüzü nəticəsində ölkəmizin ərazisinin 20%-i işğal edilmişdir. Nəticədə Azərbaycanın 7 rayonu (Ağdam, Cəbrayıl, Zəngilan, Qubadlı, Füzuli,Kəlbəcər, Laçın ) və Dağlıq Qarabağın ərazsi işğal olunmuşdur . İşğalın indiyədək davam etməsi bütövlükdə Cənubi Qafqaz regionunun siyasi, iqtisadi və sosial vəziyyətinə, xüsusilə inteqrasiya prosesinə mənfi təsir göstərir. Azərbaycan ərazisi hazırda 86,6 min km2 təşkil edir. Onun ucqar nöqtələri arasında şimaldan cənuba uzunluğu 400 km, qərbdən şərqə isə 500 km-dir.