VAQİF ASLAN "MƏN TÜRKƏM - Turk xalqları ədəbi əlaqələri Şəki kontekstində"

Page 1

VAQİF ASLAN

MƏN TÜRKƏM Türk xalqları ədəbi əlaqələri Şəki kontekstində

Şəki, Kiş kəndi 2021


2


Vaqif Aslan AYB Şəki filialının sədri ADPU Şəki filialının baş müəllimi

Türk xalqları ədəbi əlaqələri Şəki kontekstində Dialektlər, şivələr və ləhcələr rəngarəngliyində yaranan və inkişaf edən türk xalqları ədəbi əlaqələri genetik doğmalıq şəraitində yaranıb şaxələnmiş və çox böyük coğrafiyanı əhatə etmişdir. Əlaqələrin inkişafında və genişlənməsində söz və sənət aşiqləri olan türk xanları və xaqanlarının, türk sultanları və şahlarının, türk əmirləri və hökmdarlarının ədəbiyyata və mədəniyyətə qarşı olan isti münasibətləri dayanmışdır. Hələ 1069-cu ildə Yusif Balasaqunluya (1017-1077) “Qutadqu – bilik” əsərinə görə Tabqaç hökmdarı Buğra Qara xan tərəfindən “Ulu Xas Hacib” titulu (15, 23) verilmişdi... Qaraqoyunlu hökmdarı Cahanşah Həqiqinin (1397//1405-1467) öz divanını Osmanlı və Teymuri saraylarına, o cümlədən, Şirvanşahlara - Bədr Şirvaniyə (13871450) göndərməsi, Əlişir Nəvai (1441-1501) divanlarının isə Osmanlıya gətirilməsi (1, 9), Əlişir Nəvai dövründə Heratda Şahhüseyn Ordubadi adlı bir şairin olması və orada Şəkili bir şairin Molla Cami təxəllüsü ilə şeirlər yazması da (3, 24-25) təzkirələrdə öz ifadəsini tapmışdır. Fateh dönəmidə İranın və Orta Asiyanın ortaq mədəniyyət mərkəzlərindən Anadoluya gələn bilginlər və şairlər Prof.Dr. Muhsin Məcidın “Başlanğıcdan XVII əsrin sonuna qədər klassik Osmanlı ədəbiyyatı” adlı yazısında qeyd edildiyi kimi (11,18) saray çevrəsində böyük diqqət görürdülər. Osmanlılar, Səfəvilər, Şeybanilər və Baburilər arasındakı ədəbi əlaqələr (2, 251) vaxtaşırı da olsa, davam etməkdə idi. Bir sözlə, türk xalqları ədəbi əlaqələri zaman-zaman həqiqətin özü kimi 3


nazilsə də, üzülməmişdir. Bu sözləri eyni ilə Şəki – Türkiyə və digər türk ölkələri ədəbi əlaqələrinə aid etmək olar. 1839-cu ildə “hər kəsdən daha çox əlyazmaların və kitabların toplanması, mühafizəsi, bərpası və təbliği sahəsində böyük işlər görmüş” Əbdülqəni Nuxəvi Xalisəqarızadə (18171879) İstanbulda olmuş, Şəkiyə qayıdanda (8, 26-28; 58-61) özü ilə xeyli kitab gətirmişdi. Əlbəttə ki , ölkə və ya əyalət çərçivəsində olmasından asılı olmayaraq , ədəbi əlaqələr ədəbi şəxsiyyətlərin fəaliyyəti sayəsində qurulur. Bu mənada, Azərbaycan- Türkiyə ədəbi əlaqələrinin yaranmasında və inkişafında əslən Şəkili olan ədiblərin də tarixi xidmətləri danılmazdır. Burada öz ədib və ziyalı taleyini yaşayan Mirzə Fətəli Axundzadənin (1812-1878) yeri görünməkdədir. Həmyerlisi Əbdülqəni Nuxəvi Xalisəqarızadədən 24 il sonra – 1863-cü ildə M.F.Axundzadə Qafqaz canişini Mixail Nikolayeviçin – çar II Aleksandrın kiçik qardaşının icazəsi ilə İstanbula səfər edir. O, İstanbuldakı rus səfirinin vasitəsi ilə Sədri-əzəm Fuad paşaya farsca yazdığı “Ərəb əlifbasının islahına dair” kitabçasını və azərbaycanca qələmə aldığı “Yusif şahın hekayəti”ni təqdim edir. 1846-cı ildə Osmanlı sultanı Sultan I Əbdülməcidlə (1839-1861) görüşüb ərəbcə yazdığı “Əsrarül-mələkut” əsərini şəxsən onun özünə təqdim edən A. Bakıxanovdan (1794-1847) fərqli olaraq, M.F. Axundzadənin oradakı görüşlərinə dövlət səviyyəsində maneçiliklər törədilsə də, onu “Məcidiyyə” nişanı və “Fərmani-Təhsin” ilə təltif edirlər. M.F.Axundzadənin latın əlifbasına keçmək təşəbbüsünə sağlığında qol qoyulmasa da, sonralardan Azərbaycanın və Türkiyənin şəxsində bu təşəbbüs tarixi reallığa çevrilir. M.F.Axundzadədən 10 il sonra - 1873-cü ildə Əbdülqəni Nuxəvi Xalisəqarızadənin İstanbula yenidən səfər etməsi, türk şairi İsmayıl Həqqinin Qara dənizdə, gəmidə qələmə aldığı “Divan”ını Şəkiyə gətirməsi o dövrdə Şəkili oxucuların türk ədəbiyyatı ilə tanışlığına səbəb olmuşdur. XIX əsrin II yarısının və XX əsrin 30-cu illərinin ali ruhani təbəqəsini təmsil edən Şəkililər sırasında Bursada və İstanbulda 15 il mükəmməl 4


təhsil almış Əhməd Nabi Əfəndinin (1850-1935), o cümlədən Bursada və Konyada ali dini təhsil almış, Nurməhəmməd Əfəndi İmamzadənin (18691930) Şəkidə (6, 81-87) islami ədəbiyyatın yayılmasında, maarifçilyin inkişafında xüsusi rolu olmuşdur. 1918-ci ilin mart qırğınlarının dəhşətlərini yaşayan Şəkili ədiblər də türk hərbiyyə naziri, Baş komandan vəkili, birinci fəriq (tam general-or general) Damad İsmət Ənvər paşanın (1881-1922) kiçik qardaşı fəriq (general-leytenant) Nuru paşanı (1889-1949) həyəcanlı şeirlərlə (5, 236238) qarşılamışlar. Hətta , Abdulla bəy Əfəndizadə (1873-1928) “Ya ölüm, ya Türkiyə” mənzuməsini yazmışdır. Xudavənda, hər iqlimə qılıbsan çarə yüz yerdən. Nədəndir pəs bizim millət olub biçarə yüz yerdən? sualından sonra şanlı türk tarixini varaqlayan şair: Ey nəcib övladın ordusu, Şəki, Şirvanə gəl! Tiflüsü, Bakivü, Şişə, Gəncəvi Səlyanə gəl! deyərək Türkiyəyə üz tutmuşdur: Hər ürəkdə səbt olubdur : “Ya ölüm , ya Türkiyə!” Hər ağısdan yüksəlir fəryadi-şeyda, Türkiyə! Səbrimiz artıq tükəndi, durma gəl, mərdanə gəl! Yurdumuz düşmən əlində olmamış viranə, gəl! (4, 20) 1918- ci ildə yazılmış bu əsər ilk dəfə 1919- cu ildə Şəkidə, “Mədəniyyət” mətbəəsində , son dəfə isə 2005-ci ildə (7, 129-130) Bakıda çap edilmişdir. Bu dövrün digər bir Şəkili ədibi Salman Mümtaz adı ilə məşhur olan bibliofil Salman Məşədi Məhəmmədəmin oğlu Əsgərzadədir. O, 1884-cü ildə Şəkidə anadan olmuş, sovet dönəmində repressiyaya məruz qalmış , 1941-ci ildə sürgündə güllələnmişdir. Salman Mümtaz 1918-ci ildə “Ənvəriyyə” şeirini nəfis tərtibatlı böyük bir vərəqədə nəşr etdirib

5


Şəkidə Nuru paşaya oxuyub təqdim etmişdir. Şeir müsəddəs formasında, Osmanlı ləhcəsində qələmə alınmışdır: Yaşa, ey qaziyi-əzəm, yaşa, ey möhtəşəm Ənvər! Səninlə fəxr edir şimdi böyük sultan, ulu qeysər ! Salman Mümtazın ikinci seiri isə “Öyün, millət” adlanır və Nuru paşaya (5, 236-238) həsr edilmişdir. “Ziyasız rus zülmündən o yüksək ruhu ölmüş”, “qanı şişəyə şərab kimi tökülmüş” xalqına Nuru paşanın gəlişi münasibətilə (12, 151) şairanə bir dillə göz aydınlığı vermişdir. Tarixə qovuşmuş Sovet dönəmində SSRİ tərkibinə daxil olmaq məcburiyyətində qalan türk respublikalarının yazıçı və şairlərini, alim və filosoflarını pantürkist, panislamist adı altında həbs etdilər, güllələdilər, sürgünə göndərdilər. Sağ qalanlarını isə “şimaldan doğan Günəşin” qandonduran şüalarını isti və ilıq şüalar kimi mədh etməyə şirnikləndirdilər. Yenə də Azərbaycanda Cəfər Cabbarlıların, Hüseyn Cavidlərin, Bəxtiyar Vahabzadələrin, Türkmənistanda Berdi Kerbabayevlərin, Durdı Qılıcıların, Nurmurad Sarıxanovların, Qazaxıstanda Cambul Cabayevlərin, Muxtar Auezovların, Sabit Mukanovların, Oljas Süleymenovların, Özbəkistanda Abdulla Qədirilərin, Musa Aybəklərin, Qafur Qulamların, Kamil Yaşenlərin, Qırğızıstanda Tukelbay Sadıqbayevlərin, Aalı Tokombayevlərin Çingiz Aytmatovların, Tatarıstanda Qəvi Nəcmilərin, Qəmər Bəşirovların, Əbdürəhman Absalamovların, Başqırdıstanda Mustay Kərimlərin türk ruhunu öldürə bilmədilər. SSRİ tərkibinə daxil olan respublikalar arasındakı ədəbimədəni əlaqələr Türkiyə Respublikası istisna olmaqla, siyasi-ideoloji əsasda həyata keçirilirdi. Siyasi təqiblərə və repressiyalara baxmayaraq, Şəkidə pərvəriş tapan B.Vahabzadənın (1925, 16 avqust, Şəki-2009, 13 fevral, Bakı) “Gülüstan” poeması 1960-cı illərdə qan və gen yaddaşımızın oyanmasında, milli mənlik şüurumuzun canlanmasında həlledici rol oynadı.

6


Aşağıda görüntüsü yayınlanan emblemin və dəvətnamənin məzmunundan göründüyü kimi “Azərbaycan SSR-də özbək ədəbiyyatı və mədəniyyəti günləri” adı altında keçirilən tədbirlər türk xalqlarını ət maşınından keçirən SSRİ-nin gözə kül üfürməsindən, türkü türklüyündən uzaqlaşdırıb “yekcins sovet xalqı” şəklinə salmaq istəyindən başqa bir şey deyildi. Məni məxsusi dəvətnamə ilə 1970-ci illərdə Şəkidə keçirilən Ukrayna, Belorusiya və RSFSR “ədəbiyyatı və mədəniyyəti günləri”nə çağıran, təntənəli iclasda qonaqları şeirlə salamlamağı da mənə həvalə edən o zamankı şəhər partiya komitəsinin I katibi Sadıq Murtuzayevin və II katibi Ənvər Nəzərlinin ruhları şad olsun.

18 oktyabr 1991-ci ildə 71 illik əsarətdən sonra Azərbaycanımızın müstəqillik qazanması türk xalqları ədəbi əlaqələrini sürətlə genişləndirdi. Təsadüfi deyildir ki, Türkiyıdə çox məşhur olub, 1924-2001-ci illərdə ömür sürmüş Ahmet Kabaklı beş cilddən ibarət “Türk edebiyatı”nın III cildində M.F.Axundzadəyə, IV cildində isə B.Vahabzadəyə geniş yer vermişdir. 1997-ci ildə Ankarada “Türkiye dışındakı türk edebiyatları antolojisi”nin “Azerbaycan türk edebiyatı” cildini (V cild) Nevzat Kösoğlunun baç redaktorluğu ilə türklərin də “div ədəbiyyatşünas” adlandırdıqları Şəkili Yaşar Qarayev (1936, 5 mart, Şəki-2002, 25 avqust, 7


Bakı) hazırlamışdır. Orada Şəkidə yaşayıb yaradan Vaqif Aslanın həyatı və yaradıcılığına, əsərlərindən nümunələrə layiqıncə yer verilmişdir. 2015-ci ildə, Ankarada iki cilddə nəşr edilmiş “Avrasiya şairleri antolojisi”ndə Şəkili şairlər də təmsil edilmişdir. Vaqif Aslanın, Tural Adışirinin, Firengiz Şəkilinin, Ramiz Orsərin şeirləri bu antologiyalarda yer almışdır.

11oktyabr 2017. ADPU Şəki filialı. Şəki kökənli Türk şair Coşqun Qarabuludla görüş. ADPU Şəki filialının direktoru Prof.Dr. Rafiq Rasulov qonaqları təqdim edir. Soldan: Dünya Gənc Türk Yazarlar Birliyi (DGTYB) Aran bölməsinin başçısı, şair-publisist Elşən Əzim, DGTYB-nin üzvü, şair-publisist Akəm Xaqan, DGTYB-nin üzvü, şairə-publisist Nazilə Gültac, türk yazar Coşqun Qarabulud, ADPU Şəki filialının direktoru, Prof.Dr. Rafiq Rasulov, AYB Şəki bölməsinin sədri Vaqif Aslan, əməkdar jurnalist Akif Salam, DGTYB Məsləhət Şurasınıno zamankı başqanı, şair-publisist Əkbər Qoşalı.

P.S. 24 oktyabr 2019-cu ildə TC “Fethiye Ədəbiyyat Qrupu”nun rəhbəri şair Coşqun Qarabuludla və üzvləri ilə Şəkidə daha bir görüş keçirilmişdir. Görüşdə “Fethiye” ədəbiyyat qrupunun üzvlərindən Aydıneli Adnan Menders Universiteti tibb fakültəsinin dekanı Prof. Dr. Yelda Özsunar, Fəthiyədən isə rəssam –şair Minə Sarmış, şair- vəkil 8


Burcu Yılmaz Sayılan və yazar-müəllim Şahsənə Camız, Malatyadan yazar- vəkil Fatma Bacara, İstanbuldan şair- hüquqşünas Şafak Ahmet Deniz və şair-yazar-iqtisadçı Nurcan Gökmen (14, 247-249) iştirak etmişlər. XX yüzilliyin sonu, XXI yüzilliyin əvvəlləri Azərbaycan – Türkiyə müstəvisində həm də Şəki – Türkiyə ədəbi – mədəni əlaqələrinin yüksələn xətlə inkişafı dövrüdür. Türk prezidenlərdən Turqut Özalın, Abdullah Gülün, Rəcəb Tayyib Ərdoğanın Azərbaycana tarixi səfərləri zamanı Şəkiyə baş çəkmələri də xüsusi əhəmiyyət daşıyır. Hələ 1999-cu ildə Bakıda qastrolda olmuş İstanbul BələdiyyəTeatrı iki günlüyə Şəkiyə səfər etmiş, burada teatr tamaşaları vermişdir. Şəki teatrı Əziz Nesinin “Toros canavarı”, Nazim Hikmətin “Bayramın birinci günü” əsərlərini tamaşaya qoymuşdur. Şəki isə bir şəhər kimi Türkiyənin həm Giresun, həm də Lapseki şəhərləri ilə qardaşlaşmış şəhərdir: əlbəttə ki, qardaş ölkələrin şəhərləri də qardaş olmuş olur. Şəki teatrının Türkiyənin bir çox şəhərlərində Giresunda, Adanada, İstanbulda qastrollarda olması da deyilənləri bir daha təsdiq edir. Polyak dramaturqu Slavomir Mrojekin “Xoşbəxt hadisə” əsərinin Şəki Dövlət Dram Teatrı tərəfindən mənim tərcüməmdə Türkiyədə tamaşaya qoyulması da, “tarixlə, yaddaşla dialoq” şəklində qələmə aldığım “Ruhlarla söhbət” poemamın türkün əzəməti haqqında dastan” kimi qiymətləndirilməsi də (7, 150-166) danılmaz həqiqətdir. 2007-ci ilin avqust ayının 10-u və 11-də Sayımbeylidən (Adanadan) şair-araşdırmaçı Ahmet Kaytançı ilə Şəkidə keçirilən görüşlər, onun “Siyaha çaldı düşlerim” və “Haçın oldu kanlı kuyu” kitablarının Şəkidəki müzakirələri, yəqin ki, hələ də unudulmamışdır. Onun “Haçın oldu kanlı kuyu” kitabına rəy şəklində qələmə aldığım “Yer kürəsi: insana baxış və insanın insanı görmə bucağı” adlı məqaləm Türkiyədə “Menzil qazetesi”nin 31 aralık 2008, 14 və 21 ocak 2009-cu il saylarında çap edilmişdir. 9


Adanalı qonaq Şəkili şair və yazıçılar arasında Soldan: Bahar Səma, Ələsgər Davudoğlu, Şahid Məmmədkərimov, Ağa Ramazan, Ahmet Kaytançı, Vaqif Aslan, Lütfəli Oxudlu, Gülnarə Əsgərzadə.

18 dekabr 2008-ci ildə o zamankı AMİ Şəki filialını (hazırki APDU Şəki filialı) akt zalında İstanbullu dostumuz Asim Yekələrlə keçirilən konfransda nəinki Şəkidən, hətta, Zaqatala, Balakən və Oğuzdan olan yazıçı və şairlər də iştirak edirdilər. Ankaradan Abdurrahman Örs, İzmirdən Şefki Dinçal və Turan Atasevər, Aydın ilindən Şükrü Öksüz, İstanbuldan İmdat Avşar, Mustafa İslamoğlu və Hikmət Barutçugil, Sivasdan Ahmet Şafak, Samsundan (hazırda İstanbulda yaşayır) Müzəffər Təkbıyiq Şəki ilə ədəbi əlaqələri olan ədiblərdir. Dənizlidən Hasan Kallimçi ilə olan ədəbi əlaqələrimiz daha da məhsuldar olmuşdur. Hasan Kallimcinin Azərbaycan, o cümlədən, Şəki ədəbi mühiti ilə əlaqələri də diqqətə layiqdir. 2012-ci ildə böyük mütəfəkkir M. F. Axundzadənin 200 illik yubileyində Hasan Kallimcinin və İmdat Afşarın iştirakı bu günkü ədəbi əlaqələrimz üçün bir bünövrə 10


rolunu oynadı. Qayıtdıqdan sonra Hasan Kallimcinin “Kardeş kalemler”də (aylıq Avrasiya Edebiyat Dergisi, ocak 2013.Səh. 66-75.) “Rüya kibi üç gün” , Dənizlidə nəşr edilən “HOROZ- Denizlinin sesi” qəzetində isə “Azərbaycanın istiqlalını göremeyen Aydın (06 aralık 2013. Səh.06 ; 07 aralık 2013. Səh.06.) , “Vaqif Aslanın şiirleri” (17eylül 2013. Səh.04.) kimi çox dəyərli yazıları ilə çıxış etməsi AYB Şəki bölməsinin ədəbi əlaqələri müstəvisində yeni bir mərhələyə çevrildi. Hal-hazırda oxucularımıza təqdim etdiyimiz “Şəkidən Dənizliyə: Ağxan məhəlləsi” adlı məqaləsi də Hasan Kallimcinin Azərbaycana və Şəkiyə, türklüyümüzə və türkçülüyümüzə olan sonsuz sevgisinin əyani nümunəsidir. Hasan Kallimçi bu barədə “Türkiye ile türk dünyası arasındakıi edebi ilişkilerde örgütlü ve ferdi çalışmalara birer örnek” adlı məqaləsində (10, 276-281) geniş məlumat vermişdir. Təkcə onu deyə bilərəm ki, elə bu 2017-ci ilin 27 fevralında Dənizli Universitetində Xocalı soyqırımının 25 illiyinə həsr edilmiş tədbirdə Hasan Kallimçinin və mənim “türk dünyası ilə bağlı həsrət və düşüncələri”mizi ifadə edən şeirlərimiz oxunmuşdur. Onun “Denizli” jurnalının 8 avqust 2014-cü il, cümə sayında (Yerel Tarih ve Kültür dergisi sayı: 42. Eylül-Aralık 2014. səh.18-25) dərc edilən “Şəkidən Dənizliyə: Ağxan məhəlləsi” adlı məqaləsi isə tariximizə böyük sevgisi ilə qələmə alınmşdır.

“Denizli” jurnalının üz qabığı№5 (128), May 2015. Səh.12-13. “Şəki Bələdiyyəsi” qəzeti. №4 (127), Aprel 2015. Səh.12-13.; 11


İndi isə 2017-ci ilin oktyabr ayının 10-cu günüdür. ADU-nun Şəki filialının akt zalında təntənəli bir görüşə yığışmışıq. Bu görüş Şəki kökənli türk yazar Coşqun Qarabuludun Azərbaycanda nəşr edilmiş “Günlərdən şeir” kitabı ilə əlamətdardır. Kitabın tərcüməçisi Nazilə Gültac, ön sözün müəllifi millət vəkili Cavanşir Feyziyev, redaktoru isə DGTYB Məsləhət Şurasının başqanı Əkbər Qoşalıdır.

24 may 2016. ADPU-nun Şəki filialında Dünya Gənc Türk Yazarlar Birliyi (DGTYB) əməkdaşlarının tələbələrlə görüşü. Soldan: DGTYB Məsləhət Şurasının başqanı, şair-publisist Əkbər Qoşalı, DGTYB Aran bölməsinin başçısı, şair-publisist Elşən Əzim, AYB-nin Şəki bölməsinin üzvü, şair Ağa Ramazan, DGTYB Nəzarət-təftiş Komissiyası üzvləri Tural Adışirin, Ülkər Piriyeva və tərcüməçi-müəllimə Səbinə Babalı,Intiqam Yaşar iştirak ediblər. Tribunada: AYB Şəki bölməsinin sədri Vaqif Aslan məruzə edior.

11 iyun 2019-cu ildə “Şair günləri” ərəfəsində Azərbaycan Yazıçılar Birliyi (AYB) Mətbuat Xidmətinin rəhbəri Xəyal Rzanın vasitəçiliyi ilə Türkiyə Elm və Ədəbi Əsər Sahibləri Birliyi (İLESAM) sədri və üzvləri ilə keçirilən görüş də elə bu qəbildəndir. AYB Şəki bölməsi xətti ilə Xaiq şairi B. Vahabzadənin ev-muzeyinin həyətində keçirilən bu görüşdə İLESAM-ın sədri Məhəmməd Nuri Parmaksız, 12


İLESAM-ın üzvlərindən İlter xanım Yeşilay, Turan Düz, Mahmut Özkoca, o cümlədən, Qazaxıstan Yazıçılar Birliyinin (QYB-nin) birinci katibi, şair Akberen Elgezek, QYB Almatı filialının rəhbəri, şair Erlan Yunus iştirak edirdilər. Bu yaxınlarda Vaqif Aslanın bir sıra şeirlərinin Raxmat Bobajan tərəfindən özbəkcəyə tərcümə edilməsi də təqdirəlayiq hadisədir. Vaqif Aslanın “Ruhlarla söhbət” poemasının tanınmış şair-tərcüməçi Gülzirə Şaripova tərəfindən özbəkcəyə və istedadlı şair –tərcüməçi Yusif Aslan tərəfindən Anadolu türkcəsinə çevrilməsi isə türk xalqları ədəbi əlaqələrinin təkcə Şəki müstəvisində deyil, həm də ümumazərbaycan müstəvisində genişlənməsinə zəmanət verir.2021-ci ilə təsadüf edən bu hadisənin Bişkekdə yerləşən “Türkdilli dövlətlərin siyasətinə dəstək fondu”nun dəstəyi ilə həyata keçirilməsi, tərcümə və nəşr edilməsi isə əlaqələrin inkişafında yeni bir mərhələ yaradır. Bütün bunlar türkdilli xalqların inteqrasiya və yaxınlaşma prosesini sürətləndirir. 25 oktyabr 2021-ci il. Şəki, Kiş kəndi.

13


Ədəbiyyat: 1. Azadə Musayeva. XV-XVI əsrlər Azərbaycan mühacirət ədəbiyyatı və Xəlili “Firqətnamə”si (əlyazma qaynaqları əsasında araşdırma və mətn). 284 s.Bakı, “Elm”, 2007. 2. Cavad Heyət. Dilimiz, ədəbiyyatımız və kimliyimiz uğrunda.(Məqalələr toplusu). I c.704 s. Bakı, “Elm və təhsil”, 2011. 3. Cənnət Nağıyeva. Azərbaycanda Cami. 131 s. Bakı, “Elm”, 2007. 4. Əbdü Əfəndizadə. Ya ölüm, ya Türkiyə. 40s.Bakı, “Mütərcim”, 2005. 5. Ədalət Tahirzadə. Şəkinin tarixi qaynaqlarda.256s. Bakı, “Master”, 2005. 6. Həbibulla Manaflı. Öyünc və güvənc yerimiz. 224s.Bakı, “Nurlan”, 2007. 7. Həbibulla Manaflı. Tariximiz poetik etüdlərdə. Bakı, “Mütərcim”, 2015. 8. Kamil Adışirinov. XX əsr Şəki ədəbi-mədəni mühiti. Bakı, “Elm-təhsil”, 2015. 9. Kamandar Şərifli.Əbdülqəni Nuxəvi Xalisəqarızadə. 160s. Bakı, “Nurlan”, 2002 10. Tarih. Kültür. Toplum. Ayça Günkut Vurucu armağanı. Hazırlayan: İkbal Vurucu. 544s. T.C. Kültür ve Turizm Bakanlığı, 2016. 11. Türk ədəbiyyatı tarixi. I c.602s. Bakı, MBM-Bəngü, 2010. Bax. Orada. Prof.Dr.Muhsin Məcid. “Başlanğıcdan XVII əsrin sonuna qədər klassik Osmanlı ədəbiyyatı.. 12. Vaqif Aslan. Əsərləri, IV cild.Bakı, “Təhsil”NPM, 2010. 13. Vaqif Aslan. Türk xalqları ədəbiyyatı üzrə mühazirələr. Bakı, “RenessansA”, 2019. 14. Vaqif Aslan. Zaman və ədəbiyyat dilemması qarşısında. Bakı, “Mütərcim”, 2021. 15. Јусиф Баласагунлу. Гудатгу билик – Хошбəхтлијə апаран елм. F.e. d., prof. Kamil Vəliyev (Kamil Vəli Nərimanoğlu) və Ramiz Əskərin tərcüməsində. 492 s. Бakы. Aзərnəşr. 1994. .

14


15


Turn static files into dynamic content formats.

Create a flipbook
Issuu converts static files into: digital portfolios, online yearbooks, online catalogs, digital photo albums and more. Sign up and create your flipbook.