23 minute read

medalyer sənəti

FƏSİL II B. E. Ə. III ƏSR – İLKİN ORTA ƏSRLƏR DÖVRÜ medalyer sənətiMEDALYER SƏNƏTİ

FƏSİL II

Advertisement

I minilliyin sonu – orta əsrlər dövrü Azərbaycan medalyer sənəti

B. e. ə. III əsr- ilkin orta əsrlər dövrü medalyer sənəti

Minillliklərin qovşağında mövcud olmuş incəsənəti şərti olaraq iki mərhələyə bölmək olar: b. e. ə. III əsr – b. e. VII əsrlər və erkən müsəlmanlıq dövrü (VII əsrin sonu – X əsrlər).

Birinci dövrə Albaniya, Parfiya və Sasani dövlətlərinin mövcudluğu zamanı Azərbaycanın sikkəxanalarında zərb olunan medalyer sənəti nümunələrini aid etmək olar.

Qeyd edək ki, medalyer sənəti iqtisadiyyat, ictimai münasibətlərin inkişafı ilə sıx əlaqədə olmuşdur. Sonrakı dövrlərdə Azərbaycan medalyer sənətində əmələ gəlmiş tənəzzül və ya durğunluq əksər hallarda müharibələrlə, köçərilərin hücumları ilə əlaqələndirilsə də, cəmiyyətdə baş verən bütün iqtisadi, ictimaisiyasi və mədəni hadisələr, dəyişikliklər və s. bu maddi-mədəniyyət abidələrində öz izini buraxmış və yazılı mənbələri dəqiqləşdirməyə və mövcud olan boşluqları doldurmağa imkan ya-

61

AYTƏN ƏHMƏDOVA

ratmışdır. Bu sahədə sikkələr də az əhəmiyyət kəsb etmir. Adətən arxeoloqların qazıntılar zamanı ən çox tapdıqları nümunələr içərisində zərb olunduğu dövrün əsas ideyalarını, dəyərlər sistemini güzgü tək əks etdirən sikkələr olur. Onlar sanki zamana tutulan “bədii güzgü”dür.

Tariximizin ən əhəmiyyətli dövrlərindən biri də ilkin orta əsrlər dövrüdür. Bu dövr ictimai-siyasi, dini və bununla bağlı estetik görüşlər, ideyalar, onların təsvir formaları az-çox dəyişir, birbirini sıxışdırır, bir-birinin yerini tutmağa çalışır və hərdən də bir-birinə qaynayıb-qarışırdı. Orta əsrlərdə sikkələr üzərindəki təsvirlərin bir çoxu rəmzi simvolik mahiyyətə malik olub, xalqımızın mənəvi aləmini, qədim inanc və etiqadları ilə sıx əlaqədə olmuşdur. O dövrün sənətkarları sikkələrin səthində əski türk inanclarını və kosmoqonik fikirlərini islam dininin ideyaları ilə birləşdirməklə türk-islam mədəni sintezinin vəhdətini yaratmağa çalışmışdır. Bu dövr həm də tariximizin, maddi və mənəvi dəyərlərimizin təhrif olunaraq təqdim edildiyi, bəzi xalqların ustalıqla mənimsədiyi və öz adına yazmağa çalışdığı dövrdür. Məhz minilliyin sonu və ilkin orta əsrlər dövrü hələ də dərindən tədqiq olunmasını gözləyən mövzulardan biridir.

Azərbaycan ərazisində aparılmış arxeoloji qazıntılar nəticəsində Qafqaz Albaniyasının zəngin maddi-mədəniyyətə malik olduğunun şahidi oluruq.

Albaniyanın müxtəlif yerlərində e. ə. I minilliyin son rübü və eramızın əvvəllərinə aid bir sıra pul dəfinələri və tək-tək nümunələr də tapılmışdı (142, 269). Antik sikkələrin üz hissəsində imperatorların, sərkərdələrin, məşhur insanların portretləri əsasən profildən təsvir olunurdu. Relyef portretlərinin ən gözəl nümunələrindən biri də Makedoniyalı İsgəndərin dövründə onun aslan dərili Herakl obrazında təsviri olan sikkələr sayılır.

Kənardan gətirilən pullar tələbatı ödəmədiyindən b. e. ə. III əsrin I yarısından başlayaraq Albaniyada yerli zərbxanalarda Makedoniyalı İsgəndərin sikkələrinə oxşar gümüş sikkələr kəsilirdi. Oxşatma və ya təqlidi sikkələr əlbəttə ki, xalqın etnik ənənələrini, inanclarını və dünyagörüşünü özündə əks etdirməsə də, lakin sırf material üzərindəki iş həmin dövrün mədəni həyatı barəsində müəyyən nəticələrə gəlməkdə tədqiqatçılara kömək ola bilər. Əvvəlcə bu pullar orijinala daha yaxın olsalar da, lakin vaxt keçdikcə öz görünüşlərini dəyişirlər (68, 49).

Bu sikkələr bədii baxımdan zəif tərtib edilmiş, aversdə Makedoniyalı İsgəndərin portreti, arxa tərəfində isə Zevsin kobud təsviri verilərək orijinaldan illər ötdükcə daha çox fərqlənirdi. Çox vaxt sənətkarlar nümunədəki təsvirin yalnız təxmini konturlarını verərək ümumiyyətlə, orijinalla oxşarlığının qayğısına qalmırdılar. Oxşatma sikkələrdə təhriflər texniki vasitələrin çatışmazlığı və ilkin təsvirlərin, xüsusilə də prototip sikkədəki yazıların yanlış anlaşılması ilə izah olunurdu. Ustalar yazıların məzmununa məhəl qoymadan onları sikkə diskində oriji-

62

AZƏRBAYCAN MEDALYER SƏNƏTİ

FƏSİL II B. E. Ə. III ƏSR – İLKİN ORTA ƏSRLƏR DÖVRÜ MEDALYER SƏNƏTİMEDALYER SƏNƏTİ

nalda olduğu kimi yerləşdirirdilər. Yalnız bəzi ən sadə və ya onlara oxşadılan hərflər köçürülürdü. Bir qeyri-dəqiqlik başqa birinə yol açır, bəzən təsvirlərin detalları ştempelin yerli kəsicisi tərəfindən dəyişdirilir, bu da orijinal nümunədən daha çox uzaqlaşmağa səbəb olurdu. “Amma onların zərb olunmasında çox sayda ştempellərin istifadə olunması və prototiplə demək olar ki, tam eynilikdən deqradasiyaya kimi uzun tipoloji transformasiya yolu bu sikkələrin Albaniyada yüzdən çox il, yəni b. e. ə. II əsrdən bizim eranın əvvəlinə kimi kəsilməsinə və dövr etməsinə dəlalət edir (152, 15).

Oxşatma sikkələrə nümunə kimi b. e. ə. II əsrə aid olan gümüş tetradraxmanı göstərmək olar (ill. II. 2).

Sikkənin üz hissəsində başı sağa çevrilmiş halda Herakl obrazında İsgəndər, əks tərəfində isə sağ əlində hökmranlıq əsası(skipetr), sol əlində isə qartal tutmuş oturaq vəziyyətdə baş Allah Zevs təsvir edilmişdi.

Bu sikkələrin bədii tərtibatı təsviri sənət baxımından elə bir əhəmiyyət daşımasa da, görkəmli numizmat Əli Rəcəblinin qeyd etdiyi kimi, “Albaniyanın anonim də olsa, bənzətmə sikkə zərbi olduqca önəmli faktordur. Bu, təkcə həmin dövrdə antik Azərbaycanın artmaqda olan iqtisadi potensialının göstəricisi deyildi. Bu fakt, eyni zamanda, antik Azərbaycanda – Alban çarlığında öz sikkəsini buraxmaq üçün ən mühüm şərtlərdən olan möhkəm dövlətçilik institutunun mövcudluğunu sübut edirdi” (36, 46).

Qafqaz Albaniyası. Oxşatma sikkələr. B.e.ə. III – b.e. I əsri.

63

AYTƏN ƏHMƏDOVA

Eramızdan əvvəl III əsrdə Azərbaycan və İran əraziləri əsası Arşakilər tərəfindən qoyulmuş Parfiya dövlətinin tərkibinə daxil olur. “Parfiya dövləti (e. ə. 248-ci il – b. e. 227-ci ili) Aşen (yaxud Ərsan – “qəhrəman ər, sak”) nəslindən olan sakların hökmdarı Ərsak (e. ə. 248-215) tərəfindən yaradılmışdı” (36, 52). Antik Azərbaycan da onun ərazisinə daxil edilmişdi: Atropatena onun tərkibində, Alban çarlığı isə Parfiyanın təsir dairəsində olmuşdur. Bu səbəbdən də arxeoloji qazıntılar zamanı ölkəmiz ərazisində Parfiya sikkələrinə çox sayda rast gəlinmişdi.

“Azərbaycanda II Mitridatın sikkələrinin yayılmasını xüsusi qeyd etmək lazımdır. Xınıslı dəfinəsində onların sayı 30-a yaxındır, yəni dəfinə tərkibinin 10%-ni təşkil edir. Yuxarıda göstərilən və Əli-Bayramlı (indiki Şirvan) dəfinələrinin tərkibinin öyrənilməsi nəticəsində II Mitridatın üzərində təsviri təhrif olunmuş, “barbar bənzətməsi”ni xatırladan bir neçə sikkəsi aşkar edilmişdi. Bu nümunələrin təhlili göstərir ki, onların Azərbaycanda zərb edilməsini, yaxud qəlibdən tökülməsini mümkün saymaq olar, çünki belə nüsxələrə daha heç yerdə rast gəlinməyib” (36, 58).

İlk dəfə sikkələrdə hökmdarların portret təsviri Əhəmənilər dövlətində – b. e. ə. V əsrin sonu – IV əsrin əvvəllərində Kiçik Asiyanın bəzi satraplarının (Tissafern, Farnabaz, Tiribaz) zərbində meydana çıxır (198, 4). Daha dəqiq desək, “üzərində anfas portreti olan ilk sikkə fars satrapı Tissafernə həsr edilən Milet (b. e. ə. 411-ci il) gümüş tetradraxmasıdır (124, 52).

İlk Parfiya sikkələri yüksək bədii ustalığı ilə fərqlənir və onlarda yunan ustalarının böyük təsiri hiss olunurdu. Adətən şahların portretləri gümüş sikkənin üst hissəsində profildən sol tərəfə çevrilmiş halda kifayət qədər realistik üslubda verilir. Hətta şahın üz cizgilərinin çatışmamazlıqları (məsələn, uzun burun, qalın çatma qaşlar və s.) olduğu kimi çatdırılır. “Onların köçəri, yəni skif siması bütün tədqiqatçılar tərəfindən yekdilliklə qeyd olunur (məsələn, Koşelenko 1968; 60 və s.)” (90, 83).

Erkən vaxtların sikkələrində hökmdarlar saqqalsız, “kirbasiya” adlanan itiuclu dəri papaq və ya dəbilqədə təsvir olunurdu. “Kirbasiya Əhəməni satraplarının hökmdar papaqları dövrünü xatırladan bir element kimi Parfiyada da tanınırdı” (96, 8). Digər tərəfdən skiflərə xas olan ”baş geyimi kiribasini Kerç yaxınlığında Kül-Oba və Dneprdə Aleksandrovsk şəhəri yaxınlığındakı Çertomlıq qəbiristanlıqlarında tapılmış gümüş vazaların üzərindəki təsvirlərdə görmək olar. Skiflərin bu baş geyimini onların torpaqlarında olmuş (Dnepr və Donda) b. e. ə. V əsr yunan tarixçisi Heradot kiribasiy adlandırmışdır” (109, 4).

Sonrakı dövrlərdə bu papaq sələvki şahlarının sadə toxunma lentdən ibarət ellinistik diademası və ya hündür İran şah tiarası ilə əvəzlənir. Sikkənin əks tərəfində taxtda oturmuş şah və ya Allah itiuclu dəri dəbilqədə,

64

AZƏRBAYCAN MEDALYER SƏNƏTİ

FƏSİL II B. E. Ə. III ƏSR – İLKİN ORTA ƏSRLƏR DÖVRÜ MEDALYER SƏNƏTİ

əlində çox vaxt yay tutmuş halda təsvir olunurdu. Diqqəti çəkən məqam ilk sikkələrdəki Ərsakın aversdəki təsviri ilə reversdə oxatanın təsvirinin eyniliyidir. “Adətən fiqurun bu

sülalənin banisi Ərsak olduğu guman olunur” (90, 82).

Bildiyimiz kimi, yay və ox bir çox xalqların mədəniyyətlərində rəmzi mənaya malik olub, hakimiyyət, iqtidar anlamını verirdi. “Ox və yayın türklərdə simvolik mənası vardı. Ox təbəəlik, yay hakimlik rəmzi sayılırdı. Siyasi baxımdan hər bir asılı boya bir ox verilirdi. Bu oxların birliyi Oğuz elini təşkil edirdi. Qərb göytürklərini təşkil edən boylar birliyinə “On ox” deyilirdi. Qədim türklərdə “müstəqillik” sözü “oxsuz” ilə ifadə edilmişdi” (11, 274).

İran xalqlarında da “yay ali hakimiyyətin əsas atributlarından biri kimi sayılırdı” (136, 62). Adətən bu təsvirlərin kənarında yazılar yerləşdirilirdi. Belə sikkə nümunələrindən biri I Mitridatın draxması (b. e. ə. 171-138 illər) sayıla bilər.

Onun aversində başında kiribasi olan üzü sağa çevrilmiş hökmdar, reversdə isə sağ əlində yay tutmuş ilahiləşdirilmiş sülalə banisi təsvir olunmuşdu. Bu sikkələr Xınıslı və Qəbələ dəfinələrindən tapılmışdı. Xınıslı dəfinəsində I Mitridatın digər tipli sikkəsi də var idi. Sikkənin aversində yunan saç düzümlü, başında sələvki şahlarının sadə toxunma lentdən ibarət ellinistik diademası olan uzun saqqallı hökmdar, reversdə isə əvvəlki tipdə olduğu kimi təsvir edilirdi. II Mitridat dövründə sikkələrin əsas tipik xüsusiyyətləri müəyyənləşir: sinədən yuxarı Parfiya kaftanında olan hökmdar, başı sağ tərəfə çevrilmiş halda, reversdə isə başlıq və plaş

Mitridat I (b. e. ə. 171-138) draxma, 3,53 q. Ekbatana, (Selvud 10.10)

65

AYTƏN ƏHMƏDOVA AZƏRBAYCAN MEDALYER SƏNƏTİ

Mitridat II(b. e. ə. 123-88) draxma, 4 ,30 q. Ekbatana (Selvud 24,9 ) geyinmiş, şalvarda, uzunboğaz çəkmədə, omfal (omfalos – Apollona həsr olunan müqəddəs daş) üzərində oturmuş saqqalsız oxatan və onun dörd tərəfində (kvadratda) yunan dilində yazılar olan təsvirdən ibarətdir.

Lakin II Fraat (Fərhad) dövründə həm yazılış formasında, həm hərflərdə dəyişiklik baş verir. “Sikkələrdə yunan qrafikasının əvəzinə semit qrafikası işlənməyə başlayır”(61. 113).

Bu sikkələrin Ekbatanada zərb olunan digər tipində oxatanın artıq arxası olan taxt-tacda oturduğunun şahidi oluruq. “II Mitridatdan başlayaraq sikkələrdə Parfiya oxatanının bütün təsvirlərində omfal arxası olan taxt-tacla əvəzlənir” (99, 48).

Maraqlı cəhət ondan ibarətdir ki, reversdəki Ərsakın fiquru sələvki sikkələrindəki Apollon fiquruna bənzədilmişdir. Kompozisiyanın quruluşunda oxşarlıq olsa da, detallarda fərqlər bunlardır: Apollon sol əlində yay, sağ əlində ox tutmuş və sağ tərəfə çevrilmiş və çılpaq halda, Ərsak isə sağ əlində yay tutmuş və sol tərəfə çevrilmiş və geyimli təsvir olunmuşdu. Əsas fərq isə fiqurların daşıdığı simvolik mahiyyətdədir:

Apollon sülaləni himayə edən Allah, Ərsak isə sülalə banisinin ilahiləşdirilmiş təsviridir.

Təsvirdəki yayın forması diqqəti cəlb edir. Bu siqma formalı asimmetrik “çiyinli” skif yay tipinin bir qədər dəyişdirilmiş formasıdır. Buna nümunə kimi Kül-Obadan tapılmış qabın üzərindəki skif yayının təsvirini göstərmək olar.

Sikkələrdəki kompozisiyada yay aktiv rol oynayır, belə ki personajın hərəkəti siyasi simvol xarakterinə malikdir.

Sələvki sikkələrində də Apollon həmçinin yayın ötürülməsi anında təsvir edilmişdi. Tədqiqatçı alim D.S.Raevskinin haqlı olaraq qeyd etdiyi kimi, Parfiya sikkələrində oxatanın olması və yay ötürülmə

66

FƏSİL II

motivinin mövcudluğu bunun skif-sak tayfalarının mifoloji dünyagörüşündən qaynaqlanan investitura aktının olmasına sübutdur” (154, 158). Bu süjet skif genealoji mifində “yayın skiflərin banisi Tarqitayın üç oğlundan kiçiyinə (mifin bizə gəlib çatmış versiyasına görə onun adı Koloksaydır) inisiasiya və investitura atributu kimi verilməsini təcəssüm edir” (154, 457). Burdan belə bir nəticə çıxarmaq olar ki, sikkənin kompozisiyasında yay hakimiyyətin sakral simvolu kimi çıxış edir. “Sikkədə təsvir edilmiş ilahi və ya ilahiləşdirilmiş hökmdar, sülalənin əcdadı yayı Ərşaki taxtında oturmuş öz nəslinin davamçısına uzadır. Sülalənin axırına qədər Parfiya draxmalarının bütün sonrakı seriyalarında bu ikonoqrafik prototipə əməl edilmişdi (136, 62).

Bütün bunlar Parfiya oxatanının hakimiyyətin heraldik emblemi kimi qəbul olunmasını mümkün edir. Bundan əlavə, I Qotarzın sikkələrində onun başı ətrafında təsvir olunan “farn”, yəni şəfəq hökmdarın ilahiləşdirilməsi ilə əlaqədardır.

Pafiya hökmdarlarının portretlərində konkret təsvir edilən personajın oxşarlığını çatdırmaq arzusu, “ideal” çar simasını təsvir etmək cəhdi ilə birləşir. Sakitlik, ləyaqət, hökmranlıq –bütün bunlar Ərsaki çarlarının portretlərində dominantlıq edən xüsusiyyətlər idi (118, 86).

Diqqəti çəkən məqamlardan biri Parfiya sikkələrinin bəzilərində çarın anfas təsviridir. Bu barədə məşhur numizmat alim Əli Rəcəbli “Azərbaycan sikkələri” kitabında bunları qeyd edir: “Parfiya taxtında III Artabandan sonra başqa bir atropatenalı çarın (yazılı mənbələrə görə, “Midiya Atropatenasının çarı”) – II Vononun da oturduğu məlumdur. Cəmi bir neçə ay hökmdarlıq etmiş, A. Simonettaya görə, “Parfiyanın bir çöx vilayətlərinə nəzarət edən” II Vonon draxma və tiaralı tunc sikkələr zərb etdirmişdir. Parfiya hakimiyyətini “qəsb edən”Atropatena çarlarından daha biri V Vologez (207-223) olmuşdur. D.Sellvudun haqlı olaraq “üsyançı deyil, midiyalı” (yəni atropatenalı) adlandırdığı bütün bu atropatenalı “qəsbkarların” hamısını bir məqam birləşdirirdi: digər Parfiya çarlarının sikkələrində monarx profil təsvir olunduğu halda, onların adından zərb edilən sikkələrin üst tərəfində çar anfas şəklində təsvir edilirdi.

B. E. Ə. III ƏSR – İLKİN ORTA ƏSRLƏR DÖVRÜ MEDALYER SƏNƏTİ

Kül Obadan tapılmış qabın üzərində skif yayının (kaman) təsviri.

67

AYTƏN ƏHMƏDOVA AZƏRBAYCAN MEDALYER SƏNƏTİ

II Vonon (b. e. ə. 51-ci il) ,gümüş draxma, Ekbatana, 3.51 q. d-20 mm (Selvud 67.1 Sikkələrdə atropatenalı çarların anfas təsvirinin nə məqsəd daşıdığını güman etmək çətindir, lakin onlar atropatenalı olmaqlarına baxmayaraq, de-yure və defacto Parfiya çarları idilər” (36, 61).

İran tarixinin böyük tədqiqatçısı V. Q. Lukoninin fikrinə görə isə, “Sasanilərdə olduğu kimi, çarın anfas təsviri ola bilər ki, sikkə zərbinin bu və ya digər seriyasını (xüsusi, bayram buraxışları və s.) qeyd edirdi” (80, 106). “Ərsakilər öz tarixlərinin əlamətdar hadisələrini çox halda memorial sikkə-medalların zərbi ilə qeyd etməklərini” (126, 152) nəzərə alsaq, anfas

təsvirli sikkələrin məhz bu tipə (yəni kommemorativ) aid olduğu qənaətinə gəlmək olar.

Bu sikkələnin bədii nöqteyi-nəzərdən maraqlı cəhəti insan üzünün anfas təsviridir. Belə tip sikkələrə Atropatena dövlətçiliyinin rəmzi kimi önəm daşıyan Midiya Atropatenasının çarı Darinin gümüş draxmalarını göstərmək olar. Onlar yüksək olmayan relyefdə icra edilib. Bildiyimiz kimi, insan portretini medalyer sənətində anfasdan təsvir etmək çətindir. Sikkələrdə aydın qeyd edilmiş detallarla insanın üz cizgiləri–badamı gözlər, yarımdairəvi çatma qaşlar, böyük düz burun təsvir edilmişdi. Üzün hər iki tərəfində saçın buruqlanaraq dəstə şəklində yığılması sonralar Sasanilərdə də (amma düz saçlarda) tətbiq edilirdi. Buna misal olaraq II Vononun və V Vologezin sikkələrini göstərmək olar.

II Vonon (b. e. ə. 51-ci il), gümüş draxma, Ekbatana, 3. 51 q. d-20 mm (Selvud 67. 1

II Vononun sikkəsində aversdə başında diademalı tacda çarın qısa saqqallı, boynunda spiral boyunbağı – torkves, kaftanda anfas büstü

68

FƏSİL II

və onun hər iki tərəfində altı güşəli ulduz təsvir olunmuşdu. Diqqətəlayiq xüsusiyyətlərdən biri də V Vologezin tacında öküz buynuzu təsvirinin olmasıdır. ”Məlumdur ki, Orta Asiya köçəriləri – sakların dini inamları üçün (bütovlükdə sak-massaqet xalqları üçün), o cümlədən, müqəddəs heyvan kimi öküzə sitayiş səciyyəvi idi” (202, 30). Məhz bu sitayiş və ehtiramın təzahürü kimi daha bir neçə hökmdarın(III Fərhad, I Vologez, II Vologez, I Xosrov və s.) taclarında da bu elementə (öküz buynuzuna) rast gəlirik. Əgər Sələvkilər dövrü sikkələrində əvvəlcə İsgəndərin təsviri olan gümüş tetradraxmalarda, sonralar isə bu sülalə çarlarının portretlərində üz cizgilərindəki nöqsanları realizmlə vurğulamaqla yanaşı, həm də onların olduqca mənfi psixoloji xarakteristikalarını yaratmışdılarsa, Parfiya sikkələri özündə realizm və güclü şərtiliyi uyğunlaşdırırdı. Buna etnoqrafik realizm də demək olar. Belə ki, o dövrün geyim, bəzək, silah, sosial dərəcə, rütbə atributları dəqiqliklə verilir, amma kompozisiyanın bəzi xüsusiyyətləri ənənəvi-simvolik xarakter daşıyır. Məsələn, Parfiya sikkələrində çar demək olar ki, həmişə sola çevrilmiş başla təsvir edilirdi. Bu, ellinistik şərqdə mövcud olan ənənə ilə əlaqədar idi. Sola çevrilmiş baş müstəqil idarəetmənin, sağa dönüş isə vassallığın nişanı idi. “Həm Sasani, həm Parfiya dövründə başın vəziyyəti hökmdarın siyasi mövqeyi ilə müəyyən olunurdu: sola çevrilmiş baş vassal, amma öz sikkəsini zərb etmək hüququna malik olan çarın, sağa çevrilmiş baş isə onun müstəqilliyini xarakterizə edən təsvirdir. Beləliklə, sikkədə sola, amma tamaşaçıya görə sağa baxan çar hamıya özündən kiçik kimi baxır, sikkədə sağa, amma tamaşaçıya görə sola baxan çar isə sağda duran özündən böyük kiməsə baxır” (170, 261).

Maraqlı cəhətdir ki, Parfiya dövləti heç bir zaman Zərdüşt dinini rəsmi din olaraq qəbul etməyib, şaman inanclarına sadiq qalıbdır.

Parfiya cəmiyyətində sosial təbəqələşmədə inkişaf edən ciddi iyerarxiya mövcud idi. Cəmiyyətdə insanın yeri ilk növbədə bu və ya digər təbəqəyə mənsubluğu ilə təyin edilirdi. Geyim, bəzək və silahda fərqlər mövcud idi. Təsvir olunanın sosial statusunun atributları insanın özündən daha əhəmiyyətli idi. Məsələn, “II Mitridat dövrü zərb olunan sikkələrdə onun uzun saqqallı, profil təsvirləri ulduz və ya ola bilər ki, şanagülü (lotos) şəklində mirvari və yaqutlarla bəzədilmiş hündür papağı Əhəmənilər incəsənətinin Ərsakilər dövrü ustalarına təsiri kimi xarakterizə etmək olar. Belə tip baş geyimi daha sonralar Ərsak çarlarının atributuna çevrilir və bu sülalənin bir çox hökmdarlarının sikkələrində mövcud idi. Hətta canişin və satraplar öz sikkələrində belə baş geyimlərində təsvir edilmişlər (61, 114).

Sikkələrdə dəqiq təsvirin daha çox sxematik rəsmlərlə əvəzlənməsi tendensiyasına III Artabanın dövründən başlayaraq müşahidə olunur. Ərsaklar dövrünün sonunda sikkələrdəki

B. E. Ə. III ƏSR – İLKİN ORTA ƏSRLƏR DÖVRÜ MEDALYER SƏNƏTİ

69

AYTƏN ƏHMƏDOVA

təsvirlər sadələşdirilmiş və ayrı-ayrı çətin tanınan nöqtə və xətlərə çevrilmişdi. 224-cü ildə dünyanın tarix səhnəsində Parfiyanı Sasanilər əvəz edir. III əsrin ikinci yarısında Azərbaycan ərazisinin böyük hissəsi Sasani imperiyası tərəfindən işğal olundu. IIIVII əsrlərdə Qafqaz Albaniyasının ərazisində əsasən Sasani gümüş sikkələri – draxmaların istifadə edildiyinə dair çoxsaylı sikkə tapıntıları şahidlik edir. Sasanilər sikkələrdə özünəməxsus üslublarını yaratdılar. Onlar çox cəlbedici olub Parfiya sikkələrindən tərtibat, üslub və hətta ölçülərinə görə fərqlənən tamamilə yeni sikkə tipi kimi zərb edilmişdi. Bu, diametrinə görə kifayət qədər böyük olan yüksək əyyarlı nazik gümüş sikkələr idi. Sasanilər dövrü qızıl sikkələr də zərb olunmuş, “amma onlar daha çox donativ xarakter daşımışdır” (152, 24). Qızıl sikkələr ancaq xüsusi hallarda zərb olunaraq sərbəst pul dövriyyəsində iştirak etmirdi (115, 20).

Sasani sikkələrinin üz tərəfində sağa yönəlmiş və bununla da hökmdarın müstəqilliyini xarakterizə edən şahənşahın portreti təsvir edilirdi. Bu sikkələrdə şahənşahın portreti ikonoqrafik cəhətdən mükəmməl, realistik, tam dəqiqliklə, yüksək bədii zövqlə təsvir edilirdi. Sənətkarların dərin müşahidə qabiliyyəti, şahənşah obrazlarının konkret xüsusiyyətlərini çatdırmaq istəyi nəzərə çarpır. Haqlı olaraq erkən sasani sikkələri bu dövr medalyer sənətinin ən gözəl nümunələri hesab edilir. III-IV əsr Sasani sikkələrindəki portretlərin ikonoqrafiyası bu xüsusiyyətlərə malikdir: bir neçə buruqdan ibarət çiyinə kimi düşən saç düzümü, sinədə iki dairəvi formalı sancaqla bərkidilən kaftan və iki variantda olan külah adlanan baş geyimi. Erkən sasani sikkələrində hökmdar və ilahilərin təsvirləri açıq-aydın görünür və müəyyən edilir. Sonrakı dövrlərdə onları şərti və sxematik təsvir etməyə başlayırlar. “Sasani qemmaları” əsərində görkəmli tədqiqatçılar qeyd edir: “III əsrin sonunda medalyer sənətinin portret nümunələrindəki cizgilərin açıq-aydın individuallaşdırılması tədricən standartlaşdırılmış obrazlarla – belə demək olarsa, “ideallaşdırılmış” portretlərlə əvəzlənir. Burada portretin özünə deyil, hökmdarlıq insiqniyalarının (müəyyən formalı külah, onun üzərindəki işarələr, geyim və bəzək) dəqiqliklə verilməsinə diqqət yetirilir” (79, 17). Bütün şahların üzləri demək olar ki, eynidir, yəni heç nə ifadə etmirlər. İnsan yoxdur, yalnız Allah var, yalnız şah var. Bu, Sasani monarxiyası gücləndiyi üçün rəsmi Sasani portret sənətində proklamativ xarakterin arxa plana keçməsi ilə əlaqədar idi. IV əsrin sonunda Sasani sikkələrindəki şahların portreti daha da sxematikləşir. Sasani sikkələrinin müqayisəli təhlilini aparsaq görərik ki, IV əsrin ortalarından onların bədii səviyyəsi sxematikliyə doğru dəyişir. Sikkələrin bədii keyfiyyətinin pisləşməsi prosesi son Sasanilərin hökmranlığına qədər davam edir.

70

AZƏRBAYCAN MEDALYER SƏNƏTİ

FƏSİL II B. E. Ə. III ƏSR – İLKİN ORTA ƏSRLƏR DÖVRÜ MEDALYER SƏNƏTİ

Bədii-stilistik priyomlardan biri də çiyin və sinə hissəsinin dörd yuvarlaq cökəkliklə verilməsidir (V əsrin ortalarına kimi). V əsrdən başlayaraq sikkələrə ulduz və aypara təsvirləri əlavə olunur.

“Sikkələrdə yazı parsik (Sasani dövrü aramey əlifbası və heteroqrammdan istifadə edilən İran dilini şərti olaraq belə adlandırırlar) dilində edilmiş, şahın ad və titulunu, həmçinin onun hakimiyyət illərini özündə ehtiva edir” (115, 20).

Ilk dövrlərdə aversdə realistik obrazları şərti, simvolik işarələr və rəsmlər müşayiət edirdi. Sasani dövründə din ilə bağlı bir sıra yeni təsvir motivləri ortaya çıxır. Atəşpərəstlik Sasani şahənşahlarının rəsmi dövlət dini idi. Azərbaycanın həm cənub, həm də şimal ərazisində qədim əcdadlarımız öz atəşpərəstlik əqidələrini incəsənət əsərlərində əks etdirmişlər. Sasani sikkələrində maraqlı simvollardan biri şahənşahların taclarında aypara nişanı və ulduzun birlikdə təsvir olunmasıdır. Sasanilərin özlərini “günəş və aya” ortaq qar-

daş hesab etdikləri hələ Roma tarixçilərinin əsərlərində qeyd olunmuşdur(212). Bu simvolların qaynaqlarını araşdırarkən Midiyanın “Qızqapan” türbəsinin sütunları arasında Günəş Allahı Mitranın simvolik işarələrindən olan aypara nişanının dairəvi lövhə üzərindəki relyef təsvirini müşahidə edirik. Günəş Allahı Mitranı Mehr də adlandırırdılar. ”Mehr – günəş, işıq və təmizlik allahıdır. Onun simvolları aypara, günəş və ayğır təsvirlərindən ibarət idi” (39, 11). Görkəmli tədqiqatçı Q.A.Puqaçenkovanın fikrinə görə isə, “aypara təsviri zərdüşlərin “müqəddəs atəş”lərindən biri

III Yəzdəgird (632-651) gümüş draxma , 637/638; 3,87q

71

AYTƏN ƏHMƏDOVA AZƏRBAYCAN MEDALYER SƏNƏTİ

II Orod (b.e.ə. 57-38) gümüş draxma, Ekbatana 3,45 q, d-22 мм Qanzaka-Şizdəki (Azərbaycanda) Adur-Quşnasp məbədinin başlığının şərti-qrafik təkrarı idi” (150, 148).

Eyni zamanda, həmin türbədə xeyir və bərəkət ilahəsi Anahiti təmsil edən ulduz nişanı da vardır. “Ulduzlu lövhə qədim Şumerdə İştarı və Venera planetini təmsil edirdi. Bu abidədə isə onun Anahitin simvolu olduğu güman edilir” (95, 408-409).

Qeyd edilməlidir ki, “Zend-Avesta” əlyazmasında Anahit kultu Mitra kultu ilə yanaşı mövcuddur. Qədim Çin sistemindəki İn-Yan kimi, mitraizmdə təbii hadisələrin atəş-su (Mehr-Anahit) cütlüyü təkcə kişi-qadın başlanğıcının dualizmini əks etdirmir, o, dünyada mövcud olan ibtidai başlanğıcın – əksliklər prinsipinin özünü əks etdirir” (65, 109). İki əkslik isə bir bütövü təşkil edir.

Digər tətqiqatçıların fikirləri ilə də tanış olaq: “Aypara İran ərazisindəki Sasani imperiyasının simvolu olub və onun hökmdarlarının tacında mərkəzi emblem kimi təsvir olunurdu” (200, 39). Mitraya xüsusi pərəstiş göstərən Sasani padşahları onun bu aypara şəkilli nişanını taclarına sancmaqla özlərini Mitranın varisləri kimi qələmə verməyə çalışmışlar (40, 56). Beləliklə, aypara nişanını Sasani hökmdarları Mitradan gələn gücün simvolu və ona sitayişin əlaməti kimi öz taclarına yerləşdirmişlər. Buna əsasən demək olar ki, I Ərdəşir və digər Sasani şahənşahlarının taclarındakı ay və ulduz nişanları Mitra ilə Anahitin simvollarıdır.

Burda qeyd edilməlidir ki, Sasanilərdən də əvvəl Parfiya hökmdarı II Orodun sikkələrində də ay və ulduz təsviri mövcud olmuşdur.

Şərqdə geniş yayılmış, vaxtilə Sasani dövlətinin emblemi olmuş ulduz və ayparanın birgə təsviri sonralar İslamın simvoluna çevrildi.

“Diqqətə layiqdir ki, Çaçın türk hökmdarlarının sikkələrində aypara və ulduz təsvirləri

72

FƏSİL II

vardır. “Xaqan” türk titullu sikkələrdə çarpazlaşdırılmış ayaqla taxtda oturmuş hökmdar təsviri verilmişdir. Onun başı sağa çevrilmiş, sol tərəfində isə aypara və ulduz təsvir edilmişdir” (69, 53). Vacib xüsusiyyətlərindən biri də qoşa portretli Bizans sikkələrində mövcud olan xaçın yerini Qərbi-Türk xaqanlığının sikkələrində qədim türklərin və Mərkəzi Asiyanın digər xalqlarının inanclarında əhəmiyyətli yeri tutan ulduzla ayparanın tutmasıdır. Buna misal olaraq arxeoloji qazıntılar nəticəsində tapılmış göytürk sikkəsini göstərmək olar.

Bu gün bayrağımızda yer alan aypara və ulduz nişanı uzaq sələflərimizdən bizə miras qalan günəş Allahı Mitra və bərəkət, artım, su ilahəsi Anahitin simvolik təsvirindən başqa bir şey deyildir.

Sasani sikkələrinin ən maraqlı cəhətlərindən biri təsvirlərdə hər bir hökmdarın özünəməxsus tacının olması və onların bir-birini təkrar etməməsidir. Eyni zamanda, şahların təsvir-lərində müəyyən bəzək dəstlərini – lent, sırğa, boyunbağıları da qeyd etmək lazımdır. Tacdan Xvarnanın (avesta dilində sərvət, xeyir, xoş-bəxtlik, əmin-amanlıq bildirir) simvolu olan qıvrılan lentlər enir. Bu, Sasani dövlətinin başçısına Allahdan nazil olan lütfün nişanəsidir. Şah geyiminə atribut və ya bəzək kimi xüsusilə təmtəraqlı və bahalı boyunbağı (barma) və alqırmızı plaşın bərkidilməsi üçün heç də qiyməti ondan az olmayan, əhəmiyyətli ölçülü, üç qızıl zəncirdə üç ədəd giasint sallanan sancaq aid idi (82, 88). Bu insiqniyalar (hakimiyyət nişanları) və hər şeydən əvvəl taclar zərdüştlüklə bağlı mürəkkəb simvolikaya malik idi.

“Tacın simvolik mənası (“çar dünyanın Mitrasıdır”) şübhəsizdir və iranlılarda Sasani dövrünə qədər də mövcud olmuş, həm də tac səmavi divarı, dünyanın kənarı boyunca uzanan dağ silsiləsi ilə assosiasiya edilir, yəni dünyanın hər üç zonasının birlikdəki simvolu idi” (60, 76). Yəqin ki, buna görə tacların qıraqları sanki qala divarlarının uclarını xatırladır. Məsələn, sikkələrin bəzi tiplərində I Ərdəşir dişli tacda təsvir edilmişdir.

Taclar öz formalarına görə bir-birindən fərqlənirdi. Amma çox halda taclarda kürə şəklində olan element görürük.

Onun mənşəyi haqqında bir neçə fərziyyə mövcuddur. “Hökmdarın saçları bu sülalə şahlarının bütün taclarında müşahidə etdiyimiz xüsusi sferik qurğuya yığılırdı. Zamanla yuxarıda

B. E. Ə. III ƏSR – İLKİN ORTA ƏSRLƏR DÖVRÜ MEDALYER SƏNƏTİ

Göytürk sikkəsi. Dr. Gaybullah Babayarın “Köktürk Kağanlığı Sikkeleri Kataloqu (The Catalogue of the coins of Turkic Qaghanate)”. Ankara. 2007.

73

AYTƏN ƏHMƏDOVA

I Şapur gümüş draxma

böyük dəstə şəklində yığılmış saçlar, tacın yuxarı hissəsindəki yumru bəzəyə çevrilirdi” (61, 145). “I Ərdəşirin tacı əvvəlcə Ərşakilərin baş geyiminə çox oxşar, sadə, başı örtən yarımkürə idi, amma sonralar tacın forması dəyişdi. Onun üzərində ehtimal ki, dəstə şəkilində yığılmış saçlardan ibarət kiçik kürə (quy) peyda olur” (61, 165). İran təhqiqatçısı Həbib Allahinin “quy” adlandırdığı və saçlardan düzəldiyi güman edilən fikrinə digər alim başqa bir rəy irəli sürür: “Sikkələrdə şah baş geyimi formasının müxtəlif görünüşləri müşahidə edilir ki, onlarda yuxarıda qeyd olunan məharətlə parçanın uzun zolaqlarından düzəldilmiş mirvari və qiymətli daşlarla zəngin bəzədilmiş şarabənzər yüksəklik, doğrudan da, çalma olmuşdur. Məhz bu çalma şahların əsas atributlarınından biri sayılırdı. Şah baş geyimini “Şahların şahı, Günəşin və Ayın qardaşı” titulunun simvolik təcəssümünə çevirməyə çalışaraq, ona müxtəlif emblemlər əlavə edirdilər” (82, 87). Lakin bir çox müəlliflər (İ. Loseva, M. Dyakonov T. Dəryae (212. 45) və b.) tədqiqatlarında şahənşahın tacının ağır olduğundan hündür taxt-tacın üstündə qızıl zəncirlərdən asıldığını qeyd edirlər. Bu halda sferik bəzəyin saç və ya parçadan hazırlandığı inandırıcı deyil. Taclarda kürə şəkilində olan element hələ çox əvvəllər qədim Şumer və Misirdə də mövcud olmuşdur. Günəş Allahı “Amon-Ra – iki lələkli (“Şuti”) günəş diski olan tacda və insan şəklində təsvir edilirdi” (155, 29). Biz onu həmçinin, ilahə (Rat-taui və b.) və qoyun başlı, insan bədənli Ranın buynuzlu taclarında da görürük.

Daha sonrakı dövrlərdə böyük quyların yerinə taclarda kiçik ölçülü və ya bir neçə ulduzu əhatə edən aypara təsviri verilir. Sasani sikkələrində ayrı-ayrı ilahilərin simvolları taclarda öz əksini taparaq, müxtəlif vaxtlarda ideologiyada baş verən bütün dəyişiklikləri dəqiqliklə öz səthində işıqlandırırdı. Məsələn, Mitranın simvolu I Bəhramın şüalı tacında (şüalanan çələng qədim Şərqdə günəş ilahilərinin vacib atributu), Veretraqnanın simvolları II Bəhram, II Hörmüzün taclarındakı qanadlar və Varqan quşu kimi atributlarda ifadə olunurdu. II Bəhram ilahi hamisi saydığı Veretraqnanı təcəssüm edən qanadları öz tacında yerləşdirir və bununla da ona olan münasibətini bildirirdi.

Yuxarıda qeyd edildiyi kimi, adətən aversdə şahənşahın sağ tərəfə dönmüş halda profil

74

AZƏRBAYCAN MEDALYER SƏNƏTİ

FƏSİL II B. E. Ə. III ƏSR – İLKİN ORTA ƏSRLƏR DÖVRÜ MEDALYER SƏNƏTİ

təsviri verilirdi. Lakin II Bəhram yeganə şahdır ki, bəzi sikkələrdə özündən başqa həm həyat yoldaşı Şapurduxtun, həm də oğlunun təsviri zərb olunub.

Onun dövründə zərb olunan sikkələrin digər qeyri-adi xüsusiyyəti heyvan protomlarının mövcudluğudur. “Şahın arvadı və varisinin taclarında təsvirin variantından asılı olaraq, növbə ilə bütöv bir heyvanxana – at, qaban, ayı, yırtıcı quş və hətta nağıllardakı Senmurvun başları təqdim edilirdi. Bütün bu heyvanlar (atəşpərəslik simvolları) şaha və onun ailəsinə

II Bəhram (276-293). Gümüş draxma. Avers, revers.

II Bəhram (276-293) (həyat yoldaşı və oğlu ilə). Gümüş draxma Avers, revers.

75

AYTƏN ƏHMƏDOVA

səmaların iltifatını göstərməyini nəzərdə tutmuş, sikkələr isə o illərdə rəsmi təbliğatın əsas üsullarından biri olmuşdu” (78, 33).

Belə sikkələrdən Azərbaycan ərazisində erkən Sasani dövrünə aid və bütünlüklə II Bəhramın gümüş draxmalarından ibarət dəfinədə təsadüf edilib. Bu xəzinə V.Q.Lukonin və Ə.M.Rəcəbli tərəfindən tədqiq olunmuşdu. Onların “Üz hissəsində II Bəhramın qanadlı və kürə formalı bəzəyi olan tacda sağ tərəfə dönmüş portreti; onun arvadı qaban başı (və ya it) ilə tamamlanmış külahda və onların qarşısında varisin külahda portretidir ki, onun başlığı sikkələrin müxtəlif tiplərinə əsasən (yırtıcı quş, it və at başları) dəyişir”(164, 80).

Sikkələrin hər iki üzünün kənar hissəsində çevrə boyunca bir və ya bir neçə hörükvarı burma naxışlı dekorativ haşiyə zolağı mövcuddur. Bildiyimizə görə, “Ön Asiya incəsənət abidələrində təsvir olunan hörükvari ornament zamanın sonu olmayan gərdişini, günəşin, ayın, ulduzların hərəkətini göstərir və uzunömürlüyə işarədir” (3, 129).

Sasani sikkələrinin arxa üzü də özünəməxsus bədii tərtibatı ilə seçilir. Reversdə adətən alov yanan səcdəgah, əfsanədə isə çar tacqoyma məbədinin adı təsvir edilirdi (122, 45). Məbədlər Sasani şahənşahlarının adı ilə çağırılırdı. Hər bir şahənşahın öz məbədi mövcud idi. Bu məbədin əsası qoyulduğu andan şahənşahın hökmranlıq illərinin tarixi hesabı aparılırdı. Hökmdarın hakimiyyəti başa çatdıqda məbəddə yanan və onun adını daşıyan (məsələn, “Şapurun atəşi”və ya “Hörmüzün atəşi” və s.) müqəddəs alov söndürülürdü. I Şapurun hökmranlıq illərindən başlayaraq sikkələrin reversində atəşdan (od səcdəgahı) təsvir edilirdi ki, o da düzbucaqlı lövhələrdən qurulmuş baza və kapitellərdən ibarət sütun idi.

“Sikkələrin arxa tərəfində yanan alov qurbangahı – atəşdan, onun hər iki tərəfində müqəddəs atəşin keşikçiləri qismində şahənşahın personofikasiya olunmuş (şəxsləşdirilmiş) fiquru, müxtəlif ilahilər və mobedlərin (mobedan mobed – ali kahin) başçıları təsvir edilirdi” (152, 25). Sasani sikkələrində ilk dəfə zərdüşt ilahilərinin – Anahit və Mitranın antropomopf təsvirləri meydana çıxır. Onların əllərindəki əsa hakimiyyət və hökmranlığın simvolu sayılırdı. Şahənşah təkcə dünyəvi hökmdar deyildi. “Pars sikkələrinin arxasında əllərində hakimiyyət əsası və ya adorasiya jestində olan şahın fiquru atəş səcdəgahının və ya məbədin qarşısında yerləşdirilmişdir. Bu səhnələr şahın kahin funksiyalarını simvollaşdırırdı” (82, 30). Şahın kahinlik atributlarından biri də dişli tac idi. Belə ki, relyeflərdə baş Allah Ahura Məzda məhz bu tacda təsvir edilirdi. Bununla da şahənşah Allaha bənzədilirdi.

“II Hörmüzdün hökmranlığına qədər bütün Sasani sikkələrinin arxa hissəsində hökmdar və müxtəlif ilahilərin fiqurları aydın şəkildə müəyyən edilir. Bu dövrdə kompozisiya dəyişmir, amma alovun içində ilahi başının (ehti-mal

76

AZƏRBAYCAN MEDALYER SƏNƏTİ

FƏSİL II

ki, Ahura Məzdanın) təsviri meydana çıxır” (152, 69). Sonralar reversdəki təsvirlər sxematikləşərək aydın olmayan səhnəyə çevrilir.

Bəzən sikkələrin bədii tərtibatı bu və ya digər səbəbdən kiçik zaman kəsiyində əhəmiyyətli dərəcədə dəyişir. Məsələn, IV Hörmüzdün sikkələri təsvirlərin qeyri- dəqiqliyi, kobudluğu ilə seçilir və onun oğlu II Xosrov Pərvizin zərif və mütənasib kompozisiyalı sikkələri ilə heç bir müqayisəyə gəlmir. Hal-hazırda Milli Azərbaycan Tarixi Muzeyində Sasani hökmdarı II Xosrov Pərvizin (590-628-ci illər) adından Gəncədə zərb edilmiş sikkə qorunur.

Sasani dövrü qızıl sikkələri də özünəməxsus gözəlliyə malik olub o dövr medalyer sənətinin ən mükəmməl nümunələrindəndir.

Sasanilər dövrü sikkələri ümumilikdə medalyer sənətinin özünəməxsus, maraqlı nümunələrindən olub, özündə həm zərdüştlük dini simvolikasını, həm siyasi ideologiya və şah ikonoqrafiyasını, həm də hökmdarların ilahiləşdirilməsi ilə bağlı bir sıra qədim ənənələri olduqca harmonik şəkildə öz səthində əks etdirmişdir. Bu sikkələrin özündən sonrakı sikkə tərtibatına böyük təsiri olmuşdur.

B. E. Ə. III ƏSR – İLKİN ORTA ƏSRLƏR DÖVRÜ MEDALYER SƏNƏTİ

This article is from: