33 minute read

əsas xüsusiyyətləri

Next Article
ƏDƏBİYYAT

ƏDƏBİYYAT

FƏSIL I

FƏSIL I

Advertisement

Medalyer sənəti haqqında ümumi məlumat.

Medalyer sənətinin yaranması və əsas xüsusiyyətləri.

MEDALYER SƏNƏTI HAQQINDA ÜMUMI MƏLUMAT

Yaşadığımız hər bir gün özündə çoxdan ötüb keçmişlərin izlərini qoruyub saxlayır. Bu bir həqiqətdir ki, keçmişimizi bilmədən bu günümüzü anlamaq və gələcəyi qabaqcadan görmək mümkün deyil. Gələcəyimizin təşəkkülü və inkişafı da bilavasitə keçmişdən asılıdır. “Buna görə də insanların öz keçmişinə marağını insan şüurunun təbii inikası kimi başa düşmək lazımdır” (28, 6). Medalyer sənətinə maraq hələ qədim zamanlardan mövcuddur. Kiçik formalı heykəltəraşlığın bir sahəsi olan medalyer sənəti dünya xalqlarının mənəvi mədəniyyətini, o cümlədən, incəsənətin inkişaf tarixini tədqiq etmək üçün ən yaxşı mənbə hesab edilə bilər. Uzun illər Dövlət Ermitajının medallar bölməsinin mühafizi olmuş E. S. Şyukina bu sənət haqqında qeyd etmişdir: “Medalyer sənəti müasir dövr hadisələrinə operativ və cəld reaksiya verir, sikkə və medallar isə ölkə tarixinin salnaməsini təşkil edir” (186, 10).

15

AYTƏN ƏHMƏDOVA

Medalyer sənəti (fransız dilindəki “medailleur” sözü) – kiçik plastikanın bir sahəsi olub, sikkə və medal hazırlanması sənətidir (77, 411). Bu sənət nümunələri müxtəlif metaldan (mis, gümüş, qızıl, tunc və s.), hətta çinidən də (alman dillində Porzellanmedaille) hazırlana bilər. Antik dövrdə zərb üçün qiymətli metalların qarışığından istifadə olunurdu. “Müxtəlif dövrlərdə Yunan sikkə texnikasına zərb üçün işlədilən qiymətli metallardan elektr (solğun qızıl) – qızıl və gümüş qatışığı daxil idi ki, ilk Lidiya və İonik sikkələr məhz ondan hazırlanırdı. Qədim mənbələr (Pliniy, Sevilyalı İsidor) qızıl və gümüşün elektradakı tərkibini 4/1 və ya 3/1 nisbətində olduğunu qeyd edirlər” (100, 24).

“Medal” sözü ingilis dilində “medal”, italyan dilində “medaglia”, latın dilində “metallum”, yəni metaldan düzəldilmiş nişan deməkdir. Medallar düzəldilmə texnikasına görə tökmə, döymə və həkk olunma üsulları ilə fərqlənir (175, 148).

Medalın əsas spesifikası əsrin önəmli hadisələrini, dövrün görkəmli dövlət, elm və incəsənət xadimlərinin surətlərinin əbədilik həkk olunmasıdır, yəni, medalın qayəsini cəmiyyətin həyatında baş verən mühüm hadisələrin plastik interpretasiyası təşkil edir. Bu sənət nümunələri çox əhəmiyyətli üstünlüyə malikdir – onlar uzun illərə hesablanaraq hazırlanır.

Formasına görə onlar dairəvi, oval və ya çoxtərəfli olur. Dördkünc və ya çoxtərəfli medal sənəti nümunələri plaketa (fransız dilində plaquette), kvadrat və ya düzbucaqlı formalı xatirə və ya mükafat sikkəsi isə klippa adlanır.

Medal adətən iki tərəfli təsvirlərlə bəzədilir və onun mövzu diapazonu ən primitivindən başlayaraq sonsuza qədərdir. Bu gün medal yaradıcılığı üçün mövzu sərhədi yoxdur. Bütün mövzular – istər sosial problemlər, istərsə də gerçəkliyi dərk etməyin ümumiləşdirilmiş aspektləri, əlamətdar günlər və yaxud müasir dövrdə baş verən ən mötəbər hadisələr öz plastik həllini medal sənətində tapa bilər. Onun əsas mövzusu avers (fran. avers, lat. adversus) adlandırılan üz hissəsində yerləşdirilir. Medalın əks hissəsi isə aversdəki təsvirin izahını verir və köməkçi xarakter daşıyaraq revers (ing. reverse, lat. reversus) adlanır. Burada sənətkarın əsas ustalığı medalın hər iki üzünün harmonik şəkildə bir-birini tamamlamasına nail olmasıdır.

İkitərəfli medallarla yanaşı, birtərəfli medallar da mövcud olmuşdur. Kremondan olan Andrea Kambi (Bombarda) adlı İtalyan sənətkarı birtərəfli medallar tökürdü. Can Antonio Sinoretti və Alfonso Ruspadjiari ilə birlikdə o, qadın portretlərinin təsviri olan birtərəfli medalların xüsusi tipini yaratmışdı. Bu medallarda reversdə relyefin yoxluğu, aversdəki təsvirlərin zərgər dəqiqliyi ilə yaradılması və mükəmməlliyi ilə kompensasiya olunurdu.

Elə formalaşıb ki, medallara əksər hallarda numizmatika kontekstində baxılır. Bu, hər

16

AZƏRBAYCAN MEDALYER SƏNƏTİ

FƏSIL I

şeydən əvvəl, onunla izah olunur ki, sikkələrlə medallar xarici görünüşcə oxşardır və zərb zamanı eyni texnologiyadan istifadə edilir. Ancaq sikkə və medalların arasında prinsipial fərqlər mövcuddur. Sikkələr, əsasən, küllü miqdarda və mərkəzi siyasi hakimiyyətin icazəsi ilə zərb edilir, üzərində göstərilmiş müəyyən pul ekvivalentinə malikdir və pul dövriyyəsində iştirak edən mübadilə vasitəsi kimi nəzərdə tutulmuşdu. Medallar isə əsasən xatirə xarakteri daşıyan qeyri-ödəniş vasitəsidir. Beləliklə, sikkələrdən medalın ən başlıca fərqi ondan ibarətdir ki, o, heç vaxt pul dövriyyəsində iştirak etmir. Bir çox tədqiqatçılar da bu fikri təsdiq edirlər: “Medalın müstəqil bədii hadisə kimi əsas fərqi ondadır ki, o pul dövriyyəsi üçün nəzərdə tutulmur. Digər tərəfdən isə medal bir çox əsrlər boyu sikkə tərtibatına təsir etmişdir” (172, 136). Həqiqətən də, medalı almaq olur, lakin onunla hesablaşmaq mümkün deyil.

Bununla yanaşı, sikkələrdə onların sütun şəkildə asan yığılması üçün bütün səth boyu relyefi eyni hündürlükdə olduğu halda, bədii medallarda isə belə bir xüsusiyyət olmur (onlar müxtəlif relyefli ola bilərlər). Digər fərqlərdən biri də medalın ölçüsüdür. O, adi dövriyyədə olan sikkələrdən xeyli böyükdür. Medal tirajının azlığı və təyinatı onun kompozisiyasının mürəkkəbliyinə və təsvirin daha yüksək bədiiliyinə gətirib çıxarır. Bu xüsusiyyətləri nəzərə alsaq, onların xatirə sikkələri ilə yaxın olduğu qənaətinə gəlirik.

Bəzi hallarda sikkə və medalları bir-birindən ayırmaq çətinləşir: “məsələn, mütəxəssislər indiyə qədər XIX əsrdə İranın Qacar şahlarının portretləri olan iri, nadir tipə aid beş və on kranlıq gümüş dairələrin sikkə və ya təltif medalları olduqları haqqında mübahisə edir” (112, 22).

Medallara memorial və ya xatirə medalları (ən çox yaradılan), dövlət təltif medalları, elm, mədəniyyət və ədəbiyyat üzrə təltif medalları, hər hansı tarixi hadisəyə və ya şəxsiyyətə həsr olunmayan (mənzərə, fəlsəfi, mifoloji süjetli və s.) yaradıcı əsər kimi sərgilənən bədii və ya sərgi medalları və s. aid edilir. Nobel və digər elm xadimlərinin adına buraxılan medallar da stolüstü medal olub, döşdə, boyunda gəzdirilən medallardan fərqli olaraq (onları faleristika öyrənir), bizim fikrimizcə, medalyer sənətinə aid edilir. Memorial medallar – xatirə, yubiley və suvenir mahiyyəti daşıyır.

Medallarda estetik gözəllik onun təbliğat funksiyası ilə həmahəngdir. Ölçülərinə gəldikdə isə Yunan, Roma, İntibah dövrünün ən gözəl medallarına tamaşa edərkən əsərlərin kiçik ölçüsünə rəğmən onların monumentallığına, mükəmməlliyinə heyran olursan. Bəzən böyük ölçülü əsərlərdə isə monumentallığa xələl gətirən xırda detalların çoxluğu əsas ideyadan yayındırır. Beləliklə də, əsl sənət üçün ölçünün vacib şərt olmadığını görürük.

Plastikanın bu növünün bədii ənənələri çox qədim zamanlara təsadüf edir. Medalın sələfləri

MEDALYER SƏNƏTI HAQQINDA ÜMUMI MƏLUMAT

17

AYTƏN ƏHMƏDOVA

isə antik sikkələr və medalyonlar hesab olunur. Öz tarixini imperator və Allahların portretləri olan sikkələrdən başlayan medal, adətən obrazları qəhrəmanlaşdıran, tarixi şəxsiyyət və ya hadisəyə həsr olunmuş miniatür abidədir (173, 12). Qədim Yunan və Roma sikkələri medalyer sənətinin ən gözəl nümunələri sayılır, özünün bədii forma kamilliyi, ifadə etdiyi fikrin dərinliyi ilə insan dühasının çətin, sərt material üzərində təntənəsi kimi əsrlərdən bəri insanlarda maraq yaradır. Sirakuz sikkə incəsənətinin ən yüksək inkişaf dövrünə aid edilən böyük sikkələr (“medalyonlar”) və ya dekadraxmalar haqqında hələ Vinkelman “Weiter als diese Münzen kann der menschliche Begriff nicht gehen”, yəni “mükəmməlliyin yüksək dərəcəsini, hətta təsəvvür etmək belə mümkün deyil” fikrini qeyd etmişdir (135, 3).

Sikkə sözü (ərəb.: Sekkatun – döymə, zərbetmə) ərəb mənşəli olub, dəyişilmədən dilimizin lüğət tərkibinə daxil olmuşdur.

Bu sənət e. ə. VIII-VII əsrlər arasında Kişik Asiyada – Lidiya (müasir Türkiyə ərazisi) və qədim Yunanıstanda – Eqina adasında sikkə hazırlaması ilə əlaqədar meydana gəlmişdir. “Elmdə bu haqda bir neçə fikir mövcuddur: Lidiyalıların ilk sikkələri kəşf etməsi haqqında sonrakı dövr mənbələri ilə yanaşı, Ksenofana istinadən Polluks və Herodotda, digər tərəfdən isə Egine adasında Arqos çarı Fidon tərəfindən ilk dəfə sikkə zərbi Polluks və sonrakı mənbələrdə Efor və Paros xronikasına istinadən Strabonda da təsadüf edilir. Üçüncü versiyaya əsasən isə ilk sikkə zərbinin Polluksla yanaşı, Heraklit Pontlunun məlumatına görə Eolitdə Kim şəhərinin çariçası Demodika (Hermodika) tərəfindən həyata keçirilməsi də həmçinin tarixi həqiqət ola bilər. Belə ki, Kim şəhərinin staterləri də ən arxaik Yunan sikkələrinə aiddir” (100, 24).

Qədim ustalar çətin sənət texnikasını təkmilləşdirib, yeni kompozisiya normalarını yaradaraq, kiçik sikkənin dəyirmi formasına uyğunlaşdırdılar. Medalyer sənətinin ilk addımlarından başlayaraq, təsvirlərlə yanaşı yazı da işlənir. Beləliklə, sənətkar təkcə bədii obrazlarla deyil, sözlə də təsir imkanları əldə edirdi. Yazılar təkcə medalyer sənət nümunəsinin mənasının açılmasına kömək etmir, həm də onun qrafik kompozisiyasında iştirak edir, başqa sözlə, medalda təsvirlə mətnin əlaqəsi tematik və optik olmalı, ona eyni zamanda, həm baxmalı, həm də üstündəki yazılar oxunmalıdır. Sikkə istehsalında ənənəvi dairəvi formanın çevrəsində təsvirin və yazının yerləşdirmə sistemi qədim Yunanıstan və Romada yaranmışdır.

Qədim dövrlərdə sikkə hazırlanması üçün əsasən zərb etmə üsulundan istifadə edilmişdi. Medalın və sikkənin arasında oxşarlıq və fərq haqqında danışarkən qeyd etmək lazımdır ki, medalların əhəmiyyətli qrupu tökmə üsulu ilə istehsal edilmişdi. Belə medallara Renessans medallarının çox hissəsi, sonrakı

18

AZƏRBAYCAN MEDALYER SƏNƏTİ

FƏSIL I MEDALYER SƏNƏTI HAQQINDA ÜMUMI MƏLUMAT

dövrlərdə, xüsusilə də bizim dövrdəki medalların əksəriyyəti aiddir.

Bildiyimiz kimi, sikkələri öyrənən elm tarix elminin bir sahəsi olan numizmatikadır. Numizmatika – yunan sözü olub, əsasən sikkə – pulun iqtisadiyyat, siyasət, mədəniyyət ilə daima qarşılıqlı əlaqəsindən bəhs edir. Yazılı və digər mənbələr susan yerdə numizmatik sikkələr tarixin dəqiq, obyektiv faktı və sübutudur. Tarixçi və arxeoloqlar adətən sikkələri ancaq tarixi, bəzi hallarda isə tarixi-iqtisadi mənbə kimi görürlər. Numizmatikadan fərqli olaraq sənətşünaslıq sikkə pulların iqtisadi mövqeyini deyil, bədii nöqteyi-nəzərindən təhlili ilə məşğuldur. Sikkələr üzərindəki təsvirlər zamanın misilsiz kodları olub, keçmiş dövrlərin mədəni irsidir. Əcdadlarımız belə zənn edirdilər ki, onlar magik məna daşıyır, bu və ya digər insan, heyvan, bitki və ya işarələrin təsviri qoruyucu funksiyalara malikdir: müdafiə edən, pis təsirlərdən qoruyan, insanın himayəçisi ola bilən və s.

Sikkə istehsalı yeni bədii yaradıcılıq növü olan medal sənətinin yaranmasına təkan verdi. “Qədimdə bizim qəbul etdiyimiz mənada medal tanımırdılar. Amma artıq Yunanıstanda hər hansı bir tarixi hadisəyə həsr olunmuş, çəkisinə görə müəyyən nominala (dekadraxma, tetradraxma) uyğun memorial və ya kommemorativ sikkələr məlum idi. Belə sikkələr müasir tarixi medal rolunu oynasa da, lakin pul dövriyyəsində iştirak edirdi” (110, 80).

“Bəzi qədim sikkələr ikiqat təyinata malik idi. Məsələn, hesab edilir ki, Afina dekadraxması Marafon döyüşündən sonra vətəndaşlara paylamaq üçün buraxılmışdı. Beləliklə, onlar yalnız mübadilə funksiyaları daşımır, həm də xatirə medalları xarakteri əldə edir” (140, 9).

Sirakuzda zərb edilmiş dekadraxma, təqribən b. e. əvvəl 479 il, müəllif Evaynet.

19

AYTƏN ƏHMƏDOVA AZƏRBAYCAN MEDALYER SƏNƏTİ

Baktriya çarı I Evkratidin (b.e.ə. 171 — 145 illər) qızıl stateri.

Antik dövrdə öz çəkisinə görə adi sikkələrdən ağır olan və memorial-donativ funksiya daşıyan böyük sikkələr mövcud idi ki, onlar medalyon adlandırılırdı. “Medalyon” termininin özü İntibah dövründə meydana çıxmışdır. Antik medalyonlar müasir xatirə medalların sələfləridir desək, heç də səhv etmərik. Ən qədim medalyon Baktriya çarı Evkratidin Hindistan çarı Dimitri üzərindəki qələbəsinə həsr olunmuş 20 stater ağırlığındakı qızıl sikkəsi (çəkisi 169, 2 qramm, diametr 58 mm) hesab edilir.

Medalyer sənətinin ən görkəmli nümunələrindən Nikomediyada I Konstantinin (272337-ci illər) hakimiyyətdə olmasının 30 illiyinə, III Konstantinə həsr edilən və imperator II Tiberinin qızının toyu münasibətilə qonaqlara hədiyyə vermək üçün zərb olunmuş medalyonları göstərmək olar.

Bir sıra əlamətlərə görə medal sikkəyə çox yaxındır. XVII əsrdə Avropanın numizmatika əsərlərində sikkə və medallara fərq qoyulmurdu. Sonrakı dövrlərdə də “XIX əsrin sonu, XX əsrin əvvəli bir çox kolleksiyaçı, alim və tədqiqatçılar medal və sikkələr arasında elə bir böyük fərq görmürdülər (məsələn, 1887ci ildə nəşr olunan Böyük Knyaz Qeorqiy Mixayloviçin “Собрание Указов по монетам и медалям”) (185, 47).

Bildiyimiz kimi, sikkənin forması və tərtibatının estetik prinsipləri antik dövrdən öz həllini tapmışdır. Sikkələrin kütləviliyi ilə təsviri elementlərin və yazıların uyğunluğu ona gətirib çıxarır ki, onlar öz əsas iqtisadi funksiyasından başqa, təbliğat vasitəsi rolunu da icra etməyə başlayır (172, 136). Qədim dövrlərdən başlayaraq sikkələr üzərindəki təsvirlər böyük

20

FƏSIL I MEDALYER SƏNƏTI HAQQINDA ÜMUMI MƏLUMAT

İmperator II Tiberinin medalyonu (582-ci il), qızının toyu münasibətilə təntənəli hədiyyələr üçün zərb olunmuşdur. Diametri 89 mm, kütləsi 90, 52 q.

məna və təbliğat yükü daşıyıb, əhali arasında yayılmalı olan ideyaların çatdırılması üçün ən dəyərli vasitə kimi işlənmişdir.

Medallar da yalnız xatirə nişanı funksiyasını daşımır, həm də böyük təbliğat rolu oynayırdı. Böyük hökmdarlar öz ideyalarının yayılması mənbəyi kimi sikkələrin və medalların informativ imkanlarını qiymətləndirirdilər. Əsrlər boyu yaşayacaq metal üzərində miniatür təsvirlərin effektivliyi, şifahi və ya yazılı halda olan adi xəbərlərdən xeyli çox idi. O zamanlar qəzet və digər kütləvi informasiya vasitələri olmadığı üçün xalqa çatdırılacaq lazımı ideya və informasiyaları hamının işlətdiyi pul üzərində yerləşdirmək ən uğurlu seçim idi. Çünki böyük tirajlarda zərb olunan sikkələr cəmiyyətin həyatında (istər siyasi-iqtisadi, istər mədəni sahələrdə) baş verən hadisələrə tez reaksiya vermək qabiliyyətinə malik olub, sürətlə əhali arasında yayılaraq insanlara təsir edirdi.

Məsələn, qədim Roma Respublikasının sonunda başlayan vətəndaş müharibələri dövrü sikkə ən effektiv siyasi təbliğat alətinə çevrilmişdi. Bu deklarativ vasitə onu digərlərindən fərqləndirən iki əsas xüsusiyyətə malik idi: o, asanlıqla tirajlanır və məişətdə hamı tərəfindən geniş sürətdə istifadə olunurdu.

Medal rəsmi nişan olduğu üçün о, başqa təsviri sənət növlərinin hamısından daha çox hakimiyyət dairələrindən asılı olub, onları tərənnüm edir və yaxud sifarişlərini əks etdirir. Hökmdar, imperator, din xadimləri (Papa, kardinal və s.) medalyer sənəti nümunələrində öz şöhrət və nailiyyətlərinin təsvir edilməsinə cəhd göstərirdilər. İlk dövrlərdə hökmdarlar öz təsvirlərini ilahi obrazlarında verərək sakral

21

AYTƏN ƏHMƏDOVA

gücə malik olduqlarına işarə edirdilər. Məsələn, “Antoniy “Dionis” obrazında öz təsviri olan sikkələr buraxır, Sekst Pompey isə tələb edirdi ki, onu Neptun obrazında ilahiləşdirsinlər (bu da öz əksini xüsusi sikkələrin zərb olunmasında tapırdı)” (107, 14). İmperatorlar əslində nə qədər miskin olsalar da, sikkələrdə günəşin təcəssümü kimi şüalı tacda təsvirlərini verərək, öz kultlarını təbliğ etməyi davam etdirirdilər (78, 251).

Sonrakı dövrlərdə də medalyer sənət nümunələri güclü təbliğatçı missiyasını layiqincə yerinə yetirirdi. “Bunu qeyd etmək kifayətdir ki, həm Fransada, həm Rusiyada istənilən medal eskizi şəxsən imperator tərəfindən təsdiq olunurdu. Belə ki, təltif və xatirə medalları birbaşa dövlət siyasətini əks etdirən vasitə kimi çıxış edirdi” (114, 2).

Böyük rus alimi M.Lomonosov da medalyer sənətinin böyük ideoloji təbliğat rolunu yaxşı anlayaraq, “20 yanvar 1754-cü il Elmlər Akademiyasının iclasında Rusiya medal tarixinin proqramı ilə çıxış edərək mövcud olan rus medal fondunun çar birinci Pyotrun həyat və fəaliyyətinin bütün tərəflərini tam təfərrüatı ilə lazımı qaydada əks etdirmədiyini qeyd etmişdir” (116, 80).

Həm sikkə, həm də medalların oxşar cəhətlərinin başlıca xüsusiyyəti təsvir olunan süjet kompozisiyaların, portret və yazıların dairəvi, kvadrat və səthin digər formalarında yerləşdirilməsi idi. Medalyerlərin əzəli problemi – orqanik dəyirmi kompozisiyanın yaradılması idi. Çünki tondo təsviri incəsənətin ən mürəkkəb formalarından biridir.

Medalyer sənəti nümunələri tamaşaçıya təkcə yazılı, yəni şrifli məlumatla təsir etmir, eyni zamanda təsvirli rəsmlərlə onda estetik hiss oyadır.

Medalyer sənətinə bir sıra xüsusiyyətlər şamil edilir. Kompozisiya nöqteyi- nəzərindən bu mütləq olaraq təsvirləri verilən formaya (medal üçün dairə və ya plaketa üçün dördkünc) yerləşdirmək, medalın iki tərəfli olmasını nəzərə alaraq təsvirlərin yazı ilə harmonik uyğunluğuna nail olmaq, alleqoriya, simvol və emblematikadan geniş istifadə etmək və s. daxildir. Medalyer sənətinin incəsənətin başqa növlərindən fərqləndirən öz dili, öz estetikası, öz imkanları vardır. Bu özünəməxsusluğu ən çox təyin edən onun texnoloji tərəfidir. Konstruktiv-plastik cəhətdən yapmanın ifadəli ümumiləşdirilməsi, forma keçidlərinin xəfifliyi, plastik həllin tökmə və ya zərb olunma texnikasından asılılığı kimi xüsusiyyətlər xarakterikdir. Medalyer sənətində istifadə edilən vasitələrin diapazonu digər sənət növlərindən daha məhduddur. Lakin ümumi halda götürüldükdə medalyer sənəti son dərəcə ifadəlidir. Medalyer sənəti tamaşaçı ilə xüsusi, əgər belə demək mümkünsə intim münasibətlərə girir. Bu münasibətlər ondan irəli gəlir ki, tamaşaçı monumental heykəltəraşlıq əsərlərini xeyli böyük məsafədən seyr etdiyi halda, medalı əlinə götürərək yaxın məsafədən baxır.

22

AZƏRBAYCAN MEDALYER SƏNƏTİ

FƏSIL I

Bu sənətin inkişafı ilə əlaqədar olaraq təsvirlər müxtəlif qabarıqlı ola bilərlər. Medalyer sənətində uzaqdakı mənzərənin dəqiq və inandırıcı olması üçün rəngkarlığa xas olan perspektivdən də istifadə olunur. Medal incəsənətin unikal növüdür: belə ki, onun səthində xətti və ya qayıdan perspektiv hesabına rəngkarlığın bütün janrları və heykəltəraşlığın bir çox janrları yaşaya bilər. Relyefdə perspektiv yaratmaq, yəni göz işlədikcə uzaqlara gedən fəza təəssüratını yaratmaq üçün sənətkar birinci plandakı fiqur və predmetləri daha böyük və qabarıq, ikinci və üçüncü planlarındakıları nisbətən kiçik və yastılanmış az qabarıq təsvir edərək relyefi çoxplanlı qurur.

Təsvirlər həcmlərin təkcə ixtisarı qanunları ilə deyil, xüsusən də həcmi təşkil edən müəyyən formaların işıq-kölgəsindən qurulur. Burada həcmli formaların kontur sərhədləri bir müstəvi üzərində yerləşir. Müstəvi səth üzərində predmetin xarici cizgisinin xarakterini, qabarıqlığını, çökəkliyini yaratmaq o qədərdə asan deyil. Predmetin formasını, onun həcmini göstərmək üçün təkcə xəttin, konturun qüvvəsi hələ kifayət deyil. Bunun üçün işıq-kölgə böyük ustalıqla işlənməlidir. Bu sənətin rəngkarlıqla oxşarlığı illüzorluğa, görünüşü inandırıcı etməyə can atmağıdır. Medalda relyefin başlıca xüsusiyyətlərdən biri materialın kiçik qalınlığında inandırıcı plastik obraz və həcmliliyin illüziyasını yaratmaqdır. Əgər rəngkarlıqda işıq-kölgə qabarıqlığın və məkanın görünmə illüziyasını yaradırsa, medalyer sənətində bu yapma ilə nail olunur.

Medalın fakturası sənətkar tərəfindən işlənilməsindən asılı olaraq hamar və ya qabarıq, sönük və ya parlaq ola bilər. Faktura öz bədii ifadəliliyi ilə medalı əlinə alıb baxan tamaşaçıya müəyyən dərəcədə təsir vasitəsidir.

Bəzi sənətkarlar daha təfərrüatlı, təfsilatlı, hər xırda detala diqqət yetirir, bütün təsadüfi əyrilərin, qabarmaların sürətini çıxarır, bəzi heykəltəraşlar isə ümümiləşdirilmə yolu ilə gedib, geniş xətlərdən istifadə edirlər. Heykəltəraş öz modelinin yalnız zahiri cizgilərini təsvir etməklə kifayətlənmir, onun daxili simasını, ən başlıca və xarakterik cizgilərini axtarıb tapır və üzə çıxarır.

Medalın yaranması eskizdən başlayır. Daha sonra təsvir yumşaq materiallardan birinə (mum, gil, plastilin və s.) köçürülür, hər bir detal xüsusi dəqiqliklə işlənir. Sonrakı mərhələdə tökmə, presləmə, ya da ştampovka üçün qips forması hazırlanır. Bəzi hallarda qalvanoplastika texnikasından da istifadə olunur. Müəllif modelinin əvvəlcə kontrrelyefli forması, daha sonra isə maşın üslubu ilə ştempeli hazırlanır. Metalın hazırlanmış dairəsi iki ştempelin arasında qoyulur və güclü sıxma yolu ilə zərb edilir. Sonra hazır medalı emal edib, kənarlarını yonurlar. Tunc məmulatlarına ton verir, qızıl və gümüşün təbii rəngini saxlayırlar. Antik ustaların medal istehsalında tətbiq etdikləri tökmə üsulu sonralar zərb etmə ilə əvəz olun-

MEDALYER SƏNƏTI HAQQINDA ÜMUMI MƏLUMAT

23

AYTƏN ƏHMƏDOVA

muşdu. Tökmə üsulunda isə əridilmiş kütlə xüsusi kontrrelyefli forma – qəlibə tökülür. Zərb edilmiş sikkə tökmə sikkələrə baxanda bir sıra üstünlüklərə malik idi. Vizual olaraq zərb edilmiş sikkədə ştempel rəsminin ən xırda detallarına qədər aydın şəkildə verilməsi mümkündür ki, tökmə vaxtı buna çox vaxt nail olunmur. Zərb edilmiş sikkənin istehsalat prosesi texnoloji cəhətdən o qədər çətin və çoxpilləlidir ki, kustar şəraitdə eyni keyfiyyətli sikkənin istehsalı qeyri-mümkündür.

XIX əsrin sonunda Fransada ştempel kəsən maşının – pantoqrafın tətbiqi medalyerləri polad üzərində əl ilə ştempellərin kəsilməsindən azad etdi. Medal üzərində təsvirlər ya qabarıq (relyef) və ya da kontrrelyef, yəni daxilə sirayət edən olur. Təsvirləri ştrixlərlə çəkmək də mümkündür. Relyefin hündürlüyü və kontrrelyefin dərinliyi bilavasitə müəllif fikrindən asılı olaraq müxtəlif ola bilər. Medalın səthi yaradıcı konsepsiyaya əsasən ya cilalanır və ya əksinə, tutqunlaşdırılır. Bu sənətin təsviri sənətin digər növlərindən fərqləndirən bir xüsusiyyəti (qrafikadan başqa) də tiraj edilə bilməsidir.

Digər bir cəhət də ondan ibarətdir ki, onun əlimizin səthində yerləşən sahəsi rəssamı məhdud çərçivədə saxlayır, onu həmin sahə daxilində yaradıcılıq işi aparmağa məcbur edir. Məhdud çərçivəyə salınmış sənətkar tələb olunan təsvirləri müvafiq sahə daxilində elə düşünülmüş kompozisiya əsasında qurmalı idi ki, verilən mövzunu rəsm dilində təsvir edə bilsin. Belə bir məcburi prinsip əlbəttə, rəssamdan böyük məharət və xüsusi istedad tələb edir. Bəzən medalyer “əl” boyda əsərdə janr səhnəsi təsvir edir, buna görə də o qüsursuz kompozisiya qurmaq bacarığına malik olmalıdır. Bunlarla yanaşı, medalyer – həm heykəltəraş, həm qrafik, həm tarixçi, həm heraldist, həm də kimyaçıdır. Ayrı-ayrılıqda bu sənətlərdə yaxşı sənətkar ola bilərsən. Amma medal yaratmaq üçün bu bədii istedadların kompleks halında hamısına sahib olmalısan. Medal üzərində yaradıcı iş fikrin aforizmliyini, yüksək sənətkarlıq bacarığını, heykəltəraşlıq, qrafika və rəngkarlıq başlanğıclarının sintez qabiliyyətini tələb edir. Xüsusi qeyd edilməlidir ki, medalyer sənəti sənətkardan həddən artıq həssaslıq və səbir tələb edən işdir. Əlbəttə, bu saydıqlarımız medalyer sənətinin ən ümumi əlamətləridir. Medalyer sənətinin ən ümdə xüsusiyyəti öz xalqının tarixi və maddi mədəniyyəti ilə sıx əlaqəli olmasıdır. Bu və ya digər dərəcədə o, həmişə milli ənənələri öz səthində əks etdirir. Məsələn, sikkə yalnız ödəniş vasitəsi, dəyərin ölçüsü deyildi. Onun üzərindəki təsvirlər dahi insanlar, böyük əməllər, hadisələr haqqında konkret məlumatlar daşıyan və bu məlumatları gələcək nəsillərə çatdıran bir vasitə rolunu oynayır. “Sikkələrdə biz antik inancları, tarixi hadisələri, görkəmli şəxsiyyətlərin təsvirlərini görə bilirik. Məsələn, qədim antik sikkələrdə mövcud olan süjetlərin bəzilərinin adını çəkək: Dövlətin yaranması haqqında əfsanə; çarlar – Romul,

24

AZƏRBAYCAN MEDALYER SƏNƏTİ

FƏSIL I

Numa Pompiliy, Ank Marsiy, Tisiy Tasiy, satqın Tarpeyanın ölümü, birinci konsul Brut, Reqil gölündə döyüş və s.” (132, 69).

Medalyonlar da medalyer sənətinin böyük zövq və sənətkarlıqla yaradılmış informativ nümunələrindəndir. “Tapılmış medalyonlarda – böyük ölçülü sikkələrdə Roma imperatorlarının portretlərinə rast gəlinir, amma bir çox tədqiqatçıların fikrinə görə onları təltifə aid etmək olmaz. Belə ki, onlar dövriyyədə olan sikkə olmuşdur. Bəzi tədqiqatçılar isə Roma medalyonlarının indiki medallar kimi mahiyyət daşıdığını güman edirlər (107, 15).

İkinci fikirlə razılaşmaq olar. Çünki onların əksəriyyətində (üzərində nominalı olmayan nümunələrə aiddir) boyundan taxılması üçün kiçik qulp qoyulur və onlar imperatorun həmin insana olan xüsusi münasibətinin nişanəsi kimi gəzdirilirdi.

Bəzi sikkələr utilitar məqsəd daşımayaraq yüksək mənsəb sahiblərinə hədiyyə olaraq buraxılmış və “donativa” adlandırılmışdır. Donativa latın dilində “dono” bağışlayıram sözündən əmələ gəlmiş, sikkə ilə medal arasında keçid həlqəsidir.

Sikkələr siyasi həyat və ideologiya (məsələn, Roma imperiyası sikkələrində təsvirlər və yazılar) sahəsində, konkret tarixə aid qiymətli məlumatlardan xəbər verir, hətta naməlum çarların adlarını və hökmdarlıq tarixlərini müəyyənləşdirməyə imkan yaradır (Parfiya, Baktriya, Olviya) (110, 7).

Sikkə və medalyonlardakı tarixi şəxsiyyətlərin təsvirləri bu mövzuda ən əhəmiyyətli qaynaqlardır. Elə sikkə və medalyonlar var ki, məhz onların üzərində olan portret təsvirlərinə əsasən biz bu və ya digər tarixi şəxsiyyətin mövcud olması haqqında məlumat alırıq. Məsələn, “Baktriya çarı Platon Epifan ancaq sikkələrdəki təsvirlərinə əsasən məlumdur” (181, 212). Məhz sikkələrdəki təsvirlərinə əsasən Yuliy Sezar və Mark Antonini məftun edən məşhur Misir hökmdarı Kleopatranın heç də gözəl olmadığı qənaətinə gəlirik.

Sikkələrdə həkk olunmuş bəzi şəhər adları onların mövcud olmasını sübut edir (məsələn, Azərbaycan ərazisində Qarqar, Hunan və s. şəhərlər).

Sikkələr üzərindəki təsvirlər təkcə siyasi tarixdən deyil, həmçinin üzərilərində həkk olunmuş heykəltəraşlıq və memarlıq abidələri, geyim, silah və məişət əşyalarının təsvirləri

MEDALYER SƏNƏTI HAQQINDA ÜMUMI MƏLUMAT

Misir hökmdarı VII Kleopatranın (b. e. ə. 69-30-cu illər) təsviri olan sikkə

25

AYTƏN ƏHMƏDOVA AZƏRBAYCAN MEDALYER SƏNƏTİ

Qədim sikkədə Fidiyin müəllifi olduğu Zevs heykəlinin təsviri.

ilə sənətşünas, etnoqraf və arxeoloqlar üçün də çox dəyərli informasiya daşıyıcıları olub, zəngin mənbə rolunu oynayaraq böyük köməklik göstərir. Onları təhlil edərkən saysızhesabsız tarixi hadisələr və faktlar ortaya çıxır. Antik dövr memarlıq, qrafika, rəngkarlıq və plastikasının həmişəlik itirilmiş, məhv edilmiş şedevrlərinin medalyer sənəti nümunələrində qalmış təsvirləri biz sənətşünaslar üçün xüsusi olaraq qiymətlidir.

Məsələn, dahi yunan heykəltəraşı Praksitelin (b. e. əvvəl IVəsr) sol qolu üzərində körpə Dionisi saxladığı Hermesin təsvirində sağ qolunu necə tutduğu və nəyi saxladığı ancaq Frakiya şəhəri Anxial sikkələrinin tapıntısından sonra bəlli oldu. Həmin sikkədə Hermes əlindəki üzüm salxımını balaca Dionisə göstərir. Digər nümunə kimi “dünyanın yeddi möcüzəsi”ndən sayılan Zevsin heykəli, Faros mayakı və s. məşhur əsərləri göstərmək olar ki, onların əsl görünüşlərini biz məhz bu sikkələrdə görürük.

Sikkələrin səthi nə qədər kiçik olsa da, qədim medalyerlər onların üzərində o dövrün məşhur abidələrini təəccüb ediləcək dərəcədə dəqiqliklə təsvir etmişlər. “Müasir dövrdə bir çox məhv olunmuş memarlıq abidələrinin görünüşləri

Qədim sikkələrdə Faros mayakının təsviri.

26

FƏSIL I MEDALYER SƏNƏTI HAQQINDA ÜMUMI MƏLUMAT

ancaq sikkələrdən məlumdur” (112, 16) və bu təsvirlər memar və sənətşünaslar üçün onların əvvəlki görünüşlərini yenidən rekonstruksiyası üçün əvəzedilməz mənbə rolunu oynayır. Onların üzərindəki təsvirlərə əsaslanaraq qədim memarlıq tikintilərinin ilkin xarici görünüşünü yenidən canlandırmağa nail olunmuşdu (Trayan forumu, Kolizey, Qisasçı Mars məbədi və s.).

Nəhayət, medalyer sənəti müxtəlif ölkələrin bir çox akademik siniflərində tədris edilmiş, onunla dünyanı fəth etmiş hökmdarlar, yüksək zümrə nümayəndələri və aristokratlar yaxından maraqlanmış, qiymətli metallardan hazırlanmış bu sikkə və medallar əsl sənət əsərləri kimi illər ötdükcə qiymətdən düşməmiş, taxttac sahibləri öz münskabinetlərini1 bu sənət əsərləri ilə bəzəmiş və onlarla fəxr etmişlər. Adi abidələrdən fərqli olaraq medalı evdə fəxri yerdə saxlamaq, bir yerdən digər yerə aparmaq, yaxın adamlara göstərmək və s. olar.

Bir vaxtlar London sikkəxanasına rəhbərlik etmiş dahi ingilis alimi İsaak Nyuton deyirdi: “Sikkələr xalqı hərəkətə gətirən incəsənətin ən əsrarəngiz və novator növüdür” (112, 20). Bu fikirlə razılaşmamaq qeyri-mümkündür.

Antik dövr sikkələrinə gəldikdə isə onların bədii xüsusiyyətlərini nəzərdən keçirək. Çünki onlar uzun illər ərzində medalyer sənətinin sonrakı inkişaf prosesinə böyük təsir göstərmişlər. “Heyvan və bitkilərin, məişət avadanlıqları və kult predmetlərinin, həmçinin Allahların müxtəlif təsvirləri arxaik dövrün sikkələrində xətti traktovkası ilə fərqlənirlər: başın və insan bədəninin aşağı hissəsi profildə, bədənin yuxarı hissəsi isə tamaşaçıya kəskin çevrilmiş halda (məsələn, Poseydoniy şəhərinin sikkələrində

1 Münskabinet – elmi prinsipə görə sistemləşdirilmiş sikkə və medallar kolleksiyası.

Trayan forumu, qızıl aureus, b. e. 112-ci ili.

27

AYTƏN ƏHMƏDOVA AZƏRBAYCAN MEDALYER SƏNƏTİ

Kolizey (Colosseum), gümüş sestersiy, b. e. 80-81-ci illər.

Qisasçı Mars məbədinin təsviri olan sikkə. Poseydonun təsviri) təsvir edilirdilər. Klassik dövrün sikkələrində ayrı-ayrı predmetlər, heyvan, bitki və insanlar, həmçinin süjet kompozisiyaları kiçik detallara qədər dəqiqliklə canlandırılmışdır; sənətkar onları yaradarkən abstrakt obrazları rəhbər tutmur, öz müşahidələrinə əsaslanırdı. İnsanların və heyvanların poza və hərəkətləri təbiidir (məsələn, təqribən b. e. ə. 460-cı ildə Siciliyanın Sirakuza şəhərində zərb olunmuş tetradraxmada əlində şərab badəsi tutmuş satir; b. e. ə. 500-ci illərə aid edilən dinamik tərzdə inək təsvir edilmiş Eritreya tetradraxması)” (175, 60).

“Yunanıstanda sikkə üzərində görkəmli və layiqli vətəndaşların portretlərini zərb etmək adəti yox idi. İlk dəfə sikkələrdə yalnız Makedoniyalı İsgəndərin portreti yerləşdirilmiş ki, bu da onun Kiçik Asiya və Misirdəki varisləri Lisimax və Ptolemey Soterin xüsusi qərarı sayəsində baş vermişdi. Bu, presedent olmuş və bundan sonra ellinistik dövrü sikkələrində yerli hökmdarların profilləri tez-tez zərb olunmağa başlamışdı” (84, 107).

Qədim Roma medalyer sənətində isə hökmdarların, onların arvadları və başqa şəxsiyyətlərin təsviri xüsusilə inkişaf etmişdir. Hündür olma-

28

FƏSIL I

yan relyefdə yerinə yetirilmiş imperatorların profildən verilən büst portretləri kəskin realistliyi, tipik xüsusiyyətlərin qabardılması ilə fərqlənərək, Roma dəzgah heykəltəraşlığındakı portret nümunələrindən bədii cəhətlərinə görə heç də geri qalmırdı (ill. I. 14).

“Bizim eramızın əvvəlindən başlayaraq XIV əsr də daxil olmaqla zaman kəsiyini medalyer sənətinin tənəzzül dövrü kimi tanımaq olar” (140, 14).

Orta əsrlərdə “istirahət edən” medal sənəti yeni vüsətlə İntibah dövründə dirçəlir. Qədim dövrlərdə medalların həm texniki, həm bədii həlli sikkə hazırlanması ənənələrinə söykənsə də, sonrakı dövrlərdə (XIV-XV əsrlərdən başlayaraq) özünəməxsus dəyərə malik müstəqil sənət sahəsi kimi inkişaf etmişdir. XIV-XV əsrlərdə İtaliyada alıcılıq qabiliyyəti olmayan, yəni utilitar mahiyyətini itirərək bədii xüsusiyyət daşıyan medallar yaranmağa başlayır.

Müasir anlamda medal sənəti erkən İntibah dövründə yaranmış və XV əsrdə rəssamlıq və heykəltəraşlığın yüksək inkişaf səviyyəsindən irəli gələn mütərəqqi bədii problemlərə müraciət etmişdir. Orta əsrlərdə Avropada ilk medalların meydana gəlməsi haqqında bir çox mülahizələr mövcuddur. Əfsanəyə əsasən, medal yaratmaq ideyasını Paduya hersoqu Françesko II Karraraya, antik sikkələrin ehtiraslı həvəskarı və kolleksiyaçısı olmuş Petrarka vermişdir (172, 136). Əgər fakt doğrudursa, bu, o dövr üçün çox cəsarətli addım idi. Çünki inkvizisiya bütpərəstlik dövrü sənət nümunələrinə pis münasibət göstərərək onları məhv edirdi.

İtaliyada medalyer sənətinin böyük populyarlığının sübutu kimi sikkə və medalların yüksək kübar təbəqə nümayəndələrinin kolleksiyalarında saxlanılması idi. Bu nümunələrin toplanması dəbdə olan və nüfuzlu məşğuliyyətə çevrildi. Antik tarix, arxeologiya, mifologiya və incəsənətinin öyrənilməsində numizmatika materialların bir mənbə kimi həqiqi qiymətini ilk olaraq Renessans dövrünün humanistləri vermişlər. Bəzən antik sikkələr rəngkarlıq portretlərində şəkli çəkilənin kolleksiyaçı olduğunu vurğulamaq üçün təsvir edilir və çox nüfuzlu sayılırdı. Belə ki, dahi Titsianın müəllifi olduğu antikvar əşyalar taciri Yakopo Stradanın portretində onun kolleksiyasının digər predmetləri içərisində qədim tunc və gümüş sikkələr də təsvir edilmişdi (ill. I. 16).

Arxeoloji qazıntılar zamanı tapılmış qədim, zəngin mədəni irsin parlaq nümunələri olan çoxsaylı antik numizmatika nümunələri İntibah dövrü rəssam və mesenatlarında yüksək sənət zövqü və münasibətini formalaşdırdı. İntibah dövrünün mədəni cəmiyyətində çox qiymətli əşya kimi qəbul edilmiş antik sikkələr medalların, yəni müstəqil incəsənət növünün yaradılmasına bir növ təkan oldu.

Digər tərəfdən görkəmli şəxsiyyət və hadisələrə həsr edilmiş abidə olan medalın yaranması bütün treçento dövrü İtaliya incəsənətinin

MEDALYER SƏNƏTI HAQQINDA ÜMUMI MƏLUMAT

29

AYTƏN ƏHMƏDOVA

inkişafı təmayülləri və insan şəxsiyyətinə yeni, humanist münasibəti ilə bağlıdır. “İntibah dövrünün medalı humanizmin qızıdır. Doğma ölkəsinin canlı tarixi və onun böyük milli keçmişi kimi qəbul edilən antik dövrə oyanmış maraq medalın yaranmasını şərtləndirən əsas stimul olmuşdur. Klassik qədimliyə marağın təzahür formalarından biri keçmiş dövr maddi mədəniyyətinin hər cür abidələrinin, xüsusən

İtaliya torpağında tapılan antik sikkələrin toplanması oldu” (123, 117). 1438-ci il – Pizanello Bizans imperatoru VIII İoan Paleoloqun təsviri olan birinci medalını ərsəyə gətirdiyi vaxt İtaliyada Renessans medalyer sənətinin yaranması ili oldu.

Pizanellonun bizim zəmanəmizə qədər gəlib çatmış əsərlərində incəsənətin bu növünün hər cür texniki maneələrdən qətiyyətlə azad olunması, təsvir etdiyi müasirlərinin zahiri oxşarlığını, fərdi xüsusiyyətlərini əks etdirmək bacarığına şahid oluruq. Sənətkar rəngkarlıq və heykəltəraşlıqda qazandığı uğurlarla müqayisə edilə biləcək nəticələrə medalyer sənətində də nail olmuşdur. Rəssamın əsərlərinə xas olan kəskin dinamika və cizgilərin gərginliyi ilə müqayisədə B. Çellininin medal obrazlarında da öz sənəti üçün səciyyəvi olan aydın, plastik

müəyyənlik meylinin əsasını qoyduğunu görürük. O, ciddi bir təmkinliklə və eyni zamanda, insan ehtiraslarını böyük bir pafosla təsvir etməsi ilə tamaşaçını ovsunlayır. Dəqiq kontur xətti kölgəli hissələrdən inamla sürüşüb keçərək hərəkətlərin və pozaların rəngarəngliyini xarakterizə edir. İlk medalyerlər yüksək inkişaf səviyyəsindən irəli gələn mütərəqqi bədii problemlərə müraciət edirdilər.

AZƏRBAYCAN MEDALYER SƏNƏTİ

Antonio Pizanello “İoann VIII Paleoloq” medal, 1438-ci il, bürünc.

30

FƏSIL I

Əsl incəsənət abidələri olan medalların ştempelləri, bir qayda olaraq, böyük sənətkarlar tərəfindən hazırlanırdı. Təkcə bu adları xatırlatmağımız onu göstərir ki, İtaliya İntibahının görkəmli sənətkarları medalyer sənətinin yaranmasında və inkişafında yaxından iştirak etmişlər. Alman İntibahının ən görkəmli nümayəndəsi Albrext Dürerin zəngin bədii irsində “ancaq iki əsəri – gənc gözəl qadın portreti olan böyük medal (1508) və yaşlı kişinin portreti (1514) olan medalları böyük əminliklə ona aid edirlər. Bundan başqa, akt qeydlərindən məlumdur ki, Dürer sikkə ştempelləri üçün də rəsmlər yaratmışdır” (175, 87).

Renessans medalının əsas fərqləndirici xüsusiyyəti onun üstündə təsvir edilmiş personajın portretliliyi idi. Taxtda oturmuş, ayaq üstə və ya at belində hökmdarın sxematik təsviri olan orta əsr sikkə və möhürlərdən fərqli, ilk italyan medallarının üz hissəsində antik sikkələrdəki nümunələr kimi sinə və ya qurşağa kimi hökmdarın portret oxşarlıqlı təsviri yerləşdirilirdi.

Antik ənənələrlə yanaşı, medallar ilk növbədə XIII-XIV əsr sikkə və möhürlərində tətbiq olunan orta əsr heraldik təsvir sistemini qəbul edir. Orta əsrlərdə medalların simvolikası və atributikası bir ənənə şəklində formalaşır və “medal ” dili mədəni dünyada başa düşülürdü.

Çinkveçento dövrü Renessans medalları xüsusilə yüksək qiymətləndirilir. Bu ölçücə kiçik incəsənət əsərlərində sənətkarlar ancaq yüksək intellektə sahib olan elitanın başa düşə biləcək müdrik alleqoriyalarla öz fikirlərinin ifadə edirdilər.

“İntibah dövründə üzərində portret təsviri olan stolüstü xatirə medalları böyük şöhrət qazanır. Belə portret-medallar hökmdarın xüsusi münasibətinin əlaməti olub və bəxti gətirənlər

MEDALYER SƏNƏTI HAQQINDA ÜMUMI MƏLUMAT

31

AYTƏN ƏHMƏDOVA

onlara qiymətli haşiyəyə qoyub boyunlarına taxırdılar” (107, 7). Düşmənlər də diqqətdən kənarda qalmırdı. Məsələn, “IV əsrin ortalarında Volqadan tutmuş Pannoniyaya qədər böyük ərazilərin sahibi olan Hunların”(131. 22) hökmdarı, “Avropanın imperatoru” titulunu qazanmış Atilla avropalıların təsəvvüründə satirin üz cizgiləri ilə təqdim edilirdi.

Dini süjetli təsvirlər də öz zərifliyi, bədiiliyi və yüksək sənətkarlığı baxımından diqqəti cəlb edən əsərlərdən idi.

XVII əsrdə Avropanın qabaqcıl ölkələrində monarxiya quruluşlu hakimiyyətin güclənməsi ilə əlaqədar medalyer sənəti geniş vüsət alır. XVII əsrin əvvəllərində döymə medal texnikasına keçid baş verir ki, bu da medalyer sənət nümunələrinin tirajını əhəmiyyətli dərəcədə yüksəldir.

Bu dövr incəsənətində hakim olan barokko üslubu təsvir edilən portret və hadisələrin təmtərağı və möhtəşəmliyini şərtləndirmiş, parad görkəm isə hökmdar obrazını şöhrətləndirmək məqsədi daşımışdır. Hökmdarlar bu təsvirlərlə özlərini və hakimiyyətlərini təbliğ edirdilər. Amma bu təsvirlər bəzən onların həyatlarını faciə ilə qurtarmasına da səbəb ola bilirdi. Məsələn, “XVI Lüdovik üsyan etmiş xalqdan qaçan zaman onu təsadüfən sərhəddə sikkə üzərindəki təsvirinə əsasən tanımış və Parisə qaytarmışdılar” (176, 81). Sikkədə təsvirinin olması sözün əsl mənasında monarxa başı bahasına gəlmişdir.

Bu dövr reversdə təsvir edilən mənzərə və döyüş səhnələri dolğunluğu, detalların ifadəliliyi, təravəti və perspektivin vurğulunması ilə fərqlənir, bu da medallarda məkan və işıq-kölgəni çatdırmağa kömək edirdi.

Barokkonun ifadə vasitələri arasında simvolika və alleqoriyadan geniş istifadə olunurdu. “Alleqorik təsvir ən müxtəlif nizama malik obrazları – hər hansı bir ideyanın son dərəcə mücərrəd təcəssümündən tutmuş, real elementlərin, məsələn, portret təsvirləri də daxil olmaqla dəqiqliklə əks etdirməsinə qədər özündə birləşdirməyə qadirdir. Alleqoriyanın əsasına xüsusi “ideoqrafik” prinsip qoyulub ki, o da obrazlı deyil, tərkib elementlərinin hər biri müəyyən simvolik məna daşıyan işarələrin qarşılıqlı təsirini ehtiva edir” (156, 89).

XV-XVI əsrlərin qovşağında Fransada medal sənəti yayılmağa başlasa da onun əsl çiçəklənmə dövrü fransız medalının “qızıl əsri” adlandırılmış XVII əsrə təsadüf edir. Bu dövr Fransa incəsənətinə Qiyom Dyupre və onun ən böyük ardıcıllarından biri olan Jan Varen kimi istedadlı medalyerləri bəxş etdi. Qiyom Dyupre medalyer sənəti tarixinə Yüksək Renessans dövrü fransız məktəbinin ilk görkəmli nümayəndəsi kimi daxil olmuşdur. O, medalların yaradılmasında öz bədii bacarığını tətbiq etmiş birinci fransız heykəltəraşı oldu. Dyupre dövrünün ən gözəl medalyer-portretçi şöhrətini qazanmışdı. Onun müəllifi olduğu Fransa kralı IV Henrixə həsr olunan medalları

32

AZƏRBAYCAN MEDALYER SƏNƏTİ

FƏSIL I

nəinki Fransanın, bütünlüklə dünya medalyer sənətinin ən nadir incilərindən sayılır. Paris zərbxanasının direktoru olmuş Jan Varen də sələfi kimi yaratdığı sikkə və medallarında barokko üslubunun parlaq və emosional ifadəli dilindən istifadə etmişdir. “Onun Rişelye (1630-cu il), Mazarini (1640-cı il), kiçik XIV Lyudoviklə Avstriyalı Annaya həsr olunan əsərləri Dyupreyə layiqdir. O vaxtdan bəri medalyer sənəti Fransanın xüsusi şöhrəti olaraq qalır” (83, 90). Jan Varen və onun ardıcıllarının əksəriyyəti artıq həkk olunan polad ştamplardan istifadə edirdilər.

“XVII-XVIII əsrlərdə mütləq monarxiya dövründə hər bir paytaxtın münskabinetə malik olması vacib idi. Kral və imperatorlar köhnə sikkələri toplayırdılar. Onlar dəyərli bir rəsm qalereyası kimi nüfuzlu idi. London, Paris, Vyana, Peterburqda böyük numizmatik kolleksiyalar yaranmışdı” (177, 2).

XVIII əsrdə də medalyer sənəti inkişaf edirdi. Bu dövrdə medalın obrazlı quruluşunda əhəmiyyətli rolu alleqorik təsvirlər oynamağa başlayır. Relyef və kompozisiyanın aydınlığı, hətta kiçik detalların belə dəqiq işlənməsi o dövr medalyer sənətinin əsas əlamətlərindən olmuşdur. Çox halda medalın kənarı boyunca onu ətraf mühitdən aydın şəkildə ayıran qabarıq qurt (alman dilində gurt – kəmər, qurşaq kimi tərcümə olunur, sikkənin kənarı) olurdu. Barokko dövrü XVIII əsrdə sona çatdı. İbarəlilik və təmtəraq dəbdən düşdü.

XVIII əsrin ortalarında (maarifçilik dövründə) klassisizm üçün təkamül dövrü olur. Medalyer sənətində bu üslub ciddiliyi və lakonikliyi, obrazların ideallaşdırılması ilə özünü göstərir.

XIV Lyudovik dövründə medalyer sənətində hökmdar və din xadimlərinin (papa, kardinal və s.) təsvirləri ilə yanaşı elm və mədəniyyət nümayəndələrinin – şair, rəssam, filosof və humanistlərin portret təsvirləri meydana çıxır. “Kiçik Fransa tarixi” adını alan bu medal seriyasının yaradılmasında bir çox medalyerlər iştirak etmişlər. Onların arasında Jan Dassye və onun oğlu Jak Dassye də var idi. Fransız Maarifçiliyinin parlaq nümayəndələrindən biri, görkəmli hüquqşünas və siyasi mütəfəkkir Monteskyöyə həsr olunan medal diqqəti xüsusilə cəlb edir. “Aversdəki Monteskyönün portreti – təkcə Jan

MEDALYER SƏNƏTI HAQQINDA ÜMUMI MƏLUMAT

Jan Dassye “ Monteskyö”, medal, avers, bürünc, XVIII əsrin əvvəli

33

AYTƏN ƏHMƏDOVA

Dassyenin şedevri deyil, həm də fransız medalyer portretinin ən böyük əsərlərindən biridir (140, 26).

Klassisizmin görkəmli nümayəndəsi böyük rəssam Jak-Lui David medalyer sənətində də gözəl nümunələr yaratmışdır (Lamartin, Jorj Sand və s.). “28 oktyabr 1792-ci ildə özünün Milli Konvent qarşısındakı çıxışında məşhur rəssam Jak-Lui David “şanlı hadisələri“ və bu hadisələri mümkün etmiş “dahi insanları” əbədiləşdirmək üçün qədim Yunan və Roma sikkələri tipində medal silsiləsinin yaradılmasına çağırış etmişdi” (204, 1). Rəssam özü də bu çağırışı həyata keçirənlərdən biri olmuşdur.

Jak-Lui Davidin tələbəsi olmuş görkəmli fransız medalyeri David d’Anje yaradıcılığının erkən dövründə klassisizm üslubunda əsərlər yaratmışdır. İllər ötdükcə təsviri sənətin estetik məsələlərinə sənətkarın prinsipial baxışlarının cilalanması prosesində onun üslubu da dəyişilərək romantizmə yaxınlaşır. Onun şedevrləri sırasında rəssam Teodor Jeriko, Paqanini, gənc Napoleona həsr olunan bürünc medalları göstərmək olar. Gənc Napoleonun təsvirində böyük iradəyə malik, qətiyyətli, qorxu bilməyən sərkərdə obrazı yaradılmışdı. Sənətkarı insanın duyğu və ehtiraslar dünyası maraqlandırır. Obraz kimi qeyri-ordinar, parlaq şəxsiyyətlərin seçimi, ştrixlərin coşqunluqla vurulması, bürüncün fakturasından, işıqkölgə effektlərindən məharətlə istifadə əsərin ekspressiv başlanğıcından xəbər verir. Artıq bu əsərlərdə mütərəqqi romantizm rəssamları üçün tipik olacaq yol açıq-aydın sezilir.

Russiyanın mədəni və ictimai-siyasi həyatında mühüm hadisə olmuş medalyer sənəti digər Avropa ölkələrindən xeyli sonra – XVIII əsrin əvvəllərində meydana çıxır. Xaricdən dəvət olunmuş sənətkarlar (A.Şults, İ.K.Hedlinger, B.Skott, P.Vernye və s.) istedadlı yerli gəncləri (Timofey İvanov, Samoylo Yudin və s.) bu sənətin sirləri ilə tanış etdilər.

XIX əsr medalları mövzu müxtəlifliyi, həmçinin say baxımından artması ilə yadda qalır. Fransa, Almaniya, Polşada əvvəlki əsrlərə nisbətən daha çox sənətkar-medalyerlər yaşayıb-yaradırlar. Bu dövrdə Fransada Jül-Kleman Şaplen və Oskar Roti kimi dahi sənətkarlar medalda modern sənətinin inkişafına töhfələr vermişlər. O.Roti öz yaradıcılığında cilalanmış fon və aydın konturu olan relyef təsvirli,

David d'Anje. Gənc Napoleona həsr olunmuş medal, avers, 1838 il, bürünc, Anje, David d'Anje muzeyi.

34

AZƏRBAYCAN MEDALYER SƏNƏTİ

FƏSIL I MEDALYER SƏNƏTI HAQQINDA ÜMUMI MƏLUMAT

eləcə də ciddi tənzimlənən yazı tipinə malik ənənəvi döymə medallardan əl çəkib qurtsuz, səthi relyefli və bədii tərtibatında rəngkarlıq elementlərindən (mürəkkəb perspektiv, hər planın dəqiqliklə işlənməsi və s.) istifadə etdiyi tökmə medal və plaketlərini yaradaraq Fransa medalyer sənəti tarixinə yeni səhifə yazdı.

Jül-Kleman Şaplen fransız medalyer sənətinə yeni nəfəs vermiş sənətkar hesab edilir. Onun sayəsində tökmə medal və plaketlər Avropa sənətində yenidən layiq olduğu yerini tutdu. Medalın məhdud səthi nə qədər paradoksal olsa da, medalyerə gözlənilməz parlaq metaforalar, sirli simvolika, həm də cəsarətli plastik eksperimentlər üçün geniş sahə oldu. Hər iki sənətkar impressionizmin təsiri altında işıq-kölgə və yumşaq yapma effektlərindən istifadə edirdilər.

Avstriya medalyer məktəbinin başçısı Anton Şarffın əsərləri portret oxşarlığının ustalıqla verilməsi, obrazların ifadəliliyi və realistliyi ilə fərqlənir. Məşhur mədəniyyət xadimlərinə həsr etdiyi medallarda (İ. Ştraus, R. Vaqner, İ. Höte və s.) obrazlar öz emosional coşqunluğu və ruh yüksəkliyi ilə diqqəti cəlb edir, pozalar, jestlər çox dinamik və plastik səciyyə kəsb edir.

Oskar Roti . Prezident Sadi Karnonun dəfni, gümüş, plaketa, 1894-cü il, BodeMuseum, Berlin.

35

AYTƏN ƏHMƏDOVA AZƏRBAYCAN MEDALYER SƏNƏTİ

Jül-Kleman Şaplen. Afinada keçirilən (1896) birinci Olimpiya oyunlarının medalı, bürünc, d-48 mm, 47q.

Salvador Dali “On ehkam” medal silsiləsi, 1975-ci il, gümüş, d-49 mm

XX əsrin gərgin və dinamik ritmi ayrı-ayrı janrların inkişafına yeni istiqamət və impuls vermişdir. İndi sənətkarlar medalyer sənətində təkcə tarixi hadisələri və müasir dövrün görkəmli şəxsiyyətlərinin obrazlarını deyil, həm də gündəlik hadisələri, o cümlədən, hər bir yaradıcını düşündürən bütün zamanlarda aktual olan həqiqətləri, əsrin elmi-texniki kəşflərini və s. tərənnüm edirdilər.

XX əsrdə medalyer sənətinin ifadə vasitələri (dərinləşdirilmiş kontur, kontrrelyef, qarasavad, mina) əhəmiyyətli dərəcədə genişlənir, medal və plaketlərin kompozisiya, faktura və plastik dili mürəkkəbləşir. Bir çox məşhur sənətkarlar medalyer sənətində də özlərini sınamışlar. Görkəmli fransız heykəltəraşı Antuan Burdel, İtaliya heykəltəraşı Cakomo Mansu, dünya şöhrətli rəssam Salvador Dali də bu sahədə uğurlu əsərlər yaratmışlar. Salvador Dalinin “On ehkam” medal seriyası sürrealizm ruhunda olub, böyük rəssamın medalyer sənətində özünü istedadlı bir sənətkar kimi göstərməsinin maraqlı bir nümunəsidir.

XX əsrdə təsviri sənətin digər növlərində mövcud olan üslublar demək olar ki, hamısı

36

FƏSIL I MEDALYER SƏNƏTI HAQQINDA ÜMUMI MƏLUMAT

medalyer sənətinə də nüfuz edərək öz əksini tapmışdır. Məsələn, fransız medalyeri Moris Delanya art-deko, Karl Ksavyer Höts (Almaniya) expressionizm, Enn Şaper Pollack (ABŞ) abstraksionizm, İvanka Minçeva (Bolqarıstan) sürrealizm üslubunda yaratdığı uğurlu əsərləri buna misal ola bilər.

Avropada İtaliya medalyeri G.Kastilioni, Belçika medalyer məktəbinin görkəmli nümayəndələri La de Smet, Lui Dupon, keçmiş Çexoslovakiyada İ.Pradler, O.Şpaniel, Polşa me-dalyerləri Y.Şepkovskiy, S.Demkovskaya və başqa sənətkarlar estetik idealın, realistik əsasda yeni bədii forma axtarışlarının nəticəsində medalyer sənətinin intensiv çiçəklənməsinə təkan vermişlər.

Medalyerlərin arasında insan və ətraf mühit probleminə maraq durmadan artır. Bir çox sosial hadisələr medalda fərdi qiymətini və dəqiq xarakteristikasını alır. Bütün bunlar onu göstərir ki, ХХ yüzillikdə medal sənətində mövzu sərhədləri olduqca genişlənmişdir. Məşhur Amerika medalyerləri Donald de Lu-

İvanka Minçeva. “Bədirlənmiş ay”, medal, avers, 2001-ci il, latun, d-113 mm.

Marsel Jovine (ABŞ)“Tişə ustası”, medal, 1985-ci li, bürünc

37

AYTƏN ƏHMƏDOVA AZƏRBAYCAN MEDALYER SƏNƏTİ

Felisite Pauell (Böyük Britaniya) “Con Çarlz Robinson ”, 2002-ci il, medal, avers, revers, içi boş tökmə bürünc, mis sulfat, patina, Viktoriya və Albert Muzeyi, London.

inin “Heykəltəraş və onun əsəri”, Maykl Lansın Amerikanın dahi insanlarına həsr olunan portret medalları, Marcel Jovinenin “Tişə ustası”, “Yaradılış” əsərləri XX əsr medalyer sənətinin əsas xüsusyyətlərini özündə əks etdirən ən parlaq nümunələrdəndir.

XX əsrin sonu medalyer sənəti üçün bədii həllin dinamikliyi və kəskinliyi, dərin ideoloji dolğunluq, yeni ifadə vasitələrinin axtarışları ilə xarakterikdir. Bu xüsusiyyətlər medalın plastik quruluşunu müəyyən edir. Müasir medalda xüsusi yeri məkan və zaman problemləri tutur. Ənənəvi medal formasından kənara çıxma, icra texnikasında novatorluq bugünkü medalları estetik və yaradıcı təmayüllərin formalaşdığı vahid dünya prosesi kontekstində onun ayrılmaz bir hissəsinə çevirir.

Müasir medalların ən yaxşı nümunələrində obraz həddindən artıq ümumiləşdirməyə məruz qalır ki, bu da onların ideya siqlətinin üzə çıxarılmasına xidmət edir. Mövzu dairəsinə müasir dövrün fəlsəfi, sosial, publisistik aspektləri daxil edilərək zənginləşir. XXI əsr medallarının obrazlı həllində əldə edilən ayrı-ayrı nailiyyətlər bu özünəməxsus sənət növünün inkişafının yeni mərhələsi haqqında danışmağa imkan verir. Bütün dünyada medalyer sənətinin yenidən populyarlıq qazanmasını müşahidə etdiyimiz zaman çox istərdik ki, Azərbaycanda da kiçik plastikanın bu sahəsinə maraq güclənsin.

38

FƏSIL I MEDALYER SƏNƏTI HAQQINDA ÜMUMI MƏLUMAT

Lindli Briqqs (ABŞ) “Səmada görüş “ medal, avers, 2011-ci il, bürünc, 76 х 76 х 12, 7 mm

This article is from: