Film Fiction №26

Page 1


REDAKSİYA

Baş redaktor

Şahİn Xəlİl Redaktor

Nuranə Axundzadə PR menecer

Fuad Alqayev Dizayn və tərtibat

Tural Əlİsoy

Əlaqə

1

facebook.com/filmfictionjurnali twitter.com/filmfiction filmfictionmagazine@gmail.com


BU SAYDA

Aleksandr Sokurov Aleksandr Sokurov ilə müsahibə Andrey Tarkovskinin qadınları Andrey Tarkovskinin oğlu ilə müsahibə “Belarus vağzalı” (“Белорусский вокзал”) Sergey Mixayloviç Eyzenşteynin həyatı Sergey Paracanovun həyatı Saveliy Kramarovun həyatı “Gözəllik mənə xoşbəxtlik gətirmədi...” Oleq İvanoviç Yankovski ilə müsahibə İlya Averbax ilə müsahibə Tarkovski güzgüsü Anatoli Papanovun sonuncu yayı

2


Aleksandr Sokurov

Aleksandr Sokurov 14 iyun 1951-ci ildə İrkutsk vilayətinin Podorvixa kəndində anadan olmuşdur. Sokurovun doğma kəndi 1956-cı ildə İrkutsk hidroelektrik stansiyasının işə salınması zamanı su altında qalmışdır. Kinorejissor Böyük Vətən Müharibəsinin iştirakçısı olmuş hərbçinin ailəsində böyümüşdür. Atasının işi ilə əlaqədar olaraq, onların ailəsi daima bir şəhərdən digərinə köç edirdi. Aleksandr birinci sinfə Polşa Milli Respublikasında getmiş, attestatı Türkmənistanda almışdır. 1968-ci ildə Sokurov Qorkov adına Dövlət Universitetinin tarix fakültəsinə daxil olmuşdur. Tələbəlik illərində o, yerli televiziyada bədii verilişlər redaksiyasında çalışırdı. Gənc Aleksandr ilk müəllif verilişlərini 19 yaşında ikən hazırlamışdır. Bunlara bir neçə telefilm, canlı efir verilişləri, xüsusilə idman proqramları aid idi. 1974-cü ildə Sokurov universiteti bitirərək, tarixçi diplomu almışdır.

Müəllif: Məlahət Qurbanəliyeva


4


5

Bir ildən sonra isə Aleksandr Ümumrusiya Kinematoqrafiya İnstitutunun rejissor fakültəsinə qəbul olmuşdur. O, A.Zquridinin rəhbərliyi altında elmi-populyar filmlərin rejissorluğu bölməsində təhsil alırdı. Aleksandrın göstərdiyi nəticələr elə yüksək idi ki, ona S.Eyzenşteyn adına xüsusi təqaüd təyin etmişdilər. Yeri gəlmişkən, məhz həmin illərdə Sokurov yaradıcılığında ona ən yaxın yoldaş və həmkar olan ssenarist Yuriy Arabovla tanış olmuşdur. 1979-cu ildə Aleksandr Sokurov bütün imtahanları eksternlə verərək institutu bitirmişdir. Buna səbəb “Qoskino” və institutun idarə heyəti ilə getdikcə kəskinləşən münaqişənin olması idi. Gənc rejissoru formalizm və Sovet əleyhinə əhval-ruhiyyə təbliğatında ittiham edirdilər. Bu səbəbdən də rejissorun Andrey Platonovun əsəri əsasında çəkilmiş “İnsanın tənha səsi” adlı ilk bədii filmi institut rəhbərliyi tərəfindən diplom işi olaraq qəbul olunmadı. Halbuki, qısa müddət sonra film bir sıra nüfuzlu xarici kinofestivallarda


mükafatlara layiq görülmüşdür. Lent məhv edilməli idi, lakin filmi oğurluqla xilas etmək mümkün oldu. Sokurov və Arabov arxivə daxil olaraq filmin bobinasını digəri ilə əvəz etdilər. Yeri gəlmişkən, məhz həmin dövrlərdə Sokurov Tarkovski tərəfindən güclü mənəvi və professional dəstək alırdı.

Tarkovski ilk addımlar atan rejissorun işlərini yüksək qiymətləndirirdi. Sokurov “Mosfilmdə” çalışmaq istəyirdi, lakin irəli sürülən şərtlər onu qane etmirdi. Tarkovskinin tövsiyəsi ilə Sokurovu 1980-cı ildə “Lenfilm” kinostudiyasına işə qəbul etdilər. Rejissor eyni zamanda Leninqraddakı sənədli filmlər studiyası ilə əməkdaşlıq edirdi. Müxtəlif vaxt çərçivələrində Sokurov həmin studiyada bir neçə sənədli film istehsal etmişdir. Həmin filmlər “Qoskino” və partiya rəhbərlərinin mənfi reaksiyasına səbəb olmuşdur. Və uzun müddət ərzində, 1980-cı illərin sonuna kimi Sokurovun heç bir filmi prokata buraxılmamışdı. Ən çətin zamanlarında Tarkovski Sokurova iki dəfə xaricə səfər təşkil etmişdir. Lakin Sokurov özünün qeyd etdiyi kimi rus dili və Ermitajın mənəvi xəzinələrini qoyub, ölkəni tərk edə bilməmişdir. Və budur 80-cı illərin sonunda Sokurovun müəllifi olduğu filmlər işıq üzü görür. Bundan əlavə, filmləri beynəlxalq kinofestivallarda Rusiyanı çox böyük uğurla təmsil edir. Bu uğurlar rejissoru yenidən çalışmağa həvəsləndirdi. 80-90-cı illərdə Sokurov bir ildə bir neçə film çəkirdi. Buna baxmayaraq, Sokurov gənclər üçün radioda xeyriyyəçi verilişlər təşkil etməyə də vaxt tapırdı. Yeni minillik ərəfəsi o, Peterburq televiziyasında “Sokurov adası” adlı verilişlər silsiləsi hazırlayırdı. Verlişlərdə kinematoqrafın mədəniyyətdə yeri kimi mövzular müzakirə olunurdu. 90-cı illərin ortalarından həmkarları ilə birgə Sokurov video texnologiyaları öyrənməyə başlamışdır. O, komandası ilə birgə yapon televiziya kanallarının sifarişi və yaponiyalı dostlarının dəstəyi ilə bir neçə sənədli film istehsal etmişdir. Rejissor “Tutulma günləri”, “Ana və oğul”, “Molox” (“Müharibə tanrısı”, tərc.), “Buğa” və digər 20-yə yaxın filmin müəllifidir. Bununla belə, rejissorun müəllifi olduğu sənədli filmlərin sayı daha çoxdur. Bunlara “Moskva elegiyası”, “Peterburq elegiyası”, “Sovet elegiyası”nı misal göstərmək olar. Artıq qeyd olunduğu kimi, Sokurov bir çox beynəlxalq əhəmiyyətli festivalların laureatı olmuşdur və demək olar ki, hər il müxtəlif ölkələrdə onun filmlərindən ibarət retrospektiv təşkil olunur.

6


Rejissor gec də olsa, vətənində də ad qazana bilmişdir. O, Tarkovski adına FİPRESSİ mükafatı, Rusiya Dövlət mükafatı (1997) və 1998-ci ildə “Üçüncü Minillik Mükafatı” adlı Vatikan Mükafatı qazanmışdır. Müxtəlif zamanlarda nominasiya olunduğu 43 mükafatdan 26-nı qazanmış Sokurov hazırda ən nüfuzlu rus rejissorlarından biri hesab olunur. 1995-ci ildə Avropa Kinoakademiyasının qərarı ilə Sokurovu dünyanın ən yaxşı rejissorları yüzlüyünə daxil ediblər. 2011-ci ildə Sokurov Venesiya kinofestivalında “Qızıl şir” və Ekumenik jüri mükafatına layiq görülmüşdür. Mükafat hakimiyyət haqqında dördlüyün sonuncu hissəsi “Faust” filminə verilmişdir. Mükafatın təqdim olunması zamanı jüri sədri Darren Aronofski bu filmin onu izləyən hər bir şəxsin həyatını dəyişmək iqtidarında olduğunu qeyd etmişdir. 2010-cu ildə Kabardino-Bolqariyada Berbekov adına Dövlət Universitetində Sokurovun rəhbərlik etdiyi rejissorluq bölməsi açılmışdır. Rejissor Sankt-Peterburqda yaşayır. O, “Sokurov dəstəsi” adlı şəhər mühafizəkarları fəallar qrupuna rəhbərlik edir. Qrupun əsas məqsədi qədim Peterburqu məhv olmaqdan qorumaqdır. Bunun üçün qrup hökumətlə aktiv şəkildə danışıqlar aparır və şəhərdə aparılan yenidənqurma və tikinti işlərinə aid müzakirələrdə iştirak edir.

7

Məndə bütün pisliklər vizuallığın təsiridir. Bütün yaxşılıqlar isə ədəbiyyat sayəsində qurulub.


Aleksandr Sokurov müsahibə

“Aleksandra”, “Günəş”, “Ata və oğul”, “Faust” kimi filmlərə rejissorluq etmiş Aleksandr Sokurovun 18 aprel 2008-ci ildə İstanbul Boğaziçi Universitetindəki məşğələ xarakterli müsahibəsini təqdim edirik.

Filmə gedən yol mütləq şəkildə ədəbiyyatdan keçir.

Tərcümə: Samirə Əşrəf


Filmlərinizdə rejissor işi ilə yanaşı, rəssam cizgiləri, yazıçı hekayəsi ilə də qarşılaşırıq. Sizi filmə – görüntüylə nəql etmə sənətinə cəlb edən nə idi? Filmə necə başladınız?

9

Əslində mənim sənətimin inkişafında filmdən də əvvəl radio çox rol oynayıb. Radioteatr ilə çox yaxından maraqlanırdım. Təbii ki, ilk qaynağım ədəbiyyat və ədəbi əsərlər oldu. Mənim yeniyetməlik və gəncliyimin ilk illərində Rusiya radiosunda teatr özünün qızıl dövrünü yaşayırdı. Dostoyevski, Çexov, Tolstoy kimi yazıçıların əsərləri radio teatrı şəklində yayımlanırdı. Mən də onları dinləyirdim. Qəribə bir etiraf olacaq, amma mən filmlə həqiqi mənada çox gec tanış oldum. Əvvəl mənim ürəyimə yatan teatr və ədəbi əsərlər idi. Film uzun müddət keçdikdən sonra mənim üçün ədəbiyyata rəqib olmağa başladı. İlk dəfə kinoya gedərkən böyük bir məcburiyyət hiss edərək, əziyyət çəkərək özümü fərqli bir şəraitdə hiss edirdim. Çünki rejissorun despot rəftarı ilə qarşı-qarşıya qalmışdım. Öz fikirlərini mənə diqtə etmək üçün şüuruma, duyğularıma və ağlıma təyziq etdiyini düşünürdüm. Ədəbi əsər oxuduğumuz zaman həmin əsəri xəyalımızda canlandırırıq və biz orada azadıq. Bir radio teatrını dinlədikdə yenə də xəyalımızda canlandıracaq çox şeylər olur.


Yazıçının yazdıqlarına özümüz də müəyyən ölçüdə nələrsə qata bilirik. Filmə baxdığım zaman isə filmin mənə bir paket bağlaması kimi təqdim olunan məhsul olduğunu və “bunu belə alın” deyə bir məcburiyyət hiss etdim. Məhz bu səbəbdən mən kinonu dünyadakı təhlükələrdən biri kimi dəyərləndirirəm. Çünki kino bir görüntü məhsulu kimi təqdim olunur və burada tamaşaçının iradəsinin necəliyi meydana çıxır. Məsələn, bir rejissor filmində nasistləri müdafiə edib, sonra bunu sadə bir qayda ilə tamaşaçısına diqtə edə bilər. Tutaq ki, bolşevik bir fikir irəli sürər və ya son dərəcə axmaq bir fikri doğru kimi tamaşaçısına ötürə bilər. Əslində isə bunları etmədən, söyləmədən tamaşaçının daxili azadlığını onun özü üçün saxlamaq lazımdır. Bir kinorejissor tamaşaçının iradəsini iflic edib, onu istəmədiyi istiqamətə sürükləyə bilər.

Sovet dövründə filmləriniz qadağan olunmuşdu. Bəs siz özünüzü ənənəvi rus kinosundan ayrı hesab edirsiniz? Təbii ki, o dövrlərdə fərqli bir mövqeyim vardı. Hər insanın özünə uyğun düşüncə tərzi var. Eynilə də hər kəsin özünəməxsus xəyalları və gözləntiləri var. İnsan öz əsərlərini bu çərçivəyə yerləşdirir. O zaman mənim də duyğularım fərqli idi, onları hiss etdiyim kimi ifadə edirdim. Bu səbəbdən də ümumilikdən ayrılan istiqamətim oldu. Bir də ailəmdən söz açmaq istərdim. Mənim ailəmdə tanınmış, böyük sənət adamları olmayıb. Adi insanlar içərisində mən öz yaradıcılığımı danışdırmaq məcburiyyətində idim. Bunu da edə bilmək üçün öz üsullarımı inkişaf etdirməliydim. Təbii ki, insan həyata keçirmək istədiklərini hər şeydən əvvəl öz düşüncələrini müdafiə etməyi bacardığı halda davam etdirə bilər. Burada da insanın özünümüdafiə mexanizmi meydana gəlir. Çünki fərqli rəhbərlər meydana çıxa bilər və onlar sizin fikrinizlə razılaşmayıb, sizi əzməyə cəhd edərlər. Bunun üçün də mən öz müdafiə mexanizmimi inkişaf etdirmək məcburiyyətində idim. Heç kimdən kömək gözləmədən, öz iradəmin gücü ilə bunu həyata keçirə bildim. Təbii ki, totalitar bir rejimdə yaşadığın zaman sənətlə məşğul olmaq çox çətindir. Lakin mən öz müşahidələrimə əsaslanaraq onu deyə bilərəm ki, əgər bir rejim totalitar varlığını davam etdirmək istəyirsə, birmənalı şəkildə sənətin dəstəyinə ehtiyacı var. Demokratik cəmiyyətlərdə sənətə qarşı dözümün olduğunu görürük. Fəqət elə quruluşlarda dözümlülüklə yanaşı sənətə qarşı qayğısızlıq daha amorf bir yaxınlaşma olur. İstər inanın, istər inanmayın, amma totalitar rejimlər öz sənət və mədəniyyətlərinin inkişafı üçün çox böyük qaynaqlardan istifadə etdilər. Heç bir halda təkbaşına silahlı müdafiə və ya üsyan siyasi problemin həlli üçün mübarizə üsulu ola bilməz. Çeçen gənclərinin həyatlarını fəda etmələri bir idealogiyanın və ya bir siyasi məsələnin haqlı çıxarılması üçün istifadə olunmamalıdır. Güc və məcburiyyətlə hansısa problemi həll etmək mümkün deyil. Burada əsl cinayətkar həmin gənclərin əlinə silah verən və böyük söhbətlər edən adamlardır. Müharibələr başladıqdan sonra insani dəyərlər hər iki tərəf üçün məhv olmağa başladı. Müharibənin üzərində çox dayanmaq lazım deyil. Çünki tərəflər döyüşür, insanlar ölür, amma müharibələr sonsuza qədər davam etmir. Burada əsas məsələ silah yerə qoyulduqdan sonra nələrin olacağıdır. Bir-birinin boğazından yapışmış, bir-birinə atəş açmış insanların sonradan bir-birlərinin üzünə necə baxacağı, müharibədən sonra öz həyatlarını yenidən qura bilmələri çox vacibdir. Biz də sənət adamları olaraq, insanların sonrakı həyatlarına necə baxmalı olduğu məsələsi ilə əlaqədar olmalıyıq. Sənət çox gözəl bir vasitədir. Amma bir məsələ var ki, sənət baş verən ixtilafın hər iki tərəfinə əyilmək məcburiyyətindədir. Yaranmış əsərlər insanların içərisində yığılmış, partlamağa hazır

10


olan bəzi duyğuları yumşaltmağa, gərginlikləri azaltmağa xidmət etməlidir. İnsana pislikləri etdirən şeytan və ya təbiətdən üstün qüvvələr deyil. Yaxşılıq kimi pislik də insanın içərisində vardır. Əsas olan insanın içindəki pisliyi susdura bilməsidir. Bu səbəbdəndir ki, “Aleksandra” filmimdə yaşlı qadın silahların danışdığı nöqtəyə gedib çıxır və orada nələr baş verdiyini anlamağa çalışır. Önəmli olan başqalarının duyğularını anlaya bilmək, hörmət etmək hissini inkişaf etdirməkdir. Əgər qarşınızdakı adamın hisslərini anlamasanız, iki tərəf bir-birinin nə düşündüyünü bilməsə, o zaman ən azından bir tərəf əlinə bıçaq alıb özünü qorumaq məqsədi ilə hücuma keçə bilər. Bu barədə nəyə görə bu qədər uzun-uzadı danışdım? Çünki kino sənəti dedikdə insan açıq və səmimi olmalıdır.

Sizin filmlərinizdə formaya ciddi mənada müdaxilə etdiyinizi görürük. Tək plan çəkir, filtrlər istifadə edir, görünüşü pozursunuz. Formanı deform edərək və ya formaya bu cür müdaxilə edərək tamaşaçıya söyləmək istədiyiniz şey maraqlıdır. Həm də siz daima "Tarkovskinin varisi" kimi xatırlanırsınız, bununla bağlı nə demək istərsiniz? Tarkovskinin varisi olmaq məsələsi ilə başlamaq istəyirəm. O özü “biz birbirimizdən çox fərqliyik” deyirdi. O məndən böyükdür, təcrübəlidir və müəyyən mənada onun başladığı mübarizəni başqaları davam etdirməlidir. Yəni bir xəttin davamı olanlar hər zaman olacaq, olmalıdır. Bu mənim üçün bir qürurdur. Amma mən də Tarkovski ilə eyni qənaətdəyəm, biz fərqliyik, insanlar bir-birindən fərqlidirlər. Təbii ki, ikimiz də rus ədəbiyyatının toxumundan cücərmiş bir ağacın eyni budağıyıq. Bunun əsasında rus mədəniyyəti dayanır. Formaya gəldikdə isə, hər rejissorun özünəməxsus, fərqli tərzi var və hər kəsin başqalarından öyrənəcəyi çox şey var. Bir rejissor üçün üç önəmli ünsür vardır; birincisi ssenari, ikincisi operator, üçüncüsü isə işıq mühəndisləridir. Əsas məsələ optiki yaradıcılar – işığın sınma nöqtəsini tapıb onu işlənməli hala gətirənlərdir. Kinonu kino edən bu əsas ünsürlər olmadıqda rejissor özü tək halda aciz bir insandır.

Filmlərinizdə ailəyə çox önəm verdiyinizi görürük. “Ata və oğul”, “Ana və oğul”, “Aleksandra” kimi filmlərinizdə də ailə ilə bağlı metaforalar görünür. Bunların keçmişinizlə bir əlaqəsi var?

11

Bilirsinizmi, məsələnin əsas kökü sevgidədir. Bunu “Ana və oğul”, “Ata və oğul” filmlərimdə görmüsünüz. Burada əsas insanın içindən gələn sevgini bir vasitə ilə canlandırmaqdır. Əslində bu çox önəmli bir hadisədir, mədəniyyətimizin bir parçasıdır. Fikir vermisinizsə, rus mədəniyyətində ana oğlunu çox böyük şəfqətlə bəsləyir, eyni şəkildə ata da qızına çox bağlı olur. Zaman keçdikcə artıq uşaqlar üçün sevginin özü bir təyziq formasını alır. Mən filmlərimdə məhz bu məsələnin bir hissəsini göstərməyə çalışmışam. Çox vaxt qafqazlı dostlarla bir yerə yığışanda onlara da eyni sözləri deyirəm. Hamımız yaxşı bilirik ki, qafqazlılar cəsur insanlardır, döyüşürlər, canlarını fəda edirlər. Bir də bu insanların bir-birlərini necə sevmələridir. Bunu dəqiq bilsək, o zaman həmin insanları biz də sevə bilərik. Məsələnin əsas qayəsi budur ki, sevgini görmək sevmək üçün bir vasitədir. İnsanları sevmək insanın öz sevgisini görə bilməsidir. Yaxşı döyüşçünü böyük


qəhrəman olduğu və yaxud nə qədər adam öldürdüyü, kəsdiyi üçün sevmirik. Buna bir çox nümunə var. Məsələn, “Romeo və Culyetta” filmini seyr etdik və heyran olduq. Artıq italyanlar nə edirlər etsinlər, vacib deyil, biz onları sevdik. Çünki oradakı sevgini gördük.

Həm uzun, həm də qısametrajlı sənədli filmlər çəkmiş rejissorsunuz. Filmlə sənədli filmin fərqini və əhəmyyətini necə dəyərləndirərdiniz? Bir də filmlərinizdə daima fısıltılar, səssiz danışıqlar diqqət çəkir. Bunların filmlə əlaqəsi haqqında nə deyə bilərsiniz? Sənədli film də kinonun digər bir sahəsidir. Burada vacib olan bir həqiqətin ifadə gücünü ortaya qoymaq, insani simaları anlada bilmək, bunlarla bir bütövlük yaratmaqdır. Kinonun mütləq həqiqəti göstərmək kimi bir seçimi olmaya da bilər. Biz sənədli filmlərdə çox sıx şəkildə musiqi istifadə edirik. Musiqi istədiklərimizi izah etmək üçün çox vacib bir vasitədir. Böyük ölçüdə işıq və optik qurğularla işləyirik. Çünki insanın hiss və həyəcanını hərəkətə gətirmək əsasdır. Bunları edə bilmək üçün də əsas vasitələrimiz səs və işıqdır. Bu zaman insanları istədiyimiz fikrə, qayəyə çatdırmaq, onları yola gətirmək üçün əziyyət çəkməyimiz lazım gəlir. Bu nöqtədə ədəbiyyatçının üstünlüyü ön plana çıxır. Yazıçı qələmi əlinə alır, fikirlərini, duyğularını izah edir, bəlli bir yerə gəlib çıxdıqda isə üç nöqtə qoyur. Ardını oxucunun xəyal gücünə buraxır. Biz kameranı əlimizə alıb çəkməyə başlayanda günəşin doğuşunu, batışını, insanların ağlamağını və gülməyini göstəririk. Beyinlərdə yaranacaq olan hər şeyi sonuna qədər biz təlqin etməli oluruq. Berqmanın bir sözü var: “deyilən sözü tamamlaya bilməmək”. Nəticə etibarilə bunu deyə bilərəm ki, ədəbiyyatsız heç nəyə nail olmaq mümkün deyil. Filmə gedən yol mütləq şəkildə ədəbiyyatdan keçir.

“Aleksandra” filmində Aleksandra obrazını rus operasının əfsanəvi sopranası Qalina Vişnevskaya canlandırdı. Bir opera ifaçısı necə oldu ki, öz rolunun öhdəsindən bu qədər təbii və qüsursuz formada gəldi? Bunun cavabı çox sadədir. Qalina Vişnevskaya əslində teatr aktrisasıdır. Uğurun səbəbi də buradan qaynaqlanır. O, hər yükü çiyinlərinə ala biləcək qüvvədədir.

12


Ailə mövzusunda nə qədər həssas, sevgi dolu olduğunuzu bir az əvvəl qeyd etdiniz. Bəzi tənqidçilər “Ata və oğul” filmində ata ilə oğul arasındakı inanılmaz dərəcədə gözəl səmimiyyətin və sevginin homoerotik olduğunu dedilər. Bunları eşitdiyinizdə nələr hiss etdiniz, reaksiyanız necə oldu? Əslində bu tənqidlər “Ana və oğul” filmi üçün də edildi. Ana və oğul arasında insest əlaqəni xatırladır kimi fikirlər də səsləndi. Ancaq burada əsas şey insanların nəzakəti, şəfqəti hiss edə bilməsidir. Açar söz “şəfqət”dir. Türkcə də bu söz çox gözəl səslənir. Biz insanları sevirik, ancaq onları itirdiyimizdə nə qədər böyük itkiyə məruz qaldığımızı anlayırıq. O zaman içimizdə necə böyük şəfqət bəslədiyimizin fərqinə varırıq.

Sovetlər Birliyi dövründə bir çox sahədə senzura tətbiq olunduğunu bilirik. Ancaq hal-hazırda da demokratik təşkilatların olmadığı Rusiyada rəsmi olmasa da, sənət əsərlərinə müdaxilə olunduğu deyilir. Bu barədə nə isə söyləmək istəyərsiniz? Kommunist rejim yıxıldıqdan sonra hansısa əsərim surətli senzuraya uğramadı. Ən azı bu sahədə bildiyim, eşitdiyim bir senzura tətbiqi yoxdur. Lakin təəssüf ki, müasir Rusiyada kütləvi informasiya vasitələri üzərindəki nəzarət mexanizmi varlığını davam etdirir. Məhz bu istiqamətdə ölkəmin gələcəyi mövzusunda son dərəcə narahatam.

Ədəbiyyat sahəsində üzərində işlədiyiniz bir əsər varmı? Varsa, nə haqdadır? Təəssüf ki, yoxdur. Kaş ola, mən də ədəbiyyatla əlaqəli bir iş görəm deyə fikirləşirəm. Ədəbiyyat sahəsində görə biləcəyim tək iş kino üçün ssenarilərimin, sənədli filmlərimin bəlli bölümlərinin qələmə alınmasıdır. Ancaq bilmək olmaz, bir də görərsiniz ki, məni Rusiyadan qovdular gəlib Türkiyədə yaşadım. Əminəm ki, burada çox gözəl romanlar yazaram.

Bayaq girişdə sənətin insanın özündəki pisliyə qarşı təskinlik missiyası olduğu haqqında bəzi fikirlər səsləndirdiniz... Sonra isə sevgi və başqalarına anlayış barədə məsələlərlə söhbəti davam etdirdiniz. Bu mövzuya nələrsə əlavə etmək istərdiniz? Daha az film izləyib, daha çox kitab oxuyun deyirəm.

13


Dostoyevskinin bir əsərində belə bir fikir var: “Bizim rus ziyalısının səhvi xalqa çox şey öyrətməyə can atmasıdır. Ancaq bir məsələ var ki, ziyalının xalqdan öyrənəcəyi çox şey var”. Bu fikirlə razısınızmı? Bu bir sənətkarın çox dəqiq olaraq təyin edib ortaya qoyduğu mövzudur. Buna qarşı söylənəcək sözümüz yoxdur. Burada həqiqət əsasdır. Gerçəklik isə şəxslərlə, insanlarla əlaqədardır və bəzən fərdlərin fikirləri, qənaətləri kütlənin qənaətindən fərqli ola bilər. Rusiya, eləcə də Türkiyə tarixində də bunu görə bilərsiniz, Avropada da çox nümunələri var. Kütlə bəzi insanların fikirlərinə qarşı çıxmışdır, bu səbəbdən onlar yandırılmış, edam edilmişdir. Rusiya nümunəsində fərqli söz söyləyənlər həbsə atılmışdır. Amma həqiqət təkdir və o çox vaxt fərdlərdə yaşayır. Dostoyevski əsərlərində mütləq həqiqətin qaynağı olaraq həmişə xalqı göstərməyə çalışıb. Amma özü hər zaman bunun əksinə hərəkət etmişdir. Hər şeydən əvvəl, öz fərdi fikirlərini ön plana çıxarmış və xalqını xarakterizə edərkən "geri dönməyən", "qorxunc böyüklükdə" kimi ağır ifadələr işlədib. Bu zaman o özü böyük yazıçı olmuş, rus xalqı isə elə öz çuxurunda yaşamağa davam etmişdir.

14


Müəllif: Samirə Əşrəf

ANDREY TARKOVSKİNİN qadınları

Sarışın İrme Rauş... 1932-ci il təvəllüdlü dünya kinosunun nəhəng simalarından biri Andrey Tarkovski iki dəfə ailə həyatı qurmuşdur. Onun hər evlilikdən bir oğlu doğulub. İlk evləndiyi qadınla o, 1957-ci ildə tanış olub. İrme Rauş adlı bu qadın Tarkovskinin Kinematoqrafiya Universitetində tələbə yoldaşı olmuşdu. 1957-ci ildə o, həmin qadınla evlənir. Tezliklə onların bir oğlu dünyaya gəlir. Tarkovski oğlunun adını atasının şərəfinə Arsen qoyur. Lakin körpənin dünyaya gəlişindən sonra onların ailə həyatı pozulur. İrma Rauş “İvanın uşaqlığı” filmində İvanın anası rolunu ifa edib. 60-cı illərin əvvəlində Tarkovski artıq subay kişi olur.


Valentİna Malyavİna... Bir müddət sonra o, “İvanın uşaqlığı” filmində baş rolu ifa edən aktrisa Valentina Malyavinaya aşiq olur. Aktrisa həmin günləri belə xatırlayır: “Onunla birlikdə olmaq çox çətin idi. O, hər zaman məni özününküləşdirmək istəyirdi. Heç vaxt məndən ayrılmaq və qopmaq istəmirdi. O, dahi və çox istedadlı insan idi. Sonra mən operator Pavel Arsenova ərə getdim. O da evləndi. Lakin münasibətimiz davam edirdi. Çox yaxın dostlarımız bizim sevgimizdən xəbərdar idilər. Və onlar bizim münasibətimizə çox diqqətlə yanaşırdılar. O, çox qəribə adam idi. Bəzən isti havada başına qalın papaq qoyub, boynuna şərf bağlayıb bayıra çıxardı. Bununla yanaşı, o, həm də çox müasir və səliqəli geyinərdi. Həmçinin gözəl geyimli və baxımlı qadınların vurğunu idi. Məndən tez-tez nə üçün onunla ailə qurmadığımı xəbər alırlar... Doğrudur, bir çox gözəl aktrisa onun filmində çəkilməyi, onunla sevgili olmağı arzu edirdilər. Onlar Andreyin ölümündən sonra belə, onu öz aralarında bölə bilmədilər. Mən isə istəmədim. Çünki belə bizim hamımız üçün asan olacaqdı...” “İvanın uşaqlığı” filmi 1962-ci ildə Venesiya film festivalında festivalın əsas mükafatını qazanır. Həmin festivala Tarkovski məhz Valentina Malyavina ilə birlikdə gedir. Yazılanlara inansaq, Tarkovski ilə Malyavina arasından qara pişik məhz elə həmin ərəfədə keçir. Belə ki, festivala yollanan film heyətinin tərkibində filmdə əsgər rolunu ifa edən aktyor Andrey Konçalovski də olur. Malyavinanı dəlicəsinə sevən Tarkovski isə sevdiyi qadını Konçalovskiyə qısqanır. Bu qısqanclıq Malyavina ilə Konçalovskinin gecə barlarının birində səhərə qədər birlikdə olmalarından sonra daha da güclənir. Onların gecəni birlkidə keçirmələrindən hiddətlənən Tarkovski ilə aktrisa arasında gərginlik yaranır. Həmçinin növbəti gecə Tarkovski ilə bir nömrədə qalan Konçalovski qapını nə qədər döysə də, rejissor qapını onun üzünə açmır.

Larİsa Kizilova... “Andrey Rublev” filminin çəkilişləri başlayan zaman Tarkovskinin bütün həyatı dəyişir. Belə ki, o, ikinci dəfə evlənəcəyi qadın Larisa Kizilova ilə tanış olur. Larisa onun sona qədər evli olduğu qadın olur. Bu evlilikdən də onların bir oğlu olur. Larisa ilə evlənməsini Tarkovskinin bir çox yaxın dostları və qohumları qəbul etməyib. Hətta bu məsələ ilə bağlı o,

16


öz doğma bacısı ilə dəfələrlə mübahisə edib, münasibətini kəsməli olub. Larisa həmin günləri belə xatırlayır: “Bizimki ilk baxışdan məhəbbət idi. Mən filmin direktorunun kabinetində əyləşmişdim. Birdən o gəldi. Mən bilmirdim ki, o, Andrey Tarkovskidir. Gördüm çox parlaq, zərif, gözəl geyimli kişi içəri daxil oldu. Mən ona qarşı hisslərimi büruzə verməmək üçün çox mübarizə aparırdım. Onun mehriban münasibətinə cavab verməməyə çalışırdım. Axı biz ikimiz də ailəli idik. Mənim bir qızım, onun isə oğlu vardı. Hər ikimiz bir-birimizə yaxınlaşmamaq üçün çox çalışsaq da, nəticəsiz oldu. Bizim iş münasibətimiz sevgiyə çevriləndə Andrey mənim qarşımda diz üstə çöküb dedi: “Əziz Lara, bizim münasibətimiz müəyyənləşməyənə qədər mənim sizə olan sevgim ötüb keçməyəcək. Sizə o qədər hörmət edirəm ki, heç vaxt sizə “sən” deyə müraciət edə bilmirəm”. Mən isə cavab verdim ki, eyni duyğuları mən də sizə qarşı hiss edirəm. Biz yeddi il nikahsız birlikdə yaşadıq. Nikaha girməyimizə qarşı çıxan da mən idim. Mənə elə gəlirdi ki, onun hissləri ötüb keçəcək. Lakin sonralar belə qərara gəldik ki, evlənsək yaxşıdır. Toydan əvvəl Andrey “Solyaris” filmi üçün xaricə uçmalı oldu. Toy günü havanın pis olması ucbatından Andrey vaxtında gəlib çata bilmədi. Sonralar mən onsuz, o isə mənsiz yaşaya bilmirdi. Mənim ürəyimlə bağlı problemim olduğundan tez-tez xəstələnirdim. Xəstələnəndə həmişə deyərdim ki, “mən birinci öləcəyəm”. O isə cavab verirdi: “Sən necə xudbinsən. Əvvəlcə mən öləcəyəm”.

Natalİya Bondarçuk: ‘Onu mənə vermədilər...’

17

Andrey Tarkovskinin növbəti sevgilisi aktrisa Nataliya Bondarçuk olur. Onlar tanış olanda hər ikisi evli idi. Aralarındakı məhəbbət “Solyaris” filminin çəkilişiləri zamanı başlayır. Deyilənlərə görə, “Solyaris” filminin qəhrəmanı məhz rejissorun ikinci arvadı Larisa Kizilovanın prototipi olur. Hətta rejissor bu qadının əlindən o qədər bezir ki, “İfriə” adlı ssenari də yazır. Nataliya ilə Tarkovski arasında yaranan məhəbbətin ömrü çox da uzun çəkmir. Bir müddət sonra onlar ayrılırlar. Lakin Nataliya dahi adlandırdığı rejissoru unuda bilmir. Hətta depressiyyaya düşüb intihara cəhd edir. Nataliya, Tarkovski haqqında xatirələrində yazır: İndi onun arvadı Larisanın haqqında çox sözlər yazılır. Onu Andreyi ailəsindən ayırmaqda, xaricə köçüb orada yaşamasında və ölümündə günahlandırırlar. Ancaq bütün hallarda o, Larisanı seçdi. Deməli, onun yanında görmək istədiyi qadın məhz Larisa idi. Onunla mənim əlaqəmə gəldikdə isə, bunları deyə bilərəm ki, mən ondan çox güclü təsirlənmişdim. O, ilk dəfə məni görəndə “Baxın, necə də gözəldir. Bu ki lap mələkdir” demişdi. Andrey mənə rəsm əsəri kimi saatlarla baxmağı çox sevərdi. Maraqlı olan bu idi ki, məni özünə yaxın buraxmışdı. Hətta sonralar o deyirdi ki, mənə elə gəlir, səni mən yaratmışam”. “Solyaris”filmi Kannda əsas mükafata layiq görüləndə biz onunla bir yerdə idik. Lakin mən bilirdim ki, bizim sevgi romanımızın başa çatmasına az qalıb. Elə də oldu. Festivaldan qayıdanda hava limanında onu həyat yoldaşı və oğlu qarşılayırdı. Onunla ayrılıq mənə baha başa gəldi. Çünki mən onun məşuqəsi olmaq istəmirdim. O da bunu başa düşürdü. Lakin onsuz da yaşaya bilmirdim. Sonra mən intihara cəhd etdim. Damarlarımı kəsdim... İndi həmin hərəkətimi çox dəhşətli və qorxulu addım hesab edirəm. Ancaq o vaxtı bircə fikir məni məşğul edirdi: mən Andreyin yanında olmalıyam... Lakin onu mənə vermədilər...


Bu məhəbbət mənim ailəmin dağılmasına səbəb oldu. Bu təhlükəli sevgidən sonra mən kilsəyə gedib müqəddəs suda təmizləndim. Bütün bu bədbəxtlikdən məni ikinci ərim xilas etdi. Bizi bir-birimizə yaxınlaşdıran həm də Tarkovskiyə olan məhəbbət idi. Nikolay Burlyaev “İvanın uşaqlığı” filmində baş rola çəkilmişdi. Və mən onu Tarkovskinin xəyali oğlu kimi sevdim.

aktrisa Nataliya Bondarçuk

aktrisa Marqarita Terexova

Əsrarəngİz Marqarİta Terexova... Andrey Tarkovskinin həyatında daha bir qadının olması da güman edilir. Bu, “Ayna” filminə çəkilən aktrisa Marqarita Terexova idi. Rejissorun bacısı müsahibələrinin birində qeyd edir ki, Marqarita ilə qardaşı arasında bir yaxınlıq olmuşdur. Bu fikri Tarkovskinin ikinci arvadı Larisa Kizilovanın qızı Olqa da öz müsahibəsində təsdiqləyir. Lakin aktrisa özü heç vaxt Tarkovski ilə sevgi münasibəti olduğunu açıqlamayıb. Həmçinin bir çox mənbələrdə rejissorun qızlığı olan Olqadan da xoşu gəldiyi bildirilir. Hətta Larisa qızını Tarkovskidən uzaq tutmaq üçün əlindən gələni edirmiş. Rejissor ölümündən az əvvəl Aleksandr adlı daha bir oğlu olduğunu öyrənir. Bu oğlanın anası isə skandinaviyalı Berit idi. Tarkovski özü aktrisalarla olan sevgi münasibətlərinə belə açıqlama gətirirdi: “Əgər rejissor istəyirsə, aktrisa filmdə nə etməli olduğunu yaxşı başa düşsün, bunun üçün onunla yatmalıdır”. Tarkovski əlli dörd yaşında xərçəng xəstəliyindən dünyasını dəyişir. Ölümündən bir müddət əvvəl o, arvadı Larisa və oğlu ilə birlikdə Fransaya köçür və heç vaxt Moskvaya qayıtmayacağı xəbərini mətbuata açıqlayaraq deyir: “Nə diri, nə də ölü olaraq, mənim və yaxınlarımın əzab çəkməsinə, alçalmasına səbəb olmuş ölkəmə qayıtmaq istəmirəm”. Qohumlarının və bacısı Mariyanın israrına məhəl qoymayan, rejissorun son anına qədər onun yanında olan arvadı Larisa onun son vəsiyyətini yerinə yetirərək Tarkovskinin “Sent Jenevyev de Bua” qəbirisitanlığında dəfn edilməyinə nail olur.

18


Tərcümə: Şahin Xəlil

Andrey Tarkovskİnİn oğlu İlə müsahİbə "Rus kinematoqrafçısı Andrey Tarkovski (1932-1986) burada son sığınacağını tapmışdı" – xatirə lövhəsində belə yazılıb. Lövhə "Puvis de Chavannes" küçəsi, 10-cu mənzilin üzərindədir. "Mən xahiş edirəm ki, məni Parisdə, rus qəbiristanlığında dəfn edəsiniz," – deyə yazmışdı ölmədən bir neçə gün öncə rejissor. "Nə sağ, nə ölü kimi mənə və yaxınlarıma bu qədər əzab verən öz vətənimə bir daha qayıtmaq istəmirəm."

19


Atasının vəsiyyətini Florensiyada yaşayan oğlu Andrey yerinə yetirdi. Andrey, varis deyimini necə anlayaq? Siz bütün həyatınızı atanızdan qalma sənətə həsr etmisiniz? Yox, mən belə deməzdim. Mən özüm də rejissoram, sənədli filmlər çəkirəm. Vaxtımın yarısını isə Tarkovski Fonduna həsr edirəm.

Yəni hələ də naməlum Tarkovski qalmaqdadır? Atamın arxivində işıq üzü görməyən çox material var. Rəqəmlə desək, haradasa yüz minə yaxın: çap edilməyən ssenarilər, məqalələr, "Ayna", "Solyaris" filmlərinin yalnız Yaponiyada işıq üzü görən qaralama versiyaları. Gənclik şeirləri, VQİK-ə yeni daxil olduğu zamanlara aid kiçik həcmli hekayələri də var. Yeri gəlmişkən, onlar artıq Fransada nəşr olunub. Amma təəssüf ki, Rusiyada atamın nə gündəlikləri, nə də "Möhürlənmiş zaman" kitabı çap edilib.

Bütün bu arxivlər harada saxlanılır? Florensiyada. Tarkovski Fondu İtaliya və Fransada ona aid olan bütün materialları toplayıb. Burada onlar dövlət mühafizəsi altında qorunur və İtaliyanın milli dəyərlərindən hesab edilir. Şəhər arxivində fonda və Tarkovski Beynəlxalq İnstitutuna xüsusi yer ayrılıb.

Atanız sizin kino ilə məşğul olmağınızı istərdimi? Bəli, amma mən bununla uzun zaman mübarizə apardım. Hətta Florensiya universitetinin fizika-riyaziyyat fakültəsinə daxil oldum. Amma sonradan kinoya qayıtdım. Atam istəyirdi ki, mən rejissor olum, ona kömək edim.

Sizin üçün atanızın başlıca dərsi nə olmuşdu? O mən uşaq olandan beynimə yeritmişdi ki, insan xoşbəxtlik üçün yaranmayıb. Həyatda xoşbəxtlikdən də vacib şeylər var. Həqiqət axtarışları – ağır yoldur. O bunları öz filmində təkrarlayırdı. Çünki xoşbəxtlik – maddi güzəran və kiçik dəyərlərdən ibarət olan bir şey – insan həyatının başlıca mənası ola bilməz. Onun üçün və indi elə mənim üçün də – sənət, dünyanı anlamaq üçün mövcuddur. Bax, bu dərsi mən heç vaxt unutmuram.

O, ciddi valideyn idi? Yox, o, olduqca mülayim ata idi. Bir-birimizi çox sevirdik. Ailə əhatəsində o təmkinli və qayğıkeş bir insan idi. Atam heç vaxt əzablarını bildirməz, ruhdan düşməz, daim ailə və dostlarının diqqət mərkəzində qalmağı sevərdi.

20


Bəs o, çəkiliş meydançasında tiran deyildi? Əlbəttə ki, yox. Çəkiliş meydançasında o, tələbkar və sərt insana çevrilirdi. Yalnız söhbətin vacib prinsiplərdən getdiyi müəyyən məqamlarda avtoritar olurdu. Çəkiliş meydançasında elə bir atmosfer yaradırdı ki, hətta sürücülər belə elə hesab edirdilər ki, onlar böyük bir sənət əsərinin bir hissəsidirlər. Hər kəs öz işi ilə məşğul olar, heç kim saata baxmaz, çox işlədikləri üçün əlavə pul tələb etməzdilər. Hər kəs gözəl bilirdi ki, şedevr yaradır.

Hansı rejissoru o, digərlərindən üstün sayırdı? Fransız Robert Bressonu. Atamın son ilində o tez-tez Parisə, atamı ziyarətə gələrdi. Həmçinin, bütün filmlərini olmasa da, Berqmanı və Kurosavanı sevərdi.

Rusiyada o cəmi 5 film çəkdi. Və bu onun üçün faciə idi. Çünki anlayırdı ki, daha çox çəkə bilərdi. Amma ona icazə vermirdilər. O, işsizlikdən, daimi gərginlikdən, təqiblərdən çox əzab çəkirdi. Hər bir filmi insanı aşan əzablardan bəhs edir. Dövlətdən də çox, həmkarlarının bir-birləri ilə anlamsız nifrətindən daha çox əzab çəkirdi.

Söhbət Tarkovskinin sənət irsindən gedirsə, indi Tarkovski ailəsi birlik sayıla bilərmi? Mən hər kəslə münasibətdə olduqca korrekt olmağa çalışıram. Onsuz da sayımız azdır. Tarkovskilər ailəsi elə də böyük deyil. Moskvada bibim Mariya Arsenyeva və qardaşım cərrah-həkim Arseniy yaşayır. Biz bəzən bir-birimizi "eşidirik". Fondun işinə gəldikdə isə, atamın sənət irsi ilə təkcə mən məşğul oluram. Bu, atamın vəsiyyəti olub.

Tarkovski haqqında Rusiyada bəzən əcaib şeylər yazırlar. Hər zamankı kimi, atamtək dahi şəxslərə ləkə yaxmaqla, onların məşhurluğundan istifadə etməklə özlərinə reklam qazanırlar. Mən onlara sadəcə fikir vermirəm. Tarkovskini tanımaq üçün onun özünü oxumaq lazımdır, onun haqqında yazılanları deyil. Maraqlısı budur ki, atam haqqında bu qədər yazılar yazılan Rusiyada onun kitabları hələ də çap etdirilmir. Biz heç cür orada redaksiya tapmadıq. Ona görə biz Tarkovskinin kitablarını İtaliyada nəşr etdirib, Rusiyada yayımı ilə məşğul olacağıq.

21


22


“Belarus vağzalı” (Белорусский вокзал)

Müəllif: Seymur Mütəllimzadə

Bilirsən, mən birdən özümü 1 dəqiqəlik cəbhədə hiss elədim. Hər şey aydındır. Bax, bu düşməndir. Yanımızda olanlar özümüzkülərdir və bizim işimiz haqq işidir. “Belarus vağzalı” müharibə haqqında olan, amma müharibənin təsvir edilmədiyi möhtəşəm kino əsərlərindən biridir. Rejissoru Andrey Smirnov olan bu film 1971-ci ildə çəkilib. Film elə həmin il Karlovı Varıda keçirilən I Müasir Kinematoqrafiya Festivalında əsas mükafata layiq görülüb. Leonov, Papanov, Safonov və Qlazırin kimi dahilərin çəkildiyi bu film tez bir zamanda hamının qəlbinə yol tapır. Filmdə səslənən və Bulat Okucavanın müəllifi olduğu “Bizə bir qələbə lazımdı” (“Нам нужна одна победа”) mahnısı isə o qədər məşhurlaşır ki, hal-hazırki dövr də daxil olmaqla, Qələbə Günü münasibətilə keçirilən bir tədbir, bayram şənliyi olmaz ki, bu mahnı orada səslənməsin.

23


Filmdə hadisələr müharibənin başa çatmasından 25 il sonra (1970) cərəyan edir. Birlikdə müharibədə iştirak etmiş 4 dost yenidən bir araya gəlirlər. Onlar 1945-ci ildə müharibə başa çatan kimi “Belarus vağzalı”nda bir-birlərindən ayrılırlar. Onların sonuncu görüşü 1946-cı ilin 27 sentybar tarixində cəbhə yoldaşları Valentin Matveyevin ad günündə olub. İndi isə onlar Valentini son mənzilə yola salmaq üçün yığışıblar... Müharibə vaxtı çiyin-çiyinə vuruşan, güllələrin, topların, mərmilərin arasından çıxan dostlar indi yenidən bir aradadırlar. Düşünmək olar ki, müharibə artıq başa çatıb, onun yaraları az-çox sağalıb. Qanlı döyüşlərdən 25 il keçib. Bütün bunlara əsasən belə qənaətə gəlmək olar ki, dostlar artıq bir-birlərindən soyuyublar, onların arasında möhkəm bağlılıq daha yoxdur. Onların hərəsi sosial nərdivanın bir pilləsində qərarlaşıblar. Çilingər, jurnalist, mühasib və zavod direktoru. Bu peşələri müvafiq olaraq Yevqeni Leonov, Vsevolod Safonov, Anatoli Papanov və Aleksey Qlazırin kimi sovet filminin dahiləri canlandırıblar. Amma... Bu belə deyil. Dostlar 25 il bir-birləri ilə görüşməsələr belə, onları çox sıx bağlar, dərin mənəvi hisslər bağlayır. Onlar bir-birlərini sevir, hörmət edirlər. Onlar müharibənin üstündən 25 il keçməsinə baxmayaraq, hələ də bir-birləri üçün, vətən üçün ölməyə hazırdırlar. Filmə diqqətlə baxanda müharibənin başa çatmasına, dostların müxtəlif pillələrdə olmasına baxmayaraq, onların o günlər üçün nisgillə darıxdıqlarını hiss etmək olar. Səhv başa düşməyin. Dostlar qan, göz yaşı, bədbəxtlik üçün yox, dostlar birlikdə olmaq, bir yerdə haqq işi uğrunda vuruşmaq, eyni çadırda yatmaq, bir çörəyi bölüşdürmək, yalnız vətəni düşünmək üçün darıxırlar. Həyat dəyişilib. Onların hərəsinin artıq öz şəxsi problemləri var. Onları daha vahid ideya, vahid məqsəd birləşdirmir. Hər dost bir məqsəd uğrunda çalışır. Elə buna görə də yenidən bir yerə toplaşmaq onlarda bu nostalji hissləri yaradır. Filmdə bir məqama diqqət etmək lazımdır ki, dostlar müxtəlif vəzifələrdə çalışırlar. Onların arasında çilingərdən tutmuş, zavod direktoruna kimi işləyənlər var. Buradan belə anlamaq olar ki, müharibə vaxtı bir səngərdə olan əsgərlər bərabər olurlar. Müharibə vaxtı düşmən güllələri üstünə şığıyan polkovnik də, leytenant da, sıravi əsgər də bərabərdir. Amma artıq müharibə başa çatıb. İnsanlar irəliyə baxırlar. Onların öz problemləri ortaya çıxır. Artıq bir qabda yemək yeyən dostlar indi fərqli sosial pillədə qərarlaşıblar. Bütün bunlara baxmayaraq, yuxarıda qeyd etdiyimiz kimi, bu heç də onların arasında uçurum yaratmayıb. Əksinə, bu 25 illik ayrılıq dostları daha da bir-birinə yaxınlaşdırıb. Dostların dialoqlarına diqqətlə fikir vermək lazımdır. Məhz bu zaman biz onların daxili obrazlarını tanımış oluruq – bir-birlərinə necə yaxın olmalarını, müharibənin xoş günləri (nə qədər az olsa belə) üçün nostalji hisslər keçirdiklərini, mövcud dövrdəki müəyyən vəziyyətlərdən narazı olmalarını anlaya bilərik.

24


Bu dostları birləşdirən ən güclü cəhət onların hamısının dürüst və vicdanlı olmalarıdır. Zavod direktoru işinə ləyaqətlə yanaşır və daima çalışır ki, plan vaxtında həyata keçsin. Mühasibdən bəzi məsələlərə göz yummağı tələb etsələr də, o, bunu etmir, doğruluğu, dürüstlüyü, vicdanlılığı nümayiş etdirir. Rəhbəri olan müdirin “Nəyə görə siz Safronovun briqadası barədə mənim verdiyim göstərişləri yerinə yetirmədiniz?” sualına “Bu qanunsuzdur. Nazirliyin 1949-cu il 28 may tarixinə əsasən təlimatı var...” sözləri ilə cavab verən personaj əməksevər, dürüst, vicdanlı, namuslu işçi təbəqəsini təmsil edir. Sonradan dəfələrlə öz müsahibələrində Sovet hakimiyyətinin böyük əleyhdarı kimi çıxış edəcək Smirnov bu əsərində sanki qabaqcadan göstərmək istəyir ki, sistem artıq yavaş-yavaş çat verir, onu məhv edəcəklər. Dürüst insanların sayı azdır və “balıq başından iylənər” məsəlinə əsasən səhv sistem dağılmağa məhkumdur. Onu bir neçə dürüst insan nə dəyişə, nə də qoruya bilər. Qəhrəmanlar haqq yolu uğrunda hər şeyə hazırdırlar. Təsadüfi deyil ki, qazdan zəhərlənən bir gəncin (Leonovun çilingər obrazının köməkçisi) həyatını xilas etmək üçün bir avtomobil saxlayırlar. Sürücü gənc və dikbaşdır. O, dostların xahişinə etinasızlıqla yanaşır və buna görə də dostlar onu avtomobildən çıxardırlar. Əl-qolla davranan gənci elə əl-qolla başa salırlar və onun avtomobilini gəncin həyatını xilas etmək üçün qaçırırlar. Doğrudur, sonradan onları milis işçiləri həbs edir, amma həqiqəti bildikdən sonra (son zərurət anlayışı) onları azad edirlər. Bu səhnədən biz onu öyrənə bilərik ki, dostlar insan həyatını xilas etmək üçün hər şeyə hazırdırlar. Təbii ki, bu keyfiyyət müharibədən doğub. Onlar heç kimi itirmək istəmirlər, hər kəsə qayğı göstərirlər. Yaxşı insanların qarşısına yaxşı insanlar çıxır. Film üstüörtülü olsa da, müharibə qəhrəmanlarının, veteranlarının müharibədən sonra unudulması, çətin həyat yaşamasına da münasibət bildirir. Leonovun canlandırdığı personaj müharibədən sonra uzun müddət xəstə olub. O, bu barədə dostlarına heç bir məlumat (məktub) vermir. Bütün çətinliklərə baxmayaraq, o sağalır və ailəsi uğrunda mübarizəyə başlayır. Özünə iş tapır (çilingərlik) və kiçik bir evdə ailəsini saxlayır. Bu personaj bəlkə də müharibə dəhşətlərini görməsəydi, bu çətinliklərə tab gətirə bilməzdi.

25


Amma o, dişini sıxır və bu çətinliklərə dözür. Papanovun qəhrəmanı da həyatından və işindən narazıdır. Müharibə veteranı olan bu şəxs mühasib işləyir. Onun müdirləri ondan savadsız, biliksiz və ondan cavandırlar. Çətin durumda olmasına, az maaş almasına baxmayaraq, o, heç vaxt rəhbərliyin qanunsuz “oyunlarına” imza atmır, həmişə bu qara işlərdən kənarda durur. Qəhrəmanları ümumiləşdirib belə qənaətə gəlmək olar ki, mülki həyat, müharibədən sonrakı şərait onlar üçün daha çətindir. Bunun sadə səbəbi var: onlar tək və tənhadırlar. Müharibədə onlar vahid bir yumruq idilər. Göydən güllələr yağan zaman bu dostlar vahid birlik təşkil edirdilər. Ən çətin vaxtlarda bir-birlərinə kürəklərini söykəyirdilər. Mülki həyat isə onlar üçün daha soyuq, daha qorxuludur. Dostlar belə həyata öyrəşməyiblər. Onlar haqq işi üçün vuruşublar. İndiki vaxtda şahidi olduqları cəmiyyət eybəcərliklərini qəbul edə bilmirlər. Elə buna görə də müharibə haqqında olub, müharibənin təsvir olunmadığı bu filmdə 25 ildir müharibəni özləri ilə daşıyan qəhrəmanlar yaradılıb. Bu personajlar öz həyatları, danışıqları, davranışları, şəxsi keyfiyyətləri ilə bizə müharibəni göstərirlər. Onların cəmiyyətə qarşı olan ziddiyəti də müharibəyə görədir. Çünki bu müharibə böyük bir nəsli məhv etdi... məhv edə bilmədiklərini isə həyatdan qopardı... Yazımı Okucavanın filmdə gedən mahnısının sözləri ilə başa çatdırmaq istəyirəm: “Burada quşlar cəh-cəh vurmurlar. Burada ağaclar çiçək açmırlar. Yalnız biz burada çiyin-çiyinə torpağa kök salırıq. Planet yanır və fırlanır. Vətənimizin üstünü tüstülər alıb. Deməli, bizə yalnız qələbə lazımdır. Hamı üçün olan, uğrunda hər şeyi verəcəyimiz qələbə...” Yazımı Okucavanın filmdə gedən mahnısının sözləri ilə başa çatdırmaq istəyirəm: “Burada quşlar cəh-cəh vurmurlar. Burada ağaclar çiçək açmırlar. Yalnız biz burada çiyin-çiyinə torpağa kök salırıq. Planet yanır və fırlanır. Vətənimizin üstünü tüstülər alıb. Deməli, bizə yalnız qələbə lazımdır. Hamı üçün olan, uğrunda hər şeyi verəcəyimiz qələbə...”

26


Sergey Mİxaylovİç

EyzenşteynİN həyatı

Tərcümə: Məlahət Qurbanəliyeva

İzləyiciyə aktiv təsir göstərməyə can atan Eyzenşteyn, kəskin, qeyri-adi və təsirli epizodlar çəkirdi. O bu epizodları attraksion adlandırırdı. Attraksionların izləyicilərə agitator-rejissorun istədiyi kimi təsir etməsi üçün montaj işini son dərəcədə məharətli həll etmək vacibdir. “Attraksion montajı” ifadəsi də elə buradan yaranmışdır,


Sergey Mixayloviç Eyzenşteyn 10 yanvar 1898-ci ildə Riqada mülki mühəndis və memar Mixayil Osipoviç və Yuliya İvanovna Eyzenşteynlərin ailəsində dünyaya gəlmişdir. Sergey ənənəvi burjua tərbiyəsi almışdır. O, gözəl rəsmlər çəkir, kitab oxumağı çox sevir, teatrla maraqlanırdı. Bundan başqa, Sergey uşaqlıqdan üç xarici dil öyrənirdi. Bununla belə, Sergeyin uşaqlığını qayğısız adlandırmaq olmazdı: valideynlərinin münasibətləri çətin idi və onlar tez-tez mübahisə edirdilər. 1912-ci ildə onlar rəsmi olaraq boşandılar və Sergey atasının himayəsinə keçdi. Riqa məktəbini bitirdikdən sonra 1915-ci ildə Sergey, ailə ənənəsinə uyğun olaraq, Petroqradda mülki mühəndislik institutuna daxil olur. Lakin onun təhsili Fevral inqilabına təsadüf edir. Cəbhəyə yollanan Sergey orada könüllü olaraq Qızıl orduya qoşulur. O, plakatlar və karikaturalar çəkir, hərbi teatrlarda aktyor və rejissor kimi iştirak edirdi. Eyzenşteyn son dərəcə müxtəlif maraqlara malik biri idi. 1920-ci ilin payızında onu Baş Qərargah Akademiyasında yapon dili üzrə təhsil almağa göndərirlər. Lakin Eyzenşteyn öz gələcəyini teatrda görürdü, odur ki, Proletkultun ilk Fəhlə Teatrına daxil olur və orada C.Lokdonun əsəri əsasında “Meksikalı” tamaşasını səhnələşdirir. Eyzenşteynin ali məktəbdə rejissorluq üzrə müəllimi Vsevlad Meyerxold olmuşdur. Eyzenşteynin teatral estetikası və sovet avanqard incəsənət məktəbinə mənsub olması da elə məhz bu amil ilə səciyyələnirdi. Lakin tezliklə o özünü yaradıcılıq üçün hazır hiss edir və Meyerxoldun sinfini tərk edir. 1924-cü ildə 1-ci Qoskino fabrikinin direktorunun göstərişi ilə Eyzenşteyn tammetrajlı “Tətil” filmini çəkdi. Film iri zavod işçilərinin keçirdiyi tətildən bəhs edir. Elə məhz bu filmlə sovet ekranlarında ilk dəfə olaraq kütlə-qəhrəmanı obrazı yaradılmışdır.

İnqilab ideyalarına həsr olunmasına baxmayaraq, “Tətil” lenti Parisdə keçirilən sərgidə gümüş medala layiq görüldü.

“İzləyiciyə aktiv təsir göstərməyə can atan Eyzenşteyn, kəskin, qeyri-adi və təsirli epizodlar çəkirdi. O bu epizodları attraksion adlandırırdı. Attraksionların izləyicilərə agitator-rejissorun istədiyi kimi təsir etməsi üçün montaj işini son dərəcədə məharətli həll etmək vacibdir. “Attraksion montajı” ifadəsi də elə – deyə buradan yaranmışdır”,

sənətşünas R.Yurenev yazır. Bu andan etibarən Eyzenşteynin həyatı kinematoqrafiyaya həsr olunur. Sergey həmin illərin qabaqcıl kinematoqrafları ilə dostluq edir və xarici kinematoqrafiyanı yaxından öyrənirdi. Tezliklə Eyzenşteynə Nina Ağacanova-Şutkonun ssenaristi olduğu nəhəng “1905-ci il” epopeyasını ekranlaşdırmaq tapşırıldı. Lakin layihənin vaxtında hazırlanması mümkün olmayacağından Eyzenşteyn ümumi fikri “Tavridalı Knyaz Potyemkin” sualtı gəmisində baş vermiş inqilaba yerləşdirməyi qərara aldı. 24 dekabr 1925-ci ildə Böyük Teatrda 1905-ci il inqilabının 20 illik yubileyi şərəfinə keçirilən qurultayda Eyzenşteyn “Potyemkin zirehli gəmisi” filmini təqdim etdi. “Potyemkin” filminin kuliminasiya səhnəsi dinc əhalinin güllə-boranı altında qırılması zamanı Odessa pilləkənində güllələnmə səhnəsidir. Bu səhnənin detalları insanı vahiməyə gətirir: güllə qurbanı olmuş gənc ana, pilləkənlərdən aşağı uçan uşaq arabası, əsgərlərin ayağı altında tapdanmış körpə, kazak qamçısı ilə kəsilmiş yaşlı müəllimənin üzü... Bununla belə, film optimistik ruhda bitir. Sonda əl ilə boyanmış qırmızı bayraq gəmi üzərində dalğalanaraq inqilabın qələbəsini təcəssüm etdirir.

28


R.Yurenev film haqqında fikirlərini bölüşərkən qeyd etmişdir: “Filmin kompozisiyası heyrətamiz şəkildə düzgün və ahəngdar qurulub. Filmin dili obrazlı və metaforikdir. Kütlə səhnələri dinamik və monumental xarakter daşıyır. Eyzenşteyn rejissorun kinematoqrafiyada yalnız məkan və hərəkət deyil, həmçinin zamanla da azad şəkildə rəftar edə biləcəyini anlamışdı. Montajda zamanı sürətləndirmək, dolğunlaşdırmaq, cəmləşdirmək, lazım olduqda isə onu ləngitmək və uzatmaq mümkün idi. Eyzenşteynin bu kəşfindən sovet filminin digər ustaları da yararlanmışdı. Pudovkin bu fenomeni “iri planda zaman” adlandırmışdır”. Dünya mədəniyyəti üçün “Potyemkin zirehli gəmisi” açıqlama oldu. 1952-ci ildə Belçika kinematoqrafiyası Avropa və Amerikanın 58 rejissoruna bütün zamanların 10 ən yaxşı filmini seçməyi təklif etdi. Yekun siyahıda “Potyemkin zirehli gəmisi” beşinci sırada idi. Eyzenşteyn ənənəvi aktyor işindən mümkün qədər uzaqlaşmaq istəyirdi. O, həyat təcrübəsi filmdəki rollarla üst-üstə düşən əsl fəhlə, kəndli və əsgərləri çəkmək istəyirdi. Belə qeyri-peşəkar aktyorları o “tipaj” adlandırırdı. Eyzenşteynin ən böyük arzusu qərb kinematoqrafiya təcrübəsi ilə tanış olmaq idi və 1929-cu ildə belə bir imkan ələ düşdü. Tisse və Aleksandrovla bir yerdə o, xaricə ezamiyyətə yola düşür. Bu, sözün əsl mənasında triumfal Avropa səfəri idi. Bir neçə dildə sərbəst danışan Eyzenşteyn Berlin radiosunda çıxış edərək sovet filmləri haqqında məlumat verir, Hamburq və Berlində, London və Kembric Universitetində, Antverpen və Amsterdamda mühazirələr oxuyur, Brüssel Universitetində “İntellektual kino” adlı məruzə təqdim edir. 1930-cu ilin iyun ayından etibarən Hollivudda olan Eyzenşteyn universitetlərdə çıxış edir və yerli məşhurlarla görüşürdü. “Paramount” şirkəti ilə əldə olunmuş razılığa əsasən, o, Ayvor Monteqyu və Aleksandrovla birlikdə T.Drayzerin yaxından iştirakı ilə yazıçının “Amerikan faciəsi” romanına əsaslanan filmin ssenarisini hazırlamağa başladı. Lakin bir ay sonra rejissorla şirkət rəhbərləri arasında yaranmış fikir ayrılıqları səbəbindən müqavilə ləğv olundu. Eyzenşteynin sözlərinə görə, “Paramount” rəhbərlərinə “məhəbbət və qətl haqqında polis əhvalatı lazım idi”. ABŞ Sosialist Partiyasının üzvü Epton Sinklerin maliyyə yardımı ilə Eyzenşteyn “Yaşasın Meksika!” adlı filmin çəkilişlərinə başlayır. Filmi ölkənin müxtəlif ərazilərində çəkirdilər. Artıq 75 min metr lent çəkilmişdi və Stalindən gələn gözlənilməz teleqram Eyzenşteyni SSRİ-yə dönməyə vadar etdi. Razılığa əsasən, filmin neqativi ABŞ-da qaldı. Rejissorun natamam qalmış əsəri dünya kino tarixində unikal bir lent kimi qalmışdır. Belə ki, müasirləri film haqqında çox yüksək fikirlər söyləyirlər. Misal üçün, Çaplin “Yaşasın Meksika!” filmini dünya kinosunun şah əsəri hesab edirdi. Rejissorun ideayası yenilikçi idi: o, Meksikanı tarixi, mədəni, sosial, mühüm hadisələr və zaman nöqteyi-nəzərlərindən göstərməyə çalışırdı. Obrazlı desək, o, Meksikanın ruhunu göstərmək istəyirdi.

29


Sovetlərə qayıtdıqdan sonra Eyzenşteyn elmi və pedaqoji işə başlayır. O, dövlət universitetində rejissura kafedrasının rəhbəri təyin olunur. Rejissora RSFSR-in əməkdar incəsənət xadimi adı verilir. Sergey Mixayloviç bir çox məqalələr yazır, rejissura nəzəriyyəsi və təcrübəsi proqramının layihəsini tərtib edir və institutda oxunmuş mühazirələr əsasında “Rejissura” adlı kitabın tərtibatına başlayır. 1935-ci ilin yazında Eyzenşteyn Aleksandr Rjevskinin ssenaristi olduğu Pavlik Morozov haqqında “Bejin çəməni” filminin çəkilişlərinə başlayır. Filmin çəkilişləri ərzində kilsə əşyalarının çeşidlənməsi zamanı Sergey Mixayloviç qara yara xəstəliyinə tutulur. Bu, Moskvada xəstəliyin qeydə alındığı yeganə hal idi. Xəstəliyi zamanı Eyzenşteynə çox sonralar onun həyat yoldaşı olacaq Pera Ataşeva qulluq edirdi. 1937-ci ildə ideoloji səbəblərdən “Bejin çəməni” filminin çəkilişləri yarımçıq dondurulur. Özünün son şah əsəri, “İvan Qrozniy” filmini Eyzenşteyn altı il (1941-1946) ərzində çəkmişdir. Filmin birinci hissəsinə Stalin mükafatı verilmiş, ikinci hissəsi qadağan olunmuş, üçüncü hissəsinin isə çəkilişləri dayandırılmışdır. 1948-ci ilin fevralın 10-dan 11-ə keçən gecə “Rəngli kino” məqaləsi üzərində işləyən zaman Eyzenşteyn ikinci dəfə ürəktutması keçirir. Sonuncu infarktı o, aktrisa Maretski ilə rəqs elədiyi zaman keçirmişdir. Bununla da sənətkarın ürəyi birdəfəlik dayandı. Son əlyazmasında rejissor Puşkin, Qoqol, rəng və vətən haqqında yazırdı. Eyzenşteyn kremasiya olunduqdan sonra Moskvada, Novodeviçye qəbristanlığında dəfn olunmuşdur.

30


Sergey

Paracanovun həyatı

Tərcümə: Feyza Əlimuradova

Mənim bütün həyatımı həsəd idarə edib. Yaraşıqlıları qısqanırdım – cazibədar oldum, ağıllılara qibtə edirdim – gözlənilməz biri oldum. İstedadlılara həsəd aparırdım – özüm isə dahi oldum.


Sergey Pacaranov 1924-cü il yanvarın 9-da Tiflisdə antikvar kolleksioneri ailəsində anadan olmuşdur. Bu peşə onlarda irsi idi və ailənin başçısı İosif Pacaranov elə düşünürdü ki, onun uşaqları da əcdadlarının davamçısı olacaqlar. O özü inqilabdan öncəki Tiflisdə ən varlı adamlardan biri idi, əntiq əşyalar dükanı ilə yanaşı bir neçə müəssisəyə də rəhbərlik edir, həmçinin "Ailə guşəsi" adlı ictimai evin sahibi idi. Bu gəlirli işdə həyat yoldaşı fahişəxana üçün qızları özü seçərək ərinə kömək edirdi. Qızları bura Fransadan gətirirdilər. İnqilab baş verəndə İosif, demək olar ki, bütün sərvətini itirir, ancaq antikvar biznesini atmır. Bahalı əşyaların alışı və satışı onun həyatının əsas işi olaraq qalırdı. Ancaq, zaman tamamilə fərqli idi və Paracanovun fəaliyyətinə hakimiyyət tam başqa cür yanaşırdı. 1920-ci illərin sonunda onu ilk dəfə həbs etdilər, sonralar isə həbsxanaya girib çıxmaq onun üçün az qala rituala çevrildi. Ancaq o heç vaxt həbsdə oturmalı olduğu müddətdə sonadək qalmırdı – gah onu nümunəvi davranışına görə tez buraxırdılar, gah da onun adı əfv fərmanına düşürdü. Sonralar Sergey Paracanov zarafatla deyirdi ki, atam nümunəvi Sovet işçisi kimi 5 illik planı 4 ilə yerinə yetirmişdi. 1942-ci ildə Sergey Paracanov orta məktəbi bitirir və Tbilisi Dəmir Yolu Mühəndisliyi İnstitutunun tələbəsi olur. Heç bir il keçməmiş Paracanov başa düşür ki, düşünmədən hərəkət edib: incəsənət sevgisi onu öz arxası ilə aparırdı. Beləliklə, Sergey dəmir yolu institutunu atır və eyni vaxtda iki ali məktəbə – Tbilisi Konservatoriyasında Vokal fakültəsi və Opera Teatrının nəznində xoreoqrafiya məktəbinə qəbul olur. 1945-ci ildə o, Moskva Konservatoriyasına professor Nina Dorliakın sinfinə keçir. Konservatoriyadakı təhsili ilə barəbar, Paracanov 1946-cı ildə Sergey Gerasimov adına Ümumrusiya Dövlət Kinematoqrafiya Universitetinə imtahan verir və 1951-ci ildə oranı bitirir. Onun buraxılış işi qısametrajlı “Andrieş” (Moldova nağılındakı çobanın adı) filmi idi. Üç il sonra Paracanov rejissor Yakov Bazelyan ilə birlikdə Aleksandr Dovjenko adına kinostudiyada eyni adla həmin süjetə tammetrajlı film çəkir.

32


Paracanovun Moldova folkloruna müraciəti təsadüfi deyildi, universitetdə oxuduğu illərdə Nigar adlı moldovan əsilli tatar qızına aşiq olur. Onların tanışlığı təsadüfən baş verir. Mərkəzi univermağa daxil olan Sergey ətriyyat dükanında ona hədsiz dərəcədə təsir edən bir qız görür. Demək olar ki, həmin gün Sergey onu görüşə dəvət edir. Onun sevgi romanı bir neçə ay davam edir və evliliklə sonlanır. Ancaq xoşbəxtlikləri uzun çəkmir. Nigar, olduqca sərt qayda-qanunları olan patriarxal bir ailədə böyümüşdü. Onun qardaşları Moskvaya gəlib Nigarın evdəkilərin, qohumların xəbəri olmadan ailə qurduğunu öyrənəndə Paracanovdan böyük məbləğdə fidyə (başlıq pulu) tələb edirlər. Tələbə Paracanovda bu qədər pul yox idi, ancaq atasına ümid edərək pulu tapıb verəcəyinə söz verir. Elə həmin gün o, Tiflisə İosif Paracanova məktub yazaraq – demək olar ki, yalvararaq – tələb olunan məbləğdə pul istəyir və vaxt keçdikcə qaytaracağını da vəd edir. Ancaq ata oğlunun ailə ənənələrini pozaraq onun peşəsinin ardınca getmədiyi üçün oğluna incik idi və buna görə də onun xahişini rədd edir. Bu tarixçənin finalı olduqca faciəvi bitir: qohumları Nigardan ərini ataraq vətənə qayıtmağını tələb edirlər. O isə etiraz edir. Bu zaman onlar qız ilə öz patriarxal ənənələrinə uyğun olaraq rəftar edirlər, onu elektrik qatarının altına atırlar. Moldova mövzusuna müraciət etməyini Paracanov ömrünün sonuna qədər unutmadığı sevdiyi qızın xatirəsinə həsr etmiş olurdu. Buna baxmayaraq, faciədən sonra onun şəxsi həyatı zahirən yaxşı bir forma aldı. 1950-ci illərin ortalarında o, Kiyevdə olarkən iki il Kanadada yaşamış Svetlana Şerbatyuk ilə ailə həyatı qurdu. Zərifliyi, gözəlliyi ilə o, lap fotomodel ola bilərdi. Onların Suren adlı oğulları dünyaya gəldi. Anası kimi sarışın olan və atasına çox az oxşayan uşağı Sergey çox sevirdi. Ancaq Paracanovla bir ailədə yaşamaq çətin idi. O, gözlənilməz xarakterə sahib bir adam idi və onun bir çox qəribəliklərini insanlar dəlilik kimi qəbul edirdilər. Paracanovun Tbilisidəki qonşuları onun haqqında deyirdilər: “Dəli azadlıqdadır”. O, həyat yoldaşını özünün qəribəlikləri və axmaqlıqlarında iştirak etməyə məcbur edirdi. Sergey onu almanı qeyri-adi bir formada təmizləməyə məcbur edir, stolun üstünə fincanı lazım olduğu qaydada yox, başqa cür qoyur, yemək üçün kotletləri xüsusi bir formada hazırlayırdı. Svetlana Şerbatyuk ərinin kaprizlərinə dözməyərək, 1961-ci ildə oğlunu da özü ilə götürərək evi tərk edir. Ancaq Paracanov ürəyində həmişə bu qadına sevgisini qoruyub saxladı. Rejissor deyirdi ki, o, ilk dəfə Kiyevdə məşhur aktrisa Viya Artmaneni görəndə onun gözəlliyi qarşısında diz çökərək öz heyranlığını dilə gətirmişdi. Xarici görünüşündən Artmane onun keçmiş arvadı Svetlana Şerbatyuka çox oxşayırdı. Bu qadın onun yaradıcılığında iz qoya bildi: o, avtobioqrafik film olan “Etiraflar” filmində Sergeyin gənc həyat yoldaşını canlandırdı və ssenarinin bir səhnəsi onun qızılı saçlarına həsr olunmuşdu.

33


Boşanma ərəfəsində olan Paracanov 1959-cu ildə Kiyevdə “Birinci oğlan”, 1961-ci ildə isə “Ukrayna rapsodiyası” filmlərini çəkir. Paracanovun 3-cü filmi “Daş üzərində çiçək” 1962-ci ildə ekranlara çıxır. Hadisələr yeni tikilmiş mədən şəhərində baş verirdi. Buradakı tikintidə həyatlarına gəlmələrin – dini sektanın üzvlərinin soxulduğu komsomollar böyük həvəslə işləyirdilər. Onlar Kristina adlı qızı öz tərəflərinə çəkirdilər. Ancaq Kristinaya aşiq olan şaxtacı Arsen və şaxtanın cavan briqadirinin aşiq olduğu Lyuda, sektaçıların əlindən qızı qurtara bilirlər. “Daş üzərində çiçək” Ukrayna kinematoqrafiya rəhbərliyi tərəfindən ciddi tənqid olunur və onun yalnız 158 nüsxəsini çıxartmağa imkan verirlər. Bununla belə, filmi 5 milyon tamaşaçı izləyir. Beləliklə, kinematoqrafiyada olduğu 10 il ərzində Paracanov ona nə şöhrət, nə də şərəf gətirməyən 4 film çəkir. Kino sahəsinin heç bir mütəxəssisi düşünə bilməzdi ki, bu filmləri çəkən rejissor nə vaxtsa böyük uğur əldə edə bilər. Və birdən möcüzə baş verdi – 1966-cı ildə Paracanov Aleksandr Dovjenko adına kinostudiyada “Unudulmuş əcdadların kölgələri” filmini çəkir. Film 1960-cı illərin ilk yarısında sovet filminin ən parlaq nümunələrindən biri olur və Mixayıl Kalazozovun “Durnalar uçur”, Qriqoriy Çuxrayın “Əsgər haqqında ballada” və Andrey Tarkovskinin “İvanın uşaqlığı” filmləri ilə bir cərgəyə qoyulur. Paracanovun filmi 1966-cı ildə Kiyevdə Ümumittifaq Kino Festivalında mükafata layiq görülür. Ancaq yenə də Qərbdə (orada film “Alov atları” adı ilə nümayiş olunurdu) filmə maraq doğma vətəndə olduğundan qat-qat çox idi. 1965-ci ildə film Britaniya Kino Akademiyasının mükafatını, Romada və Mar Del Platada mükafatlar qazanır. İstehsal olunduğu tarixdən iki il müddətində film xaricdə müxtəlif festivallarda 28 mükafat, diplom və təltifnamələr qazanaraq sovet kinosunun ən məşhur filmlərindən birinə çevrilir. Fransız qəzeti “Ekspres”-in 1966-cı il 27 mart buraxılışında belə yazılmışdı: “Filmin diqqətli təhlili belə

bir nəticəyə gəlməyə imkan verir ki, Paracanov borokko tərzində ya çox tərif olunacaq, ya da tənqid atəşinə tutulacaq möhtəşəm bir poema yaradıb.” 1966-cı ildə Polşada “Ekran” jurnalında isə film barədə belə yazılmışdı: “Bu, son illərdə gördüyümüz ən zərif və gözəl filmdir. Reallıq və nağıllar, həqiqət və xəyal, etibarlılıq və fantaziya astanasındakı poetik poema... Sanki Paracanovun xəyal gücünün sərhəddi yoxdur. Ağacların qırmızı budaqları, ağ divarlar fonunda bir neçə rekvizit ilə karvansara daxilində geometrik kompozisiya, yarıçılpaq ayaqları ilə qırmızı çətir altındakı at üzərində Palanga, ölmüş cəsədin yuma ritualının kobudluğu və son səhnədəki zövqverici əyləncə... Paracanov folkloru, adət-ənənələri, orijinal mədəni ayinlər ritualını elə çərçivələrdə açır ki, həqiqətən şəxsiyyətin narahatlığına və faciəsinə təsir edir.”

34


Film barədə bütün fikirlər bu cür coşğulu deyildi, tam tərs fikirlər də var idi. Məsələn “Нувель литтерер” qəzetində bir tənqidçi yazırdı ki, “film mürəkkəb, maraqlı və kifayət qədər darıxdırıcıdır”. Bu arada 1966-cı ildə Paracanov yeni işə başlayır – öz ssenarisi əsasında Böyük Vətən Müharibəsinə həsr olunan “Kiyev freskaları” filmini çəkir. Qeyd etmək lazımdır ki, Dövlət Kino Komitəsinin Ukrayna filialının rəhbərləri Paracanovun müharibə mövzusuna müraciət etməsinə böyük narahatlıqla (çox ehtiyatla) yanaşdılar. Onlar çox yaxşı başa düşürdülər ki, “Birinci Oğlan” və “Ukrayna rapsodiyası” vaxtındakı Paracanovdan artıq əsər-aləmət yoxdur, onun əvəzinə nəsə yeni və onlar üçün tamamilə anlaşılmaz olan biri peyda olmuşdu. Bu cür Paracanov isə onlara lazım deyildi.

35

Nəticə olaraq filmin ilk sınaq çəkilişlərindən sonra rəsmilər rejissoru Böyük Vətən Müharibəsi hadisələrinə kimerik və mistik-subyektiv münasibətdə ittiham edərək sonrakı çəkilişləri qadağan etdilər. Məhz bu vaxt rejissor başa düşür ki, artıq Kiyevdə ona işləməyə imkan verməyəcəklər. Və o, “Armen-film” studiyasında ona işləmək üçün bütün şəraitin yaradılacağına söz verdikləri Yerevan şəhərinə köçür. Orada rejissor “Akop Ovnatanyan” adlı sənədli filmini çəkir, 1968-ci ildə “Nar rəngi” («Саят-Нова») bədii filminin çəkilişlərinə başlayır. Film erməni, gürcü və azərbaycan dillərində şeirlər yazan orta əsr erməni şairi Sayat Novanın daxili dünyasını, sevgi hekayəsini, onun dinə, dünyəvi hakimiyyətə, xalqa olan münasibətini göstərmək üçün bir neçə miniatürdən ibarət idi. Film Dövlət Kino Komitəsinin liderləri tərəfindən olduqca şübhəli qarşılandı. Onlar rejissorun yenilikçi ideyalarını başa düşmürdülər, ancaq bunu etiraf etmirdilər. Onlar başa düşməmələrini “xalqa bu cür film lazım deyil” bəhanəsi ilə gizlətdilər və filmi artıq 4 il sonra rəflərdə

toz basırdı. Yalnız 1973-cü ildə film prokatlara çıxarıldı, ancaq Paracanovun bununla heç bir əlaqəsi yox idi. O, filmi yenidən montaj etməkdən imtina etdi və bunu onun əvəzinə rejissor Sergey Yutkeviç elədi. Beləcə günümüzdə filmin iki versiyası mövcuddur: heç kəsin görmədiyi və “Armenfilm”in ehtiyat fondunda saxlanılan müəllifə məxsus versiya və prokatlara buraxılan Yutkeviçin montaj etdiyi variant. Ancaq bu variantın istehsalından belə rəsmilər ehtiyatlanırdılar, ona görə də yalnız 143 nüsxədə çap etdilər. Filmi 1 milyondan bir az artıq tamaşaçı izləyir. Düzgünlük naminə qeyd etmək lazımdır ki, əgər film daha çox nüsxədə çap olunsaydı, nəticə heç də daha yaxşı olmayacaqdı. Film həqiqətən geniş kütlənin qavraması üçün çox çətin idi.


“Narın rəngi” filmi prokatlarda cəmi bir neçə ay qaldı. Səbəb çox ciddi idi – 1973-cü ilin dekabrında Paracanov həbs olunmuşdu. Nə üçün? O homoseksual olmaqda ittiham olunurdu. Bu ittiham əsaslı idimi? Burada fikir ayrılığı yaranır. Bəziləri iddia edirdi ki, homoseksuallıq rejissorun həyatında yer almışdı, digərləri isə əksini iddia edirdilər. İkinci versiyanın sanballı dəstəkçiləri öz iddialarını onunla əsaslandırırdılar ki, Paracanov öz-özlüyündə provakator və qalmaqal həvəskarı idi. Onun evində həmişə çoxlu adam olurdu və rejissor onlara hər şeydən əvvəl tamaşaçı kimi yanaşırdı. Onlar tamamilə fərqli insanlar idi, aralarında onun dostları, təsadüfi tanışları və daha kim bilir, kimlər var idi. Hər dəfə Paracanov onların qarşısında balaca bir səhnəcik nümayiş etdirirdi və izləyənlər onun sözlərindən hansının doğru, hansının quraşdırma olduğunu çətinliklə ayırd edə bilirdilər. Məsələn, gah o deyirdi ki, bir dəfə o, məşhur kinoaktirsa ilə yatağa girib, gah da deyirdi ki, məşhur bir rəssamı özünə cəlb edib. Təcrübəli insanlar Paracanovun danışdıqlarını inandırıcılıq dərəcəsinə görə filtirasiya edə bilirdilər, ancaq yenilər özlərini itirir və onun hər dediyini həqiqət kimi qəbul edirdilər. Paracanovun isə bu xoşuna gəlirdi. İnsanların gözlərinin təəccübdən bərəldiyini gördükcə o daha da həvəslənir və eyni cür danışmağa davam edirdi. Bir dəfə çox irəli getdilər. Danimarka qəzetlərindən birinə müsahibə zamanı o dedi ki, Sov.İKP MK-nin 20-yə yaxın üzvü ondan lütfkarlıq istəyiblər. Təbii ki, o, bunu zarafatla demişdi, ancaq onun sözləri çap olunmuş və bütün dünyada yayılmışdı.

36


Bu barədə Kremlə xəbər çatanda Paracanovun həbsi barədə əmr verilmişdi. Xüsusilə ona qarşı çoxlarının kini var idi: Kinematoqrafiya üzrə Dövlət Komitəsində, Mədəniyyət Nazirliyində, lap elə Mərkəzi Komitənin özündə. Paracanova qarşı iş olduqca tez uydurulurdu, bu səbəbdən onun ittiham olunduğu maddələr tez dəyişdirilirdi. Gah valyuta əməliyyatında, gah kilsələri soymaqda (o, ikona toplayırdı), gah da rüşvətxorluqda ittiham olunurdu. Nəhayət, homoseksuallığın üzərində dayandılar. Paracanov əleyhinə ifadə vermək üçün razılıq verən adam da tapıldı – guya Paracanov ona təcavüz etmişdi. Ona 5 il iş kəsildi və Paracanovu ilk əvvəl Voroşilovqrad yaxınlığındakı, daha sonra isə Vinnitsya ətrafındakı həbsxanaya göndərirlər. Yazışma hüququndan məhrum olunmamışdı və o, koloniyadan öz doğmalarına, dostlarına,tanışlarına yazırdı. Onun 1974-cü ildə 14 yaşlı bacısı oğlu Qreqori Xaçatura yazdığı məktubdan bir hissə:

“Tbilisidə istidir, burada isə artıq yağışlar başlayıb! Nəmişlik. Ayağın dərisi kifli və suluqludur. Düşərgədə yarım min adam var və hər birinin də daha öncə ən azı üç dəfə məhkumluğu var. Məni qanlı talelər əhatə edir, çoxları insan şəkillərini belə itiriblər. Məni qəsdən onların yanına salıblar ki, məni öldürsünlər. Həbsxana dilini mən bilmirəm, döymələrim yoxdur, çifir (həbsxanalarda içilən tünd çay) içmirəm. Onlar mənə nifrət edirlər, elə hesab edirlər ki, mən həbsxana həyatını öyrənmək və bundan film çəkmək üçün aralarına girmişəm. Ancaq Allaha şükür ki, inandılar mənə. Çoxları etiraf edir... Tez-tez aclıqdan gəyirirəm. Liliya Brik (Paracanovun taleyində fəal iştirak etmiş Vladimir Mayakovskinin keçmiş sevgilisi) mənə sosiska-kolbasa, fransız şokoladları göndərdi. Hamısını həbsxananın və rejimin rəisi yedi, mən isə aclıqdan banderol (sarğı) iylədim. Sexdə təmizlikçi işləyirəm. Bu yaxınlarda kimsə qəsdən sexi su ilə doldurmuşdu. Bütün gecəni buz kimi soyuq suyun içində dayanıb vedrələrdə su daşıyırdım. Qan tüpürürəm. Yəni bu mənim sonumdur? Azadlıq üçün darıxıram. Mənim olduğum yer qorxuludur. Ətraflı yaz. Sizdən aldığım hər bir məktub mənim üçün oksigenlə dolu çantadır. Həyatını, valideynlərini və şərəfini qoru. Axmaq hərəkətlər eləmə. Hər şeyin cəzası var...”

37


Şahidlərin sözlərinə görə, həbsdə olduğu ilk vaxtlarda Paracanov alçaldılmış, sındırılmış və təhqir olunmuşdu. Onu hər kəs – koloniyanın rəisi, məhkumlardan bəziləri ələ salırdı. Bütün bunlara əlavə olaraq Paracanovun səhhəti də zəif idi, onun ürəyi ağrıyırdı, diabetdən əziyyət çəkirdi. Koloniyada onun ağ ciyərlərini əməliyyat etdilər. Lakin hətta bu cür qeyri-insani şəraitdə belə Paracanov özünə sadiq qaldı. Digər məhkumların lağ etmələrinə baxmayaraq, o, həbsxananın həyətindən kimlərinsə atdığı gülləri yığaraq, onlardan herbari düzəldir və yazdığı məktublarla birlikdə dostlarına göndərirdi. Bir dəfə o, qatıq bankasının qapağında mismarla Puşkinin portretini çəkir. Köhnə məhkumlar bu medalyonu onda görəndə ədəbsiz zarafatlar edirlər, ancaq medalyonu Paracanovun əlindən almırlar. İllər sonra bu medalyon rejissor Federiko Fellininin əlinə keçir və ondan gümüş medal düzəldir və o vaxtdan bəri bu medalla Rimini festivalında ən yaxşı filmlər mükafatlandırılır.

38


D.Şevçenko nəql edir: “Düşərgə Paracanovu sındıra, ruhunu məhv edə bilmədi. O,

çirkinlikdən, gözəlliyin alçaldığı dünyadan çıxdı və həqiqi rəssam oldu. Bu məqamda onun “Tanrı, səni qorusun, həbsxana!” deyən Soljenitsınla ortaq nöqtəsi var. Daş çınqılları, qurumuş otlar, çiçəklər, dəmir parçalar onun əlində əsl sənət nümunələrinə çevrilirdi. Təkcə Lilya Brik ona hədiyyələr göndərmirdi. Bir dəfə o, düşərgə hamamçısı Zozulla birlikdə tikanlı məftillərdən və öz corablarından heyranına gül buketi düzəldir və 8 Mart münasibətilə ona göndərir. Liliya çox sevinir və buketi Mayakovski hədiyyə etdiyi vazanın içinə qoyur. Həbsxana iyinin getməsi üçün məcburən ona “Mustanq” ətrini vurmalı olmuşdu. Olduğu bütün həbsxanalarda məhkumların sifarişlərini qəbul edirdi. Azadlıqda onların yolunu gözləyən sevgililəri üçün sevib seçdikləri məhkumların portetlərini çəkir, kollajlar düzəldirdi. Koloniyaların birində rəssamlıq məktəbi açmışdı Paracanov. Ancaq, düşərgə rəhbərliyinin yeni yaranan “Maleviçlərin” düşərgə həyatı və davranış normalarını istədikləri formada təsvir etmədikləri üçün əl işlərindən xoşları gəlmir. Sergeyi başqa bir yerə köçürürlər...” Liliya Brik Paracanovun əzablarını yüngülləşdirmək, onu həbsdən çıxartmaq üçün böyük səy göstərirdi. O ərəfədə onun 80 yaşı olardı, ancaq bu yaşına baxmayaraq, elə fəallıq nümayiş etdirirdi ki, gənclər paxıllıq edə bilərdilər. Məhz o ilk olaraq xariciləri Paracanovun müdafiəsinə qalxmağa səsləmişdi. Onun təsir gücü xüsusilə Fransada güclü olmuşdu. 1977-ci ildə o, Parisdə Vladimir Mayakovskiyə həsr olunan sərginin açılışına gedir. Burada Brik fransız kommunist-yazıçısı, Lenin mükafatı laureatı Lui Araqonla görüşür. Liliya onu Moskvada Brejnevlə görüşüb Paracanovdan söz salmaq üçün yola gətirir. Araqon razılaşır. O, həqiqətən baş katiblə görüşür və söhbət əsnasında Paracanovdan söz salır. “Paracanov kimdir?” – onun soyadını belə bilməyən Brejnev təəccüblənir. “Məşhur rejissor”, – Araqon cavab verir, – “ona 5 il iş kəsiblər, 4 ilini artıq keçirdib. Amnistiyaya düşməsi mümkündürmü?” Brejnev Fransa Kommunist Partiyasına və şəxsən Lui Araqona yaxşı münasibət bəsləyirdi, ona söz verir ki, bu işlə mütləq məşğul olacaqdır. Verdiyi sözü də tutdu. 1977-ci il dekabrın 30-da Paracanovu 1 il tez azadlığa buraxırlar. Azadlığını geri qazanan Paracanov uzun müddət işsiz qalır. Onu kinematoqraf adlandırmırdılar, baxmayaraq ki, işsiz olduğu müddətdə (1968-1982-illər arasında 14 ssenari) çoxlu ssenari yazmışdı. Halbuki onlardan heç biri tələb olunmamışdı. Nadir hallarda Paracanov Kiyevdə İnşaat İnstitutunun Tikinti fakültəsində təhsil alan böyük oğlu Sureni görmək üçün gedirdi. Sərbəst buraxılmasından yalnız bir neçə il keçməsinə baxmayaraq, Paracanov yenidən tamaşaçıları öz cəsarətli nitqləri ilə heyrətləndirməyə başlamışdı. 1980-ci ildə o, fransız qəzeti “Mond”-a müsahibə verir: “Mənə qarşı ittiham

irəli sürmək üçün məni oğurluqda, cinayətdə, anti-sovetçilikdə günahlandırdılar. Mənim bədənimdə hətta qızıl axtarırdılar. Sonra homoseksuallıqdan yapışdılar və bu “cinəyətə” görə ittiham elədilər. Guya mən partiyanın bir neçə üzvünə təcavüz etmişəm və 40 yaşlı qadını yoldan çıxartmışam. Mənim cinayətimi qeydə almaq üçün 6 prokuror səfərbər olmuşdu. “Sizə az il verəcəyik, – onlar deyirdi. – 5 il kəsiləcək sizə. Sizi məhv etmək üçün bu kifayət edər...” İndi mən azadam, ancaq özümü təhlükəsiz hiss etmirəm. Mən həmişə qorxu içində yaşayıram – evdən çıxmağa qorxuram, məni soyacaqlarından, düşərgədən olan şəkilləri yandıracaqlarından qorxuram. Burada hər kəsin qalacağı yeri və işi olmalıdır. Ancaq mənə iş vermirlər. Mən ssenarilər təklif edirəm, ”Armenfilm” onlardan birini ekranlaşdırmaq istədi, ancaq rəhbərlik etiraz edir. Məni hər an həbs edə bilərlər, çünki heç

39


yerdə işləmirəm. Mənim varolma hüququm yoxdur, qanun qaçaqçısı hesab edilirəm. Həbsxanada həyatımın nəsə mənası var idi, bu reallıq idi, öhdəsindən gəlməli olduğum çətinlik. İndiki həyatım isə mənasızdır. Mən ölümdən qorxmuram, ancaq belə həyat ölümdən də betərdir. Bütün qapıları döymüşəm. Mənə Ermənistanda kömək etmək istəyirdilər. Ancaq nə vaxt ki, nazirlə görüşməli olurdum, o istirahətdə olurdu. Bu gün mənim seçimim yoxdur. İstirahətə artıq nifrət edirəm. İşləmədən yaşaya bilmərəm. Hər cür yaradıcılıq mənə qadağan edilib. Tezliklə buradan çıxıb getməliyəm. Məni gözləyən çətinliklərdən xəbərdaram. Çətin ki, Qərbdə mən o dəqiqə ilham pərimi tapım. Fransızlarda həmən dəqiqə möhtəşəm bir şey yaradacağım barədə təəssürat oyatmaq istəmirəm. Mənim köklərim buradadır, ancaq seçimim yoxdur. Mən getmək məcburiyyətindəyəm...” Hər şeydən maraqlısı o idi ki, rəsmilər bu müsahibəni hiss etmədilər, sanki o heç olmamışdı. Paracanova heç kim xəbərdarlıq eləmədi, onun əsəblərini korlamadılar. Ancaq ona iş də vermədilər. Baxmayaraq ki, rejissor məhz bunu gözləyirdi: cəsarətli müsahibə verərəm, onlar da qorxub mənə iş təklif edərlər. Ancaq alınmadı. Öz hədə-qorxusunu reallaşdırıb Qərbə getmək olardı, ancaq Paracanov bunu etmədi. Görünür, o sadəcə müsahibə zamanı dikbaşlıq edirdi, hansı ki, ilk dəfə baş vermirdi. Paracanovun xasiyyətinə bələd olan dostları bilirdi ki, axır-əvvəl nəsə baş verməlidir. Ya nəhayət, ona bir iş verəcəkdilər, ya da o nəsə qeyri-adi bir şey edəcəkdi. İkinci versiya təsdiqləndi. 1981-ci ilin oktyabrında Paracanov Moskvada tanışlarının evində idi. Baxmayaraq ki, onun səfəri üçün bütün zəruri təhlükəsizlik tədbirləri görülmüş, gəlişinin gizli saxlanılmasına çalışılmışdı, ancaq bunun heç bir köməyi olmamışdı. Tezliklə Paracanovun paytaxda qonaq olduğu barədə xəbər çoxlarına, həmçinin teatrın əsas rejissoru Taqanke Yuriy Lyubimova da çatır. Və o, Paracanovu “Vladimir Vısotski” tamaşasının əsas məşqinə teatra dəvət edir. Belə ki, mərhum şair və aktyorla Paracanovun sağ ikən dostluq münasibətləri var idi, ona görə də bu təklifi rədd etmək etik olmazdı. Bu məşqdə bir çox ədəbiyyat və incəsənət xadimləri iştirak edirdi, həmçinin Mədəniyyət Nazirliyindən, eləcə də Dövlət Təhlükəsizlik Komitəsindən də nümayəndələr var idi. Tamaşa bitəndən sonra Paracanovun da öz fikirlərini bildirdiyi tamaşanın qızğın müzakirəsi başladı. Səhnəyə çıxaraq o, tam məntiqli şəkildə tamaşanın güclü və zəif tərəflərini müəyyənləşdirdi, rejissora işlə bağlı bir neçə məsləhət də verdi. Çıxışının sonunda isə özünü saxlaya bilmədi: “Yuriy Petroviç, – Lyubimova müraciətlə dedi, – “siz

çox narahat olmayın. Əgər sizi bu tamaşaya görə işdən qovsalar, məhv olmayacaqsınız. Məsələn, mən artıq neçə ildir ki, işsizəm və heç nə olmayıb. Gördüyünüz kimi, yaxşıyam. Düzdür, mənə Roma papası kömək edir, almaz göndərir, mən də onları satıram”. Bu

sözlərdən sonra Paracanovu daha da cəsarətli sözlər deməyə həvəsləndirən canlanma yarandı. O, zarafatla kifayətlənmək istəməyərək Sovet rejimini faşistlikdə ittiham edərək onun əsl dəyərinin bu olduğunu deyib daha da alovlandı. – “Vətənin ən yaxşı övladları

həbsxanalarda və əsir düşərgələrində çürüyür… Heç cür sakitləşmirlər, hətta bura – teatra soxulurlar”.

Təbii ki, bu cür çıxışdan sonra Paracanovun azadlıqda qalması yenidən sual altına düşdü. Moskva Tbilisidən Paracanov məsələsini həll etmələrini tələb etdi. Gürcüstan rəsmiləri buna çox operativ reaksiya verdilər. Rejissora yenidən cinayət işi açdılar – bu dəfə o, rüşvətxorluqda ittiham olunurdu. Bu ittihama o özü əsas vermişdi. Onun bacısı

40


oğlu Georgiy teatr institutuna imtahandan keçə bilməmişdi (Pavka Korçaqina haqqında inşada 63 qrammatik səhv buraxmışdı). Ona görə də Paracanov qohumunu instituta calaşdırmaq üçün başqa yollar axtarmağa məcbur olmuşdu. Nəticədə o, seçki komitəsinin sədrinə almaz qaşlı ailə üzüyü vermişdi və oğlanı instituta qəbul etmişdilər. Ancaq Paracanov bağışlanmaz axmaqlıq edib institutun rüşvətxorlarına uydu. Təbii ki, bu barədə tezliklə rəsmilərin xəbəri oldu və onlar məlumatın düzgünlüyünü yoxladılar. Beləliklə, rüşvət halı ortaya çıxdı. Ardınca isə Paracanovu sudan quru çıxarmaq üçün uğurlu əməliyyat həyata keçirildi. Əvvəlcə polislər Georgiydən ifadə götürdülər, sonra isə bu sorğunun protokolunu Paracanova göstərdilər. Müstəntiq bu işi 500 rubla ört-basdır edə biləcəyinin də eyhamını vurdu. Paracanov bu təklifdə heç bir pis niyyət hiss etmədi və təzminatı ödəməyi qəbul etdi. 11 fevral 1982-ci ildə o, pulları zərfə qoyub müstəntiqlə görüşlərinin təyin olunduğu Aleksandr parkı yaxınlığındakı aptekə getdi. Elə orada da onu tutdular. Həmin gün onun evində axtarış aparıldı – evin altını üstünə çevirən polislər antik zinət əşyaları axtarırdılar. Düzü, bilinmir hansı əşyalar; Paracanovun atasının, yoxsa Roma papasının. Təbii ki, evdən heç nə tapılmadı, ancaq Paracanovun məhkəməsi keçirildi. Məhkəmə Tbilisi İncəsənət Evində rejissorun həbsindən 1 il sonra keçirildi, bütün bu müddət ərzində isə o gözaltı mərkəzində oturmuşdu. Rejissora yenidən 5 il həbs verdilər, ancaq şərti. Cəzanın yüngülləşməsinə məhkumun dostlarının, xüsusuilə şairə Bella Axmadulinanın onun tərəfindən məhkəmədə çıxış etmələri təsir etmişdi. O, Gürcüstan prezidenti Eduard Şvardnadze ilə yaxşı münasibətdə idi. Ona yazaraq Paracanovun cəzasının yüngülləşdirilməsini xahiş etmişdi və izah etmişdi ki, ikinci düşərgə həyatından rejissor sağ çıxa bilməyəcək. Məktub işə yaradı. D.Şevçenko olanları belə xatırlayır: "Hədələyici səslə

başlayan məhkəmə, paytaxtdan yeni göstəriş alan kimi səs tonunu dəyişdi. Sessiyalar arasındakı fasilədə prokuror Paracanova yaxınlaşdı və qulağına dedi ki, həbs olmayacaq. “Yalnız xahiş edirəm, Sergey, ictimaiyyət önündə oyun çıxarmayın”. Ancaq o buna qulaq asmadı. Bəraət açıqlanmadan öncə Paracanov qəfildən söz demək istədiyini bildirdi və elan etdi ki, onu qoruyan polis əməkdaşı hədsiz dərəcədə Napoleona oxşayır. “Başını bu cür saxla, indi də əllərini belə tut. Əsl Napoleon!” Hakim bu sözlərdən incidi. “1 kiloqram dəfnə yarpağı və ağ döşəkağı gətirin,” – deyə Paracanov tələb etdi. “Nə üçün?” – “Siz sanki Neronun burnundan düşmüsünüz”. Zaldakıları gülmək tutur. Neron və Napoleon söhbətini bitirən “Sovet faşizminin” ittihamçısı birdən danışdı ki, o, həqiqi leninçidir və lider, böyük şəhid haqqında layiqli film çəkə bilən yeganə rejissordur. Sonra din əleyhinə ittihamlar başladı. Sözə Qarikin anası Anna Paracanov başladı və nə üçün qardaşının otağında axtarış aparıldığının izahını tələb etdi. O təzəlikcə azadlığa çıxıb, düşərgədən kətan çəkmələrdə və jaketdə qayıdıb, pulsuzdur. İşlə bağlı lazım olan 50 rublu Paracanova o verib. “O, dilənçi vəziyyətindədir. Onun özünün heç alt paltarı belə yoxdur. Sergey rəhmətlik anamız Siranın flanel alt paltarını geyinir”. Zal donmuşdu. “Sən nə danışırsan, – Paracanov dözmədi, – axı zalda xoşuma gələn qadın var...”

Hər şeydən təəccüblüsü o idi ki, haradasa 2 il sonra Paracanova kinematoqrafiyaya geri dönməyə icazə verdilər. Bu isə elə məhz Gürcüstanda baş verdi. Qeyd etmək lazımdır ki, bu hadisədən bir müddət öncə Paracanov Ermənistan Kommunist Partiyasının birinci katibi Dəmirçiyana müraciət edərək xalq dastanı “David Sasunskiy” haqqında film çəkmək üçün icazə istəmişdi, katib isə mənfi cavab vermişdi. Bax, elə həmin anda rejissora “Gürcüstanfilm” öz yardım əlini uzatmışdı. Nəticə olaraq

41


da Paracanov məşhur akytor Dodo Abaşidze ilə birlikdə özünün 3-cü şedevr filmi olan “Surami qalası haqqında əfsanə” filmini çəkdi. Filmin ssenarisinin əsasında qədim gürcü əfsanəsi dayanır: Zurab adlı gənc oğlan özünü qalanın divarlarına həbs etmələrinə razılıq verir, bu yolla o, düşmən hücumlarına qarşı çıxıb qalanı qoruyacaqdı. Paracanovun yeni filminin premyerası 1985-ci ilin martında təşkil olundu. Ancaq daha öncə də olduğu kimi, filmin prokatı acınacaqlı oldu – cəmi 57 nüsxə buraxılmışdı və onlar da heç yarım milyon izləyici tərəfindən izlənilmədi. Vətəndən kənarda film daha çox uğur qazandı, Troe, Sitsexe, Bezansone və San Paulo festivallarında mükafatlar qazandı. Filmin xarici ölkələrdəki böyük uğuru nəticəsində Paracanov ölkə sərhədlərindən kənara çıxa bildi. 1988-ci ilin fevralında o, Hollandiyanın Rotterdam şəhərinə yollandı, “21 əsrin ümidi” 20 ən yaxşı rejissor ilə birlikdə. Paracanov cəmi 3 gün xaricdə oldu, ancaq bu müddət ərzində çox şey edə bildi. Şahidlərin sözlərinə görə, o, bit bazarından o qədər qəribə şeylər aldı ki, (şəkillər, saysız-hesabsız foto çərçivələr, kollajlar və rəsm əsərləri, çini çərçivələr, lampalar, şam qabları və bu kimi bir çox şeylər) onları qaldırmağa iki lift lazım oldu. Bütün bu əşyaları Paracanov Moskvaya öz köhnə tanışlarının evinə gətirdi ki, oradan da Tbilisiyə aparsın. Və orada xoşagəlməz hadisə baş verdi. Qayıdan gün əşyaları bükərək çamadanlara qoyanda ev sahibinin bir neçə dəyərli və nadir əşyalarını da oğurladı. Yəqin ki, qəsdən vəziyyətdən istifadə edərək oğurladı. Katanyan sonradan deyirdi ki, Paracanov alovdan və sudan şərəflə keçə bildi, ancaq 3cü mərhələdə – mis borularda bacarmadı. Belə ki, şöhrət onu sındırdı – elə bildi ki, artıq ona hər şey etmək olar. Ümumiyyətlə, həyatı boyu Paracanov çox insana əzab çəkdirib. Bir kolleqasının “Pislik nədir?” sualına o belə cavab verir: “Pislik Paracanovdur”. O hətta valideynlərinin sözünə qarşı çıxaraq, bərbərlə evləndiyinə görə bacısını da bağışlamamışdı. Kürəkənin dəfn günü Paracanov əməlli-başlı tamaşa təşkil elədi. O, mərhum imperator Ferdinand görünüşündə qrimləndi, eşmə bığ qoydu, yanaqlarıını boyadı, bir əlində yanan şam, digərində qumbara tutdu. Bacısını tamamilə rəngarəng xalçadan tikilmiş xalata bürüdü, başına yastıq qoydu və bu görünüşdə qəbrin yanına əyləşdirdi. Bunu görən qonaqlar dəhşət içində idilər və bütün bunlar baş verdiyi müddətdə yeməyə toxunmadılar. Ömrünün son illərində Paracanov kino sahəsində fəal işlədi. 1986-cı ildə o, “Pirosmani mövzusunda arabesk” adlı sənədli filmi, iki il sonra isə Lermontovun eyniadlı poeması əsasında “Aşıq Qərib” adlı bədii film ərsəyə gətirdi. Sonuncu film 1988-ci ildə Venesiya film festivalında nümayiş olundu. “Mond” qəzeti bu barədə yazırdı: "Sovet kinematoqrafiyasında yenidənqurmanın ən yaxşı filmləri sırasında

Venesiya festivalındakı Sergey Paracanov imzalı “Aşıq Qərib” və Vasiliy Piçul imzalı “Balaca Vera” filmlərindən daha yaxşıları arzu oluna bilməzdi. “Aşıq Qərib” filmində gözümüz önündə ikonalar və miniatürlər xalq yaradıcılığı adət-ənənələri ruhunda idi. Lermontovun yazdıqlarına əsasən, öz sevgilisini tapmaq üçün min cür əzabdan keçən “cəfakeş ozanın”macəraları kamerasını fırça kimi istifadə edən rejissor-rəssam tərəfindən möhtəşəm rəsm əsəri, sirri yalnız həsr olunanlar üçün əlçatan olan ilahi ayələr kimi yaradılmışdı. Filmləri kimi Paracanov həyatda da başdan-ayağa rəngarəng parçaya, zərgərlik əşyalarına bürünmüşdü. Həqiqətən qabaqcıl incəsənət nümunəsi. Venesiya festivalında o, tamaşaçıları təkcə görünüşü ilə deyil, həm də danışığının açıq-saçıqlığı ilə heyran edirdi. 64 yaşında o, nəhayət ki, Qərbi gördü. Dünən Hollandiya, bu gün Venesiya, sabah isə onu Nyu-York və Parisdə gözləyirlər...”

42


1989-cu ildə Paracanov avtobioqrafik xarakter daşımalı olan yeni filmi – “Etiraf” filminin çəkilişlərinə başlayır. Ancaq bu filmi Paracanov heç cür çəkə bilmir. May ayında Tbilisidə Paracnovun bacısı Anna rəhmətə getdi, onun ölümündən bir neçə ay sonra isə həkimlər Paracanovda ağciyər xərçəngi aşkar etdilər. Oktyabrda onu Moskvaya gətirib Priqovkada yerləşdirdilər. Onu əməliyyat edib ağciyərini çıxartdılar, ancaq vəziyyəti düzəlmədi. O zaman dostları 3 il əvvəl kolleqası Tarkovskinin də müalicə aldığı Parisdəki klinikaya getməyini məsləhət gördülər. Ancaq Paracanovun sayılacaq günləri qalmışdı. 1990-cı il 17 iyulda o, vətənə – Tbilisiyə deyil, Yerevana qayıtdı və 3 gün sonra dünyasını dəyişdi. İyulun 25-də Paracanov Aram Xaçaturyan, Vilyam Saroyan və digər incəsənət, elm və ədəbiyyat xadimlərinin də dəfn olunduğu Panteonda dəfn olundu. (Müəllif: Fedor Razzakov)

Rejissor Paracanov və Sov.İKP üzvləri haqqında tarix Həbsxanada onu döyürdülər. Bəzi məhkumlar elə heasb edirdi ki, onu oraya həbsxana haqqında film çəkmək üçün qəsdən salıblar. Onun “çirkli”, praktiki olaraq sağ qalmağına imkan verməyən, daha doğrusu, insan kimi sağ qalmağına şans verməyən ittihamı – homoseksuallıq ittihamı var idi (müttəhimin yeganə ittihamı deyildi, Paracanova layiq fantastik ittihamlar – bunlara nələr aid deyildi ki – milli mülkiyyətin oğurluğundan tutmuş, vəzifəsindən sui-istifadə etmə və antisosial davranışlarına qədər). Buna baxmayaraq, Paracanov tezliklə həbsxanada hörmət qazandı. Həbsxanada məlum oldu ki, ittihamlardan birinə görə, Paracanov Sov.İKP üzvünü zorlayıb. Paracanova yaxşı bir dərs verən nümayəndə heyəti peyda olaraq ona bu formalı nəsihət verdi: “Biz kommunistlər həmişə sözlərdə varıq, sən isə əməldə”. Bu etirafdan ilhamlanan Paracanov tezliklə özünün bu ittiham maddəsini böyük bir dastana çevirdi: o, bütün həyatı boyu bolşeviklərdən qisas alıb və şəxsən Sov.İKP-nın 3 üzvünü zorlayıb. İkinci həbsdən sonra onu Kinematoqraflar Birliyindən çıxartdılar. Həbs zamanı onun 17 ssenarisi itdi. Böyük hissəsi düşmənlərini daha yaxından tanımaq məqsədi ilə təhlükəsizlik orqanları tərəfindən ələ keçirildi. Bəziləri “Sergey üçün qorunub saxlanılsın” deyə dostlarına verildi. “Dahi Seryoja” (Paracanovu belə adlandırırdı başqa bir dahi Seryoja Qerasimov) “qorunan” ssenaridən birini belə öz soyadı ilə görmədi. Dostlar, dostlar...

Rejissorun azadlığı haqqında Həbsxanada qələmini əlindən almışdılar. O, “ssenarilərini beynində gizlədirdi”, bu illər ərzində “etibarlı yerdə” yüzə yaxın ssenari saxlamışdı: “Mən sizin biləcəyinizdən daha çoxunu unutmuşam”. Qələmini almışdılar, ona görə də süd butulkalarının qapaqlarını yığırdı (vərəmlilərə süd verirdilər), oyma folqa texnikası öyrənmişdi. Folqaya qətran tökürdü və üzərində 1-ci Pyotrun, Xmelnitskonun, Puşkinin, Qoqolun şəkilləri olan “Paracanov sikkələri” alınırdı. Bu sikkələrdən bir neçəsi rəhbərlik tərəfindən götürülüb Moskvaya psixi ekspertizaya göndərilmişdi ki, Paracanovun dəli olduğunu sübut etsinlər. Moskvadan isə belə cavab gəlmişdi: “Çox istedadlıdır”. Mən onun həyatının maraqlı hekayələrinin toplusunu yığıram. Yəqin ki, axmaqlıqdır. Çünki onun həyatının ən zəngin kolleksiyası beynəlxalq kinofestivallarda qazandığı mükafatlar deyildi, – halbuki belə bir toplu var idi, – və yaxud da əntiq əşyalar da deyildi, – baxmayaraq ki, bu cür də toplu var idi.

43


Onun ən zəngin kolleksiyası çəkilməyən filmləri, təsdiqlənməyən ssenariləri, tamamlanmayan çəkilişlərindən ibarət idi. Avtobioqrafik xarakter daşıyan çəkilməyən “Etiraf” filmi, məsələn. Paracanov – Paracanov haqqında… Sadəcə təsəvvür edin bu necə film ola bilərdi...

Nənənin kürk paltosu haqqında “Mənim nənəmin kürk paltosu var idi. Bolşeviklərdən əvvəl kürk paltonu Xalq Daxili İşlər Komissarlığında gizlətmişdilər, çünki kürk təbii idi, fransız çöl pişiyinin tükündən idi. Babam onu tütün fabriki sahibindən almışdı. Sovet hakimiyyəti dövründən əvvəl nənəm onu iki dəfə geyinmişdi. Bu, ilk dəfə gecəyarısı qar yağanda olmuşdu, babam onu yuxudan oyadaraq demişdi: “Dur, xəz paltonu geyin, bax necə qar yağır!” Nənəm yerindən qalxdı, gecə paltarının üstündən xəz paltosunu geyindi və evin kandarında dayandı, bütün gecəni babamla qucaqlaşaraq. O səhəri indiki kimi xatırlayıram, nənəm yaş xəz palto ilə qapının ağzında dayanıb... İkinci dəfə isə onu babamın dəfn mərasimində geyinmişdi. O avqustda ölmüşdü… Qonşular ona dedi ki, xəz paltonu geyin. Onu əhatəyə alıb, xəz paltoya, sonra da babamın qəbrinə baxıb xorla ağlayırdılar. Bundan necə bir film alına biləcəyini təsəvvür etmək belə axmaqlıq idi. İkinci dəfə “əyildikdən” sonra Paracanov Kiyevdə məskunlaşdı. Sosial reabilitasiya ildırım sürəti ilə gediridi, Paracanov eyni tempdə dost sayını artırmağa və düşmənlər qazanmağa malik idi. Düşmən qazanması sayca daha çox və məqsədli şəkildə edilirdi. Kiyev dövrü Paracanovun saysız-hesabsız qəribəlikləri ilə zəngindir, bu hərəkətlər qısa müddətdə onu yerli partiya rəhbərlərinin əsas başağrısına çevirmişdi. Beləliklə, mənim kolleksiyamın həqiqi bəzəyi...”

44


Paracanovun Lenin mükafatına sahib olmaması tarixçəsi Rejissor Qriqoriy Roşal Paracanovu Marks rolunu ifa etməyə dəvət edir. Fakt özü-özlüyündə ağlasığmazdır, ancaq faktdır: “zahiri oxşarlıq, temperament, faktura”. Bir sözlə, Roşal əmin idi ki, tam onluqdan vuracaq bu rol. Paracanovu çəkilişlər üçün Moskvaya dəvət etdilər. Əvvəlcə o bunun zarafat olmadığını müəyyənləşdirmək üçün dostlarını sıxışdırdı. Ancaq əmin olanda ki, bu cəfəngiyat deyil, çəkilişlərlə bağlı teleqramı hamıya göstərib deyirdi: “baxın, görün həyatda nələr olur!” Ancaq heç cür razılıq vermirdi. Roşal təkid edirdi: “Bizdə Marksın roluna xüsusi dramatik yanaşma

tərzi var, başa düşürsən? Heç bir ikona! Ağıllı, şən, damarlarında enerji qaynayan, ətdən və qandan ibarət yer adamı. Başa düşürsən, Seryoja, bu nə deməkdir?” Paracanov isə cavabında: “Bəli, başa düşürəm, bu, Lenin mükafatıdır”. Roşal utanaraq: “Əvvəlcədən belə danışmırlar. Ancaq təbii ki, film diqqətdən kənar qalmayacaq, xüsusilə baş rolun ifaçısı...” Maraq üçün qeyd edək ki, filmdə Enqels rolunu Andrey Mironov oynamalı idi. Paracanov Moskvaya gəlir. Sınaq çəkimləri başlayır. Roşal bir az həyəcanlıdır, ancaq özünü gümrah tutur, əmindir ki, “nəticədən sovet hökuməti valeh olacaq”. Əsasən Marksa tam azadlıq verir: “Sən ki özün rejissorsan! Səhnəni quraşdır. Al sənə

qaz lələyi, kerosin lampası, stol və dəftər. Yaz, fikirləş, istədiyini elə.” – “Yumor hissi ilə olar?” – “Bax elə məhz yumor ilə! Afərin! Haydı, başladıq.” Paracanov-Marks dəftəri aldı əlinə. Lələkli əl özü-özlüyündə yaradır: “Bütün proletarlar...” O fikirləşir: “Hamısımı? Yox, səhv yoxdur, məhz hamısı. Hamısı, tamamilə dəqiq. Hamısı, hamısı, səhv ola bilməz!” Ancaq... nəsə onu narahat edir. Sonra o, saqqalını sağa tərəf darayır. Yenidən düşünür. “Bütün ölkələrin proletarları...” Neyləməlidirlər ki, proletarlar? Nə? Ola bilər, bəlkə birləşsinlər? Sol yanağında eyni qıcıqlanma, demək olar ki, isterika həddində. Bir dəqiqiəlik aydınlanma. Hə, görünür, onlar birləşməkdən başqa heç nə etməli deyillər. Hə, hə, qoy birləşsinlər. İmkan verək! İndi hər iki yanağı od içindədir. Marks lələyi atır, barmaqları ilə dəftərdən nətər gəldi nələrisə dartıb çıxartmaq istəyir, səhifələrə barmaqları ilə döyməyə başlayır. Pavilyonda tam sakitlik, təkcə kamera səs edir – onu söndürmək operatorun yadından çıxıb. Roşalın gözləri dolub. O özünə gələrək deyir: “Göstərmədən məhv

edin! Əclafı da maşına mindirin, vağzala aparın!”

Bu müddət ərzində Paracanov, təbii ki, təkcə həqiqi marksist rolunda sınaqlara qatılmadı. O, Kiyevdə film çəkdi, daha doğrusu, çəkməyə cəhd etdi. İş şəraiti hər zamankı kimi dözülməz idi.

Paracanovun iti gözü barədə tarixçə Hər şey Paracanovun bir dəfə poçt idarəsinə girib bu mətnli teleqram göndərməyi ilə başıladı: “Moskva. Kreml. Kosıgin. Sovetlər birliyində işsiz yeganə

rejissor olduğum üçün, əminliklə sizdən xahiş edirəm ki, mənim lüt halda İran-Sovet sərhəddindən keçməyimə imkan verin, ola bilər ki, İran kinosunun təsisçisi oldum. Paracanov”. Kosıgin cavab vermədi. Ancaq düşünürəm ki, çox heyrətlənmişdi.

Kommunist Partiyası Mərkəzi Komitəsinə qəzəblənmiş Kremldən bu tipli bir siqnal gəldi:

45


“Siz deyəsən ağlınızı itirmisiniz?!” Elə bu günlərdə Paracanov qalmaqallı qiymətli

əşyaların yenidən satın alınması ilə bağlı məsləhətçi kimi dəvət olunmuşdu. Məhkəmədə ortalığa çıxan məbləğlər o zamana görə kosmik dərəcədə idi. Müstəntiq:

“Siz zərgərlik məsələsində bilici, kolleksiyaçı, ekspertsiniz. Deyə bilərsinizmi ki, bu dəyərli əşyaların alıcısı kim ola bilər?” – “Çox sadə”, – Paracanov gülümsəyir, – “əgər gərək varsa, çox sadə.” – “Kim?!” – müstəntiq artıq xəyalən çiynində yeni ulduzlar üçün yer ayırmışdı. “Xanım Şelest” (Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibinin həyat yoldaşı) – deyə Paracanov cavab verir. Deyilənə görə, müstəntiq təzə doğulan

uşaq kimi bağırır. Növbəti gün Paracanovu istintaqa çağırırlar. Böyük kabinet. İldırım və şimşək vəd edən sakitlik. Qaşqabaqlı şəkildə gözlərini qaldırmadan kabinetin sahibi soruşur: “Belə, nə ilə gəlmisiniz?” – “İncəliklə”, – təsirli bir şəkildə kipriklərini qırparaq Paracanov cavab verir. “Necə-necə?” – sahib gözlərini dövlət vərəqlərindən qaldırıb qonağa zillədi. “Məsələ burasındadır ki, sizin kabinetin dəstəyi üzərində lirə çəkilib,” – canfəşanlıqla Paracanov izah edir, – “belə çıxır ki, siz daxilən rəssamsınız. Rəssam isə həmişə digər rəssamı anlayır!” Kabinetin sahibi ayağa qalxır, qapıya yaxınlaşır, dəstəyə baxır, fınxırır və başını qaşıyaraq heyranlıqla deyir: “Neçə vaxtdır buradayam, ancaq heç fikir verməmişəm. Lənət şeytana, iti gözlər!”. Deyilənə görə, bu görüş birinci dərəcəli simanın “Sovetlər Birliyindəki yeganə işsiz rejissoru” hər sahədə dəstəkləyəcəyi, həm sözdə, həm də əməldə ona kömək edəcəyinə dair verdiyi sözlərlə sonlanır. Əslində isə məhv olmuş ssenarilər, dağıdıcı məqalələr ilə birlikdə filmlər rəflərdə idi. Ukrayna mətbuatının yazdığına görə, «sürreallığına və uyğunsuzluğuna görə” “Kiyev Freskaları”nı bağladılar. Paracanov bacardığı kimi intiqam alırdı – “sürreal”.

46


Yeni il ərəfəsində türmədə olan Paracanovu doğma qardaşının ziyarət etməsi tarixçəsi Məhkum Paracanov nadir hallarda çoxsaylı dostlarından, tanışlarından və tələbələrindən məktublar alırdı. Ancaq həbsxana müdriyyətini narahat edərək müntəzəm olaraq hansısa F. Fellinidən beynəlxalq göndərişlər gəlirdi. Göndərişlərin məğzi belə olurdu: “Sənin taleyin barədə narahatam, sən axı böyük insansan, möhkəm ol” – və sairə. Yeni il ərəfəsində həbsxananın rəisi Paracanovu çağırır və deyir: “Bu adı çəkilən Fellini kimdir?” Paracanova növbəti məktubu çatdırır: “Yeni il münasibəti ilə təbrik edirəm. Tezliklə görüşməyə ümid edirəm.” – “Bunu necə başa düşmək olar, vətəndaş Fellini tezliklə vətəndaş Paracanovu görəcək?” – “A-a, Fyedor!” – Paracanov süzgün-süzgün cavab verir. – “Demək, bu mənim doğma qardaşımdır.

İtaliyada yaşayır. Belə alındı ki, mənim nənəm İtaliya inqilabçı-millətçilərindən olub, hətta jandarmlara atəş də açıb, onlara keçməyə imkan vermirdi: jandarm görən kimi atəş, yenə atəş! Hələ oktyabrist olduğu vaxt Fyedoru nənənin yanına göndərirlər və həbsxanada tutulduğu radikulit xəstəliyindən əzab çəkərək ağrı-acı içində ölən nənənin xahişi ilə Fedor orada qalıb tərbiyə olunub böyüyüb. İtalyanca “sınmaz” mənasını verən Fellini soyadı da nənənin şərəfinədir. Qardaşının yeni ilini təbrik etmək üçün Fyedor gəlmək istəyir, gör neçə ildir ki, görüşmürlər (göz yaşlarına hakim ola bilmir), həmçinin italyan zəhmətkeşlərinin Yeni ili qeyd etmələri barədə mühazirələri ilə birgə. Necə düşünürsünüz: doğma həbsxanamızda birlikdə Yeni ili bütün qayda-qanunları ilə qeyd etməyə şərait yaradan qardaş İtaliyadan gələn mühazirələr lazımdırmı, yoxsa yox?!”

Həbsxananın baş gözətçisi çox sürətli bir şəkildə dövrə vurdu. Və yuxarı rəhbərliyə bu cür siqnal göndərdi: “Məhbus Paracanovun qardaşı Fyedor Fellininin

gəlişi ilə Yeni ili qeyd etmək üçün çox gözəl imkan. Xahiş edirik, icazə verin.” Yuxarılardan cavab gəldi: “Razılığa gəlmək lazımdır”. Xahiş “yuxarılara” getdi. Daha

da yuxarılara! Rusiya həbsxanalarının Moskva rəisi “vətəndaş Fyedor Fellini” sözünü görüb şübhələndi. Onu 11 ay sonra “şərti azadlığa” buraxmışdılar. Paracanovun azadlığı üzrə beynəlxalq komitədən olan Lui Araqon (dünya ictimaiyyətinin narazılığını bildirən belə bir komitə var idi: bəşəri dəyərli bu rejissoru daha neçə dəfə həbs etmək fikriniz var?!) Brejnevə yalvarmışdı, o da öz növbəsində rejissorun azadlığına razılıq vermişdi. Paracanov təxminən 6 ay həbsxanalarda tapılmadı. O artıq Paracanov deyildi, adi bir məhbus idi. Tez-tez onu bir həbsxanadan digərinə göndərirdilər. “Ən

qorxulusu, – Paracanov deyirdi, – gecə səni astaca ayağından oyatmaları idi. Deməli, başqa həbsxanaya aparacaqlar”. Həbsxana haqqında Paracanov çox həvəslə danışardı, əmin edərdi ki, “həbsxana təcrübəsini kolleqalarına ötürmək lazımdır”. Daha doğrusu, bu təcrübə onlara lazım olacaq. O,

Tarkovskiyə demişdi: “Dahi olmaq üçün sən heç olmasa iki il həbsxanada yatmalısan. Bunsuz dahi rejissor olmaq mümkün deyil”. Son bir neçə ildə o, xəstəlikdən əziyyət çəkirdi, daimi və ağır xəstəlikdən. Necə deyərlər, dəyişmişdi – qapalı, ləyaqətsiz olmuşdu. Axı onun buna mənəvi haqqı var idi. Həmişə.

47


Filmoqrafiyası Rejissor işləri:

1954 – “Andrieş” 1958 – “Birinci oğlan” 1961 – “Ukrayna rapsodiyası” 1962 – “Qaya üzərində çiçək” 1964 – “Unudulmuş əcdadların kölgələri 1969 – “Nar rəngi” 1984 – “Suram qalası haqqında əfsanə” 1988 – “Aşıq Qərib” 1990 – “Etiraf” (Filmi bitirə bilmədi. Orijinal neqativlər “Paracanov – son bahar” filmi ilə birləşdirildi)

Ssenarilər:

1965 – “Etiraf” 1969 – “Nar rəngi” 1989 – “Brubele haqqında etüdlər” 1990 – “Qu quşu gölü. Ərazi.” (İlyonko ilə birlikdə)

48


Müəllif: Şahin Xəlil

Savelİy Kramarovun həyatı


Saveliy Kramarov 13 oktyabr 1934-cü ildə Moskvada doğulub. Atası Viktor məşhur vəkil idi və NKVD tərəfindən iki dəfə həbs olunmuşdu. Anası Benedikta isə aktyorun 16 yaşı olarkən dünyasını dəyişmişdir. Teatr universitetinə daxil olmaq istəyən Saveliyə bu müəssər olmayıb. Təhsil almaq üçün aktyor Moskva Dövlət Meşə Universitetinə daxil olur. Tələbə ikən teatr studiyasında fəaliyyət göstərir. Təhsilini başa vurduqdan sonra bir müddət ixtisası üzrə işləyir. Amma aktyor olmağı qarşısına məqsəd qoyduğundan ixtisasından uzaqlaşır və özünü kinoda sınamaq qərarına gəlir. Müxtəlif kinostudiyalara məktublar yazır və nəhayət, bir məktubuna müsbət cavab verilir. Və beləliklə, gələcəyin böyük aktyoru böyük kinoya qədəm qoyur. Atasının məhbus həyatı, dayısının yəhudi kökənli olması aktyorun qarşısına maneələr çəkir. Bir qədər də xarici görünüşü ona mane olur. Aktyora ikinci, üçüncü dərəcəli qısa rollar verirlər. Aktyorun əsl uğuru "Uğur centlmentləri" filmi ilə gəlir. Üç əsas obrazdan biri olan "Çəpgözü" canlandıran Kramarov bütün istedadını ortaya qoyur və beləliklə, SSRİ kinosunun ən sevimli obrazlarından birinə çevrilir. Kobud üz cizgiləri isə aktyoru daha da sevdirib, yaddaqalan edir. Film inanılmaz rekorda imza atır. 65 milyon izləyici sayı! Bu rekord heç bir SSRİ istehsalı olan film üçün bir daha təkrarlanmayacaqdı. Kramarov həmin ərəfələrdə yoqa ilə məşğul olmağa başlayır. Sinaqoqları ziyarət edir və bütün bu şeylər onun haqqında mənfi fikirlər yaradır. Aktyoru sıxırlar. Uzun müddət heç bir filmə dəvət etmirlər. Unudulmuş aktyorda küskünlük yaranır və o, SSRİ-dən Amerikaya köçməyi qərara alır. Bu, elə də asan proses deyildi. Çünki, qanuna görə, əgər aktyor ölkəni tərk edəcəkdisə, onun bütün filmlərinə qadağa qoyulacaqdı. 40-a yaxın filmə çəkilmiş aktyor üçün bu faciəyə bərabər idi. Buna baxmayaraq, Saveliy qərarında qəti idi. Nəhayət, Amerika prezidenti Reyqana yazdığı açıq məktubun "Amerikanın səsi" radiosunda efirə getməsindən sonra ona ölkəni tərk etmə razılığı verildi. 31 oktyabr 1981-ci ildə aktyor SSRİ-dən Amerikaya mühacirət etdi. Onun iştirak etdiyi filmlərə qadağa qoyulmadı, amma titrlardan onun adı götürüldü...

50


51

Amerikada 10-a yaxın filmdə ikinci dərəcəli obrazlar yaratdı. Bir müddət sonra ev, maşın aldı və 3-cü dəfə ailə həyatı qurdu. Rusiyaya aktyor 1992-ci ildə qayıtdı – "Kinotavr" festivalının fəxri qonağı qismində. İkinci qayıdışı isə 1994-cü ildə oldu. 1995-ci ildə isə aktyor kəskin mədə ağrısından müraicət etdiyi Amerika klinikasından ömür boyu qorxduğu bir xəbər aldı: "Siz xərçəngə yoluxmusunuz"... Aktyor üçün xəstəliklər həmişə fobiya olub. Hətta son illərə qədər səhərlər qaçır, sağlam həyat sürürdü, içkidən və siqaretdən heç vaxt istifadə etməmişdi. "Uğur centlmentləri" filmindəki qar səhnəsi belə yay ayında çəkilmişdi. Aktyoru təcili əməliyyat edib, şişi götürdülər. Amma onun vəziyyəti daha da pisləşdi. Nəticədə 1995-ci ilin 6 iyununda böyük gülüş sahibi San Fransisko klinikasında dünyasını dəyişdi və elə orada da dəfn edildi.


İŞIQLA ÇƏKİRƏM

5 fb.com/isiqlacekirem


Tərcümə: Samirə Əşrəf

Marqarİta Terexova

Gözəllik mənə xoşbəxtlik gətirmədi...


Rusiyanın ən məşhur aktrisalarından biri olan Marqarita Terexova 25 avqust 1942-ci ilə Sverdlovski vilayətinin Turinsk şəhərində doğulub. Yeniyetməlik illərində o, ailəsi ilə birlikdə Daşkənd şəhərinə köçməli olur. Marqarita orada orta məktəbi qızıl medalla bitirib Daşkənddəki universitetlərin birinə daxil olur. Həmin illər onu daima gənc və yaraşıqlı oğlanlar əhatə edirdi. Rejissor Yunqvald o günləri belə xatırlayır: “Biz

Ritayla Daşkənddə tanış olduq. Rita parlaq gözəlliyə və möhkəm xasiyyətə malik qız idi. Bizim auditoriyanın oğlanları onun gözəl ayaqlarına, yaraşıqlı bədən quruluşuna və vaxtından əvvəl inkişaf etmiş sinəsinə məftun olmuşdular.”

O, iki il orada oxuduqdan sonra Moskvaya getmək fikrinə düşür. İlk vaxtlar bu onun üçün çox müşkül məsələyə çevrilir. Çünki Marqaritanın oxumaq istədiyi ali məktəb abituriyentlərin çoxluğundan qəbulu dayandırmaq məcburiyyətində idi. Bircə ümid Sergey Gerasimov adına Dövlət Kinematoqrafiya Universitetinə qalmışdı. Lakin nədənsə Rita – gələcəyin ulduzu orada da heç kimin diqqətini cəlb edə bilmir. Marqarita isə qarşısına çıxan maneələrdən qətiyyən sarsılmır. Və tale onun bu möhkəmliyinin, sarsılmazlığının cavabını tezliklə verir. O, Massovet adına teatrın tərkibində yaradılan studiyaya qəbul olunur. Onun istedadı burada özünü tezliklə büruzə verir və o, truppanın aparıcı aktrisalarından birinə çevrilir. Marqaritanın həm aktrisa, həm də qadın kimi nəzərə çarpması truppanın tərkibində olan digər qadın aktrisaların qısqanclığına səbəb olur. Studiyanın nəzdindəki kursu bitirdikdən sonra aktrisa həmin teatrda fəaliyyətə başlayır. 1983-cü ilə qədər o, teatrın səhnəsində “Sezar və Kleopatra” (1964), “Klounun gözləri” (1968), “Cinayət və cəza” (1978) kimi tamaşalarda yaddaqalan obrazlar yaradır. Aktrisanın kinoda ilk işi 1965-ci ildə çəkilmiş “Salam, bu mənəm” filmindəki Tanya obrazı ilə başlayır. Ardınca Marqarita iki rola birdən dəvət alır. O, Pavel Lyubimovun “İti axan dalğalar” filmində iki qadın obrazını Biçe Saniel və Frezi Qrantı canlandlrır. İlk vaxtlar aktrisa o qədər də çox filmlərə çəkilmir. Lakin onun çəkildiyi hər film unudulmaz olur. “Belarus vağzalı”, “Monoloq” kimi filmlərdən sonra aktrisa tamaşaçıların yaddaşında daha dərin iz buraxır.

İlk evlilik... Yazılanlara görə, aktrisa üç dəfə ailəli olub. Onun birinci əri aktyor Vyaçeslav Buçenko olub. İkinci əri Savva Xaşimovla tanışlıq 1988-ci ildə Bolqariyada “İti axan dalğalar” filminin çəkilişləri zamanı baş verir. Həmin vaxtı Xaşimov məşhur bolqar aktyoru, cavan, yaraşıqlı və qadınların sevimlisi idi.

54


Elə ilk vaxtdan onların arasında məhəbbət başlayır. Nəhayət, Marqarita hamilə olduğunu öyrənir. Xaşimov bundan xəbər tutanda Marqarita artıq Moskvada olur. Başqa qadınla ailəli olan aktyor tez bir zamanda Marqaritaya məktub yazıb ona evlilik təklif edir. Xaşimovun təklifi aktrisanı təəccübləndirsə də, o, həmin məktuba yox cavabı verə bilmir. Xaşimov Marqaritanın ardınca Moskvaya gəlir. Və onlar birlikdə yataqxanada yaşamağa başlayırlar. Tezliklə onların qızı Anna dünyaya gəlir. Savva həmin günləri belə xatırlayır: “Biz xoşbəxt idik. Birlikdə olmaq bizim üçün çox yaxşı idi. Marqarita ilə birlikdə

qızımız Annanı gəzdirməyi çox sevirdik. Xoşbəxt və romantik çağlardı!”

Təəssüf ki, bu nikah elə ilk günlərdən təhlükə ilə üz-üzə idi. Gənclərin ev sahibi olmaq imkanları yox idi. Üstəlik Xaşimov da Moskvada yaşamaqdan təngə gəlirdi. O, öz ölkəsini və oradakı maraqlı peşəsinin həsrətini çəkirdi. Terexova isə ərinə görə Moskvanı tərk etmək istəmirdi. Yarım ildən sonra onlar ayrıldılar. Ayrılıq hər iki tərəf üçün çətin və ağır olsa da, onlar daima dost olaraq qalmağı bacardılar. Marqarita üçün Savvadan ayrılmaq çox çətin oldu. Bu ayrılıq aktrisanı daha ağır və soyuqqanlı etmişdi. Studiyanın nəzdindəki kursu bitirdikdən sonra aktrisa həmin teatrda fəaliyyətə başlayır. 1983-cü ilə qədər o, teatrın səhnəsində “Sezar və Kleopatra” (1964), “Klounun gözləri” (1968), “Cinayət və cəza” (1978) kimi tamaşalarda yaddaqalan obrazlar yaradır.

İmicin dəyişdirilməsi dövrü Hələ ilk filmindən Marqarita aktrisa kimi özünün bütün bacarığını göstərə bildiyindən diqqətli rejissorların nəzərini cəlb etdi. Onun fitri istedadı və aktrisalıq qabiliyyəti Andrey Tarkovskinin gözündən yayınmamışdı. Bunun üçün də rejissor 1974-cü ildə ekranlaşdırdığı “Ayna” filmində Terexovaya həm qəhrəmanın arvadı, həm də anası obrazını həvalə etməkdən çəkinmədi. Terexova hər iki rolun öhdəsindən məharətlə gəlməyi bacardı. 1977-ci ildə aktrisa Frid Yanın “İtlər səhnədə” filminə çəkilir. 1978-ci ildə isə Georgi Yunqvaldın ekranlaşdırdığı “Dartanyan və üç müşketyor” filmində Ledi Vinter obrazını canlandırır. Lakin həmin filmə olan dəvətə aktrisa bir müddət razılıq vermir. Bunun səbəbi isə Yunqvaldın 1969-cu ildə çəkdiyi “Təhlükəli qastrol” filmi olur. Belə ki, rejissor həmin filmə Terexovanı təsdiq etsə də, Qoskino onu məcbur edir ki, baş rola Marqaritanı yox, aktrisa Lionella Pırevanı təsdiqləsin. Rejissor isə onlara güzəştə getməli olur. Məhz bu səbəbdən Marqarita Xilkeviçdən bərk incik düşür. Ancaq “Dartanyan və üç müşketyor” filmində Xilkeviç yenidən Marqaitanın ev nömrəsini yığır və deyir: “Rita, məni xilas et.” Bu filmə çəkilmək də aktrisa üçün asan olmur. Qoskino bu dəfə də həmin rolu Ledi Vinter yox, Ledi Penkina kimi təqdim etmək istəyir. Xilkeviç həmin günləri belə xatırlayır: “Mən Miledi Penkina sözünü eşidən kimi sənədləri əzib Peterburqa getdim”. Marqarita isə öz növbəsində deyir: “Ya mən onların “müşketyoruna” çəkilməyəcəyəm, ya da öz istədiyim kimi çəkiləcəyəm”. Çarəsiz qalan rəhbərlik Marqarita ilə razılaşıb onu rola təsdiq edirlər.

55


80-ci illər...

80-ci illərin əvvəlində aktrisa artıq təsvirolunmaz şöhrətin zirvəsində idi. Həmin illər o, özünün daha bir parlaq obrazını yaratmağa nail oldu. Söhbət 1980-ci ildə ekranlaşdırılmış “Dindar Marta” filmindən gedir. Həmin filmdə aktrisa baş rollardan birini ifa edirdi. Məhz həmin dövrdə aktrisanın yaxın dostu Tarkovski öz ölkəsində təqib olunurdu. Aktrisa dostuna hər cür kömək etməkdən çəkinmirdi. Lakin, o, öz gündəliyinə bu sözləri də qeyd etməyi unutmamışdı: “Yadda saxla, Rita, bu anlar çox kədərlidir.

Maraqlıdır, sonra nələr baş verəcək?”

Aktrisa etiraf edir ki, həmin dövrlər onu bir çox çətinliklərdən yenicə doğulmuş oğlu Saşa xilas edir. Saşa 1981-ci ildə dünyaya gəlir. Onun atasının kimliyi barədə heç kim heç nə bilmir. Terexova oğluna öz soyadını verir. Elə həmin illərdə aktrisa üçüncü dəfə rejissor Georgi Qavrilovla ailə həyatı qurur. Başı öz övladlarına qarışan Marqarita 80-ci illərin sonlarında bir neçə filmdə rol alsa da, əvvəlki müvəffəqiyyəti əldə etmir, ta ki, “Çayka” filmi ekranlarda görünənədək... Həmin filmdə oğlu ilə tərəf müqabili olan aktrisa çox yaddaqalan olur. Ən maraqlısı isə oğlunun həmin filmin titrlərində Tureyev soyadı ilə getməsi olur.

Ömrün ahıl çağı...

Kədərli də olsa, hal-hazırda yetmiş iki yaşında olan aktrisa ağır tale yaşamaqdadır. O, artıq xeyli vaxtdır ki, nə teatrda, nə də kinoda heç bir rol ifa etmir. Üstəlik yaddaşsızlıqdan və yaşlılığın gətirdiyi digər xəstəliklərdən əziyyət çəkir. O, yaddaşını itirir və içki içir. Müsahibələrinin birində aktrisa öz həyatının indiki dönəmindən kədərlə bəhs edir:

Gözəllik mənə heç bir xoşbəxtlik bəxş etmədi. Mənə elə gəlir ki, bütün ömrüm boyu məni ancaq bircə kişi ürəkdən sevib – Andrey Tarkovski! Qızım çoxdan ailə qurub öz ailəsinin qayğıları ilə məşğuldur. Oğlumla münasibətimiz isə dözülməz həddədir. O, demək olar ki, mənimlə danışmır. Bir evdə yaşasaq da, o, yeməyini belə məndən ayrı hazırlayır. Səhərlər mənimlə salamlaşmır belə... Hal-hazırda aktrisaya qızı baxır. Oğlu Saşa isə xeyli vaxtdır anası ilə görüşmür. Mətbuat bir neçə dəfə aktrisa ilə görüşməyə cəhd etsə də, köməkçisi və qızı Anna onun heç kimi və heç nəyi xatırlamadığını bildirərək görüşdən imtina etmişlər.

56


Tərcümə: Şahin Xəlil

Oleq İvanovİç Yankovskİ ilə müsahibə

Oleq İvanoviç Yankovski 23 fevral 1944-cü ildə Qazaxıstanda doğulub. Gənc yaşlarından incəsənətə olan marağı onu öncə teatra, daha sonra isə kinoya gətirdi. 85 filmdə rol alan SSRİ-nin xalq artisti 65 yaşında dünyasını dəyişdi. Dahinin 60-cı illiyində verdiyi müsahibəni təqdim edirik.


Oleq İvanoviç, bu günlərdə 60 yaşınız tamam oldu. Təbrik edirik. Əla formadasınız. Sağlamlığınızı qoruyursunuz? Bunu deyə bilmərəm. Amma gənclik illərimdə geydiyim cinsləri indi də geyə bilərəm. Yəni ölçülər dəyişməyib. Konstruksiyam belədir. Bir zamanlar "Lenkome"-də bizim futbol komandamız var idi. Tatyana İvanovna Peltser – qurucu, Yevqeniy Pavloviç Leonov isə məşqçimiz idi. Əyləncəli vaxtlar idi. Hər kəs gənc idi. Sonradan bizim nəsil qocalmağa başladı, axsamalar yarandı. Baxın, hər kəs məni 60 illiklə təbrik edir. Nəyi təbrik edirlər ki? Yaxşı nə var ki bunda? Şikayət etmirəm. Ailəm var, evim var, işim var. Məhz bunlarda yaşın önəmi var.

Siz həyatınızdakı hadisələri yönləndirməyi xoşlayırsınız, ya intuisiyanıza güvənirsiniz? Məsələn, bu rolu oynadım, sonra yeni, daha maraqlısını, ya planlaşdırırsınız? Ev tikim, övladıma öz ayaqları üstə durmağı öyrədim... Mən sadəcə anlamışam ki, qismət məni öz arxasınca aparır. Əgər nəsə alınmırsa, demək, əvvəldən heç cəhd etməyə dəyməzmiş. Heç vaxt hansısa rol arzusunda olmamışam. Arzu etməyin nə mənası var ki? Yox, bizi əvvəldən öz arxasınca aparır qismət. Sadəcə bunu hiss etmək lazımdır. Xüsusən mən, aktyor peşəsində olan biri. O isə Tanrıdan gəlmə bir şeydir, elə deyil? Hər şey onun əlindədir. Kim bilir? Leonov bütün rollarda oynasa da, nə Hamleti oynadı, nə də Kral Liri oynadı. Mən çaşqın olduğum zaman öz peşəm haqqında düşünməyə başladım. Nədir mənim peşəm? Sadəcə oynamaq, ya canlandırmaq? Mən axı aktyordan əlavə, həm də cəmiyyət içində yaşayan bir insanam və yaxşı bilirəm, cəmiyyət nədən əzab çəkir. Məhz əzabı paylaşmaq – bax budur, bizim peşəmizin başlıca missiyası. Bəlkə də mən bunu çox böyüdərək dedim.

Bu qədər rol oynadıqdan sonra, hesab edirəm ki, sizin bu sözləri deməyə haqqınız çatır. Yeri gəlmişkən, çox az adam bilir ki, siz 70-ci illərdə Lenin "Lenkome"sini oynamısınız.

58


Oynamışam, hə, üstəlik qrimsiz. Ümumiyyətlə, Lenin balaca olanda mənim nənəmlə dostluq etmişdir. Atası nə vaxtsa xarici ölkə səfərindən onun üçün gözləri bağlanan gəlincik gətirmişdi. Balaca Volodenka isə, inadla gəlinciyin gözlərini çıxarıb, onların necə yumulmasını tapmağa çalışırmış. Nənəm qoca olmasına baxmayaraq, bunu ehtiyatla danışırdı.

Bəs həyatda Leninlə necə "xəstələndiniz"? Axı indinin özündə də onun obrazında yaşayan şəxslər var. Mən "Pravda" qəzeti oxuyanlardan azca çox məlumatlı idim. Bizim ailə repressiya edilmişdi. Atam Tuxaçevskinin dostu idi, elə buna görə yandı. Evdə də, doğrudur, "bəzi şeylər" haqqında xüsusi ehtiyatla danışılırdı. Bəzi kitablar oxunmuşdu. Əlbəttə ki, adyal altında. Ona görə mən Lenin obrazına komsomol düşüncəsi ilə yanaşmadım. O ki qaldı, indi də Lenin obrazında yaşayanlara, nə demək olar? Onları anlamaq olar. Bunlar əsasən çox qoca adamlardır. Qoy elə öz fikir və inamları ilə də yaşamağa davam eləsinlər. Çünki bu elə bütün faktlardan üstündür. Partiyada isə heç vaxt olmamışam. Baxmayaraq ki, Lenin rolundan sonra bu mənə təklif edilmişdi.

Sizdə o dövrlərin nostalgiyası yoxdu: kollektivlik, pulsuz təhsil, tibb, az pulla dolanmaq?

59


Yox. Ən azı ona görə ki, artıq bilirəm ki, o dövr bir daha təkrarlanmayacaq. Təkcə sovet mədəniyyətinə heyfsilənirəm. Sovetlər Birliyi – böyük bir qazan idi, orada müxtəlif mədəniyyətlər bir-birinə qatqılar qataraq qaynayırdı. Düşünürəm ki, biz bu itkidən hələ çox əziyyət çəkəcəyik.

Bir çox həmkarınız bu gün lazım olsa düşünmədən partiyaya üzv olarlar. Siz isə bu iştahda görünmürsünüz. Bunu etməmişəm, etməyi də düşünmürəm. Məni düzgün başa düşün. Vaxtında məndən Yeltsinin (Rusiya Federasiyasının ilk prezidenti) etibarlı üzü olmağa dəvət edəndə, mən düşünmədən razılıq verdim. Bu gün Putin üçün bunu istəsələr, mən yenə razı olaram. Yox, əgər bilsəm ki, belə prezident bizə lazım deyil, mən bunu etmərəm. Amma hansısa partiyaya heç vaxt üzv olmayacağam.

Sizin oğlunuz rejissor, xanımınız və gəlininiz isə aktrisadır. Sözsüz ki, belə ailədə hər kəs soyadın təsirini hiss edir. Bu hər zaman problem olub və olacaq. Başqa cür necə olsun? Bir çox aktyor uşaqları, sözün əsl mənasında, teatrda böyüyürlər. Uşaq ikən səhnələrə çıxırlar. Amma bizim peşədə hər şey çox tez öz yerini tutur. Əgər insan həqiqətən istedadlıdırsa, burada soyadın, köklərin heç bir rolu olmur. Əgər insan istedadsızdırsa, tamaşaçını aldada bilməz.

Estradada bu çox asandır. Bizim bəzi "ulduz" müğənnilər 3 notu canlı oxuya bilmirlər. Mən sizdən Rusiya kinosu haqqında soruşmaq istəyirəm. Deyəsən, son illər o, krizisdən çıxmağa çalışır. Amma tamaşaçılar üçün bu yetərli deyil. Təəssüf ki, bu belədir. Biz köhnə nəsli bu baxımdan xoşbəxt hesab etmək olar. Vladivostokdan Kalininqrada qədər olan kinoteatrlarda hər gün səhər saat 8-dən yerli filmlər nümayiş etdirilməyə başlayırdı. Milyonluq auditoriya! Amma indi kinematoqrafiyanın sualı artıq kinematoqrafiyaya yox, dövlətə aiddir. Onu dövlət miqyasında həll etməyə çalışmaq lazımdır. Bütün inkişaf etmiş ölkələrdə milli kinonu dəstəkləyən dövlət qanunları var.

Məşhurluğunuzu nəzərə alıb, sizə "seks simvol" deyib, təhqir etməyiblər? Ediblər! Artıq şükür ki, bu ifadəni daha gənc aktyorlara – Maşkova, Bezrukova, Menşikova yapışdırıblar. Mən sadəcə bir şeyi bilirəm ki, aktyor da, aktrisa da seksual olmalıdırlar.

60


Amma "seks simvol"unun da öz cəhətləri var. Yəqin ki, sizə də məktublar yazılıb, otel otağınıza soxulmağa cəhd edilib. İndi artıq yox. Amma əvvəllər... Siz hətta təsəvvür belə edə bilməzsiniz, bu necə bir şey idi. Əsas da qastrollar zamanı. Qızlar mənim avtomobilimi qaldırıb əllərində aparırdılar. Bu haqda nə qədər istəsəniz zarafat etmək olar, amma əslində bir çox aktyorlar məhz belə şeylərdə "sınıblar". Mənim necəsə ağlım daha dözümlü çıxdı. Daxili emosiyalara sahib çıxmaq, tərbiyədir.

Nə vaxtsa 80 yaşınız tamamlananda uzanıb, kefir içərək keçmişi xatırlayıb, heyfsilənəcəksiniz ki, məşhurluq imtiyazından istifadə etməmisiniz. Niyə düşünürsünüz ki, istifadə etməmişəm? Amma yenə də zarafatı kənara qoysaq, bütün bu şeylərin faciəvi tərəfi də var. Bunun necə bir şey olmasını anlatmaq çox çətindir. Ağlasığmaz məşhurluq qazanıb, bir saata onu itirmək. Əsas da aktrisalar üçün. Bu, elə bir faciədir ki, onu nə bir elm adamı, nə jurnalist, nə yazıçı, nə də rejissor yaşayır. Bu bütün dünyada belədir. Ona görə aktyor özünə öncədən deməlidir – nə vaxtsa bütün bunlar bitəcək. Başqa cür desək, hazırlaşmağa başlayırsan, cəsarət itir. Bizim peşəmiz isə elədir ki, gərək gözündə daim alov görünsün.

Oleq İvanoviç, hansı rolu heç vaxt oynamazsınız? Mən artıq bu yaxınlarda imtina etmişəm – Stalin. Volandanı (Bulqakovun yaratdığı obraz) da oynamazdım. Çünki ona toxunmaq olmaz. Məsih olan filmlər kimi. Hesab edirəm ki, ona da toxunmaq olmaz. Nə bu, nə başqa tərəfdən. Stalini isə ona görə oynamaram ki, aktyor yaratdığı obrazı anlamadan canlandıra bilməz.

Bəs oliqarx, bandit... Bunlardan da imtina edərsiniz? Don Karleone "Xaç atası"nda nədir? Banditdir? Yox, onu sadəcə bandit adlandıra bilməzsən. Bax, bu cür bir şey oynamağa imkan olsa əgər! Mənə oliqarx canlandırmaq maraqlı gəlmir. Bəzən mən düşünürəm... Baxın, hər tamaşa öncəsi gecə yata bilmirəm, səhnəyə çıxan zaman əllərim buz olur, dəhşət! Və bütün bunları mən öz-özümə etmişəm. Mazoxizm sanki. Mənim 60 yaşım var və bu nəyimə lazım? Sonra tamaşa vaxtı zal susub, hiss edirəm ki, izləyicilər arasında məşhur elm adamı əyləşib. Məndən daha çox bilgisi var və düşünürəm ki, axı onu necə təəccübləndirə bilərəm. Amma necəsə o ağlayır. Aktyorluq möhtəşəm peşədir. Mənə sual verirlər ki, onilliklərlə eyni bir tamaşada, eyni bir rolu necə oynamaq olar? Bəli, mən təkəm. Amma tamaşaçı kütləsi hər dəfə ayrıdır axı. Və hər dəfə, hər şey başqa cür gedir. Hər dəfə yeni cərəyanlar keçir tamaşa zamanı bədəndən. Hər dəfə.

61


Tərcümə: Şahin Xəlil

İlya Averbax ilə müsahibə İlya Aleksandroviç Averbax 28 iyul 1934-cü ildə Leninqradda anadan olub. Qısa ömrünə cəmi 9 film sığdıran İttifaqın əməkdar incəsənət xadimi, dahilərə xas ani ölümü ilə hər kəsi kədərə boğdu. Germandan tutmuş Mixalkova qədər hər kəs onun kimi çəkmək istəyirdi. Averbaxın digər rejissorlardan fərqi isə çəkdiyi filmlərin sadə insanların qəliz dünyaları haqqında olması idi. Averbax bütün filmlərində məhz insan psixologiyasını öyrənməyə çalışırdı. Peşəsini sevdiyindən həyatını kinoya həsr etmişdi. "Başqa şey bacarmadığım üçün rejissoram," – deyən böyük rejissorun son müsahibələrindən birini təqdim edirik.


Uşaqlıq illərinizin ən parlaq xatirəsi desəm, ağlınıza nə gələr? Valideynlərimin evindəki komfort və rahatlıq. Yanan soba, köhnə divan, hələ oxunmamış Turgenyev.

Gəncliyinizdə xoşbəxtlik kimi göstərə biləcəyiniz hansısa xatirəni yada sala bilərsiniz? Bu, Riqa dəniz kənarında baş verib. Gün batmaq üzrədir. Mən ayaqyalın evə qayıdıram. Üzərimdə hələ də günün istisi qalmaqdadır. Evə girirəm, orada isə məni moruq və qaymaq ilə qadın gözləyir.

Həyatda sizi nə sevindirir?

Reallığın ahəngdar qavrayışının xırda anları, hansı ki, çox nadir hallarda baş verir.

Nə ilham verir?

Sevgi, əgər o, həyatda bir dəfədən daha artıq ələ düşürsə.

Nə zövq verir?

Musiqi. "Matfeyin iztirabları"nda bir ariya var. Onu dinlədikcə mən ağlaya da bilərəm. Nə vaxtsa mən "Kül və almaz" (Anje Vaydanın filmi) filminə də heyranlıqla baxırdım.

Nə kədərləndirir?

O qədər çoxdur ki, saymaqla bitməz. Ən çox və geniş anlamda isə – anlaşılmazlıq divarı.

Hansı insan səhvlərini bağışlaya bilirsiniz, hansıları isə yox? Bağışlamaq onsuz da hər zaman çətindir. Özündən razılıq, özünə ifrat inama nifrət edirəm. Sadəlövhlük isə mənimçün ən bağışlanan çatışmamazlıqdır.

Özünüzdə nəyi bəyənmirsiniz?

Mən daxili əyləncəmi itirmişəm. Nə zamansa şən biri olmuşam. İndi isə kədərliyəm.

Nə ilə fəxr edirsiniz?

Keçmişimdən qalan bəzi şeylərlə. Fəxr edirəm deməzdim, amma bu şeylər məni digərlərindən fərqləndirir.

Həyatda hansı qaydalara əməl etməyə çalışırsınız?

Yaxın insanları incitməməyə çalışıram. Despot xarakterimə yer verib, heç kimə qarşı qanunlarımı qoymamağa çalışıram.

Sevimli məşğuliyyətiniz?

63


Mütaliə və sevdiyim insanla ünsiyyət.

Sevdiyiniz oyun? “Duraka” (kart) və basketbol.

Sevdiyiniz yazarlar kimlərdir? Gənc ikən və indi. Gənc ikən Stivenson, Dikkens, Hamsun. İndi isə Tolstoy, Çexov, Selincer.

Sevimli ədəbi qəhrəmanlarınız kimlərdir? Voland və Marqarita. Ümumiyyətlə, Bulqakov qadınlarını sevirəm. Bu, sevdiyim son rus qadın tipləridir.

Rusiya və Avropada sevdiyiniz tarix? Rusiyada keçmiş və indiki əsrin (20-ci əsr nəzərədə tutulub) əvvəlləri. Avropada isə orta əsrlər.

Qalibiyyət? Qalibiyyət nə deməkdir ümumiyyətlə? Mümkünsüz göründüyü zaman belə öz üzərində qələbə.

Sevdiyiniz fəlsəfi ideya? Fəlsəfəyə qarşı elə də meyilli deyiləm. Filosofları isə daha çox həmsöhbət kimi oxuyuram. Paskal, Kant, Şopenhauer – pessimistlər kampaniyası.

Sevdiyiniz sitat?

Tanrım... tanrılarım! Dünya gecələr necə də kədərlidir! 64


Tarkovskİ güzgüsü


Tarkovski kino sənətində fərdi üslubu ilə iz buraxmış rejissordur. Demək olar ki, bütün filmləri rejissorun öz şəxsi aləmini, fikirlərini, yaşadıqlarını, uşaqlığını əks etdirir. Filmlərindəki süjet xətti, hadisələrin dağınıqlığı tamlığı pozmayıb, əksinə filmi izlədikdən sonra bütün halında adamın ürəyinə hopur. Rejissor da, deyəsən, elə bunu istəyir: bizim təcrübələrimiz filmdə olan hadisələrlə üst-üstə düşməsin və bizə heç yaşamadığımız bir təcrübəni yaşatsın. Tarkovskidə “başa düşülməmək” istəyinin olduğu barədə fikirləşməyə dəyməz. Onun sənətçi şəxsiyyəti üzərinə belə bir fikri var: “Sənətçi “başa düşülən” olmaq arxasınca qaçmağı düşünə bilməz. Bu, ən az “başa düşülməyən” olmaq istəyi qədər axmaqdır”. Ümumiyyətlə, Tarkovski filmlərində simvolizm axtarılmasının tərəfdarı da deyil. Sadəcə filmlərinin izlənilməli olduğunu deyir. Ona görə də rejissorun bir filmini dəfələrlə izləyib, o film haqqında onlarla tənqidi məqalə oxuyursan. Daha sonra öz istəyinlə, ya da başqasının sualıyla o filmin nə haqqında olduğu və nəyi ifadə etmək istədiyini fikirləşməli olursan, amma heç bir şey ağlına gəlmir. Heç elə bil belə bir film izləməmisən. Amma filmin adını hər eşidəndə sinəndən bir həyəcan dalğası keçir. Bu isə filmi tamamilə ifadə edən bir şeydir. Onun filmlərini anlamaq üçün heç də intellektual baza, ya da təcrübə lazım deyil. Sadəcə ruhi, daxili bir təcrübə lazımdır. Tarkovskinin sadə, yalın, intellektual nümayişçilikdən uzaq olması filmlərində nümayiş etdirdiyi subyektivlilklə üst-üstə düşür. Anlaşılması çətin mövzulardan, Qərbin “intellektual” görüntüsündən uzaq şəkildə, yüksək təvazökarlıqla filmlərini çatdırması kino sənətinə bir rejissor kimi möhürünü vurdurmuşdur. Andrey Tarkovskinin xarakterini, onun necə biri olduğunu öyrənməyin ən yaxşı yollarından biri 1983-cü ildə olan “Cannes” film festivalında mükafatlandırma üçün Robert Bresson ilə səhnəyə çıxdığı videonu izləməkdir. Səhnədəki utancaq hərəkətləri, sadə geyimi, söz veriləndə çiyinlərini çəkməsi və sonra sadəcə italyanca “Təşəkkürlər” deməsi, verilən mükafatı əlindən yerə düşürməsi onun xarakterini çox gözəl üzə çıxarır. Tarkovski kinonun ciddi bir iş olduğunu, bunun bir əyləncə, vaxt keçirmək üçün vasitə olmadığını dəfələrlə qeyd etmişdir. Filmlərində iztirab, günahkarlıq, peşmanlıq, tənhalıq, sevgi, axtarış, qorxu, paxıllıq, zəiflik, təslim olma kimi insanın daxili aləminə, ruhuna xas olan mövzuların əhatəsində olması da bununla bağlıdır. “Möhürlənmiş zaman” adlı kitabında deyir:

Kino, ümumiyyətlə, başa düşülməsi çətin, yüksək bir yaradıcılıq ehtiva edən xüsusi sənət formasıdır. Bu, mən "başa düşülən" olmaq istəmirəm demək deyil, amma Spielberg kimi, məsələn ümumi kütlə üçün bir film çəkə bilmərəm. Əgər edə biləcəyimi kəşf etsəydim, acı çəkərdim. Əgər ümumi bir tamaşaçı kütləsinə çatmaq istəyirsinizsə, "Star Wars" və "Superman" kimi, sənətlə heç əlaqəsi olmayan filmlər çəkməlisiniz. Bununla xalqın axmaq olduğunu söyləmək istəmirəm, amma onları məmnun etmək üçün də qətiyyən belə bir iztiraba dözə bilmərəm.

66


Yuxarıda da qeyd edildiyi kimi, Tarkovski öz filmlərinin intellektual analizinə, onlarda simvolizm axtarılmasına qarşı olmuşdur. Rejissora görə, bir görüntü nə qədər nəzəri, spekulyativ qəlibə az salınsa, əsl məqsədinə o qədər yaxınlaşmış olar. Bu fikri daha yaxşı başa düşmək üçün onun öz sözləri bəsdir:

...İnsanlar "Ayna" filmini gördükdən sonra bu filmin ardında şifrələnmiş, gizli və fərqli hər hansı başqa bir məqsəd yatmadığına onları razı salmaq çox çətin oldu. Filmin gerçəyi söyləməkdən başqa bir məqsədi olmadığını açıqlamağa çalışdığımda həmişə şübhəylə qarşılandım, insanlar məyus oldular. Bəzi tamaşaçılar üçün bu şərhlərim həqiqətən də çox qaneedici olmadı. Sirlər, işarələr, məqsədlər arxasınca qaçdılar. Çünki onlar filmlə, görüntü ilə çatdırılan şeirə vərdişkar deyildilər; ki, bu da məni böyük məyusluğa uğratdı... Bu fikirləri dəfələrlə ifadə etməsinə baxmayaraq, bütün filmləri üzərinə intellektual analiz də oldu, simvolizm axtarışı da. Hətta bir filmi üzərinə kitab yazanlar da oldu. İndi isə onlardan bəziləri ilə tanış olaq. Tarkovskinin ikinci tammetrajlı filmi olan “Andrey Rublyov” (“Андрей Рублёв”) haqqında çox sözlər deyilmişdir. Film 15-ci əsr Rusiyasını, ikona və freska sənətçisi olan Andrey Rublyovu və onun mistik, saf, realist, mənəvi axtarışını əhatə edir. Bir tərəfdən müharibələr, döyüşlər göstərilərkən, digər tərəfdən də fərdi mənəviyyat təkamülünün mərhələləri təsvir edilir. Bu filmin analizinə gəldikdə isə deyiləsi bir neçə fikir var. Filmin başlanğıcında Yefim xarakteri özünü bir şara bağlayır, uçmaq istəyir. Aşağıda şarın iplərini tutub, onun uçmasını istəməyən insanlar olur. Yefim uçur, daha sonra isə uğursuz olur və yerə düşür. Bu səhnədə şarın iplərini tutanları ümumiləşdirərək onlara “kilsə zehniyyəti” demək olar. Yeniliyə, inkişafa, rasionalizmə qarşı olan “kilsə zehniyyəti”. Ümumiyyətlə, təkcə Rusiyada yox, bütün dünyada fəlsəfə, elm və başqa sahələrdə dinin, kilsənin qəti hakimiyyəti var idi o vaxtlar. Orta əsrlər əbəs yerə “qaranlıq dövr” adlandırılmayıb. Filmdəki Rublyov və Theophanes’in dialoqlarını da qeyd eləmək lazımdır. Bir yerdə Rublyov: "İndi hər şey və hər şey təkrar edir. Hər şey sonsuz bir dairədir və davamlı özünü təkrarlayır. Əgər İsa dünyaya qayıtsaydı, onu yenə çarmıxa çəkərdilər," – deyərək riyakarlığın və insanlığın qərarlı bir şəkildə dəyişimə necə də qapalı olduğunu başa salmağa çalışır. Bu, Rublyovun iztirabına səbəb olan ünsürlərdən və təkamül mərhələlərindən biridir. Filmin ən vacib məqamlarından biri də, tatarların kəndi qarət etdikləri zaman Rublyovun bir sənətkar və dindar, ən əsası da bir insan olaraq “müqəddəs dəliyi” xilas etmək üçün insan öldürüb “aydınlanma yoluna” addımını atmasıdır. Bu onun təkamülünün başqa bir mərhələsidir. İndiyə qədər öz “pislik” anlayışını dolduracaq qədər hisslər və davranışlar görmüş Rublyov, burada öz “pisliyi” qarşısında aciz qalır.

67


İşlədiyi bu böyük günahın bir bədəli olduğunu başa düşür və o səssizliyi seçir. İnzivaya çəkilmiş Andreyin köz halındakı daşları suya atması və oradakı qızın da lal-kar olması içindəki yanğını söndürməsinin izləridir. Axtarılan və əldə olunan aydınlanmanın, yəni Tanrı fikrinin əvvəldən qəhrəmanın qəlbində olması da nəzərə alınsa, bu təhlükəli axtarışın bir qovuşma yox, yenidən qovuşma cəhdi olduğu bilinir. Aydınlanmasının tamamilə dərin saflığında yaşayan qəhrəman, bu təcrübənin xoşbəxtliyini yaşayarkən, bunun, dünyanın dərdləri qarşısında ümidə dönüşməsi, ya da tamamilə dünyadan qopması seçimləri ilə qarşı-qarşıya qalır. Həqiqətə gedən yolun heç də saf olmadığını görür. Rejissor 1972-ci ildə “Solyaris” (“Солярис”) filmini çəkdi. Yaşayan zehin olan sularla əhatələnmiş Solyaris planeti. Planet dünyadan bura gələn insanların şüurunda və şüuraltında oyunlar oynayaraq yaddaşlarındakı hadisələri maddiləşdirir. Bu qəribə planeti araşdırmaq üçün qurulan bazaya filmin baş qəhrəmanı göndərilir. Qəhrəman planetin “müəmmasına” qapılarkən, öz keçmişi ilə üzləşməli olur. Bu film haqqında maraqlı bir fikir var. Filmi “kommunist Rusiyasının kapitalizmə qarşı etdiyi bir təbliğat” kimi şərh edirlər. Yəni bu film şüuraltı bir səyahətdir. Solyaris isə insanlara, onları xoşbəxt edən şeyləri göstərən ağıl kütləşdirici, ya da “həqiqi varlığı dərk etməyə mane olan şey” kimi göstərilir. Solyarisin insanlar üzərində yaratdığı təsirə, bura sonradan gələn Krisin tez adaptasiya olması da kapitalist dünyanın elastikliyini və ona uyğunlaşmağın asanlığını simvolizə edir. Kosmik bazada olan iki professor Krisə bu təsirə qapılmaması, bunların hamısının bir illüziya olması barədə dəfələrlə xəbərdarlıq edirlər, lakin o, kapitalizmin xəyali xoşbəxtliyinə özünü təslim edir. Kinoda kapitalizm “əslində olmayan şeyləri əvvəl yaradıb, sonra da onlara asanlıqla, lakin bir bədəllə – “rasional düşünə bilmə” bacarığının itməsi şərtiylə sahib oluna bilinəcək bir sistem” olaraq ifadə edilmişdir. Bu filmdə də Tarkovskinin digər filmləri kimi sovet bürokratiyası ssenariyə, filmin büdcəsinin paylanmasına, nümayişindən tutmuş beynəlxalq festivallara göndərilməsinə qədər bir çox mövzuda çətinlik yaratmışdır. Mərkəzi komitə “Solyaris” filmini izləyən kimi Tarkovskiyə qarşı 35 tələb və tənqid yönəldirlər. Bu tələblərin arasında çox gülməli məqamlar də var:

1. Gibaryanın intiharına səbəb olan şey, onun özünü yoldaşları üçün qurban etməsi olmalı idi. 2. Krisin şalvarsız gəzişdiyi səhnəni kəsin. 3. Elm humanist deyil? 4. Tanrı anlayışı filmdən çıxarılmalıdır. 5. Krisin hərəkət nöqtəsi cəmiyyətin hansı forması idi: sosializm, kommunizm, yoxsa kapitalizm? 6. Gələcəyin dünyasının müxtəlif bölgələrindən görüntülər olmalıydı. 7. Final: a) Krisin atasının evinə qayıtması daha realist ola bilməz? b) Tapşırığı tamamlamış olması daha açıq ola bilməz?

68


Təbii ki, Tarkovski bunaların heç birinə əhəmiyyət vermir. Daha sonra komitə Tarkovskiyə 6 maddəlik bir siyahı göndərir. O, bunları da qəbul etmir və filmi istədiyi kimi nümayiş etdirir. Gülməli bir şey vardısa, o da komitənin 35 maddəlik siyahısının sonunda “başqa etiraz yoxdur” yazmasıdır. Komitənin bu tələbləri, rejissorun bunları qəbul etməməsi avtomatik olaraq filmi yuxarıdakı “kommunist təbliğatı” kimi şərh edən fikrin tamamilə çürüməsinə səbəb olur. Son filmi olan “Qurban”ın (“Offret”) da özünəməxsus havası var. Film rejissorun ölümünə yaxın çəkilmişdir və dini elementlərin çox olduğu, ümidsizliyin son həddə olduğu filmdir. Aleksandr ateist, mütəfəkkir, aktyor və yazardır. Həyat yoldaşı isə aktrisadır. Bir qız və “kiçik adam” dedikləri oğulları ilə şəhərdən uzaq sakit həyat yaşayırlar. Uzun illər etdiyi araşdırmaların nəticəsində əmələ gəlmiş fikirləri, onu, texnologiyanın xeyirlərindən çox zərərləri olduğuna inandırmışdır. Filmdə işlədilən “son müharibə”, “artıq geriyə dönüş olmayacaq”, “son şans” kimi sözlər əsl insanların dövrünün bitdiyini, insanlığın davamlı pisə doğru getdiyini, dinə qayıtmağın da artıq dəlilik kimi başa düşülüb, kənara atıldığını açıqlayır. İnancla, ümidsizliklə dəli olmaq da artıq bir xəstəlikdir. Bu film, klassik sənət anlayışının, o dövrün ideal insanının sərt va acıqlı şəkildə vidasını göstərir. Gələcək heç bir ümid vəd etmir. Sonra da filmdə aktyorlardan biri gələcəkdən gəlmiş kimi: "Artıq nə məğlub edən zəfər qazanacaq, nə də məğlub edilən" deyir. Bu filmində rejissor daha yalın izahatı seçmişdir. Həyatı təmsil edən atların olmaması, onun öz içində həyata aid bir istəyinin olmadığını fikirləşməyə vadar edir. Suya daha spesifik məna yüklənmişdir. Tarkovski əks olunmalardan da istifadə etmişdir. Xüsusilə, bir ağacın əks olunduğu şüşənin arxasında görünən Leonardonun rəsm əsəri səhnəsi, hər iki sənət əsərinin, tanrıya və insana aid olanın möhtəşəm kompozisiyasıdır.

69


Ümidsizlik nə qədər filmin əsas mövzularından olsa da, sonda oğlunun, atası Aleksandr ilə əkdiyi ağacı sulaması, insana, o ağacın bir gün yaşıllaşacağı ümidini vəd edir. Tarkovskiyə müsahibələrinin birində: ”Filmin gedişində görünən it məhz nəyi simvolizə edir?” – deyə sual verirlər (söhbət “Stalker” filmindən gedir). O isə gülərək cavabında: “Sual və cavablar gecəsi” adlandıra biləcəyimiz şey, bax, elə

indicə başlayır, deyəsən. Əgər kadrda it varsa, o, mütləq itdən başqa da nəsə bir anlam daşımalıdırmı? Düzünü desəm, mən kimin sizə olanları bu cür mürəkkəb şəkildə qavramağı öyrətdiyini bilmirəm (gülümsəyir). Amma səmimi deyirəm ki, “Stalker”dəki it, elə itdən başqa bir anlam daşımır. Bir az zaraftlaşmağıma baxmayın, amma bu həqiqətən də belədir.” Doğrudur, filmləri analiz etmək, hər daşın altına baxmaq çox maraqlıdır və insana bir şey öyrətmə potensialı var. “Ölü ozanlar dərnəyi” (“Dead Poets Society”) adlı filmdə şagirdlərə poeziyanın mürəkkəb, qarışıq, anlaşılmayan qaydalarını oxudan John Keating (Robin Williams), uşaqlar oxunu bitirdikdən sonra onlara baxıb, kitabda yazılanlara fikrini bildirərək: “Excrement,” – (“nəcis”) – deyir, “boru döşəmirik, şeirdən bəhs edirik”. Bu sözlər filmlərə də aiddir. Kinonu analiz obyektinə çevirmək lazım deyil, bir şeylərin fərqinə varmaq üçün bir vasitə kimi qalması elə yaxşıdır. Beləliklə Tarkovski daha da irəli gedərək deyirdi:

Kino, insanlığa heç bir şey öyrədə bilməz, çünki insanlıq, heç bir şey öyrənə bilməyəcəyini son dörd min ildə kifayət qədər sübut etmişdir.

70


Tərcümə: Seymur Mütəllimzadə

Anatolİ Papanovun sonuncu yayı

Mən ömür boyu sevdiklərimə sadiq olmuşam və həmişə onları sevmişəm: yalnız 1 qadın, yalnız 1 teatr.


Bu ilin (2016) oktyabr ayında görkəmli aktyor Anatoli Papanovun anadan olmasının 94 illiyi olacaq. Artıq 29 ildir ki, o, bizimlə deyil... Tamaşaçılar onu həddindən artıq çox sevirdilər, amma aktyorun yaxın dostları elə də çox deyildi. O, bütün vaxtını ailəsinə və işinə həsr etmişdi. O deyirdi: “Mən ömür boyu sevdiklərimə sadiq olmuşam və həmişə onları sevmişəm: yalnız 1 qadın, yalnız 1 teatr”. O, çox kinolarda çəkilirdi. həm dramatik, həm də komik rollarda parlayırdı. Onun iştirakı ilə çəkilmiş “Sabah gəlin” (“Приходите завтра”), “Doğma qan” (“Родная кровь”), “Şikayət kitabçasını verin” (“Дайте жалобную книгу”), “Belarus vağzalı” (“Белорусский вокзал”), “Avtomobildən qorun” (“Берегись автомобиля”), “S. şəhərində” (“В городе С.”), “Brilyant əl” (“Бриллиантовая рука”), “Uğur centlmenləri” (“Джентльмены удачи”) kimi filmlər sovet kinosunun klassikasına çevriliblər. 1967-ci ildə Papanov məşhur “Hələ, dayan!” (“Ну, погоди!”) cizgi-serialında canavarı səsləndirməklə bir neçə nəsil uşaqların kumirinə çevrildi. 29 il bundan qabaq isə o, dünyadan köçdü. Aktyor bizə ekrandan və səhnədən hələ çox şey deyə bilərdi, amma onun buna vaxtı çatmadı. Anatoli Papanov 1922-ci ildə Vyazma şəhərində işçi ailəsində dünyaya gəlib. Onun anası Yelena Boleslavovna Roskovskaya milliyətcə polyak idi və özündən 10 yaş böyük rus Dmitri Papanova ərə getmişdi. 30-cu illərdə Papanovlar ailəsi Moskvaya köçdü. Anatoli məktəbdə oxuyarkən dram dərnəyinə çox böyük həvəslə baş çəkirdi. Məktəbi qurtardıqdan sonra Anatoli zavodların birində tökməçi (metal tökən fəhlə) vəzifəsində çalışmağa başlayır və eyni zamanda çox məşhur olan “Kauçuk” adlı teatr studiyasına getməyə başlayır. Boş vaxtlarında isə “Mosfilm”də kütləvi səhnə aktyoru kimi çəkilən Anatoli ümid edirdi ki, hansısa bir məşhur rejissorun diqqətini cəlb edəcək və balaca da olsa bir rol oynayacaq. Təəssüflər olsun ki, bu planların həyata keçməsi qismət olmadı, çünki müharibə başladı. Anatoli Papanov cəbhəyə getdi. O, ön mövqelərə düşdü və ayağından ciddi şəkildə yara aldı. Partlayış onun hətta 2 barmağını da qopardı. Sonradan o, müharibənin dəhşətlərini belə xatırlayırdı: “2 saat yarımdan sonra 42 nəfərdən 13 nəfər qalmağımızı heç yaddan çıxarmaq olar?” Yarım ildən sonra 20 yaşında olarkən

72


Anatoli Moskvaya qayıtdı və sənədlərini Dövlət Teatr İncəsənəti İnstitutuna təqdim etdi. O qəbul olmağa gələndə pedaqoqlar ona demişdilər ki, “Bəlkə səni birbaşa 2-ci kursa salaq? Orada, demək olar ki, oğlan tələbələrin sayı azdır, hətta etüdləri oynamaq üçün adam tapmaq olmur”. Beləliklə, gənc Anatoli birbaşa olaraq 2-ci kursdan oxumağa başlayır. O, hərəkət pedaqoqu ilə çox vaxt sərf edərək məşq edirdi. Beləliklə, bunun nəticəsi olaraq Anatoli bir neçə aydan sonra əsa olmadan yeriməyə başlayır. Məzunun diplom tamaşasındakı möhtəşəm oyunu diqqətdən kənarda qalmadı. İnstitutu bitirən kimi ona eyni zamanda 2 teatrdan təklif gəlir: “МХАТ” (Moskva Bədii Akademik Teatrı) və “Малый театр” (Kiçik teatr). Karyeranı paytaxtda başlamağın cazibəsi çox böyük idi, amma həmin vaxt Papanov kurs yoldaşı Nadejda Karataeva ilə artıq evli idi və Nadejdaya Klaypeda Rus Dram Teatrında (Litva) iş verilmişdi. Bir dəqiqə olsun belə düşünmədən Papanov həyat yoldaşı ilə Litvaya yollanır. Klaypedada Anatoli elə də çox işləmir. Tezliklə onu Moskva Satira Teatrına dəvət edirlər. Satira Teatrında Papanov uzun müddət ikinci rollarda qaldı. Papanovun həyat yoldaşı Nadejda bunu xatırlamağı xoşlamır, amma onun Papanovdan ayrılmaq barədə fikirləri yarananda... Gənc qadının “rəqibi” vodka oldu. O, spirtə çox aludə oldu. Satira Teatrında işləməkdən danışırıqsa, o, bura daxil ola bildi, amma əvvəllər heç bir əhəmiyyətli rol oynamadı. Bundan sonra içki düşkünlüyü başladı. O, hər şeyi Vesnik ilə birlikdə kvasla içirdi. Onunla bu məsələyə görə tez-tez mübahisə edirdik. Mən onu qovurdum: “İçmisənsə, get ananın yanına və orada yaşa”. O, anasının yanına gedirdi və anası ona “Öz arvadının yanına get” deyirdi. Ailə dağılmağın astanasında idi. Əgər bu problemə qısqanclıq da daxil olsaydı, yəqin ki, biz ayrılardıq. O, həmişə içkini atacağına söz versə də, sonradan yenidən içməyə başlayırdı. Anasının ölümündən sonra birdən-birə o, içkini atdı. 1955-ci ildə “Pərinin öpüşü” (“Поцелуй феи”) tamaşası səhnəyə qoyuldu. Bu tamaşadan sonra Papanovu ilk dəfə kiçik bir rola dəvət etdilər. Q.Aleksandrovun “Bəstəkar Qlinka” filmində o, adyutant rolunu oynadı. 1963-cü ildə rejissor Aleksandr Stolper yazıçı Konstantin Simonovun “Canlılar və ölülər” romanını ekranlaşdırmağı qərara alanda yazıçı özü şəxsən Papanovu general Fyodr Serpilin rolunu canlandırmaq üçün seçmişdi. Filmin uğuru möhtəşəm oldu. Bu film 1964-cü ildə prokatda birinci yeri tutdu və Karlovı Varı və Akapulko

73

festivallarında mükafatlar qazandı.


1966-cı ildə ekranlara Eldar Ryazanovun “Avtomobildən qorun” filmi çıxdı. Papanovun bu filmdə rolu böyük olmasa da, dərhal yaddaşlarda qaldı. “Yuri Detoçkinə azadlıq!” ifadəsi isə nəinki onun vizit kartına çevrildi, bu ifadə Papanova komik aktyor ampluasını “yapışdırdı”. Ömrünün sonuna kimi Papanov bu stereotipi sındıra bilmədi, amma bəzən, məsəlçün “Belarus vağzalı” filmində o buna nail ola bildi. Amma tamaşaçılar ondan yumor gözləyirdilər və bununla hesablaşmamağı Papanov sadəcə bacara bilməzdi. Papanovun Andrey Mironov ilə dostluq əlaqələri var idi. Papanov məşhurlaşdıqdan sonra tamaşaçılar ilə görüşlər təşkil edilirdi. Bəzən uzaq səfərlərdə olan bu görüşlərin təşkilatçıları Papanovu aldadırlar və ona söz verdiklərindən daha az qonorar verirdilər. Mironov ona birgə işləmək üçün yaxşı bir administratoru məsləhət görür. Bundan sonra Papanov daha çox pul qazanmağa başlayır. Elə bir dövr olmuşdu ki, Papanovu xanım pərəstişkarları əhatəyə almışdılar. Ona gül dəstələri hədiyyə edirdilər, həyətdə onu gözləyirdilər. Amma Papanov tamaşalardan sonra evinə həyat yoldaşı ilə getməyə başlayanda bunlar nəzərə çarpacaq qədər azaldı. Sadə həyatda Papanov çox utancaq insan idi. “Brilyant əl” filmi ekranlara çıxandan sonra küçədə tanımadığı adamlar tez-tez ona yaxınlaşıb “Əlini qoru, Senya!”

74


replikasını deyəndə bu onu bir az narahat etsə də, Papanov buna büruzə vermirdi. Çox vaxt sadə köynək və cins geyinirdi ki, onu heç kim tanımasın və bundan sonra Moskvaətrafı ərazilərdə velosiped sürürdü. 1980-ci illərdə Papanov, demək olar ki, filmlərdə çəkilmədi. Buna baxmayaraq, o, həmin dövrdə teatrda daha çox işləməyə davam edirdi. 1987-ci ilin yayının əvvəlində o, evə iki ssenari gətirdi. Həyat yoldaşı ona demişdi: “Nəyə görə 2 dənə götürmüsən, nədir, yoxsa məhv olmaq istəyirsən? Mən məsləhət görərdim ki, heç birində çəkilməyəsən. İstirahət elə”. Papanov isə cavabında demişdi: “Mən özümün xalq artisti rütbəsini təsdiq etməliyəm. Çəkilməsəm, mənim barəmdə deyəcəklər ki, “Bu elə həmin Papanovdur”. Hər iki filmdə çəkilməyəcəyəm, amma “Əlli üçün soyuq yayı”nda (“Холодное лето пятьдесят третьего”) çəkiləcəyəm... Bu film onun rol oynadığı sonuncu əsər oldu. Papanovun iştirakı ilə sonuncu filmin premyerası onun vəfat etməsindən 1 il sonra Kino Evində baş tutdu... Aktyor 1987-ci ilin 7 avqust tarixində vəfat etdi. Hamamda soyuq su ilə çiməndən sonra. Həyat yoldaşı həmin vaxt Riqada qastrolda idi. Papanov Petrozavodskdan, “Əlli üçün soyuq yayı” filminin çəkildiyi yerdən Moskvaya gəlmişdi və çimmək istəyirdi, amma həmin vaxt evdə isti su gəlmirdi. Hirsli və yorğun şəkildə o, soyuq suyun altında çimdi və damarlar buna tab gətirmədi... Anatoli qabaqcadan danışılmış gündə Riqaya gəlməyəndə Nadejda narahat olaraq qızına və kürəkəninə zəng elədi. Kürəkən qonşu evdən mənzilə daxil olur və hamamda aktyorun cəsədini tapır. Həmin vaxt duşdan soyuq su gəlirdi... Dərhal milisə zəng olundu. Milislər, həkimlər və sanitarlar gəldilər. Papanovun dəfnindən 1 ay sonra “Əlli üçün soyuq yayı” filminin çəkiliş qrupundan Nadejdaya zəng gəlir. “Nadejda Yurievna, Anatoli Dmitrieviç sizə pulları çatdırdı? O, filmin çəkilişlərinə görə 9000 rubl qazanıb”.

75


...Pulları mənzildə tapa bilmirlər. Sonra yadlarına düşür ki, sanitarlar mələfə axtarmaq üçün yataq otağını qurdalayıbar. Nadejda Yurievna bu barədə sonradan müsahibəsində bu sözləri deyib: “Ola bilər ki, mən nahaq yerə milisə bu barədə xəbər verməmişəm. Hətta ən təcrübəsiz müstəntiqi belə, böyük pul məbləğinin itməsi və evdə cəsədin olması faktı maraqlandırardı. Xüsusən Anatoli heç vaxt ürəyindən şikayət etməyib və soyuq sudan qorxmayıb. O, hətta oktyabr ayında belə soyuq suda çimirdi”. Anatoli Dmitrieviç Papanovu “Novodeviçye” məzarlığında dəfn ediblər. Bu dünyadan köçəndə onun 65 yaşı var idi...

76


Təsisçi

Müəlliflərin fikri redaksiyanın mövqeyi ilə üst-üstə düşməyə bilər. Jurnalda yayımlanan məqalələrdən müəlliflərin icazəsi olmadan istifadə etmək qadağandır.

© Bütün hüquqlar qorunur.


Turn static files into dynamic content formats.

Create a flipbook
Issuu converts static files into: digital portfolios, online yearbooks, online catalogs, digital photo albums and more. Sign up and create your flipbook.