10 minute read

MEMARLIQ ABIDƏLƏRININ ÇƏKILIŞI

Yaşadıgımız müasir dövrdə dünyanın müxtəlif xalqlarının öz tarixi keçmişinə, hər bir millətə qürurvericilik bəxş edən qədim abidələrinə maragının duyulası dərəcədə artması günümüzün reallıgıdır. Heç şübhəsiz bir vaxtlar uzun müddət laqeydlik və biganəlik üzündən az qala məhv olmaq dərəcəsinə çatdırılan bu abidələrə maragın bu qədər çoxalması obyektiv və subyektiv səbəblərlə baglıdır. Bunun ən görünəni əski tarixə malik belə memarlıq tikililərinin hər bir xalqa Məhəmməd Hadinin təbirincə desək, başqalarına fəxrlə “Millətimin imzası var, imzalar içində!” söyləyə bilməsini şərtləndirməsidir. Odur ki, bu gün artıq memarlıq tutumunu itirib arxeoloji abidəyə çevrilən mənəvi qaynaqların belə bərpa edilməsi bütün dünyada müşahidə olunmaqdadır. Yəqin belələləri dünyanın bir çox xalqlarının qədim abidəsi olmayan millətlər kimi köçərilər dəstəsinə şamil edilməsindən az-çox xəbərdardırlar.

Digər tərəfdən hər hansı ərazidə qədim abidələrin mövcudlugunun ora böyük turist axınına səbəb olması da danılmaz məsələdir. Bunun həm də ölkə iqtisadiyyatına töhfə oldugunu nəzərə alsaq, onda aparılan bərpa işlərinin hansı məqsədlərdən qaynaqlandıgı bəlli olur. Yeri gəlmişkən deyək ki, bu gün dünyada təbii sərvətləri elə də az olan dövlətlərin çoxunun məhz cəmiyyətinin iqtisadi durumunu turizmdən gələn gəlirlərin hesabına tənzimləmələri də heç kimə sirr deyil.

Advertisement

Etiraf edək ki, bütün zamanlarda belə əvəzsiz mənəvi qaynaqlar cəmiyyətə böyük zövq verməklə yanaşı, həm də onların tərbiyəsində, vətənpərvər kimi yetişməsində böyük rol oynayıb. Hər birimiz xarici ölkələrdə olarkən duyulası qürur hissi ilə respublikamızda çoxsaylı memarlıq tikililərinin və tarixi abidələrin mövcudlugunu əcnəbilərlə söhbət zamanı dilə gətirmiş, fəxrlə Qobustanın və Gəmiqayanın, Qız qalasının və Şirvanşahlar sarayının, Atəşgahın və Mömünəxatun türbəsinin, Şəki Xan sarayının və digər neçə-neçə özündə xalqımızın çoxminillik mədəniyyət və inşaat tarixini hifz edən unikal abidələrin adını çəkmişdir.

Görkəmli türk şairi Nazim Hikmətin Şəki Xan sarayı barəsində söylədiyi “Əgər Azərbaycan xalqının öz varlıgını başqa xalqlara təsdiqləmək üçün heç nəyi olmasaydı, bu halda təkcə Şəki Xan sarayını dünyaya göstərmək ona bəs edərdi” fikri həm adı çəkilən tikilinin dəyərini, həm də bütünlükdə mənəvi qaynagın necə böyük dəyər daşıdıgını sübut edir. Heç şübhəsiz bütün bunlar hər bir ölkənin ərazisində yerləşən memarlıq abidələrinin aktuallıgını şərtləndirib. Elə bu aktuallıgın axarında əslində böyük mənəviyyat göstəricisi olan qədim tikililərin foto şəkillərinin ən yüksək keyfiyyətlə hazırlanması gündəliyə gəlib.

Etiraf edək ki, bu gün xarici ölkələrdə müxtəlif məqsədli səfərlərdə olan hər kəs orada gördüklərini lentin yaddaşına köcürməyi sanki özünə borc bilir və az sonra məlum olur ki, məhz həmin unikal memarlıq tikililərinin qarşısında çəkdirilən foto şəkillər artıq şirin xatirəyə dönmüş həmin günlərdən qalan ən qiymətli “qazancdır”... Çoxlarının fotoaparatla təmasının bir qədər də məcburi, bilavasitə xarici ölkəyə baş tutacaq səfərlə başladıgını da söyləsək, yəqin ki, həqiqəti söyləmiş olarıq. Bəzilərində bu ünsiyyət qısa, çoxlarında isə davamlı olur. Bu mənada memarlıq abidələrinin foto çəkilişi demək olar ki, duyulası maraq kəsb edir.

Çoxlarının memarlıq abidələrinə maragının ötəri oldugu heç kimə gizli deyil. Amma ömrünü hər birimizə qürurvericilik bəxş edən abidələrə həsr edənlər də çoxdur, belə ki, onların bu sahəyə gəlişləri məqsədlidir. Odur ki, onların görüntüyə aldıqları kadrlarda memarlıq tikililərimiz duyulası dərəcədə fərqli bədii-estetik tutumdadır. Bunu şərtləndirən başlıca səbəbin belə fotoqrafların çəkilişə məqsədli yanaşmaları, çəkilişdən əvvəl obyekti dərindən öyrənmələridir. Görünür elə bu səbəbdən də biz tamaşaçılar belə foto görüntüləri görəndə onların yaradıcılarının ustalıgını təqdir edirik.

Etiraf edək ki, hər bir memarın inşa etdiyi tikilidə müəyyən bədii-estetik dəyərləri və tarixi məqamlari həkk etməyinin qarşılıgında, fotoqrafın da əsas vəzifəsi bu yaradıcı münasibəti duymaq və eyni sənətkarlıqla fotoqrsfiyanın dili ilə ifadə etməkdir. Dogrudan də çox vaxt gözümüzdə adiləşən memarlıq abidələrinin cəlbedici və təqdimat baxımından gözlənilməz fotolarını görəndə inanırsan ki, bu görüntüdə obyektə məhəbbət, onu dərindən duymagın bədii izləri var. Gəlin birlikdə ümumi olaraq tikililərin çəkilişində fotoqrafın qarşısına qoya biləvəyi məqsədlərdən söz açaq...

Beləliklə, abidələrin təqdimatlarından biri onun sadəcə tanıdılması məqsədi ilə çəkilə bilər. Belə bir fotonun kompozisiyasını abidənin ümumi biçimini özündə əks etdirən görüntü təşkil edir. Bu tikilini təşkil edən əsas həcmlər, tutumlu elementlər, pəncərələr, qabarıq formalar, çıxıntılar və baca kimi memarlıq detalları və onların tikili ilə əlaqəsini göstərmək həmin fotonun yaranma məqsədini özündə ehtiva edir. Qeyd edək ki, bu cür yanaşmada

tikilinin çevrəsi də onu dəyərləndirmədə önəmli rol oynayır. Tikili dəyişgən cografi və ya topoqrafik bir şərairdə ola bilər. Bu durumda tikililərin tiplərində dəyişikliklər ola bilir.

Qarlı bölgələrdəki evlərin damlarının qar tutmaması üçün dik formada tikilməsi, yagış az olan yerlərdə isə damların yastı biçimli olması tamamilə iqlimdən qaynaqlanan nəticənin görüntüsüdür. Bununla belə, ölkəmizdə soyuq küləklərin şimaldan əsməsinin qarşılıgında, tikilinin bu istiqaməti tam baglanmaya, cənub tərəf isə bolluca işıq almaq üçün açıqlıgı qabardılan memarlıq həlli almaga məhkumdur. Bunların münasib perspektivlərdə çəkilməklə, açıqlıgı duyulan formada təqdimatı fotoqrafın əsas məqsədi olmalıdır.

Bəs fotoqraf tikilini dövrələyən bədii xüsusiyyətləri göstərmək üçün nə etməlidir? Öncədən deyək ki, bu vəzifənin yerinə yetirilməsi – tikilinin qərsrlaşdıgı topoqrafik məkanı onun çevrəsi ilə birlikdə təqdim etmək fotoqrafdan duyulası ustalıq tələb edir. Belə ki, bəzən bir agac, bir tarixi əsər və ya da başqa bir əlamətdar atributun məskunlaşdıgı şərait tikili haqqında bilgi verir və onun tanınmasında yardımçı rol oynayır. Bu cür vəziyyətlərdə fotoqrafçının vəzifəsi sadəcə təkcə tikiliyə deyil, çevrəsini də diqqət yetirmək və onları birlikdə təqdim etməkdir.

Bir çox tarixi bölgələrdə yerli hakimiyyət orqanları yeni tikililərin o bölgədə artıq mövcud olan tarixi memarlıq nümunələrinin xarakterinə uygun inşa olunmasını şərt kimi irəli sürürlər. Bu məqam bilavasitə bu məqsədlə çəkilən fotoların da tikilinin ətrafı haqqında bilgi verməsini, təəssürat yaratmasını tələb edir. Belə hallarla rastlaşan fotoqrafların tikilini onu əhatə edən tarixi binalarla birlikdə təqdim etməsi, müəllifin görüntüyə aldıgı binanın özəlliklərini duydugunu və onu başqalarını da göstırmık istəyini nümayiş etdirir...

Fotoqraflara bəzən tikilinin inşa mərhələlərini kameranın yaddaşına həkk etmək lazım gəlir. Adətən bu cür çəkilişlər tikilinin tikintisində yaşanan dəyişikliyin-təşəkkülün ümumi mənzərəsini yaratmaq üçün aparılır. Bu işin görülməsində məqsəd nə qədər önəmli tikililərin inşa mərhələlərini tarixi sənədə çevirməkdirsə, bir o qədər də onun önəmli detallarının gerçəkləşməsinin çoxsaylı anlarını görüntüdə yaşatmaq ola bilər. Belə durumlarda tikilinin görüntüsünü tam əhatə etməklə yanaşı, onu dörd tərəfdən şərhə ehtiyacı olmayacaq bir tutumda fotoaparatın yaddaşına köçürmık lazımdır. Beləcə, hansısa zaman kəsiyindən sonra dönüb keçilən yola baxanda, onu inşa edənin əlində tikili ilə baglı baş tutan inşaat işləri barəsində bütün təsviri informasiya toplanmış olur.

Arxeoloji abidələri və qazıntı yerlərini görüntüyə almaq üçünsə biq qədər fərqli yanaşma tələb olunur. Belə tarixi-mənəvi abidələri çəkməyə qərar verən fotoqraf onların hər bir millətin dünəni olmaqla yanaşı, müasir durumda onlara qürur hissi keçirməyə əsas verən, yaxşı qorunuacagı təqdirdə həm də gələcək nəsillərə ünvanlanmış əvəzolunmaz qaynaqdır. Ona görə də arxeoloji abidənin şəkilləri ərazinin ümumi görüntüsünü əhatə etməklə yanaşı, həm də ayrı-ayrı detallarını əhatə etməlidir.

Bəzən də bu çəkilişlər aparılan arxeoloji qazıntının mərhələlərini və bu mərhələlərdə hansı tarixi əsərlərin hansı dərinlikdən çıxarıldıgını və nöqtədə yerləşdiyini göstərməyə xidmət edir. Beləliklə, bu fotoqrafiya nümunələri keçmiş tarixin təhlilində önəmli rol oynamaqla yanaşı, arxaya qayıdaışa inandırıcı bir işıq tutmuş olar...

Arxeoloji abidələrə daha fərqli fotoqrafik münasibətlər də mövcuddur. Bunlardan biri onların təbliginə xidmət edən şəkillərdir. Qeyd edək ki, ümumiyyətlə, əsasən turizm və tanıtma istəyi ilə görüntüyə alınan bu çəkilişlər başlıca məqsədi onların cəmiyyətə - insanlara təqdim olunmasıdır. Bu çəkilişlərdə abidə həm xaricdən, lazım gələrsə içəridən, sifarişçinin istəyinə uygun çəkilir, bütünlükdə arxeoloji abidənin bütün tərəfləri haqqında tamaşaçıda cəlbedici təəssürat yaradır.

Bəzən şəkillər abidənin funksiyasını anlatmaq üçün çəkilir. Bu təbii ki, müstəsna hallarda, qeyd etdiyimiz kimi, arxeoloji abidənin hansı məqsədlə inşa olundugunu-funksiyasını başqalarına izah etmək gərəkliyi meydana çıxanda baş verir. Bu çəkilişlər xüsusi mahiyyətli tikililərin (su kəməri, körpü, tunel, dəmiryolu keçidi və s.) funksiyasını anlatmaq üçün həyata keçirilir. Bu görüntülərdə tikilinin inşa səbəbi, onun hansı funksiya daşıdıgını bidirən əlamətlər öz əksini tapa bilər. Məsələn, açılıb-baglanan bir körpünün daşıdıgı durum silsilə fotolarla müəyyən edilməklə, daşıdıgı funk-

siyaya aydınlıq gətirilə bilir. Bu cür çəkilişlərdə də funksiyanı daha yaxşı izah etmək üçün eyni bucaqdan yanaşmanı tətbiq etmək olar...

Düşünürük ki, memarlıq abidələrinin çəkilişi üçün vasitələrin bollugu qarşılıgında, keçmişin izini öz kamerasının yaddaşına köçürmək istəyən hər bir kəsin nəyi unutmamasını bilməsi daha önəmli tövsiyə ola bilər. Beləliklə, memarlıq abidələrinin çəkilişlərində hansı məsələlərə diqqət yetirmək lazımdır?

İlk növbədə fotoqraf çəkiləcək abidənin necə bir tikili oldugunu bilməlidir. Əgər bu bir tarixi abidədirsə, onda onun hansı həcmdə oldugu və hansı dövrdə, kimin tərəfindən, nə məqsədlə inşa edildiyi, hansı memarlıq cərəyanına və üsluba aid edildiyi bilinməlidir. Bu məqsədlə, əgər imkan varsa bir sənət tarixçisindən-sənətşünasdan əldə olunan bilgi də praktikada köməyinizə çata bilər.

Əgər fotosu çəkiləcək tikili məktəb, ev, fabrika, körpü kimi xüsusu əhəmiyyətlidirsə, şəkillər daha çox onun funksionallıgını və istifadə məqsədini üzə çıxaracaq yönümlü olmalıdırlar. Tikilinin funksiyası və ondan istifadə edən insanlar, fotoya daxil edilmədikdə binanın tutumu tam başa düşülməz. Bu səbəbdən də bu cür tikililərin fotosunun çəkilməsində insan amilini də göz önünə gətirmək gərəkdir. Eyni zamanda, bir fabrikanın görüntüyə alınmasında da onun binası ilə birlikdə obyektin bir parçası olan avadanlıq təchizatını və burada işləyənləri də kadra daxil etmək məntiqlidir.

Diqqət yetirməli digər bir xüsusiyyət də tikilinin durumuna görə çəkiliş planı hazırlayıb, uygun texniki vasitələrlə onun tərzinə münasib çəkilişləri gerçəkləşdirməkdir. Örnək olaraq bir məscidin çəkilişini misal göstərmək olar. İlk öncə tikilinin planı üzərində çəkiliş bucaqları müəyyənləşdirilir. Binanın dörd tərəfi şərhsiz olaraq foto çəkiliş üçün müəyyənləşdirilir. Daha sonra isə, bu tikilini əmələ gətirən modelin hansı əski qaynaga tapındıgı üzə çıxarmaqla görüntüyə alınır. Ardınca ayrıca pəncərə, çıxıntı, qapı, qübbə və camaatın yeri kimi tikili ünsürlərinin onları tanıtmaga yönəli şəkilləri çəkilir.

Tikilini ətrafı və ya funksiyası ilə birlikdə təqdim edərkən, onun bütün özəlliklərindən istifadəni əks etdirmək gərəkdir. Memarlıq çəkilişlərinin hamısı tripod (üç ayaq) üzərində çəkilməlidir. Yeri

dəyişilməz məkanların çəkilişində aşagı sürətli ASAlardan istifadə üstünlük təşkil etməlidir. İnsanların hərəkətinin yer aldıgı yerlərdə isə mütləq yüksək ASA-lardan istifadə olunmalıdır. Hündür binalar ın şəkilləri çox geniş bucaqlı obyektivlər, texniki kamera və ya P.S. (“Perspektiva nəzarəti” obyektivi sadəcə shift və tilt-shift obyektivlər bu qrupa daxildir) obyektivli sabit gövdəli fotoaparatlardan istifsadə olunaraq, perspektiva nəzarəti həyata keçirilməklə çəkilməlidir. Bu çəkilişləri də, tripod (üç ayaq) vasitəsilə çəkilişləri gerçəkləşdirmək olar.

Yeri gəlmişkən deyək ki, bizim günlərdə inşa olunmuş tikilinin tanıtmaq məqsədilə çəkilişini aparmaq zərurəti yarananda, onun müəllifi ilə görüşməklə bilavasitə müəllifin özündən bilgi əldə etmək də olar. Çəkilişləri reallaşdırarkın bu məlumatları diqqətə almaq ümumi işin xeyrinə ola bilər...

Mövzunun şərhinin davamı kimi deyək ki, memarlıq abidələri qədim tarixinə müvafiq, həm də zəngin üsluba, bədii-texniki müxtəlifliyinə malikdir. Ona görə də foto kameranın obyektivini hər hansı memarlıq tikilisinə yönəldən səriştəli fotoqraf və yaxud da foto həvəskarı abidənin ətrafında dolaşmalı, onun daşıdıgı unukal bədii xüsusiyyətlərin əsas ünsürlərini müəyyənləşdirməlidir.

Bundan sonra isə çəkiliş aparmaq üçün əsas nöqtə və rakurs seçilməlidir. Başlıca bədii-estetik məziyyətlərin üzə çıxarılması-qabardılması üçün bəzi abidələr göz bərabərində təqdimat, digəri aşagıdan yuxarıya baxış, bir başqası isə nisbətən hündür məsafədən görüm tələb edir. Bəzən bir memarlıq abidəsinin qeyd etdiyimiz bütün rakurslardan çəkilişini də aparmaq olar. Çəkilişlərin daha ugurlu alınması üçün bəzən keyfiyyətli foto kameralardan, bəzən də obyekti daha dəqiq çəkməyə

imkan verən böyük obyektlərdən də istifadə etmək mümkündür.

Obyektlə ünsiyyət üçün zaman, gün və an seçiminin də alınan nəticəyə böyük təsiri ola bilər. Belə ki, ifadəli siluet, cəlbedici panoram və yaxud ünsür dəqiqliyi fəsildən və günün müxtəlif anlarının seçimindən asılı olaraq kifayət qədər fərqli bədiiestetik dəyər daşıyıcısına çevrilə bilər. Bu mənada fotoqraflara nümunə ola biləcək bir təcrübəni, fransız impressionisti Klod Monenin Ruan kilsəsinə həsr etdiyi silsiləni xatırlatmaq yerinə düşər.

İndiki şəraitdə memarlıq abidələrinin görüntülərinin həm ölkədə, həm də onun hüdudlarından çox-çox uzaqlarda təqdimatında və təbligində fotoqrafikanın böyük bədii-estetik tutumlu rolu ola bilər. Belə ki, bəzən foto kameranın üzə çıxara, qabarda bilmədiyi memarlıq elementlərini fotoqrafika vasitəsilə daha cəlbedici və görünən etmək mümkündür. Yalnız daşıdıgı tarixi-bədii məziyyəti başqaları üçün görünən edəndən sonra belə fotoqrafika nümunələrindən ən müxtəlif reklam və təbligat vasitələrində, tərtibat layihələrində istifadə etmək olar...

ÇALIŞMALAR:

1. Qız qalasının müxtəlif rakurslardan çəkilişi və onun fotoqrafika yolu ilə reklam vasitəsi üçün hazırlanması; 2. Şirvanşahlar sarayının ümumi panoramını əhatə edə biləcək çəkilişin aparılması və onun təbligat xarakterli material üçün fotoqrafik həllinin tapılması; 3. Suraxanı Atəşgahının məna-məzmun tutumunu qabardan rakursdan çəkilişi və yolkənarı göstərici reklam üçün hazırlanması; 4. Mömünə xatun türbəsinin əzəmətini və zahiri naxış örtüyünün zənginliyini üzı çıxaracaq fotonun çəkilişi və onun təbligat xarakterli materialda istifadə olunacaq fotoqrafik həllinin tapılması; 5. Qobustan rayonundakı Diri baba türbəsinin yerləşdiyi məkanın qeyri-adiliyini qabardan fotonun çəkilişi və onun fotoqrafik üsulla yolkənarı reklamının hazırlanması;

This article is from: