3 minute read

ÖN SÖZ

Next Article
ƏDƏBIYYAT

ƏDƏBIYYAT

Dünyamız bizə bəxş etdiyi ağlı-qaralı, acılı-şirinli yaşantıların axarında çox vaxt özünün möcüzəyə bərabər kəşfləri ilə bəzi hallarda “sınıq” görünən könlümüzü almış olur və baş verənlərə şahidlik edən hər birimiz sanki bütün dərd-sərini unudub, gördüklərinə rəğmən “Hələ yaşamağa dəyər!” deyirik. Əgər dünyanın “kəşflər saxlancı”nı bəşəriyyətə verdiyi töhfələrə görə dəyərləndirməli olsaq, onda heç şübhəsiz hazırda xoşbəxtlikdən az qala nəhayətsiz görünən bu siyahıda fotoqrafiyanın xüsusi yer tutduğunu vurgulamalıyıq. Doğrudan da bu gün duyulası zaman distansiyasından keçmişin arxada qalan və foto lentlərində əbədiləşən illərinə baxdıqda bir daha fotoqrafiyanın həyatımızda əvəzsiz yer tutduğuna əmin oluruq. Təbii ki, bəşəriyyət bu gün texniki tutumu ilə yanaşı həm də duyğulandırıcı bədii dəyər daşıyan fotoqrafiyadan məhrum olsaydı, daha dəqiq desək, XIX əsrdə kəşf olunan fotoaparat gerçəkliyi lentə köçürməklə həm də çəkdiklərinin gələcək nəsillər üçün bədiitarixi sənədə çevrilməsini şərtləndirməsəydi, bizim özümüzün və digər xalqların şərəfli keçmişi haqqında təsəvvürümüz və əyani bilgimiz çox az olardı. Dogrudan da fotoqrafiyanın XIX əsrdən başlayaraq dünya tarixində baş verən mühüm hadisələri olduğu kimi öz lent yaddaşında əbədiləşdirməsi qarşılığında, sayagəlməz müxtəlif tutumlu mühüm hadisələrin, zamanın axarını dəyişən möhtəşəm döyüşlərin, ucaldılan bənzərsiz qurğuların, görkəmli şəxsiyyətlərin görüntüsü əvəzsiz əmanət kimi nəsildən-nəsilə, sələflərdən-xələflərə ötürülən, sözün əsl mənasında tarixi əhəmiyyət kəsb edən sənədə çevrilmişlər. Etiraf etmək lazımdır ki, bəziləri ilk fotoqrafiya nümunələrində gerçəkliyin dəqiq əksini görəndə baş verən hadisəni “rəssamlıgın sonu” kimi dəyərləndirmişdilər. Təbii ki, mahiyyətcə bu belə deyildi. Belə ki, bu sənət növlərinin hər birinin gerçəkliyə münasibətdə ayrı və özünəməxsus estetikası vardı. Elə buna görə də onlar əslində bir-birinin yerini tutmağa iddialı da deyildilər. Baxmayaraq ki, fotoqrafiya ilə rəsmin ifadə dilində, bədii-estetik tutumunda duyulası oxşarlıq və yaxınlıq vardı. Yəqin ki, elə bu səbəbdən rəssamlıq kimi fotoqrafiya da sonrakı inkişaf mərhələlərində həm texniki, həm də bədii cəhətdən bütün mənalarda inkişaf etdi, özünün ifadə imkanlarını genişləndirdi. Zaman distansiyasından ötən dövrlərin ağ-qara fotolarının tarixi tutumunu nəzərə almasaq, onların bir qədər yeknəsək görünmələri qarşılıgında sonradan fotoqrafiyanın həm də rəngli görkəm alması yəqin ki, təbii istək idi. Hadisələrin axarında fotoya daha fərqli estetik münasibətin yaranması o qədər gücləndi ki, bu son nəticədə ağ-qara fotonun demək olar ki,

aradan çıxmasına səbəb oldu. Əvəzində isə bu sənət sahəsi zaman etibarilə çox qısa bir müddətdə yeni – “bədii fotoqrafiya” termini ilə zənginləşdi. Etiraf edək ki, bu gün bədii fotoqrafiyanın bütün mənalarda diqqətçəkən elə nümunələri vardır ki, onların ifadə olunduğu səth nəzərə alınmazsa, belə fotolar bədiiestetik tutumuna rəğmən təsviri sənətin bir-çox növləri ilə rəqabət aparmaq gücündədir. Bəlkə də bu səbəbdən xarici ölkələrlə yanaşı Azərbaycanda da rəssam və foto ustalarının yaradıcılıq işlərinin eyni ekspozisiyada yer almasına artıq heç kəs təəccüblənmir. Heç şübhəsiz bütün bunları şərtləndirən vaxtaşırı yeniləşən müxtəlif texniki vasitələrə hər dəfə dünyaya fərqli baxmaq nümunəsi sərgiləyən sənətkarların yaradıcı münasibətidir. Əslində Sizə təqdim olunan “Fotoqrafika” kitabdərslikdə toplananlar da fotoqrafiyanın ona bədxahları tərəfinən söylənən soyuq “texniki ifadə” deyiminin çərçivəsini tamamilə dagıtmasının ifadəsi və təsdiqidir. Bir müddət əvvəl ictimaiyyətə bu sətirlərin müəllifinin təqdim etdiyi əhatəli “Bədii fotoqrafiya” kitabında fotoqrafiyanın bu sahəsində illərlə toplanmış şəxsi və beynəlxalq təcrübə ümumiləşdirilərək foto həvəskarlarının ixtiyarına

Advertisement

verilmişdi. Bu dərslik də mənim rəssamlıq və fotoqrafiya sahəsində çoxillik praktiki fəaliyyətimin qovşağının müasir metodik tələblərə müvafiq şərhi, başqalarının da faydalanmasına yönəli fikirlər toplusudur. İndiki durumda fotoqrafiyanın yeni – yuxarıda haqqında söz açdığımız sahəsinin yaranması və onun incəsənətin ən müxtəlif - memarlıq, reklam və dizayn kimi mühüm sahələri Ilə müştərək fəaliyyətinin qarşılığında bu istiqamətdə görülə biləcək yaradıcılıq axtarışlarını düzgün və səriştəli istiqamətə yönəltmək məqsədilə “Fotoqrafika” dərsliyinin yazılması zərurəti yarandı. Ali və orta ixtisas məktəbləri tələbələri, həm də fotoqrafiya həvəskarları üçün nəzərdə tutulan bu kitabda Azərbaycan dilində bu sahədə dərsliyin yoxluğu nəzərə alınaraq fotoqrafiyanın klassik əsasları barəsində qısa məlumat verilməklə, fotoaparatın yaddaşına köçürülmüş kadrların bədiiləşdirilməsi yollarından, bədii-texniki vasitələrlə digər sahələrə tətbiqinə imkan verən yaradıcılıq axtarışlarından söz açılır...

Tahi̇r Məmmədov

Azərbaycan Respublikasının əməkdar rəssamı

This article is from: